Divar  

Jan Pol Sartr

 

Hekayə

 

Əvvəli ötən sayımızda

 

Sonra dəli-dəli hərəkətlər etməyə, öz-özünə danışmağa başladı. Bununla belə o, belçikalıdan əl çəkmir, gözlərini ondan ayırmırdı. Yəqin, belçikalı bir şey duymamışdı. Onun nəyə görə bizim yanımıza göndərildiyini indi başa düşdüm; fikirlərimiz onu qətiyyən maraqlandırmırdı, o, bizim həyat dolu varlığımızın keşiyini çəkməyə, onun yanıb külə dönməyinə göz qoymağa gəlmişdi.

- Adamı qara basır, - Tom kədərlə dilləndi, - Nə qədər başqa şey haqqında düşünməyə çalışsan da, alınmır. Sanki bu hisslər beynimdə doğulub, an-an, qətrə-qətrə əriyib itir… Axı bunun sonu nə olacaq? Yəqin, heç nə. Bu fikirlər gah itir, gah təzədən doğulur. Bədənimdə təzədən güllədən açılan deşiklər əmələ gəlməyə başlayır… İlahi! Bütün bunlar nə qədər ağırdır. Təsəvvür edirsən - öz meyitimi görürəm… Meyitimə dikilən gözlərimi də… Nə qədər bunun son olduğunu, əbədiyyət, ilğım olduğunu dərk etməyə çalışsam da - olmur! Düşünəndə ki, həyat başqaları üçün davam edəcək - adam dəli olur! Bilirsən, gecəni yata bilmirəm, gözlərimə kabuslar görünür. Amma bu, başqa şeylərə oxşamır, Pablo. Bu, mənim özümə məxsus şeylərdir. Cismani ölümüm və onun haqqında fikirlər. Belə fikirlər adama arxadan, qəfildən yaxınlaşır və onun gəlişinə, hücumuna hazır dayanmaq olmur.

- Kəs, - dedim, - bezdirmə məni. Bəlkə səninçün yuxuyozan da çağıraq?

Susdu, onun peyğəmbərlik etdiyini anladım; asta-asta danışır və məni hövsələdən çıxarırdı. Amma susmağa, onunla çənə döyməməyə üstünlük verdim Çünki xeyri yoxdur, irlandların hamısı belədir. Birdən, ondan ətrafa yayılan kəskin sidik qoxusunu hiss etdim. Sözün düzü, ona siz deyən qədər hörmət etmirdim və fikrimi dəyişmək istəmirdim. Sadəcə, taleyin hökmüylə həyatın son anlarını bir yerdə keçirmək məcburiyyətində qalmışdıq. Məsələn, burda tanıdığım başqa adam - lap elə Ramon Qris olsaydı, hər şey başqa cür ola bilərdi. Amma Xuanla, Tomla bir yerdə olmaq əzabdır. Bir tərəfdən baxanda elə belə yaxşıdır, Ramonun burda olmamağı məni müəyyən qayğılardan xilas etmişdi. Hələ ki, bunların yanında özümü möhkəm tutur, axıradək belə olmağa çalışırdım. Tom isə, dayanmırdı. Onun fikirlərini dağıtmaq üçün belə etdiyi açıq-aşkar hiss olunurdu. Bir tərəfdən də ondan gələn sidik qoxusu - lap adamın beyninə işləyirdi. Fikirləşəndə, Toma haqq qazandırmaq olardı, çünki mən də onun kimi düşünürdüm, sadəcə, düşündüklərimi dilə gətirmirdim. Ölüm - təbiətdə olan bütün ziddiyyətləri üzə çıxarır: elə ki, qarşıdan gələn ölüm adlı təbii qanunauyğunluğun əzabını dərk etdim, o andan etibarən hər şey mənim üçün ziddiyyət yığını oldu: kömür təpəciyi də, oturduğum və taleyimi bağladığım skamya da, elə Pedronun iyrənc sifəti də… Dərk etdim ki, ölümünü gözləyən hər kəs nə barədə çərənləsə belə, səhərə qədər eyni şey haqqında mənim düşündüyüm kimi düşünəcək, bir yerdə əsəcək, tərləyəcək. Tomun qorxunc sifəti məni çaşdırdı - ölü sifətinə oxşayırdı. Onun sifəti mənim mətanətimi də sındırırdı: 24 saat onunla bir yerdə olmaq, onun axmaq söhbətlərinə qulaq asmaq, ondan gələn üfunət qoxusunu udmaq məni başqa adama çevirmişdi. Mən də onlara oxşayırdım, mənə elə gəlirdi ki, hamı bunu hiss edir və görür. Onlara əkiz qardaş kimi oxşayırdım və az dəli olmaq həddinə çatmışdım. Tom əlimdən tutub tamam başqa bir səmtə baxaraq, özgəylə danışırmış kimi:

- Özümdən soruşuram, Pablo, - dedi, - doğrudanmı bir iz qoymadan bir anın içində sovrulub gedəcəyik?

Əlimi itələyərək:

- Ayaqlarının altına fikir ver, donuz, - deyib, hirslə ayağa qalxdı.

Ayaqlarının altı göllənmişdi, şalvarının ətəyindən hələ də damcılar axırdı. O, özünü itirərək:

- Bu nədir? - təəccüblə xəbər aldı.

- Şalvarını batırmısan, - dedim.

- Yalan demə, - dəli kimi çığırmağa başladı. - Yalan danışırsan, yalan! Mən heç nə bilmirəm. Heç nədən xəbərim yoxdur.

Belçikalı sifətinə hüznlü bir ifadə verib yaxınlaşdı.

- Özünüzü pis hiss edirsiniz?

Tom cavab vermədi. Belçikalı susaraq, gölməçəyə baxdı.

- Bilmirəm bu neçə oldu. - Tomun səsi xırıldadı.  - Mən heç nədən qorxmuram, düz sözümdür, qorxmuram!

Belçikalı susurdu. Tom çaşqınlıq içində gedib divar dibinə işəməyə başladı, işini gördü, şalvarını çəkərək qayıtdı, başını aşağı dikib skamyada əyləşdi. Heç nə demədi. Belçikalı yenə də nəsə yazdı. Üçümüz də ona baxırdıq. Aramızdakı yeganə canlı kimi ona baxır, həsəd aparırdıq. Onun davranışı, hərəkətləri canlılara məxsus idi. O, normal insan kimi bu soyuq zirzəmidə soyuqdan əsirdi, bizi isə əksinə, tər-su alıb aparırdı. Bədənimizi hiss etmirdik, hisslərimiz bizdən qabaq ölmüşdü. Mən də şalvarımın balağını yoxlamaq istədim, amma belçikalının baxdığını görəndə, fikrimdən daşındım. Ona - aramızdakı yeganə canlıya, əzablarımızın hakiminə baxdım. Bir qədər sonra o balaca Xuana yaxınlaşdı, nə üçünsə gədənin başını sığalladı, sonra boyun damarlarını ovuşdurdu, deyəsən, ona yazığı gəlirdi. Xuan tərpənmədi, handan-hana sanki yuxudan ayıldı, həkimin əlindən yapışıb acgözlüklə baxdı. O saat baş verəcək hadisəni anladım… Deyəsən Tom da başa düşmüşdü. Amma həkim minnətdarlıqla Xuana baxır və gülümsünürdü. Birdən Xuan həkimin əlindən tutub dişləməyə başladı. Həkim çaşdı və güclə əlini geri çəkib divara qısıldı. Küt baxışlarla bizə baxmağa başladı, gözləri heyrətdən bərəldi, qızardı. Artıq o da anladı ki, biz onun kimi normal insanlar deyilik. Hırıldamağa başladım, gözətçilərdən biri də mənə qoşuldu. Digər gözətçi yatmasaydı, yəqin, o da güləcəkdi. Yorulmuşdum, bir azdan baş verəcək hadisə məni çox da darıxdırmırdı. Onsuz da xeyri yox idi. Amma başqa bir şey barədə fikirləşən kimi, yenə ölümün gəlib dururdu gözlərimin önündə, mənə sarı tuşlanan tüfənglərdən üstümə sonsuza qədər güllə yağırdı. Bu minvalla azı iyirmi dəfə öz ölümümü, yerə yıxılıb qıvrılmağımı görmüşdüm. Bir balaca mürgüləyən kimi kiminsə məni divara qısıb güllələdiyini görürdüm… Cəhənnəm əzabı idi və buna tab gətirmək olmurdu. Bəzən özümü çığırmaqdan güclə saxlayırdım. Belçikalı saqqalını tumarlayırdı, deyəsən öz aləmində idi, bizə fikir vermirdi. İkinci gecə idi ki, yuxum ərşə çəkilmişdi və bu, məni narahat etmirdi, əksinə, ömrümün son saatlarının bir anını belə itirmək, onu gecə yuxusuna döndərmək istəmirdim. Onsuz da gözlərimi yuman kimi, yuxudan doymamış kimsə məni oyadacaq, divar dibinə, güllə qabağına aparacaqdı. Şəxsiyyətimi qoruyurdum, heç bir kənar qüvvənin kobudluğunu qəbul etmək istəmirdim. Məni qara basırdı, tez-tez ətrafımda qəribə qüvvələrin hərəkətini, nəfəsini hiss edirdim; indimi yox, gələcəyimi də yox, keçmişimi xatırlamağa çalışırdım. Doğma və unudulmaz, məsum və işıqlı, şirin və parlaq keçmişimi… Valensiyadakı yarmarkanı, oradakı adamların sifətini, körpə uşaqların hay-küyünü, Ramon Qrisin üz cizgilərini, Qranadakı skamyanın… Hər şeyi, hər şeyi xatırlamağa çalışırdım. İlahi! Bir vaxtlar necə də acgözlüklə, ülvi hisslərlə xoşbəxtliyin, qadınların, azadlığın müdafiəçisi kimi mübarizə aparırdım. İspaniyanın xilaskarı olmaq istəyir, mitinqlərdə alovlu nitqlər söyləyirdim. Anarxistlərlə birlikdə azadlıq uğrunda çarpışırdım. Bu anlarda mənə elə gəlirdi ki, bütün keçmişim ovcumun içindədir və onu mən idarə edirəm. İndi isə son gəlib, həyatın sonu - gələcəyin süqutu. Yalnız bu anda ürəklə demək olar - yaşamaq gözəldir! Amma mən axmaq bu gözəllikdən istifadə edə bilməmişəm. Nə isə… Nə isə… Yox! Yox… Mən təəssüflənmirəm, əslinə qalsa, təəssüflənməli çox şey var.

Belçikalının axmaq təklifi məni xoş xəyallardan ayırdı. O:

- Əzizlərim, - dedi, - istəsəz arzularınızı qohumlarınıza çatdıraram. Düzdür, rəhbərlik etiraz eləməsə.

Tom donquldandı:

- Mənim heç kəsim yoxdur. 

Mənsə danışmağa ehtiyac duymadım. Tom bir qədər susub mənə tərəf çevrildi:

- Nədir, yoxsa Konçaya deməyə sözün yoxdur?

- Yox, - dedim

Təqsir məndəydi… Həbs olunmağımızdan bir-iki gün əvvəl Konça haqqında çərənləmişdim ona. Yoxsa o haradan bilirdi ki… Onunla cəmi bir il yaşamışdım, bircə il. Lap elə dünənə qədər onunla beşcə dəqiqəlik görüş üçün həyatımı verməyə hazır idim, amma indi bunun heç bir əhəmiyyəti yox idi. Çünki ona deməyə söz tapa bilmirdim. Bədənimdən, fikirlərimdən iyrənirdim və bu xəyallar onu məndən uzaqlaşdırırdı. Hər dəfə fikirləşəndə ki, xeyri yoxdur, onsuz da ölən mənəm!.. Hər şeyi qabaqlamaq, ölümü tezləşdirmək və düşüncələrdən yaxa qurtarmaq istəyirdim. Konçanın gözəl gözlərini xatırladım. O gözlər əlçatmaz bir zirvəyə dönmüşdü.

Tom da yalqız idi, amma onun yalqızlığı mənimkinə oxşamırdı. Büzüşüb oturmuşdu, altdan-altdan skamyaya baxır, bic-bic gülürdü. Sonra nə fikirləşdisə qorxa-qorxa skamyaya toxundu, elə bil skamya indicə partlayacaqdı, sonra bizə baxddı. Tomun yerində olsaydım, heç vaxt belə gicgici komediyalar çıxarmazdım, buna ehtiyac da yox idi.  Tomun hərəkətlərini fikirləşdiyim yerdə birdən, sanki qarşımdakı əşyalar qəribə görkəm almağa, eninə-uzununa hərəkət etməyə başladı. Acgözlüklə skamyaya, lampaya, kömür təpəciyinə baxdım və hər şey aydınlaşdı:  bu son idi, sonuncu baxışlar və həyatın sonuncu mənzərəsi. Bəlkə ölümümü təsəvvürümə gətirə bilmirdim, ancaq onu dərk edir, uydurduğum, oxşatdığım formada görür, yaşayırdım. Ölümüm məni əhatə edən əşyaların üstünə çökmüşdü. Yalnız bundan sonra anladım ki, Tom skamyayanı oxşadıqca, sən demə, öz ölümünə yaltaqanırmış. Əgər bu anlarda kimsə məndən muştuluq alıb, bunların məni öldürməyəcəyini desəydi, əsla  sevinməzdim; bu, öz ölümümlə barışdığım üçün deyildi, artıq onu yaşamışdım, bundan sonra bir gün, ya da beş il artıq yaşamaq mənim üçün fərq etmirdi. Bilirdim ki, bundan sonra yaşamaq mənim üçün ağır olacaq və onun üçün də ölümü seçirdim. Heç nə məni ovuda bilmirdi, bunun günahkarı mənim bədənim idi: çünki gözlərim görür, qulaqlarım eşidirdi, amma bu mən deyildim - bədənim əsir, durmadan tər axıdırdı və özümü tanımırdım. Daha o, mənim deyildi, ona baxmaq, onun nəyə çevrildiyini görmək istəyirdim. Bəzən onu ani olaraq hiss edirdim, sanki yıxılırdım, təyyarə kimi təpəsi üstə yerə şığıyırdım, az qalırdı ürəyim sinəmdən çıxıb yerə düşsün. Bütün bunlar məni yorurdu. Əllərim şalvarıma dəyəndə heyrətləndim, ətəyim islanmışdı; başa düşə bilmədim ki, bu tərdəndir, yoxsa mən də Tomun gününə düşmüşdüm. Hər ehtimala qarşı qalxıb özümü kömür təpəciyinin üstünə boşaltdım.

Belçikalı saatına baxıb, saat dördün yarısı olduğunu bildirdi. Əclaf bunu bilərəkdən belə edirdi. Tom yerindən dik atıldı - gecənin qaranlığına sığınıb özümüzü, dərdlərimizi güclə unuda bilmişdik, indi hər şey təzədən başladı.

Xuan yenə sarsaqladı, əllərini oynada-oynada çığırırdı:

- Mən ölmək istəmirəm! Ölmək istəmirəm!

Qalxıb zirzəmidə qaçmağa, qapını döyəcləməyə başladı, Tom daha ona baxmırdı və bu da o demək idi ki, onun daha Xuana yazığı gəlmirdi. Heç kəs Xuanın hərəkətlərindən təəccüblənmir, heç kəs ona fikir vermirdi. Hərə öz hayında idi.

O, ağlayırdı, hiss olunurdu ki, təəssüflənir, amma ölüm haqqında fikirləşmirdi. Çünki mən də onun günündə idim və ona baxdıqca özümə acıyırdım. Mənə elə gəlirdi ki, mən də ağlayıram. Birdən hər şey dəyişdi: oğlana baxıb onun arıq, üzülmüş sifətini, sallanmış çiyinlərini gördüm və hiss elədim ki, o, insanlığını çoxdan itirib. Onu belə görəndən sonra həyat mənim üçün lap iyrənc oldu. Fikirləşdim; öləndə də kişi kimi ölmək lazımdır, onsuz da oyun çıxarmağın mənası yoxdur.

Tom qalxdı, açıq yarığın altında durub səmaya baxmağa başladı. Mənsə öz-özümə təkrarlayırdım: kişi kimi ölmək… məni başqa heç nə maraqlandırmırdı. Belçikalı saatı deyəndən sonra vaxt uçurdu, su kimi axırdı və onu saxlamaq, ləngitmək mümkün deyildi. Hava hələ tam açılmamışdı. Tom dedi:

- Eşidirsən?

- Hə.

Həyətdən artıq addım səsləri eşidilirdi.

- Görəsən nə itləri azıb orda! Yoxsa bizi gecənin qaranlığında güllələyəcəklər?

Bir az keçəndən sonra səs-səmir kəsildi. Toma:

- İşıqlanır, - dedim.

Pedro qalxıb lampanı söndürdü, kiməsə dedi:

- Canıma bir axmaq qorxu düşüb ki...

Zirzəmi azca işıqlanmışdı. Hərdənbir bayırdan güllə səsləri eşidilirdi.

- Başlayırlar, - Toma dedim. - Yəqin, qonşu həyətdən başlayırlar.

Tom belçikalıdan siqaret istədi.

Özümü saxladım; ürəyim siqaret, içki istəmirdi.

Bayırda güllə səsləri çoxalmağa başladı.

- Başa düşdün? - Tom soruşdu.

O, yenə nəsə demək istədi, amma dayandı, gözlərini döyə-döyə qapıya baxdı. Qapı açıldı, içəri bir leytenantla dörd əsgər daxil oldu. Tom siqareti atdı.

- Steynbok?

Tom çavab vermədi. Pedro ona tərəf baxdı.

- Xuan Mirbal?

Həsir üstə çökdü.

- Qalxın! - leytenant qışqırdı.

Xuan tərpənmədi, iki əsgər qolundan yapışıb qaldırdı. Əsgərlər onu buraxan kimi Xuan üzü üstə yerə dəydi. Əsgərlər çaşbaş qaldılar.

- Beləsini çox görmüşük, birinci deyil. - Leytenant dilləndi. - Sürüyə-sürüyə aparın.

O, Toma sarı çevrildi:

- Buyur.

Tom iki əsgərin arasına girib həsrətlə göyə baxdı. Əsgərlərdən ikisi Xuanı sürüdü, ikisi də Tomu apardı. Qapıya sarı gedəndə leytenant məni saxladı.

- İbbieta sizsiz?

- Bəli.

- Siz bir az gözləməli olacaqsız.

Çıxdı, belçikalı və iki gözətçi də onun arxasınca çıxıb getdi. Tək qaldım, heç nə anlaya bilmirdim, bu, əzablarımın davam edəcəyi demək idi. Bu anlarda birinci ölmək istəyirdim, gözləmək cəhənnəm idi. Güllələnənlərin söyüşlərini, yalvarışlarını, çığırtılarını eşitməkdənsə, güllə qabağına birinci getmək hər şeyə dəyərdi. Mən - güllələnənlərin hər biri ilə ölürdüm. Bu fikirlərdən yayınmaq üçün saclarımı yolmaq, başımı divara vurmaq istəyirdim, amma canımı dişimə sıxıb, birtəhər, öz saatımı gözləyirdim. Bir saatdan sonra məni birinci mərtəbədəki otaqların birinə apardılar. Otaqda siqaret tüstüsündən nəfəs almaq olmurdu. İki zabit siqaret çəkir, kresloya yayxanıb söhbət edirdi. Dizləri üstə bir topa kağız-kuğuz vardı,  hərdən kağızlara da baxırdılar. Onlardan biri:

- Soyadın İbbietadır? - xəbər aldı.

- Bəli.

- Ramon Qris harada gizlənir?

- Mən hardan bilim?

Məni sorğu-suala tutan pota, sarışın bir zabit idi, eynəyinin altında parlayan gözlərini mənə zilləmişdi,

- Yaxın gəl, - dedi.

Ona yaxınlaşdım, zəhmli baxışları ilə mənə baxdı, elə bil məni gözləri ilə yeyəcəkdi. Nə fikirləşdisə qalxıb qollarımı burdu və mən ağrını hiss etdikcə o, ləzzət alırdı. Mənimlə oynayır, əsəbiləşdirirdi. Siqaret tüstüsünü üzümə üfürürdü. Onun hərəkətlərindən bir şey başa düşmür, özümü gülməkdən güclə saxlayırdım. Hərəkətləri gülünc idi, ölümünü gözləyən adam üçün daha təsirli cəza tədbiri fikirləşmək olardı, belə yox. Vəzifəsinin öhdəsindən gələ bilmirdi. Bir azdan məni kənara itələyib oturdu.

- Ya sən, ya o! Onun yerini desən, səni öldürmərik.

Deyəsən, əclafın ölümü çatmışdı, nə isə… Onlar əllərindəki kağızlardan müxtəlif adları oxuyur, məhbusları hədələyir, müxtəlif hökmlər çıxarırdılar, onların İspaniyanın gələcəyi haqqında öz təsəvvürləri vardı. Onlara özümdən çox acıyırdım.

Pota mənə yaman diqqətlə baxırdı, çəkmələrini döyəcləyə-döyəcləyə təzə cəza forması fikirləşirdi. Hərəkətləri süni olduğundan gülməli alınırdı. Özünü vəhşi heyvana bənzətmək istəyirdi, amma o - o deyildi.

- Nə oldu, başa düşmədin?

- Qrisin yerini bilmirəm. Bəlkə də Madriddədir.

Digər zabit əli ilə məni hədələdi. O, da oyun çıxarırdı. Yəqin, bura yığışan paqonlu taxtabaşlar öz hərəkətlərindən həzz alırdılar.

- Sənə fikirləşmək üçün üç saat vaxt veririk.

Əsgərlərə sarı çevrildi:

- Aparın, danışmaq istəməsə yerindəcə güllələyin!

Əclaflar nə elədiklərini yaxşı bilirdilər. Buna adamı bezdirmək deyirlər. Bütün gecəni ölümümü gözləmişəm. Tomla Xuan gedəndən sonra da bir-iki saat gözləmişdim, indi də üç saat gözləmək. İlahi! Fikirləşirdirlər ki, əsəblərim dözməyəcək, danışacağam. Yox! Onlar mənimlə oynadıqları kimi, mən də onlarla oynayacağam. Ölmək hər şeyə dəyər. Qrisin yerini bilirdim, şəhərdən dörd kilometr kənarda - qohumunun evində gizlənirdi. Məni döyməsəydilər, yəqin ki, onun yerini deməzdim və hələ ki, onlar döyməklə bağlı qəti fikrə gəlməmişdilər. Nə isə… Qəribəydi, Ramon Qrisi çox istəməsəm də, yenə ölümü qəbul edər, onun yerini deməzdim. Ancaq Konçanı çox istəyirəm. Satqın, xəyanətkar adını almamaq üçün ölümümü qəbul edirdim. Bu, kimə lazım idi, kimə? Ölüm və həyat! İki ziddiyyətli səda! İnsan beynini didən fikir yığını! Həyatı kişi kimi qazanmaq istəyirəm, satqın kimi yox! Qrisi satmaq, onu ələ vermək çətin deyil, amma bu yolla qazanılan ömrü yaşamaq ölümdən betərdir. Həm də ki, Qris tək mənə yox, İspaniyaya, xalqa lazımdır! Amma bu anlarda heç İspaniya da mənə lazım deyil! Tüpürüm anarxizmə, azadlığa! Sevgidən başqa hər şeyə! Bu vaxt ayağımın yanından bir siçovul qaçdı, falanqaçılardan biri onu görüb təpiklədi. Gözətçi tərpənmədi, onun qəribə, gülməli sifəti var idi. Falanqaçının saqqalı vardı, ona dedim:

- Neynirsən bunu, qırx getsin.

Saqqal ona yaraşmırdı.

- Nə oldu, fikirləşib qurtarmadın? - pota xəbər aldı.

Maraqla ona baxdım. Sanki onu birinci dəfə görürdüm. Mən:

- Hə, - dedim, bilirəm harada gizlənir. Qəbiristanlıqda, ya zirzəmidə, ya da gözətçi  komasında.

Mən onları aldatmaq istəyirdim.

Onların əliboş, dilxor qayıtmaqlarını görmək istəyirdim, dolamaq istəyirdim onları. Sifətləri ciddiləşdi, çıxıb getdilər. Gedəndə pota dedi:

- Sözlərin düz çıxmasa, özündən küs. Düz desən, mən də sözümün üstündə duracağam.

Onlar çıxıb gedən kimi kefim açıldı. Yarım saat sonra pota qayıtdı, elə bilirdim gələn kimi məni güllələmək əmrini verəcək. Mənə dəli kimi baxırdı, sonra əmrlə:

- Əsas həyətə aparın, - dedi. - Onun taleyini tribunal həll edəcək.

Onu düz başa düşmədiyimi fikirləşdim, ona görə çaşqınlıqla xəbər aldım:

- Məni güllələmirsiz?

- İndi yox! Sonrası mənlik deyil.

Yenə bir şey anlamadım:

- Axı nəyə görə?

Çiyinlərini çəkdi, əsgərlər məni apardılar. Əsas həyətdə məhbus çox idi: qocalar, uşaqlar… Gic toyuqlar kimi ortalıqda fırlanırdım. Günorta bizi yeməkxanaya apardılar. Bir-iki nəfər köhnə tanışlardan mənimlə danışmaq istəsə də, onların heç birinə əhəmiyyət vermədim. Harada olduğumu dərk edə bilmirdim.

Axşamüstü təzə məhbuslar gəldi, aralarında köhnə tanışımı, çörəkçi Qarsianı da gördüm. Məni cağırdı:

- Səninki gətirib deyəsən. Səni sağ görəcəyimizə inana bilməzdik.

- Mənə də güllələnmə kəsmişdilər, sonra nə üçünsə fikirlərini dəyişdilər.

- Məni bu gün saat ikidə tutdular,.

- Nə üçün? - soruşdum.

- Başa düşə bilmirəm. Onlar kimi fikirləşməyən kim varsa tutub basırlar içəri.

Səsini alçaltdı:

- Bu gün Qrisi də tutublar.

Qulaqlarıma inanmadım. O isə davam etdi:

- Axmaqlığı tutub, qohumu ilə savaşıb evdən gedib, onu gizlətmək istəyən çox olsa da, heç kəsin təklifini qəbul etməyib, deyib ki, İbbieta tutulmasaydı, onun yanında gizlənərdim, indi ki, onu tutublar, qəbiristanlıqda gizlənəcəyəm.

- Qəbiristanlıqda?

- Hə. Axmaqdır da. Bu gün səhər bilmirəm, haradansa eşidib qəbiristanlıqda onu tutublar. Qris güllə-zad atsa da, xeyri olmayıb, ələ keçib. Görünür, hazırlıqlı gəliblər.

- Qəbiristanlıqda!

Gözlərimə qaranlıq çökdü, səndələyib yerə yıxıldım. Ömrümdə belə ləzzətlə gülməmişdim, güldükcə gözlərim yaşarırdı. Kişi kimi yaşamaq ha! Bu da səninçün kişi kimi yaşamaq! Kef elə!

Son.

 

Tərcümə edən:

Əyyub Qiyas

 

Ədəbiyyat qəzeti.- 2017.- 28 oktyabr.- S.26-27.