“Hələ ki, bu film
ideya şəklindədir”
Müsahibimiz aktyor, ssenarist, əməkdar
artist Vidadi Həsənovdur
- Vidadi müəllim,
film sahəsində hansı yenilikləriniz var?
- Bu aralar
hələ ki, kino baxımdan yenilik yoxdur. Amma
bir seriala çəkilmişəm. Bu
yaxınlarda efirə veriləcək. Adı
"Lal yuxu"dur. Bütün seriallar
haqqında deyirlər ki, "yaxşı bir məhsul
olacaq". Amma bu dəfə nə
olacağını mən deməyim. Boş
vaxtlarım olanda isə, ədəbi yaradıcılıqla məşğulam.
Çoxseriyalı bədii televiziya filminin
ssenarisinə başlamışam. Artıq
3 seriyasının ssenarisi hazırdır. Necə
deyərlər, boş vaxtımız olanda, ağlımıza
gələni, gözümüzə görünəni
yazırıq kağıza. Bu kağız
da elədi ki, hər şeyə dözür. Canlı adama dərdini danışsan dözməyə
bilər, etiraz edə bilər. Amma
kağız belə deyil, dözür.
- Qeyd etdiyiniz televiziya filmi
haqqında nəsə bölüşmək istərdinizmi?
- Ana bətnində olan uşaq barədə nə deyəsən?
Uşaq doğulur, ad qoyursan, sonra haqqında nəsə
deyə bilirsən. Hələ ki, bu film
ideya şəklindədir. Düzdür,
son zamanlar ideya sözünü tez-tez eşidirik. Yadıma Eynşteynə verilən bir sual
düşür. Ondan soruşurlar ki,
"siz ideyalarınızı harasa yazırsınızmı?
Qeyd kitabçasına, ağ köynəyinizin
qoluna və s." Eynşteyn cavab verir ki,
"İdeyalar o qədər nadir hallarda ağıla gələn
şeydir ki, mən onların hamısını yadımda
saxlayıram".
- Yeri gəlmişkən, uzun
müddət incəsənət sahəsində
olmağınıza baxmayaraq, filmoqrafiyanıza nəzər
yetirdikdə, çəkildiyiniz filmlərin sayı çox
deyil. Bu nə ilə əlaqədardır?
Dəvət azdır, yoxsa, xüsusi dəvətləri dəyərləndirirsiniz?
- Elə
aktyorlar var ki, onların filmoqrafiyasına baxdıqda filan qədər
filmə çəkildiyini görərsiz. Bu
yaxşı şeydir, çəkilsin. Gənclik
illərində hədəfimiz o idi ki, iynəylə gor
qaza-qaza üzdə qalmağa çalışırdıq.
Amma müəyyən yaş dövrünə
çatandan sonra insan anlayır ki, pişik kimi yox, şir kimi
balalamaq lazımdır. Düşünürəm
ki, hədəf çəkildiyin filmlərinin sayını
çoxaltmaq olmamalıdır, hədəf keyfiyyət
olmalıdır. Məsələn, mənim
çəkildiyim filmlərin hər biri aktyor kimi
formalaşmağımda, inkişafımda çox
böyük rol oynayıb. Mən bu filmlər
sayəsində görkəmli rejissorlarla
çalışmışam, onlardan çox şey öyrənmişəm.
İlk dəfə kamera qabağında dayananda insan ümumiyyətlə
orada nə iş görməli olduğunu belə yaxşı
anlamır. Amma zaman keçdikcə aktyor nəinki
öz duyğularını, düşündüklərini, qənaətlərini,
hətta alternativ fikirlərini ortaya qoyub uğur qazanır.
Tarkovskinin nə qədər filmi var ki? Bir daha təkrar edirəm, çəkildiyin filmlərin
sayı hələ nəyinsə göstəricisi deyil.
- Vidadi müəllim, seriallar və
onların keyfiyyəti barədə çox
danışılır. Təbii ki, serialların hələ
ki, gözlədiyimiz səviyyədə olmamasının yetərincə
obyektiv səbəbləri də var. Necə
düşünürsüz, sözügedən müstəvidə,
yəni serial sahəsində yaxın müddətlərdə
müsbət dəyişikliklər olacaqmı?
-
Hazırda kino sahəsindəki ən ciddi problemimiz
prodüser, menecer çatışmazlığıdır.
Ola bilər ki, bir nəfər dahiyanə bir ssenari yaza,
bir rejissor da elə o ssenariyə layiq bir film çəkər,
amma o filmə həqiqətən ehtiyac
olub-olmadığını müəyyənləşdirə
bilən, kino bazarını yaxşı tanıyan insanlar
olmalıdır.
Digər bir məsələ isə peşəkarlıq
və peşəkarlığa verilən maddi dəyərlə
bağlıdır. Məsələn, heç vaxt yaxşı rejissor,
yaxşı operator, yaxşı aktyor gəlib cüzi pula
iş görməz.
Sifarişçilər də məcbur qalıb həmin
pula bu işi görəcək şəxslərlə işləməyə
başlayır. Kimi gəldi çəkirlər.
Bunun yaxşı tərəfi də var, yəni heç
fəaliyyətsizlikdənsə, qoy çəksinlər. Amma
çıxış yolu ondadır ki, bu industriya qurulmalıdır.
Kimsə prodüser, menecer işini özünə
peşə seçməlidir. Bir də nə zaman
ki, bu sahəyə yaxşı sərmayə qoyulacaq, o zaman
yaxşı ssenari də yazılacaq, film də çəkiləcək.
- Doğrudan da, hazırda Azərbaycanda
kino sahəsində ən önəmsənilməyən
peşə prodüserlikdir. Sanki bu işi pul
saymağı bacaran hər kəs bacarırmış.
- O
vaxtı kinostudiyada
"teleşka" - kameranın arabası deyək
də - onu sürən bir şəxs var idi. İlk
baxışdan bu kino komandasında ən sadə peşə
kimi görünür. Amma o şəxs işini o qədər
səlist görürdü ki... Yəni çəkliş
zamanı arabanın sürətinə düzgün nəzarət
edir, onu silkələmir və s. Bu bacarığına görə
bütün rejissorlar onunla işləmək istəyirdi.Kino
işində bütün peşələr önəmlidir,
peşəkarlıq önəmlidir.
- Vidadi müəllim, Azərbaycanda
oxucu, tamaşaçı problemi varmı? Yoxsa,
qarşı tərəf uyğun ortam yarada bilmir? Bəlkə
bu sahədə tamam başqa problemin olduğunu
düşünürsüz...
-
Görürsən ki, iki adam
dalaşır, onların hansına yaxınlaşsan,
özünün haqlı olduğunu düşünür. İndi deyəsən ki, kitab oxunmur,
tamaşaçılar kinoteatra gəlmir, doğru olmaz. Digər tərəfdən desən ki,
kinolarımız uğursuzdur, bu da düzgün olmaz. Məsələn, son dövrlərin bir neçə
uğurlu filmi var ki, bəlkə Sərdar, sən də
baxmamısan. "Nabat" filminə
baxmısan?
- Bəli.
- "Nar
bağı"na baxmısan?
- Hələ ki, yox.
- "Çölçü" filminə necə?
- Yox.
- Bax, sənin
oxuduğun Orxan Pamukun bu "Qara kitab"ını Azərbaycanda
neçə nəfər oxuyub? Çox az
adam...
Durum elədir ki, hamı günahkardır, amma heç kəs
günahkar deyil. Yaxşı filmlərimiz var. O filmlərimizin
afişaları vurulur, hətta televiziyalarda anonsları verilir.
Bəzən də deyirlər ki, gəlin, pulsuz baxın. Tamaşaçılar yenə getmir. İndi kim deyə bilər ki, bu kinomuzun təqsiridir? Amma həmin kionteatrda bir Hollivud döyüş filmi
nümayiş olunsa, heç o filmin reklamı getməsə
belə, tamaşaçısı olacaq. Bu
da həmin tamaşaçıdır da. Niyə
bizim filmlər baxılmır? Öz filmlərimizə
olan bu inam nə zaman itdi?
Niyə düşünürlər ki,
çağdaş ədəbiyyatımız zəifdir? Mən sizi
inandırıram, bizdə yaxşı ədəbiyyat da var,
yaxşı film də.
Sovet dövründə Bakı kəndlərində qərənfil
əkirdilər. Biz o qərənfili Bakıda satanda qəzetə
büküb satırdıq, ancaq Moskvada bunu bəzəkli
kağızlara büküb satırdılar. Təqdimat bacarığından da çox şey
asılıdır.
- İncəsənət
adamının, bir az da konkretləşdirsək,
rejissorun, aktyorun mütaliəyə, ədəbiyyata yaxın
olmasını nə dərəcədə zəruri
sayırsınız?
- Bu barədə
Stanislavskinin fikirlərini xatırladacağam. Onun bir ifadəsi
var idi: "Raxid aktyor". Deyirdi ki, elə
aktyor var ki, onun başı yekədir. Əl-ayağı
balaca. Yəni biliyi, savadı çoxdur,
ancaq bu savadını tədbiq edəcək
bacarığı zəifdir.
Yaxud da əksinə, bəzən də bir aktyor
bacarığı ilə hər kəsi heyran edir, ancaq
savadı, intellekti çox aşağıdır.
Deyirlər incəsənət elm deyil. Elm nədir?
Elmin nəzəriyyəsi olur, bir də praktik tədbiqi.
İncəsənətin nəzəriyyəsi
çoxdan var, qalaq-qalaq kitablar yazılıb. Praktikası isə elə hər gün tətbiq
olunmaqdadır.
Sadəcə, biz buna elm kimi yanaşanda deyirlər ki,
"aktyorun elm nəyinə lazımdır, ürəklə
oynadı bəsdir də". Bəs ağlı
lazım deyil? Belə bir fikir mövcuddur: Elm və mədəniyyət
başlanğıcda bir-birinə çox oxşardır. Məsələn, alim də kəşf zamanı
emosional hisslər keçirir, bəzən
araşdırdığına yaxın olur, sevinir, bəzən
işi alınmır, hirslənir. Aktyorda
da məşq zamanı eyni şey baş verir. Ona görə də elm və incəsənət bu
yerdə bir-birilərinə çox bənzəyir. Onlar sanki dağın ətəyinəcən bir yerdə
gəlirlər, dağın ətəyində
ayrılırlar.
Məsələn,
A+B=AB. Bunu əsrlərdir insanlar oxuyur, biz də oxuyuruq. Bunu oxuyanda biz duyğulanmırıq, qeyri-adi
heç nə baş vermir. Amma Füzulinin "Leyli və
Məcnun"unu, Şekspirin "Romeo və
Cülyetta"sını oxuyanda hər adam
başqa cür təsirlənir. Amma
dağın zirvəsində elmlə incəsənət yenidən
birləşir - hər ikisi insanlar üçündür.
Düşünürəm ki, aktyora təhsil lazım
olmasaydı, onda incəsənət universitetləri nəyə
lazım idi.
Alternativ fikir də var: "Bəyəm bizim bütün
müqtədir aktyorlarımızın savadı olub?" Xeyr. Olmayıb. Amma onların yaşadığı zəmanə də
başqa olub. Dünyada hər şey
inkişaf edir, incəsənət inkişaf etməli deyil?
İncəsənət inkişaf edir, ona görə
yeni, bu inkişafa adekvat olan kadrlar da yetişməlidir. Yoxsa, biz köhnə mahnıları oxuya-oxuya hələ
çox yata bilərik.
- Teatrda, kinoda yeniliklərə
münasibətiniz necədir?
- Məsələn,
Vaqif İbrahimoğlu "Yuğ" teatrı kimi bir
ideyanı düşündü - bilmirəm hansısa qeyd
kitabçasına, ya ağ köynəyinin
qolunamı yazmışdı bu ideyanı, ya
yazmamışdı - çox güman ki, ideyanı elə
ağlında saxlamışdı. Baxın, o
yeni bir teatr yaratdı, yeni bir estetika, yeni bir poetika qoydu ortaya.
Asanmı oldu? Vaqif "Yuğ"a nail
olana qədər çoxları tərəfindən əllaməçi,
eksperimentçi adlandırıldı. Onun fəaliyyətinə
ağız büzənlər oldu. Lakin o,
öz konsepsiyasını həyata keçirdi, öz
aktyorlarını da yetişdirdi. Ortaya
çox fərqli bir teatr çıxardı. Sonra
dövlətimiz də bu teatra Dövlət teatrı adı verdi.
Götürək
Tofiq Kazımovu, şərti teatr prinsiplərini Azərbaycan səhnəsinə
gətirənə qədər qanı da getdi, canı da. Sonra nə oldu? Bu gün də Azərbaycan
teatrı şərti prinsiplərlə işləyir. Yoxsa, 3 saat dekorasiya qururdular, 3 saata onu
sökürdülər. Tofiq müəllim isə dedi
ki, bu qədər əziyyətə ehtiyac yoxdur, səhnədə
çərçivə qoysaq, hamı biləcək ki, bu pəncərədir,
onu ayrı cür yerləşdirsək,
tamaşaçılar başa düşəcək ki, bu
qapıdır. Aktyor səhnədə əllərini yana açıb desə ki, "mən
uçuram", insanlar inanacaq ki, o uçur. Yeniliklərin
qəbul edilməsi çox çətin və çox
vacibdir. Deyək ki, indi mən
yaşlıyam, konservatoram, yenilikləri rahat qəbul edə
bilmirəm. Qəbul etməyəcəyim təqdirdə
elə köhnənin içində də batıb qalacam.
Geri qalmamaq üçün gərək sinəni
açıb, yeniliklərə qucaq aça biləsən.
Söhbətləşdi: Sərdar
AMİN
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.24.