“Ona aid hər şey
çox canlıdır...”
İradə xanım atası, xalq
şairi Məmməd Arazla bağlı xatirələrini
bölüşür.
- İradə xanım, zaman
keçdikcə insan ötən günlərə daha
çox qayıtmalı olur. Siz necə, həmişə
qabağa, qarşı tərəfə baxırsınız,
yoxsa xatirələrə dalmaq, ötən günlərə
varmaq sizin də həyatınızın bir parçasına
çevrilib?
- Bunun səbəbləri
var. Qarşıda nə olacağını bilmirsən və
bu gün sənə dünəni yada salır. Bəlli
bir yaşdan sonra da köhnənin ideallaşma prosesi hərəkətə
keçir. Çünki həmin geridə
qalan günlərdə uşaq idin, gənc idin, enerjili idin,
şən idin. Hər şeyi
anlamırdın və arxayın idin. Müəyyən
dövrdən sonra isə problemlər bütün
ağırlığı ilə yağır üstünə.
O zaman sənə elə gəlir ki, keçmişdə hər
şey gözəl idi.
- Bu dəfə atanızla
bağlı xatirələrinizi oxucularımızla
paylaşmağınızı istəyirik. Deyin, Məmməd
Arazla bağlı elə bir xatirəniz varmı ki, hələ
də qəlb dəftərinizin vərəqlənməyən
səhifəsində qalıb?
- Əlbəttə, var. Susmaq lazım olub ki, kimsəylə
bölüşməmişəm. Həm Məmməd Arazla, həm də
atamla bağlı... Yəni gördünüz
ayırdım – atam və şair. Hamının
atası ictimai, məşhur fiqur olmur. Bu
da bir məsuliyyətdir. Ona görə nəyi
deyib, nəyi susmağı bilməlisən. Bunlar mənə aiddir, özəldir. Güman eləmirəm hamı bilsə, nəsə
dəyişəcək. Nə onun həyatında
(mümkün deyil təbii), nə də mənim...
- Çox istərdik ki, atanızla
bağlı xatirələrinizin ilk günlərindən
başlayasınız. O vaxtlardan ki, siz hələ balaca
uşaq idiniz. Uşaq yaddaşınızda
atanız necə qalıb? Körpələrin
yaddaşı iti olur axı...
- Körpələrin
yaddaşı, yəqin, üç-dörd yaşından
sonra itiləşir. Həmin yaşda
hamının atası necə olur? Nağıl
danışır, gəzməyə aparır, ezamiyyətlərdən
dolu çemodanla gəlir, istəklərini
qarşılayır... Belə... Yasamalda
yaşayırdıq –beşinci mərtəbədə idi
evimiz. Bəzən hardansa gec qayıdanda
maşında mürgüləyirdim. Atam
qucağında qaldırırdı məni evə. Qapını açan kimi mən də gözlərimi
açırdım. Gülürdülər.
Musiqi məktəbinə aparırdı məni tramvayla. Yasamaldan
mikrorayona gedirdik. Qarda-qışda... Donurdum.
Xüsusən barmaqlarım. Əllərimi
uzadırdım, o da nəfəsiynən
qızdırırdı. Son vaxtlar o istini
çox özləyirəm. Sığalını,
tumarını, səsini... Bəzən fraqmentlər
gəlir göz önünə, bəzən də
tammetrajlı film.
- Bəs orta məktəbdə oxuyarkən
atanızın adının ətrafında forslanmaq necə,
olurdumu?
-
Hamının atası televizorda danışmır. Hamının atasının kitabı olmur (o vaxt
olmurdu hər halda). Biz Yasamalda
yaşayırdıq və o vaxt bizim məhəllədə cəmiyyətin
hər təbəqəsi, zümrəsi məskunlaşmışdı.
Binamızda alim də vardı,
yazıçı da, fəhlə də, həkim də.
Və məktəbdə də elə bu ailələrdən
uşaqlar oxuyurdu. Azacıq fərq gözə
çarpırdı. Daha çox
dağlı məhəlləsindən uşaqlar gəlirdi məktəbə.
Həmin azacıq fərq özünü
mütləq göstərirdi. 70-ci ildə
atam ilk dəfə xarici ölkə səfərinə getdi.
Fransaya. Qayıdanda mənə
gözəl ayaqqabı gətirmişdi. Bütün
məktəb tamaşasına durmuşdu. O vaxtı
xatırlayanlar bilir – geyim məsələsi gərgin idi. Yəni qıtlıq idi. Geyinib
getdim məktəbə, itələdilər ayağım
ilişdi, yıxıldım. Ayaqqabının
üstündəki sancaq qopdu. Ağladım.
Həəə... Bu yaşa gəlmişəm,
nə qədər geyimlərim olub. Özüm
hər yeri gəzmişəm, amma elə gözəl
ayaqqabım olmadı ondan sonra. Yəni mənə
elə gəlir. Bu da fors...
- İki bacı olmusunuz. Atanız hansınızı daha çox
sevirdi?
-
Bacımla mənim aramda yeddi yaş fərq var. Üç
uşaqları doğulub, tələf olub. Bacım
doğulanda elə bilirdim özümlə oynamağa
yoldaş gəldi. Amma sonra gördüm
yox e, əksinə, qayğısını çəkmək
lazımdır. Atam xəstələnəndə
bacım çox kiçik idi. O görmədi onun
sağlam, güclü vaxtların. Yəqin, buna
görə də atam onu daha çox əzizləyirdi.
Ölümündən az əvvəl ona
dedi ki, sənin üçün heç nə edə bilmədim...
Bacım deyir ki, yuxuda həmişə
cavanlığını görürəm. Halbuki görməyib elə vaxtlarını. Mənim də gözümün qabağına həmişə
o çağları gəlir. Elə bil,
beynim özü məni ağrılardan qorumaq istəyir.
Bloklanır bəzən o xatirələr.
- Ata-bala müstəvisindən bir qədər
kənara çıxıb onunla dost ola
bildinizmi?
- Ola bilmədim.
İmkan olmadı. Danışa
bilmirdi, mənim də ürəyimdə ona verəcəyim
suallar qaldı. İndi də bəzən
özlüyümdə danışıram onunla. Məlum məsələdir ki, cavab da yoxdur. Daha çox qayğı çəkən dayə,
ana, bacı oldum. Dostluq olmadı.
- Ətrafında çox
dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib. Amma özlərinə dost adı verdirənlərdən
xəyanət də görüb. Yadınızda
qalıbmı belə anlar?
-
Qalıb, təbii. Onların dostluq zamanı indi
klassik dediklərimizin əksəriyyəti cavan idi. Sonra sualtı cərəyanlar durumu dəyişir
axı - hərənin taleyi bir cür gəlir. Bu xəyanət dediklərinizə kimsə də həyatın
normal axarı kimi baxa bilər. O, özünü
hamıdan təcrid eləmişdi. Elə bil,
içinə hicrət eləmişdi. İstəmirdi
onu belə görsünlər. Amma son
günlərinə qədər görmək istədiyi adamlar
vardı. Onlar da gəlmədilər.
Yəqin, həmin insanlar da onu belə görmək
istəmirdilər. Yəni bəraət belə olsun...
Bir dəfə
sual verdim ona:
- Niyə
sən hamını belə asan bağışlayırsan?
- Neynəyim,
güllələyim?
- Sən
də həmin adamdan yaza bilərdin. Elə
yıxardın, bir də qalxa bilməzdi.
- Gəldi
yanıma, “məni bağışla, səhv eləmişəm,
sifariş idi”, - dedi. Belə şeylər
çox olub. Hamıya eyni
ölçü ilə yanaşmaq olmaz. Zəifi
var, güclüsü var.
- Hə də,
hamı pislik eləsin, sonra tövbə eləsin,
“bağışla” desin, olsun-bitsin?
Cavab vermədi. Danışmaq istəməyəndə
gözlərini bir nöqtəyə zilləyirdi.
68-ci ildə yazılmış bir məqalədən
danışırdım. Həmin məqalədən belə
çıxırdı ki, Məmməd Araz ümumilikdə
sovet ideologiyası üçün çox qorxulu adamdır.
Əslində, məqalə “Səməd
Vurğunla söhbət” şeirinə cavab olaraq
yazılmışdı. Təbii ki,
sifarişlə.
- Olubmu ki, Məmməd Arazla saf
dostluq edənlərin arasına bədxahları ləkə
salmaq istəsin və bacarsın?
- O,
çox saf və hər kəsə inanan insan idi. Hər yalana inana bilərdi, amma kimsəylə bunu
müzakirə də eləməzdi. Bilirdi
və üzə vurmurdu. Mən indi belə
düşünürəm ki, mənasız olduğunu
anlayırdı. Buna zaman xərcləmirdi.
Əslində, şeirlərində var bunlar... Özü
olduğu kimi.
Tutarlı
söz gəzmə özünü yorub,
Məni
bilirsən ki, aldatmaq asan...
Desələr:
“Ay səni qonaq çağırıb,
Marsla evlənəcək”,
inanasıyam...
- Atanız daha çox kimlərlə
oturub-dururdu və bu yaxınlıq yeniyetməlik
dövrünüzə qədər sizdə o insanlara bir
doğmalıq hissi oyada bilirdimi?
- Gəncliyindən
sona qədər Söhrab Tahirlə isti münasibətləri
olub. Ədəbi cameədən çox adamla
dostluq edib. Amma həyat bu – hərəni
bir tərəfə aparır. Kimi yüksəlir,
kimi yıxılır. Musa Yaqub olub, Faiq Dərgahov olub,
Ağayar Həsənov olub, Cəfər Quliyev, İsa Məmmədov
olub.... Yazar da var aralarında, başqa sənət
sahibləri də. Mən dedim axı xəstəlikdən
sonra ünsiyyətdən qaçırdı... Görünür,
bu həm də psixoloji tərəfi idi xəstəliyin.
Əvvəllər dostluq elədiyi adamlar sonra
yerlərini başqa adamlara verdilər. Fədakar adamlara...
Tez
yağdı, tez yağdı bu payız qarı,
Söndü çox əllərin odu barında.
Nə qəfil
seyrəldi dost sıraları,
Nə
dolu şax sındı dostlar bağında!
Gənclik illərindən yaxınlıq etdiyi bir insan
vardı. Böyük vəzifəyə keçdi sonra. Aqil işsiz idi və atam ondan xahiş elədi ki,
Aqili işə götürsün. Təfərrüatları
demirəm - götürmədi. Sonra
günlərin bir günü başqa bir şair
axşamüstü qalxdı bizə (o vaxt 11-ci mərtəbədə
yaşayırdıq, o bina sökülüb indi). Dedi, bəs
filankəs aşağıdadır, səni gözləyir,
deyir, gedək yeyib-içməyə. Atam qayıtdı ki, ona
de, mən onunla heç ehsan yeməyə də getmərəm!
- Qonşulara münasibətdə,
dostlara münasibətdə sizin illərin o tayında qalan
müşahidələriniz bizə nəyi deyə bilər?
-
Yasamaldakı evimizdə qonşularla münasibət vardı. Beynəlmiləl bir həyət idi. Hər millətdən
adam vardı. Qapıbir
qonşularımız erməni və gürcü
qarışığı olan iranlı idi. Mehriban adamlar idi. Su gəlmirdi həftələrlə,
aşağıdan daşıyırdıq. Bəzən qonşuların evlərindən.
Sonra yaşadığımız ev isə
qapalı çevrə idi. Elə bir münasibət
olmayıb. Həm də danışa bilməyən adam nə ünsiyyət quracaq ki? Həmin binadan yadımda qalan bir epizodu deyim. O
binada bloklar arasında balkonlardan yol vardı. Arxa
tərəfdən. Yəni bloklar
açıq idi. Bizim sırada amma
başqa blokda bir rus ailə vardı. Nənə,
qız, nəvə. Qadınlar. Nənə dindar idi, bəzən
yığışıb dini mahnılar-filan oxuyurdular. Qız içkiyə aludə idi. Anası ilə davaları olurdu. Nəvə
də balaca qız idi. Bir gün
qapının zəngi çalındı, anam qapını
açdı – qadın götürüldü balkona, sərxoş
idi yenə. Yaxşı ki, atam balkonda
imiş. Mən otaqdan seyr edirdim və nəyin
baş verdiyini anlamırdım. Qadın
rabitəsiz nəsə deyirdi, çalışırdı
bizim balkondan öz balkonlarına keçsin. Təsəvvür
edirsiniz, 11-ci mərtəbə və sərxoş adam ordan keçmək istəyir. Atam çəkdi saldı bunu aşağı,
çıxardı evdən. Sonra bizə dedi ki,
görmürsünüz neynir? Kömək eləyəydiniz
də mənə. Şikəst
qollarımla zorla dartdım. O söz
qulaqlarımdadır. Şikəst qollarım... İki
gün sonra qadın öz əcəli ilə öldü.
Əzrail gətirmişdi bizim qapıya. Atam qoymadı orada ölsün. Bu
da sizə qonşu.
- Məmməd müəllim, “Ədəbiyyat
və İncəsənət” qəzetində müavin işləyib.
O dövrdə senzuradan, təqib və təhdiddən,
qorunmaq, ehtiyatlı olmaq lazım idi. Ona qarşı xəyanət
və haqsızlıq oldu, o zaman yaşınız az olardı, təxminən 6-7. Necə
yadınızda qalıb?
-
Bakıda deyildik. Şimali Qafqazda dincəlirdik.
Atam bizi qoyub qayıtmışdı Bakıya.
Ezamiyyətə getməliydi -
Başqırdıstana. Telefonlar da indiki
kimi deyildi axı. Şəhərlərarası
məntəqələr vardı. Getdik ora.
Anam danışdı atamla, qayıtdıq qaldığımız
evə. Xalam oğlu da orada idi. Anam
dedi, bizim biletləri qaytar. Geri dönürəm.
Anlatdı olanları ona. Qayıtdıq
Bakıya. Tam anlamasam da, bildim ki, atamı işdən
çıxarıblar. Siyasi motivləri
sonralar bildim. Hətta partiyadan
çıxarmaq söhbəti də gedibmiş. Ona görə də uzun müddət işsiz
qaldı. Həmin vaxt bizim ailənin
keçimi Ədəbi fonddan (Litfond deyirdilər) oldu. Yəni
gedirdi rayonlara, orda ədəbi görüşlər
keçirirdilər və bundan ezamiyyət pulu alırdı.Təxminən,
iki il həmin pulla yaşadıq.Və təbii
ki, anamın da maaşı vardı. Sonra da xəstələndi...
və başlandı bitməz-tükənməz xəstəxana
yolları....
- Səfərlərdə olub. Sizə aldığı hədiyyələrdən
qoruyub bu günə saxladığınız varmı?
-
Sağlam vaxtlarında səfərlərdə çox olurdu. Mən də səbirsizliklə çemodanları
gözləyirdim. Qayıdanda gecənin
hansı vaxtı olur-olsun həmən açırdım,
baxırdım mənə nə gətirib. Məktəb
formasından tutmuş bəzəkli bantlara qədər... Amma hədiyyə niyə deyək? Atanın övladına borcu deyək də. O
vaxtdan nə qala bilər ki? Paltar, ayaqqabı?
Əvvəl mən geyinirdim, sonra bacım.
Bəlkə oyuncaqlar qala bilərdi. Onları da tez sındırırdım.
- Məmməd Araz kimi şəxsiyyətin
sözsüz ki, gənclərə xüsusi
qayğısı, diqqəti olub. Olubmu ki o istedadlı gənclərə
görə kimlərləsə üz-üzə gəlsin,
haqqı nahaqqın ayağına vermədiyinə görə
əl-ayağına dolaşsınlar?
- Gənclərə
olan qayğısına görə hələ özü gənc
olan vaxtlardan hər kəs ona “əmi” deyirdi. Bunlar
məlum faktlardır. Üz-üzə gəlmək
isə hər zaman ədalətsizlik görəndə olub.
Hər zaman kiməsə görə olub. Düşmən qazanıb özünə. Ona
görə də yaşadığı həyatı
yaşayıb...
- Ümumiyyətlə, deyin, Məmməd
müəllim xatirələrdə daha şirin, xoş, sevilən,
yadda qalan idi, yoxsa həyatda?
-
Baxır kimin xatirələrində. Mənim
atam idi – ona aid hər şey çox canlıdır. Heç xatirə də deyə bilmirəm. Orda
sevgi var, şənlik var, əzab var. Həyat var. 45 il yanaşı yaşadımsa – bunun 40 ilini
xatırlaya bilirəm. Bəzən mənə
elə gəlir ki, əlimi uzatsam, toxuna biləcəm. Yəni
ürək döyüntüsü, qəlb
çırpıntısı var. Danışa biləndə
öz uşaqlığından söhbət edirdi və mənə
elə gəlir ki, yaşadığım hadisələrdir
bunlar:
-
Çox çətin idi, müharibə, aclıq, yetimlik. Bir də görürdün dağda yağış
tutdu, qoyun-quzunun altına girib daldalanırdıq. Nənəm çörəyi qoynunda gizlədib gətirirdi,
çəpərdən verib qaçırdı. (Atasını 45-ci ildə xalq düşməni kimi
tutmuşdular. 55-ci ildə bəraət veriblər. Bəraət
veriblər ki, 10 il havayı yatmısan, get
yaşa).
- Kolxozda
işləməyə də qoymurdular. Bir erməni
vardı, o zamin durdu ki, bu uşaq təxribat eləməz,
qoyun-quzuya yaxın buraxdılar. O şeiri də yalandan
yazmışam (“Komsomola keçdiyim gün” şeirindən
söhbət gedir), komsomola keçəndə dedilər,
atası xalq düşmənidi, elə
ağlamışdım ki, katibin yazığı gəldi mənə”.
Bunları mənə danışanda üzümdəki
ifadəni görüb, onun da mənə yazığı gəlirdi,
söhbəti dəyişirdi.
- Necə
düşünürsünüz, atanızın ümidlərini
doğrultmusunuz?
- Mənə
olan ümidləri barədə heç danışmadıq
biz. Bilmirdim nədi o ümidlər...
...Son
ayları idi. Yeməyini yedirirdim. Əziyyətlə yeyirdi, mən də ürəyimdə
özümlə vuruşa-vuruşa, “niyə, nədən”
sualları ilə əlləşə-əlləşə
sifətimə yalançı təbəssüm
taxmışdım. Gözlərimdəki yaşı
gördü:
- Sən
də mənim kimisən, ürəyinlə yaşayırsan. Çətin olacaq sənə.
Hə, çox çətindir. Amma mən
bağışlaya bilmirəm, kinliyəm. Özümə olanları unuduram,
ona olanları yox. Bir dəfə çox məşhur
bir yazıçı gəlmişdi redaksiyaya, müsahibə
alırdıq. Sözarası dedi ki, “Məmməd mənə
çox yaxşı olub, evində qalmışam, əlimdən
tutub. Sonralar onu narahat etməmək
üçün evə gəlmirdim”. Dilimin ucuna gələn
sözləri zorla qaytardım: “Yalan deyirsən, sən
özünü narahat etmək istəmirdin. Amma
onun gözləri qapıda qalmışdı, gözlədiyi
adamlardan biri də sən idin. Heç bir dəfə
telefonu götürüb zəng də eləmədin...”
Təsəvvür edin ki, bir gülüstanda, gülzarda gəzirsiniz. Güllərin ətri bihuş edir, quşlar ötür, bulaq şırıldayıb axır. Və bu anda bir naqafil gürşad başlayır, buludlar örtür günəşin üzünü, sel gəlib hər yeri viran qoyur... Bax belə...
Söhbətləşdi:
Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.10.