Fəxri ƏRSAVAŞ
DASTAN
İl 1915.
On səkkizindəyik martın.
Özümüzə gəldik bir az.
Bir udumluq deyilmiş
Çanaqqalanın
suyu -
Keçilməz bu boğaz,
Keçilməz bu boğaz!..
Qarı
düşmən,
Bizi nə güllən qorxudur,
nə topun.
Artıq
başladı cəngimiz
-
Ər meydanında ərik biz!
Sənmisən, paşam, "İrəli!"
deyən?
Budur, çıxdıq səngərdən!
Budur, bir qardaşımız
alıb kürəyinə
276 kiloluq
mərmini,
Keçir odlar, alovlar içindən!
Bu mərmi dənizə gömdü
Elizabeti,
Buveti...
Yanır,
bütün Anafartalar
yanır,
Dəniz
yanır,
Dağ yanır.
Düşmənin də nəyi varsa, yanır!
Zəfər bizimdir artıq,
Türkük,
Müzəffər doğulmuşuq anadan.
Bir qarış torpaq uğruna
kimimiz şəhid oluruq,
kimimiz qazi,
-
Yüz illərdi
heç
dəyişmədi
alnımızdakı bu
yazı...
Dünyada hər yer keçilər bəlkə,
Amma keçilməz,
heç keçilməz
Çanaqqala boğazı!
İMKAN
Həyat
bizə
xoşbəxt
olmaq imkanı
vermədi, gülüm.
Biz
özümüzdən
başqa hər kəsin
üzüntüsünü üzüntümüz,
acısını acımız
bildik.
Dünyanın o biri başındakı
heç tanımadığımız
bir insanın belə göz yaşı
içimizi oyum-oyum oydu.
Pişiklərin dərdinə ağladıq,
Quşların yasını tutduq.
Nə ürəyimiz var ki -
yuxa və dəymədüşər...
Zaman
həyat
qarşısında
bizi gücsüzləşdirdi.
Əslində,
nə
gözəl şeydi,
gülüm,
insanın insana yanması...
Əslində,
nə
gözəl şeydi,
gülüm,
tanımadığın birinin
dərdlərinə üzülmək
və çarə aramaq...
Mən bütün həyatım
boyu
həp
üzüldüm, həp
yandım -
insanların
dərdinə çarə
tapmadım deyə...
Yaşamaq nə gözəldir,
gülüm,
Sevərək,
sevilərək,
sevinərək,
düşünərək
və həyatın
vazkeçilməz
sancılarını duyaraq
yaşamaq!..
ŞƏRQİ
Niyə
bu
şərqini duyunca
içimdən ağlamaq
keçir...
Niyə
gözlərim dolur,
boğazım tıxanır
belə...
Ağlıma həp isti bir əl gəlir
və
çocuqluğumu xatırlayıram
bir də.
İçimdə -
dərində,
lap dərində
köhnə bir yara
başlayır sızıldamağa:
uzaq yaz axşamı...
viran
qalmış bağça...
su deyil, hüznlə dolu hovuz...
Sən demə,
alnımdakı
əl
anamın əli imiş,
doğulduğum gündənqalma...
Dumanlar içində
anamı görərəm
-
Bir sevgi sarar qəlbimi,
yumşacıq, isti bir sevgi...
İçim aydınlanar bu sevgi ilə -
Yüyürərəm o dumanlara doğru,
Yüyürərəm anama doğru.
O şərqi susar birdən,
Bir xəyal,
bir
xatirə belə
qalmaz
anamdan.
Nədən ağlağan olmuşam,
gözlərimin doluşu
nədən?
Bir də mən -
ümidi, sevgini itirmiş
yalqız adam...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.-
21 oktyabr.- S.16.