Bədri RƏHMİ

 

ÜÇ DİL

 

Ən azından

              üç dil biləcəksən,

Ən azından üç dildə düşünüb,

              üç dildə röya görəcəksən.

Ən azından üç dil:

Biri ana dilin -

Əlin-ayağın qədər sənin,

Ana südü kimi dadlı,

Ana südü kimi müftə

                        laylalar, nağıllar,

                                   hətta küfrlər .

O birilər yeddi qat yad,

Hər kəlmə aslan ağzında.

Hər kəlməni

            dişinlə, dırnağında

                        söküb çıxardacaqsan,

bilim hardan

 

Ən azından

            üç dil biləcəksən,

Ən azından üç dildə

Canım-gözüm deməsini,

Qırmızı gülün

                  alı var deməsini,

Hara incədirsə,

            ordan qopsun deməsini,

Atın ölümü

            arpadan olsun deməsini,

Keçini qayadan uçuran

bir çəngə otdur deməsini,

            Həm bunları

gumbur-gumbur deməsini biləcəksən.

 

Ən azından üç dil biləcəksən,

Ən azından üç dil.

Çünki sən tarix, coğrafiya

osan, busan

Oğlum, tosunum,

Sən avtobusa gecikmiş

Bir millətin çocuğusan.

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.- S.17.