Lui BAZƏN

 

Məşhur şərqşünas, türkoloq, akademik Lui Bazən 29 dekabr 1920-ci ildə Normandiyada, Kalvados adlı fransız departamentində, Kanda (bu ölkənin mərkəzi) müəllim ailəsində anadan olmuşdur. O, ibtidai və orta təhsilini bu şəhərdə, Malerb liseyində almış, sonrakı təhsilini isə Parisdə məşhur Anri 4 liseyinin hazırlıq siniflərində davam etdirmişdir. 1945-ci ildə bu ixtisas üzrə diplom aldıqdan sonra elə həmin il Ankaradakı Xarici İşlər Nazirliyində mədəni əlaqələr şöbəsinə göndərilir və 1948-ci ilə qədər orada yaşayır. O, burada türk dilini, ədəbiyyatını, incəsənətini və mədəniyyətini dərindən öyrənir və türk ziyalı cəmiyyətlərində çoxlu sadiq dostlar tapır. Onun dilçilik sahəsində formalaşması türkçülük dairəsində marağını genişləndirir və xüsusən mənşəcə sıx qohum olan dil qruplarının tarixi inkişafını öyrənir. Lui Bazən oğuz dil qrupunun tarixi, habelə monqol türklərinin daş üzərindəki əlyazmaları ilə maraqlanmağa başlayır. Onun bütün axtarışları  türk dillərinin inkişaf səviyyəsini əks etdirən abidələri kompleks tədqiqata cəlb etmək istiqamətində olmuşdur. O, Türkiyədə yaşadığı ilk gündən qədim oğuzların epos xarakterli adətini yüksək səviyyədə yaşadan "Kitabi-Dədə Qorqud" ilə yaxından maraqlanırdı. Nəhayət, 1998-ci ildə türkoloq Altan Gögalpla birlikdə “Dədə Qorqud” dastanlarını Məhəmməd Erginin nəşri əsasında fransız dilinə tərcümə edərək çap etdirir.1948-ci ildə Parisə qayıtdıqda o, bir il müddətinə Parisdəki Milli Elmi Axtarış Mərkəzinə elmi tədqiqat ataşesi vəzifəsinə təyin olunur. Sonra 1949-cu ildən təqaüdə çıxana qədər, yəni 1990-cı ilə kimi müəllim işlədiyi Paris Şərq Dilləri məktəbinə türk dili müəllimi vəzifəsinə təyin edilir, 1950-ci ildən isə o, Sarbon Praktik Ali Təhsil məktəbində Türk tarixi və filologiyası şöbəsinin müdiri işləyir. 1993-cü ildə o, Fransa Əlyazmaları və Bədii Yazılar Akademiyasının üzvü seçilir. 1981-ci ildən o, Palma Akademiyası və 1989-cu ildə Legion Hərbi "Şöhrət" ordeni ilə təltif olunur. Zəngin yaradıcılıq diapazonuna malik olan Lui Bazən 1948-ci ildən etibarən türkologiyanın bütün sahələrini əhatə edən, əsas mövzulara aid 70-dən artıq məqalə çap etdirmişdir: Türk dilinin ilk tarixi; qrammatika, etimologiya, türklərin dilçilik etnoqrafiyası; qədim türk epiqrafiyası; qədim türklərin təqvimləri və xronologiya sistemləri; epiqrafiya; dinlərin tarixi. Onun ən əhəmiyyətli əsərləri bunlardır: Mirzə Fətəli Axundov: komediyaları (giriş və qeydlərlə Azərbaycan dilindən fransız dilinə tərcümə); Türk dilinin praktik öyrənməyə giriş (qrammatika); Qədim Türk dünyasında xronoloji sistemlər (dövlət tezisi), faktlarla birgə nəşri; Türklər: sözlər, insanlar (48 məqalədən ibarət məcmuə) və Er-Toştürk (Kırqızların Manas dövrü epopeyası); tərcümə və qeydlər; Maktumkuli Firaki: Türkmən poemaları; Lui Bazən Türk danışıq dil qrupları içərisində Mərkəzi Asiyadan VIII-XI əsrlər arasında gəlmiş döyüşkən köçəri Oğuz dilləri ilə çox maraqlanmışdır.

 

Tarixi və etimoloji müzakirə

 

Hər hansı Türkiyə türkündən QORQUT şəxs adının mənasını soruşsanız, o, bu sözə verdiyi mənada açıq-aydın şəkildə "qorxutmaq" felini ifadə edəcəkdir. Ancaq məşhur "Kitabi-Dədə Qorqud"un qəhrəmanında qorxu içində yaşayan personajın əlamətləri yoxdur. O, əksinə, xeyirxah və xilaskardır, bu şəxs oğuzları cəsarətə çağırır və bu zaman Tanrıdan onlara şücaət arzulayır. Bu məsələ ilə əlaqədar bir problem vardır ki, onun yaratdığı ziddiyyət heç vəchlə aradan qalxmır, bunun sübutu kimi Oğuz mənşəli dillərdə Qorqud adının fonetik və semantik quruluşunun təkamülünü izləmək kifayətdir: həmin təkamül bu adın günümüzə qədər gəlib çıxdığı və yaşadığı Anadolu türkcəsində, türkmən və Azərbaycan dillərində izlənə bilər. Bu mənada həmin adın ən qədim izləri Anadolu türkcəsində yaşayır: 1156-cı ildə tarixçi Əl-Rəvəndi Əl-Bondarinin dalınca bu regionda, yəni Anadoluda Qorqud adlı Oğuz əmirinin yaşadığını qeydə almışdır.

Bu müəlliflər həmin şəxsin adı ilə bağlı Oğuz əfsanələrində Dədə Qorquda aid edilən fövqəltəbii bir əlamətin olduğunu qeyd etmirlər. Bundan üç əsr keçdikdən sonra 1482-ci ildən etibarən xatırlanan, 1512-ci ildə kiçik qardaşı I Səlimin əmri ilə qətlə yetirilən Osmanlı şahı Mehmet Qorqudun adı xatırlanır. Digər tərəfdən XV əsrin əvvəllərindən etibarən (yəni Mehmet Qorqudun anadan olmasından qabaq) Anadoluda Qorqudeli adında yerin mövcudluğundan danışılır, hazırda o, Alanya vilayətinin mərkəzi şəhərlərindəndir. Bu ad bu gün Türkiyədə də - Amasya, Ərzurum və Sivasda rastlanır. Adları sadalanan yerlərdə Qorqud adlı üç kənd vardır. Genel Nüfus Sayınının 24 oktyabr 1965-ci il tarixli kitablarında bu məlumatlar öz əksini tapmışdır. Müəyyən qədər geciksə də, janr etibarı ilə yeganə olan, Osmanlı "Kitabi-Dədə Qorqud"unu təşkil edən fundamental ədəbi mənbədən söz açmazdan qabaq biz Qorquda aid folklorla bağlı, məşhur fars vəziri və xronikaçısı Rəşidəddinin oğuzların və türklərin tarixinə həsr edilmiş Cema-Ət-Təvarix adlı çox məşhur bir kitabının səhifələrində xatırlanan hadisələrə diqqət yetirməliyik, adı çəkilən kitabda müəllif belə bir inam aşılayır ki, Qorqud adlı qəhrəman oğuzların doqquzuncu hakiminin dövründə, yəni Məhəmməd peyğəmbərin zamanında doğulmuş və o, onuncu Oğuz hakiminin müşaviri olmuş, bu işini XIV əsrə qədər yerinə yetirmişdir. Həmin Oğuz hakimləri Kayı (səlcuqlar) tayfasından idilər. Qorquda gəlincə, Qara Xocanın oğlu olan bu şəxs Bayat tayfasından çıxmış, 295 il yaşamış, müdrik və uzaqgörən olmuş, bir çox möcüzələr göstərmişdir. Şübhəsiz ki, burada söhbət əfsanədən gedir, bu əfsanə salnamədə fantaziya tülünə bürünmüşdür, çünki 632-ci ildə, təxminən 62 yaşında vəfat etmiş peyğəmbərin zamanında oğuzlar Ərəbistandan çox-çox uzaq idilər, Türk imperiyasının Şimalında və Şimal-Şərqində yaşayaraq müxtəlif əraziləri fəth edirdilər və bəzən də basılırdılar. 

Faktiki olaraq oğuzların proqressiv şəkildə islamlaşması Sırdəryadan başlayaraq Şərqə doğru köç etmə ilə başlanmışdı, bu zaman həmin işi zaman keçdikcə eyni tipli tayfalarla birləşərək çoxalan səlcuqlar yerinə yetirmişlər. İndiyə qədər yaşamaqda olan ən qədim "Kitabi-Dədə Qorqud"un səhifələrində bu mənada müəyyən gecikmə hiss edilir, ancaq onun məzmununun müəyyən bir hissəsi, xüsusən də şeirlə yazılan hissələr, o cümlədən İslamla bir araya gəlməyən, başqa sözlə desək, İslam qoxusu gəlməyən fraqmentlərdə qədim ənənələrin izləri, Amit suyu (Amudərya), yaxud 1070-ci illərdə Kaşqari tərəfindən xatırlanan Karaçuk Tağ kimi coğrafi adlar özünə yer almışdır, burada Tağ sözü şübhəsiz ki, dağı bildirir, Tağ həm də dağ silsiləsinin adıdır. Bu silsilə ilə Bilad-Əl-Quzziat adı verilmişdir (yəni oğuzların şəhərləri). Qədim və uzaq əsrləri oyadan hissələrlə yanaşı olaraq "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsində nisbətən yaxın dövrlərə təsadüf edən faktlar haqqında, xüsusən də böyük Ağqoyunlu tayfasının oğuzlarının yavaş-yavaş Şərqi Anadolunu, daha sonra İranı fəth etdikləri dövrün hadisələri xatırlanır. Beləcə altıncı qolda gənc və igid oğuz Qanturalı üç güclü və vəhşi heyvanı yendikdən sonra zühur edir, bununla da Trabzon hakiminin qızını ona verməyə məcbur edir, bu zaman son dərəcə diqqətə layiq olan tarixi hadisənin epik təsviri ilə rastlaşırıq: həqiqətən də Ağqoyunlulardan olan Tur Əli Bəy 1348-ci ildə Trebizont Bizan imperiyasına hücum etdikdən sonra 1352-ci ildə Yunan imperatoru III Aleksiz ilə saziş bağlamışdı; bu barışıq mahiyyətli saziş Tur Əlinin oğlu Kutlu bəyin imperatorun gənc bacısı Despina Mariya ilə izdivacı ilə başa çatmışdı. Zaman-zaman məzmununda dəyişikliklər edilən və aşınmalar olan bu hadisə 170 illik bir dövrü əhatə edir. "Kitabi-Dədə Qorqud"un ən qədim əlyazma nüsxəsi olan Vatikan nüsxəsində (Vatikan nüsxəsinə nisbətən daha az osmanlılaşdırılmışdır və bundan əvvəlki dövrə təsadüf edir) oğuzların İslamı qəbul etdikləri dövrə qədərki hadisələr (Şaman inamları, kollektiv şəkildə kımız, daha sonra şərab və s. içilməsi) canlandırılır. Ancaq burada həm də ya şifahi ənənə, ya da epik transformasiyalar nəticəsində bu və ya digər dərəcədə deformasiyaya uğramış, türk-oğuzların Cənub-Şərqə, sonra isə bir çox döyüşlərlə müşayiət edilən Şərqə yürüşləri ilə bağlı çoxlu hadisələrin əks-sədası da eşidilir, burada həmçinin həmin tayfaların Cənubi Qafqaza (xüsusən ermənilərə və gürcülərə) və Şərqi və Mərkəzi Anadoluya (əksəriyyəti yunandır) qarşı yürüşləri əksini tapmışdır.

Bütün bu hadisələr 1040-1473-cü illəri əhatə edən dövrə təsadüf edir, yəni bu hadisələr səlcuqların qələbəsini və Oğuz və Kınıkların Ağqoyunlular üzərindəki qələbələrini əks etdirir.Günümüzə qədər gəlib çatan "Kitabi-Dədə Qorqud" dastanlarında Tur Əlinin tarixi, elin tarixinin orijinal şəkildə işlənmiş izləri vardır: bu mənada Təpəgözlə bağlı qolu, yaxud ölmək məsələsində ərini əvəz etməyə hazır olan Domrulun arvadını (Alkestis) xatırlamaq olar. Bu fakt kitabın redaktorları tərəfindən çox yüksək mədəni səviyyəyə qaldırılmışdır. Burada həmçinin katiblərin öz fantaziyalarına güc verdiyi yerləri, epik hadisənin özlərinə məxsus şəkildə bəzəmələrini, konkret şəkildə desək, onlara yaxşı məlum olan tarixi hadisələrin kitaba adekvat şəkildə və həm də fantaziya tülünə bürünərək əks edilməsini müşahidə edə bilərik. Bu tarixi reallıqları bildikləri və XIV əsrin əvvəllərində yaşamış yüksək erudisiya sahibi Rəşidəddinin salnaməsini oxuduqları üçün onlar Qorqudu peyğəmbərin dövrünə yox, bir az sonraya aid edirlər: "Rəsul Əleyhessalamın zamanına yaxın", bu isə qeyri-müəyyənliyə qapı açır. Onlar həm də Oğuz mifini özlərinə məxsus şəkildə qəbul etmir, onun 295 il yaşamasını, habelə oğuzların X və XIV hakimlərinin müşaviri olması faktının üstündən keçirlər. Onlar yalnız Oğuzun şəxsində ona Tanrının bəxş etdiyi ilahi başlanğıcı görməklə kifayətlənirlər. Bir sözlə, onlar əfsanəvi faktları kifayət qədər uzaqda saxlamağa üstünlük verir, ancaq bununla belə onun obrazında yuva quran möcüzə və müdrikliyi bir qram da əskildə bilmirlər.Bizə belə gəlir ki, şeir hissələri ilə əvəzlənən nəsr hissəsinin strukturu Qərbi Avropanın Orta əsrlər nəğmə-nağıl janrının strukturu ilə eynidir, bu sonuncuda da həmin hissələr müəyyən zaman distansiyasına riayət edilməklə şeir parçalarına keçiridi. "Kitabi-Dədə Qorqud"dakı şeir parçaları nəsr hissələri ilə müqayisədə daha arxaikdir. Burada İslam türkündən zaman etibarilə çox-çox arxada qalan Şaman tipli ideologiyanın əks-sədası olan saysız hissələr aşkar edilmişdir, bu sıraya ağacların, suyun axınının, dağların insanlaşdırılması və ya insan xarakterlərinin müxtəlif heyvanlar vasitəsilə ifadəsinə aid etmək olar. Hətta nəsrlə yazılan hissələrdə belə Oğuz qəhrəmanlarının şərabın şəninə dediyi sözləri (kitabda qırx yerdə rast gəlinir) görmək olar ki, bununla da Kımız ikinci sıraya keçir (bu ad kitabda üç dəfə təsdiqlənir). Bütün bunlar onu təsdiq edir ki, Dədə Qorqud yeni gözlə, özü də İslama qədərki ənənələri ifrat diqqət yetirməklə tədqiq edilməlidir. Çox mümkündür ki, islamlaşmadan əvvəlki dövrün oğuzlarından bəhs edən əfsanələrin müəyyən hissəsində Qorqud Ata həm də xeyirxah, şamanlara xas olan fövqəltəbii xüsusiyyətlərin daşıyıcısı kimi verilir. Bu halda, Qorqud Atanın adı ilə bağlı mifin doğuluşu (onun 1300 illik yubileyi) müəyyən mənada inandırıcı görünür. Doğrudan da, 1.999-1.300=699 tarixi peyğəmbərin zamanından çox da uzaq deyil və bu tarix oğuzların çox fəal olduğu bir dövrə təsadüf edir və bu zaman Türk imperiyasını Elteris Kağan (682-691) və Kapqan Kağanın (691-716) hakimiyyətləri dövründəki yürüşləri intensiv xarakter daşıyır. Bu dövr həm də ona görə əlamətdardır ki, bu zaman türklər çox geniş dairədə yayılan və bizə Orxon yazılarından məlum olan yazıya malik idilər. Türklərin bu əlifbaya malik olması danılmaz fakt olsa da, ondan istifadə məsələsi problem olaraq qalır.Bütün bunlarla yanaşı biz komplekt bir problemi həll etməliyik: Qorqud sözünün etimologiyası və mənası. Bu adda qorxutmaq felinin əmr formasını görən Türk xalq etimologiyası semantik nöqteyi-nəzərdən bizi təmin etmir, ona görə ki, xeyirxah Dədə Qorqudun qorxulu obraza çevrilməsinin səbəbi yoxdur. Bizim fikrmizcə, bu mürəkkəb bir söz olmaqla iki hecadan ibarətdir: Kor və Kut. Kut xeyirxahlıq deməkdir; bu söz adi semantik müstəvidə "xoşbəxtliyi və şansı" bildirsə də, şamanizmdə göylərin xeyirxahlığı deməkdir.Kor sözünə gəlincə, XI əsrin 2-ci yarısında məşhur Kaşğari tərəfindən qeydə alınmış uzun saitli Kor sözü türkmən dilində Qor kimi hər şeydən əvvəl "xırda kömür parçasını", od çatmaq üçün qığılcımı, daha sonra isə ayran və kımız hazırlamaq üçün müvafiq fermenti bildirir; bu söz var-dövlət anlamında Kutla birləşərək, məsələn özbək dlində (Cığatay) "var-dövlət toplamaq, zənginlik, yemək-içmək və s." anlamları bildirir.Mənim fikrimcə, Qorqud Ata sözünün semantikasını qorxutmaq anlamı ilə yox, var-dövlət, xəzinə kimi nəzərdən keçirmək daha sərfəlidir.

24 sentyabr 1999

 

Fransız dilindən tərcümə etdi:

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 28 oktyabr.- S.6-7.