Nizami Cəfərovun "Elçin.
Yazıçının
yaradıcılıq yolu" kitabı təqdim
edildi
"Xalq yazıçısı Elçin həmişə
sevilə-sevilə oxunan, ədəbiyyatsevərlərin, elmi-ədəbi
cameəmizin diqqət mərkəzində olan görkəmli
bir sənətkardır. Akademik Nizami Cəfərovun dediyi kimi,
Elçin, heç şübhəsiz, müasir Azərbaycan və
dünya ədəbiyyatının fenomen simalarından biridir.
Onun yarım əsrdən artıq bir
dövrü əhatə edən zəngin
yaradıcılıq yolu həmişə maraqla izlənib, tədqiq
edilib, görkəmli elm və sənət xadimləri tərəfindən
yüksək qiymətləndirilib. Akademik
Nizami Cəfərovun bu gün burada təqdim edilən
"Elçin. Yazıçının yaradıcılıq
yolu" adlı dəyərli kitabı da bu silsilədən
olan bir ədəbiyyat faktıdı… Elçin
müasir Azərbaycan ədəbiyyatının ən görkəmli
nümayəndələrindən biridir. Ötən əsrin
60-cı illərindən başlayaraq Elçinin
dadlı-duzlu, real həyatdan götürülmüş hekayələri,
xüsusilə də tarixi romanları oxucular tərəfindən
böyük maraqla qarşılanır və mütaliə
edilir…"
Oktyabrın
26-da M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında əməkdar elm xadimi, akademik Nizami Cəfərovun
xalq yazıçısı Elçinin həyat və
yaradıcılığına həsr etdiyi "Elçin.
Yazıçının yaradıcılıq yolu"
kitabının təqdimat mərasimini açan professor,
sözügedən nəşrin elmi redaktoru Kərim Tahirov belə
dedi. Sonra vurğuladı ki, ədəbiyyata hekayəçi
kimi gəlmiş Elçin bu gün də ədəbi
axtarışdadı. Elçinin
yaradıcılığında hər bir tədqiqatçının
faydalana biləcəyi kifayət qədər zəngin
materiallar var.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev çıxış edərək son zamanlar Milli
Kitabxanada keçirilən önəmli tədbirlərin təşkilindən
danışdı. Qeyd etdi ki, bu məkanda reallaşan kitab təqdimatları
xüsusi əhəmiyyətə malikdir:
"Böyük bir alimin - Nizami Cəfərovun xalq
yazıçısı Elçin haqqında
yazdığı bu kitab görkəmli
yazıçının ədəbi fəaliyyətinə
verilmiş ən yüksək dəyərdir. Müəllif
burada yazıçının
yaradıcılığını ədəbi
dolğunluğu ilə təqdim edir. Elçinin
yaratdığı əsərlər öz
aktuallığını heç vaxt itirməyib. Onun obrazları hər dövr üçün
aktualdır. Müəllifin yazdığı bu kitab bir
daha bizə Elçinin ədəbi fəaliyyətini təhlil
etməyə və onun yaradıcılığı
haqqında düşünməyə istiqamət verir... Elçinin yaradıcılığı uzun illər
çoxsaylı tədqiqatlar mövzusu olaraq qalacaq".
Sonra AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlunun ədibin yaradıcılığı
və yeni kitabla bağlı geniş məruzəsi dinlənildi. Məruzəçi dedi:
"Artıq ikinci onildir ki, Nərgiz xanım Paşayevanın
xalq yazıçısı Elçinin
yaradıcılığı əsasında qələmə
aldığı "İnsan bədii tədqiq obyekti
kimi" monoqrafiyasından üzü bəri
elçinşünaslıq həm müasir ədəbiyyatımızın,
həm də ədəbiyyatşünaslığımızın
ayrıca bir sahəsi kimi intensiv gəlişir. Akademik
Nizami Cəfərovun bu gün təqdimatına
yığışdığımız "Elçin.
Yazıçının yaradıcılıq
yolu" kitabı da bunun bariz nümunəsidir. Xalq yazıçısı Elçin bu haqqı,
şəksiz ki, geniş və universal
yaradıcılığının gücü, sanbalı, əhatə
və miqyası ilə qazanmışdır. Nizami Cəfərovun qeyd etdiyi kimi, o, artıq ötən
əsrin səksəninci illərindən ədəbiyyatımızın
"yeni klassikləri" mərtəbəsinə yüksəlmiş
və "XX əsrin sonu, XXI əsrin əvvəllərinə
Azərbaycan ədəbiyyatının canlı klassiki kimi
daxil olmuşdur". Bu gün Elçin haqqında
yazmaq, şəksiz ki, həm də elə müasir Azərbaycan
ədəbiyyatından yazmaq deməkdir...
O da məlumdur
ki, akademik Nizami Cəfərov son zamanlarda müasir ədəbiyyatımız
barəsində çox yazır (təkcə "Ədəbiyyat
qəzeti"nin hər sayına baxmaq kifayətdir
ki, buna əmin olasan); o cümlədən Hüseynbala Mirələmov,
Afaq Məsud haqqında monoqrafiyalarından sonra
"Elçin. Yazıçının yaradıcılıq
yolu" əsəri akademikin çağdaş ədəbi
prosesə növbəti layiqli töhfəsidir…
…Bu
gün Elçin mətninin daha geniş üfüqlərini
hiss etdirmək üçün Nizami Cəfərov maraqlı
bir priyoma əl atır; monoqrafiyada təkcə
yazıçının əsərlərinə şərh
verməklə kifayətlənmir, həm də çox zaman təhlillərinə
vaxtilə Elçinin kitablarına yazılmış ön
sözlərindən (necə deyərlər, mətn
haqqında mətnlərdən) start verir…
…"Klassikin
müasirliyi"ni şərh edərkən, akademik Nizami Cəfərov
Elçin mətni ilə yanaşı, həmçinin,
"Elçin üslubu", "Elçin cümləsi",
"Elçin janrı" kimi anlayışlara da
aydınlıq gətirir, "yazıçının
yaradıcılıq genotipologiyasının üzvi tərkib
hissələri"nə varmaqla elçinşünaslıqda
yeni-yeni ərazilər fəth edir.
Klassiki dərk etmək üçün tarix
lazımdır; klassik haqqında söz zaman keçdikcə
yerini alır.
Akademik Nizami Cəfərovun cəsarəti və
uğurudur ki, "Elçin. Yazıçının
yaradıcılıq yolu" monoqrafiyasında klassikə bu
gündən nəzər yetirmiş və müşahidə
etdiklərini qələmə almışdır. Alim həmkarımı təbrik edirəm".
Xalq
şairi, AYB-nin birinci katibi Fikrət Qoca Elçin
yaradıcılığını yüksək qiymətləndirərək
dedi: "Elçin öz səsi, öz nəfəsi ilə ədəbiyyatımıza
gəldi. Bu kitab böyük təfəkkür
sahibi olan bir müasirin eyni dəyər
daşıyıcısı olan öz müasirinə, onun sənətinə
və şəxsiyyətinə olan marağının bəhrəsi,
öz müasirinə verdiyi qiymətdi. Özü
də vaxt itirmədən, gözləmədən verilən
qiymət. Elçin gözəl sənətkar
və işləmək enerjisi mükəmməl, bitib-tükənməz
olan bir sənətkardır. O, həmişə
yazıçı olaraq qalmağı ilə bərabər,
çoxşaxəli və çox əhəmiyyətli
işlər görməyi bacarıb. Akademik Nizami Cəfərovun
Elçin yaradıcılığı ilə bağlı
olan kitabının bugünkü müzakirəsini
başlanğıc hesab edirəm…"
Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin direktoru Afaq Məsud dedi: "Belə bir
kitabın ərsəyə gəlməsi ölkəmizin ədəbi
mühitində çox əlamətdar hadisədir. Bu kitabı ədəbi nəzəriyyəçilik
və ədəbi dilin işlədilməsi baxımından
mühüm bir hadisə kimi qiymətləndirirəm. Kitab akademik üslubdan uzaq yaradıcı
yanaşmanın məhsuludur. Elçin
müəllimin yaradıcılığı haqqında
çox danışılıb. Onun
yaradıcılığı sonsuza qədər müraciət
edilməli və tədqiq olunmalı mənbədir. Elçin yaradıcılığı kodlarla və
sirlərlə dolu olan bir yaradıcılıqdı. Onun əsərləri qapalı məqamlarla doludu və
kütləvilikdən daha çox, intellektual səviyyəyə
hesablanıb. Nizami Cəfərov da
araşdırmasında bu tendensiyanı əsas
götürüb… Bu kitab, eyni zamanda, onun
yaradıcılığını yeni yanaşmada təqdim
edir".
Xalq şairi Nəriman Həsənzadə qeyd etdi ki,
Elçin ədəbiyyatşünas, böyük alim kimi
deyil, həm də ictimai xadim kimi fəaliyyəti olan
ziyalıdır. Elçinin dünya səviyyəli bir
yazıçı olduğuna diqqət çəkən N.Həsənzadə
bildirdi ki, onun yaradıcılıq təkamülünün sərhədləri
sonsuzdur. Elçin
yaradıcılığında hər bir tədqiqatçının
faydalana biləcəyi kifayət qədər zəngin material
var. Əsas mənbə onun bənzərsiz, mükəmməl
və tükənməz istedadıdır". Elçinin yaradıcılığına
böyük diqqətlə yanaşdığına və belə
bir kitab ortaya qoyduğuna görə əzizim Nizami Cəfərova
təşəkkür edirəm. Bu təşəkkürdən
"Ədəbiyyat qəzeti"nə də pay
düşür. Ona görə ki, bu kitabda
yazılanları ilk dəfə "Ədəbiyyat qəzeti"nin
səhifələrindən oxumuş, diqqətlə izləmişəm".
Professor Təhsin Mütəllimov vurğuladı ki, "şəxsiyyət
böyük olanda onun yaratdığı da böyük olur. Həm
Elçin müəllim, həm də Nizami Cəfərov bu dəyərlərə,
sənətkar bitkinliyinə malikdirlər. Elçin müəllim həmişə
sözün həqiqi mənasında oxunan əsərlər
yazır. Onun təhkiyəsi bənzərsizdir.
Və bu bənzərsizlik şəbəkə
təşkil edir. Nizami Cəfərov
kitabında Elçin yaradıcılığını həm
dilçi, həm də ədəbiyyatşünas kimi
araşdırıb, incəliklərinə qədər izləyib.
Doğru qənaətə gəlib ki,
Elçinin əsərlərində mənəviyyat,
paklıq, ideal məsələləri həmişə ön
planda yer alır. O, insanın mənəvi
ucalığını müstəsna bir məntiqlə təsvir
edə bilir. Elçin xalqla və bəşəriyyətlə
dil tapmağı, həmrəy olmağı,
danışmağı bacaran bir sənətkardır".
"Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər
Turan tədbirdə çıxış edərək dedi:
"Bu gün təqdim olunan "Elçin. Yazıçının
yaradıcılıq yolu" kitabı öncə silsilə
şəklində "Ədəbiyyat qəzeti"ndə
çap olundu. Bu əsər ədəbi
düşüncəmiz üçün iki cəhətdən önəmlidir. Kitab çağdaş nəsrimizin canlı klassiki
barədə çağdaş ədəbi-filoloji fikrimizin
mütəfəkkir bir siması tərəfindən
yazılıb. Belə kitablar isə nadir
hallarda qələmə alınır.
Nizami Cəfərovun
kitabda dəqiq ifadə etdiyi bir fikri xatırlayıram: "Bu
kitabda söhbət yazıçı Elçindən
gedir" demək heç də o mənaya gəlmir ki,
Elçinin yazıçılığı onun alimliyindən,
publisistliyindən, ictimai (və dövlət) xadimliyindən tamamilə təcrid
olunur. Əslində, bu, prinsip etibarilə, mümkün deyil… Hər şeydən əvvəl ona görə ki,
Elçinin yazıçı istedadında onun alimliyi də,
publisistliyi də, ictimai (və dövlət) xadimliyi də
fitri bir inersiya ilə öz təbii ehtivasını
tapır". Səksəninci illərin əvvəllərində
yazdığı "Mahmud və Məryəm"də
türk dünyasının dərdləri sarışın
oğlanın - Süleyman paşanın dilindən bir az da kəskin şəkildə
verilmişdi. Üstündən
30 il keçəndən sonra
yazdığı "Baş" romanında da eyni fəlsəfi-milli
axar davam edir. Qəribədir ki, bu dəfə yenə də
başqa bir Mahmudun dilindən: "Millət bir olsaydı
Aleksandrı da bura gətirərdik"; "Göndər!
Göndər, qoy ruslar dar ağacından assınlar məni! Rusların ayaqları altında olmaqdansa, onların başlarının
üstündən dar ağacında asılmaq yüz dəfə
şərəflidir".
"Ölüm hökmü" də,
çağdaş ədəbiyyatımızın ən
möhtəşəm romanı olan "Baş" da yüz
ildən sonra sadəcə bir yazıçının deyil,
eyni zamanda, bəlkə də daha çox bir dövlət
xadiminin, siyasət adamının, ideoloqun əsərləri
kimi də diqqətə alınacaq.
"Ədəbiyyat
qəzeti"ndə Nizami Cəfərovun tənqidlə
bağlı bir yazısı dərc olunmuşdu: "Tənqid
missiya, yoxsa emosiya". Bu kitab Nizami Cəfərovun
tənqidə missiya kimi yanaşdığını meydana
qoydu".
Sonra A.Turan Elçinin 1984-cü ildə Parisdə
Əli bəy Hüseynzadənin oğlu Səlim Turan və
onun həyat yoldaşı Şahiqa ilə birgə çəkdirdiyi
foto-rəsmi yazıçıya təqdim etdi.
Professor
Rüstəm Kamal tədbirdəki
çıxışında dedi: "Mənim
üçün danışmaq çox çətindir. Ona
görə ki, müəllif filoloji fikrimizin, onun tədqiq
etdiyi yazıçı isə nəsrimizin canlı
klassikidir. Və fikrimcə, çox az
sayda kitablar var ki, müəlliflə onun tədqiq etdiyi obyekt
çox nadir halda bir-birini tamamlayır. Bu kitabla tanış olaraq düşündüm ki,
kaş Nizami müəllimin etnik təhkiyəsi Elçin
müəllimin etnik təhkiyəsinin təsiri altına
düşməsin. Ancaq baxdım ki, Nizami müəllim
o balansı, o orqanikanı, o üzvi
bağlılığı o qədər gözəl gözləyib
ki, əslində bu kitabı poetik bir əsər kimi də
oxumaq mümkündü. Nizami müəllimin Elçin
yaradıcılığından götürdüyü
sitatlarla özünün ümumiləşdirmələri
bir-birini tamamlayır…
Elçin müəllimin şairanə təhkiyəsi
ilə Nizami müəllimin lirik üslubu bu kitabda bir araya gəlib. Təbii ki,
Elçin müəllimə xas olan başlıca cəhət
ondakı roman təfəkkürünün daha üstün
olmasıdır. Ən kiçik hekayələrində
belə Elçin müəllimin romançı təfəkkürü
özünü açıq-aydın büruzə verir.
O, roman plazmasını hekayə janrına ustalıqla
sığışdıra bilir. Nizaminin
araşdırmasının üstünlüyü
orasındadır ki, o, Elçin müəllimin bütün əsərlərini
sistemli şəkildə tədqiqata cəlb edə bilib və
lirik, şairanə bir təhkiyə ilə
çatdırıb".
Təqdimat mərasimində professor Cahangir Məmmədli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Buludxan Xəlilov, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək kitabın məziyyətləri, Elçin yaradıcılığı, habelə, elmi-tədqiqat mənbəyi kimi mükəmməl bir mənbə olduğunu vurğuladılar.
Bütün iştirakçılara və dəyərli fikirlərə görə çıxışçılara minnətdarlığını bildirən müəllif, akademik Nizami Cəfərov dedi ki, kitab hazırlanarkən Elçinin bütün əsərlərini yenidən mütaliə edib. "Kitab yazıçı Elçin haqqındadır. Mənim üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. Ədəbiyyatımızın təəssübkeşi olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Buna ehtiyacımız var".
Müəllifə minnətdarlığını bildirən xalq yazıçısı Elçin qeyd etdi ki, bu kitab ədəbiyyatşünaslıq ilə tənqidin kəsişdiyi nöqtənin ifadəsidir. "Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də, düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan biri kimi müəllifə xüsusi təşəkkür edirəm".
Sonda iştirakçılar xalq yazıçısı Elçinin kitablarından ibarət sərgi ilə tanış oldular.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.8-9.