Bizi ortaq eləyən
nələr, nələrimizdi;
Yaralı dünənimiz,
xatirələrimizdi...
Gecələr həsrət adlı
sadiq yoldaşımızdı.
İlmələnib çözülən
köhnə yaddaşımızdı...
Ayrılıqdan qırılmış
iki parça qəlbimiz.
Bir-birinə dolaşmış
sevincimiz, qəmimiz...
Sabahları gözləyən
yuxulu gözlərimiz,
məchulluğa yönələn
əbədi izlərimiz....
Qapısı bağlı qalan
soyuq otaqlarımız....
Bizi dustaq eləyən
Nə var - ortaqlarımız.
***
Çəkilək bir adaya,
Hər tərəf dəniz olsun...
Gülək, qara buludlar
Dönüb ağbəniz olsun!
Çəkilək bir adaya
Yaşıllıqdan don geyək.
Hər dərdə, hər acıya,
Hər xiffətə son deyək!
Çəkilək bir adaya,
Düşünməyək heç kəsi.
Hər gün oyatsın bizi
Qağayıların səsi.
Gizlənək gəmilərdən
Gözdən itincəyədək.
Ayrılmayaq bu yerdən
Ömür bitincəyədək...
...Bizdən sonra qəlblərə
Qoy yayılsın sədası;
Sevənləri səsləsin
"Sevənlərin adası".
BƏLKƏ CƏNNƏTDƏ DƏ
AĞLAYACAĞAM...
Marina Svetayevanın
xatirəsinə
Hər dəm korun-korun yanan ocağam,
Qəlbimi Tanrıma açacağam
mən.
Bəlkə cənnətdə də
ağlayacağam
Ruhumu incidən
xatirələrdən.
Bəlkə də bir dəli hıçqırıq
ilə
Yadıma salacam qəmli anları.
Yanan ürəyimi götürüb
ələ
Açacam içində saxlananları;
Zəhərli kəlmələr qəlbimi
qırıb...
Tanrıma nə qədər
şikayətim var!
Dilsiz arzularım köksümü
yarıb
Sınıq taleyimdən uzaqlaşıblar...
Ötüb keçənləri salıb yadıma,
Sənə dil deyirəm
hey için-için...
Yanıb
qovruluram mən öz oduma
Eşqimi yadlara verdiyim üçün.
Acı xatirələr sisdi, dumandı...
İzləyir yolumu bir qara
kölgə.
Gözlərim quruyub gör nə zamandır!
Cənnətdə ağlamaq asandı, bəlkə?!
PİANONU AĞLADIR HƏZİN
NƏĞMƏ BAYAQDAN...
Bu mənəmmi ağlayan,
Həzin
nəğmə səsimi?..
Yanağımı oxşayan
Yağışın busəsimi?..
Göy üzündə gözlərim
Ümid
axtarır yenə...
Həsrət təzə don biçir
Sevgimizin
əyninə...
Üfüqlər qəlbim kimi
Alışmada, yanmada.
Bu gün iki gündü
ki,
Sənsizəm bu dünyada.
Hər şey mənim əksimə:
Xəyal,
fikir, düşüncə,
Qəfil
döyülən qapı,
Erkən qaralan gecə.
Qulaqlarım tutulur,
Səssizlik haray salıb.
İncə duyğularım da
Bir gecədə
qocalıb.
Dünya
geri fırlanır,
Durammıram ayaqda.
Pianonu ağladır
Həzin
nəğmə bayaqdan...
GECƏNİN
SƏSSİZLİYİ
Əli yerdən üzülmüş,
unudulmuş bir ada...
Gecənin səssizliyi ona
layla çalmada...
Dəniz,
səma və sahil - hər yan duman içində...
Gözlərim yol çəkmədə,
qəlbim güman içində...
Ay bulud arxasında gülümsəyir kədərlə,
Yuxusuz dalğalar da barışıblar qədərlə...
Hər kəs dənizə küskün - umulan da, uman da..
Hər kəs cavab axtarır bu kimsəsiz limanda.
Bütün gedənlər kimi
dönüksən elə
sən də...
Düşünürəm, yəqin ki, ölmərəm
dönməsən də!..
GÖYLƏR DOLUXSUNANDA
Soyuq həsrət götürür
Bağçaları, bağları...
Budaqlar da saxlamır
Qocalan yarpaqları...
Bağrı yalın torpağın
Qaçır bəti-bənizi.
Ləpələr şahə qalxıb
Silkələyir dənizi.
Bulud qəmə bürüyür
Asimanı bir anda...
Yerin köksü islanır
Göylər doluxsunanda…
Nilufər
Şıxlı
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.4.