"Yad et"
Azərbaycan şeirində fransız
“modası”
Əvvəli ötən
sayımızda
Fransız
dilini bilən, bu dilin ədəbiyyatını orijinaldan oxuyan
Abbas Səhhət Alfred de Müssenin
yaradıcılığı ilə də tanış idi,
"Mayıs gecəsi" şeirini Azərbaycan dilinə tərcümə
etmişdi və özünün "Şair, Şeir pərisi
və Şəhərli" poemasını bu şeirin əsasında
yazmışdı. Müssenin "Mayıs gecəsi" kimi
A.Səhhətin poeması da may gecəsində şairlə
şeir pərisinin dialoqu üzərində qurulmuşdur. Şəhərli obrazı A.Səhhətin əlavəsidir.
Şairi səqqa quşuna - ac balalarını doydurmaq
üçün öz bədənini onlara yem eləyən
qutana bənzədən Müsse kimi Abbas Səhhət də
diqqəti şairin cəmiyyət qarşısında vəzifəsi
məsələsinə yönəldir,
şairi cəmiyyətə mənəvi
qida, cəmiyyətin dəyişməsinə kömək verə
biləcək bir qüvvə kimi təqdim edir. Şeir
janr baxımından tənzimat dövrü türk ədəbiyyatında
divan ədəbiyyatından stilizasiya edilmiş məsnəvi
formasında tərcümə edilmişdir. Maraqlı cəhət
budur ki, A.Səhhət fransız dilini mükəmməl bilsə
də, onun fransız ədəbiyyatından
tərcümələri Osmanlı ədəbiyyatının
təsiri ilə, Osmanlı dilinin
"avtomatlaşdırılmış" (Y.Tınyanov)
poetik sistemi əsasında yaradılmışdır. O da
maraqlıdır ki, Abbas Səhhətin eyni dövrdə rus ədəbiyyatından
tərcümlərinin poetik sistemi tamamilə fərqlidir. Xüsusən, rus uşaq ədəbiyyatı əsasında
işlədiyi mətnlər Azərbaycan dilinə yeni bir
poetik sistem gətirmişdir və bu yeni sistem sonradan müasir
Azərbaycan şeir dilinin təşəkkülündə
böyük rol oynamışdır.
Abbas Səhhətin yaradıcılığının
fransız ədəbiyyatı ilə təmasında Alfred de
Müsse yeganə mənbə deyildir. Ədib 1912-ci ildə
nəşr etdirdiyi "Sınıq saz" kitabındakı əsərləri
fransız şairi Sülli Pryudomun "Sınıq
güldan" ("Le vase bris?") şeirinin və türk
şairi Tofiq Fikrətin "Rübabi-şikəstə"
("Sınıq saz") kitabının təsiri ilə
yazdığını qeyd etmişdir. Diqqəti bu məsələyə
yönəldən professor Mir Cəlal Abbas Səhhətin öz qeydinə
istinad etmişdir: "Əsərlərim
sınıq ürəkdən çıxan
sızıltılar olduğu üçün
fransızların şairi-əzəmi "Zərfı-şikəstə"
adlı əsərinə və türklərin böyük
şairi Tofiq Fikrət bəyin "Rübabi-şikəstə"sinə
təqlidən "Sınıq saz" deyə
adlandırdım..." Bax: Abbas Səhhət. Sınıq
saz, Bakı, 1912, səh.2-3 // Mir Cəlal. Azərbaycanda ədəbi
məktəblər (1905-1917) Bakı: 2004, səh. 275.
"Zərfı-şikəstə"nin -
"Sınıq güldan"ın müəllifi fransız
şairi Sülli Pryudom XIX əsrin sonu, XX əsrin əvvəllərində
Avropanın ən məşhur söz sənətkarlarından
biri idi və ədəbiyyat üzrə ilk Nobel
mükafatına layiq görülmüşdü. Bu mükafat ona "Nadir təsadüf
edilən zəka və duyğusallığın keyfiyyətli
kombinasiyası, bədii mükəmməlliyi və yüksək
idealizmi təsdiq edən özünəməxsus poetik
kompozisiya ustalığına görə" verilmişdi.
Abbas Səhhətin "Yad et" şeirini orijinaldan və
Abdulla Şaiqin şeirindən fərqləndirən
başlıca cəhət bu şeirdəki motivlərin fərdi
kədər məcrasından çıxarılaraq onlara
ictimai məna verilməsidir. Şair zülmət
gecənin arxada qalacağı, millətin elmə, mərifətə
yiyələnib işığa çıxacağı, cəhalətin
aradan qalxacağı bir gələcəkdə
xatırlanmağı arzu edir. Elə bir gələcək
ki, orada güruhi-İslam - müsəlman xalqları elmlə
kamilləşib, bütün insanlar xoşbəxt
yaşayır, müxtəlif millətləri təmsil edən
insanlar arasında ixtilaflar yoxdur, İslam dünyası öz
keçmişinə baxıb təəssüf eləyir:
Vəqta
ki, yetər zəmani-hazir,
Gül tək
açılar tutuq ürəklər,
Torpaqda
yatar bu qəmli şair,
Qəbrində çıxar soluq çiçəklər.
Batində
olar o halə nazir,
Həsrətlə bu dağidari-firqət.
Bax millətə,
eylə sən təfaxür,
Amma ki, bəxatiri-üxüvvət.
Yad et məni, aşiqanə yad et!
Apardığımız müşahidələrdən əldə
olunan nəticələrdən biri də budur ki, XX əsrin əvvəllərində
fransız romantik ədəbiyyatından nümunələr Azərbaycan
dilinə Osmanlı poeziyasının biçib-tikdiyi hazır
poetik sistem vasitəsilə gətirilirdi. Həmin illərdə
Osmanlı poeziyasının özündə isə ciddi
axtarışlar gedir, bədii düşüncə
üç mədəniyyəti (türk, ərəb və fars) birləşdirən Osmanlı dilindən
ayrılaraq türk xalq dilinə meyil edirdi. Bu təmayül Azərbaycanda
özünü Hüseyn Cavidin
yaradıcılığında daha aydın göstərir...
Qayıdaq Abdulla Şaiqin "Yad et" şeirinin tarixi
ilə bağlı xatirəsinə. A.Şaiq şeirə
Mirzə Ələkbər Sabirin də nəzirə
yazdığını və nəzirənin "Molla Nəsrəddin"
jurnalında çap olunduğunu qeyd etmişdir. Sabir
yaradıcılığının fədakar tədqiqatçısı,
professor Abbas Zamanovun "Bir mübahisə haqqında"
adlı məqaləsində (yazı "Molla Nəsrəddin"
jurnalının 4-cü nömrəsində nəşr
olunmuş "Millət necə tarac olur-olsun nə işim
var?!" şeirinin müəllifinin müəyyənləşdirilməsinə
həsr olunub: Abbas müəllim bu
şeirin Sabirə aid olmadığı qənaətində
idi) maraqlı bir qeyd var: "...1908-ci ildə "Molla Nəsrəddin"
jurnalında "Şairimiz Hophopa təqdim olunur" sərlövhəsi
altında "Qızdırmalı" (o zaman Tiflisdə
yaşayan mollanəsrəddinçi şair Məşədi
Həbib Zeynalovun təxəllüsüdür) imzası ilə:
Vəqta
ki əsər nəsimi zülmət,
Təsir
bağışlayar cəhalət... -
misraları ilə başlayan bir şeir dərc olunmuşdur.
İki nömrə sonra jurnalda Sabirin həmin satiraya cavabı
çıxmışdır:
Madam ki, hamiyani-zülmət
Xoşlar ki, davam edə cəhalət... - və s.
Sabirin
satirasından əvvəl belə bir qeyd də verilmişdir:
"Molla Nəsrəddin"in 10-cu nömrəsində
"Qızdırmalı" imzalı yazılan əşara
cavab".
Buna
baxmayaraq, Qızdırmalının həmin şeiri 1912-ci ildə
"Hophopnamə"yə salınmış və şairin əsərlərinin
1948-ci ilə kimi çıxan bütün nəşrlərində
bu səhv təkrar olunmuşdur..." Bax: Abbas Zamanov. Bir mübahisə haqqında.//Sabir bu gün.
Bakı: "Gənclik" nəşriyyatı, 1985, s. 52-53
Bu qeydlərdən göründüyü kimi, 1908-ci ildə
"Molla Nəsrəddin" jurnalında "Yad et"
şeirinə iki parodiya çap olunmuşdur. Bu parodiyalardan birincisi Məşədi
Həbib Zeynalova aiddir və M.Ə.Sabirə
ünvanlanmışdır:
"Vəqta
ki, əsər nəsimi-zülmət,
Təsir
bağışlıyar cəhalət,
Dünyadən
ədəm bulur bu millət,
Hərçənd
bacarmanam nübüvvət;
Amma belə
göstərir zəmanə:
Bixar qalır güli-fərasət.
Ey seyrə
çıxan o gülsitanə,
Onda oxu
bir duayi-rəhmət,
İndi məni
kafiranə yad et!.."
Belə
aydın olur ki, Mirzə Ələkbər Sabirin "Molla Nəsrəddin"
jurnalında nəşr etdirdiyi şeir Rəcaizadə Mahmud
Əkrəmin "Yad et!" şeirinə nəzirə deyil,
Qızdırmalı təxəllüslü şairin
parodiyasına cavab kimi yazılmışdır. Abdulla
Şaiqin "Sabir Əfəndinin nəzirəsi dəxi
"Molla Nəsrəddin" jurnalında
göründü" mülahizəsi, görünür,
Qızdırmalının (M.H.Zeynalovun) parodiyasının "Hophopnamə"nin ilk nəşrlərində
səhv olaraq Sabirin adına getməsi ilə bağlı olmuşdur.
Sabirin cavabında şeirin rədifi də fərqlidir -
"Xab et":
Madam ki, hamiyani-zülmət
Xoşlar
ki, dəvam edə cəhalət;
Heyhat,
bilirmi onda millət
Tovhid nədir və ya nübüvvət?
Məktəb
edir iqtiza zəmanə,
Bixar ola ta güli-fərasət;
Ey seyr
arayan o gülsitanə,
Əsli yoxu bəkləmək nə hacət?!
Xab et hələ, qafilanə xab et!
"Hophopnamə"nin sonrakı nəşrlərinin tərtibçisi,
kitaba geniş ön söz və izahlar yazmış professor Məmməd
Məmmədovun bu şeir barədə qeydlərindən
oxuyuruq: "İlk dəfə "Molla Nəsrəddin"
jurnalında (30 mart 1908, ¹13) imzasız çap olunmuşdur. Dördüncü nəşrdən başqa,
bütün qalan nəşrlərə daxil edilmişdir.
Üçüncü
nəşrdə "...Qafilanə xab et!"
adı ilə verilmişdir". Bax: M.Məmmədov. İzah və şərhlər. // Hophopnamə,
iki cilddə, 1-ci cild. Bakı: "Şərq-Qərb" nəşriyyatı,
2004, s. 368.
Qeyd edək ki, "Molla Nəsrəddin" jurnalında
romantik ədəbiyyatın populyar nümunələrinə
yazılmış parodiyaların nəşr edilməsi yeganə
hadisə deyildir. Məsələn, Cəlil Məmmədquluzadənin
Abdulla Şaiqin "Nişanlı qız" şeirinə nəsrlə
maraqlı bir parodiyası vardır.
Parodiya ilə nəzirənin başlıca fərqi isə
ondadır ki, parodiyada yalnız parodiya olunan əsərin məzmunu
ironiya obyekti kimi götürülmür, bütövlükdə
estetik sistem hədəfə götürülür, estetik
sistemin antitezası, astar üzü yaradılır. Bununla belə,
parodiya, müəyyən mənada parodiya olunan əsərdən
asılı olur. "Parodiya - parodiya olunanın diri
qaldığı qədər diri olur"... (Y.Tınyanov)
Fransız ədəbiyyatında XIX əsrin əvvəllərində
yaranmış bir şeirin təsirilə həmin əsrin
80-ci illərində türk ədəbiyyatında silsilə əsərlərin
meydana gəlməsi, bu təsirin XX əsrin əvvəllərində
türk ədəbiyyatından Azərbaycan ədəbiyyatına
keçməsi ədəbiyyat tariximizin olduqca maraqlı
faktıdır. Bu fakt Azərbaycan ədəbiyyatında
sonradan səssiz itib-batmamış, tamamilə fərqli keyfiyyətdə
öz əks-sədasını yaratmışdır. Nəriman
Həsənzadənin "Lirik parça" adı ilə təqdim
etdiyi
Salsa
kölgəsini yollara bulud,
Yanından
ötsə də, sən məni yad et.
Günəşi
ağ bulud, ya qara bulud,
Bir
anlıq örtsə də, sən məni yad et.
Qulağın
qəfildən bir səsə düşsə,
O, mənim
səsimdir, sən məni yad et.
Səhərin
mehiylə alnın öpüşsə,
Mənim
nəfəsimdi, sən məni yad et.
Alışıb-yanacaq
üfüqdə könlüm,
O yolda, o
izdə sən məni yad et.
Nə qədər
səhər var, günəş var, gülüm,
Dünyada
mənsiz də sən məni yad et. -
şeiri
məzmununa və poetik nizamına, eləcə də mətndən
oxucuya ötürülən duyğu yükünə,
emosional informasiyasına görə R.M.Əkrəmin,
A.Şaiqin və A.Səhhətin "Yad et!" şeirləri
ilə müqayisədə A.Müssenin "Rappelle-toi"
şeirinin orijinalı ilə müqayisə üçün
daha çox əsas yaradır. Bu artıq nəzirə,
tərcümə, iqtibas, parodiya, yaxud ədəbi təsir məsələsi
deyil, Azərbaycan şeirində poetik sistemin yerdəyişməsinin,
yeni keyfiyyət mərhələsinə keçməsinin nəticəsidir.
Mətnlərdəki səsləşmə isə şeirin təbiətindən
gələn yaddaş hadisəsi kimi izah edilə bilər...
A.Müssenin "Pappelle-toi" şeirinin Azərbaycan macərasının maraqlı, maraqlı olduğu qədər də qəribə bir məqamı da var. A.Şaiqin "Yad et!" şeiri yazıldığı vaxtdan 19 il sonra - 1927-ci ildə "İnqilab və mədəniyyət" jurnalının birləşdirilmiş 10-11-ci buraxılışında çap olunmuşdur. "Müəllif şeiri Oktyabr inqilabının on illiyi münasibətilə çapa vermiş və... V.İ.Leninə ithaf etmişdir. Şeirə əlavə edilmiş qeyddə deyilir: "1905-ci il inqilabının daha o zaman zehnimdə canlandırdığı ilham və təsir olaraq 1908-ci ildə ideal olaraq tapdığım o ali, qızğın arzu və iştiyaqlarla tənvirə çalışan və bu vaxta qədər çap edilməmiş bu mənzuməciyi Oktyabr inqilabının böyük qəhrəmanına ithaf edirəm". Bax: Kamal Talıbzadə. Qeydlər // Abdulla Şaiq. Əsərləri, beş cilddə, ikinci cild. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968, s. 571
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.5.