Cemil Meriçin
məktubları
Cemil Meriçin Lamia xanıma
məktubları öz
həzinliyi, möhtəşəmliyi
ilə dövrün ən şahanə əsərləri sırasına
daxil olmaq gücündədir. Ədibin
qızı Ümit Meriç atasının
Lamia xanımla olan yazışmalarının tarixini
bu cür nəql edir: "Jurnal 2-də haqqında məqalələr yazılan
Lamia xanım atamın
həyatına bu cür daxil oldu. Atam 1957-ci ildə gözlərini
itirdikdən sonra həmişə görmək
ümidilə yaşayırdı.
1965-ci ildə tələbəsi Fuad Andıç "hoca, pulum olsa, gözlərim
açılacaq deyirsiz,
gəlin həkimə
gedək, əgər görməyiniz mümkündürsə
xərci mən ödəyəcəyəm". dedi. Taksimdə bir
göz həkiminə
apardıq. Həkim
baxdıqdan sonra - Cemil bəy, gözlərinizin açılması
tibbin hazırkı imkanları xaricindədir.
Siz kor olmağa
məhkumsuz - dedi. Bu cür vəziyyətdə
evə qayıtdığımız
zaman anam "Cemil, həyat yoldaşın olaraq izn verirəm, hara gedirsən-get, nə edirsən-et, yetər ki yaşa"
dedi. Bu əhvalatdan
sonra bibimgilə qonaq getmək üçün qatarla Hataya getdik. Antakyaya endik, "Ata oteli"ndə qaldıq və otelin yeməkxanasında Lamia xanımla
tanış olduq. Lamia xanım o gündən
sonra atamın həyatından çıxmadı".
Təkcə səndə yaşamaq,
təkcə sənin üçün yaşamaq…
Bütün dostlardan, bütün
düşmənlərdən, bütün yadlardan uzaq bir dünyada
sənin üçün
danışmaq, sənin
üçün yazmaq,
sənin üçün
yaratmaq. Sən - toxunduğu
hər şeyi yox edən sehrbaz.
Krezin ( Kiçik
Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560
- 546) - X.N.) lal oğlu
müharibədə atasını
xilas etmək üçün çalışarkən
birdən dilə gəlir. Sən dilsizləri danışdıracaq
dilbərsən. İllər çəkmələrinə
toxunaraq keçib, yaşamamısan deyə kirlənməmisən. Göz
yaşının suyundan
belə təmiz sevgilim… Sən ana südü
qədər təmizsən,
dua qədər təmiz. Ancaq səni oxumaq
istəyirəm, ancaq səni dinləmək istəyirəm. Lamiam mənim.
Qollarımda yeni doğulmuş
körpə kimi uyuduğunu xatırlayıram
və yeni doğlumuş körpə
kimi oyanırdın.
Baş-başa qaldığımız bu
əsrlər qədər
uzun, əsrlər qədər dolu və bir yuxu
qədər qısa günlərdə, gecələrdə
dodaqlarından bircə
bayağı heca belə qopmadı. Yuxuda ikən,
oyaq ikən, sərxoş ikən - heç zaman. Yalan danışan güzgüləri
sındırdım. Sən indi
ürəkdən gülümsəyən,
ürəkdən ağlayan
tərtəmiz Lamiamsan.
Saat 6:30-du. Bir azdan sənə
zəng edəcəyəm.
Və səsin bütün qaranlıqları dağıdacaq.
Hansı
qaranlıqları? Könlüm bir işıq seli içindədi.
Məktubların göy qübbəm,
sözlərin ulduz yağışı. Mənə elə
gəlir ki, təkcə sənin məktubunu oxuyarkən, səni düşünərkən,
sənə yazarkən
yaşayıram. Eşqimiz kitablardakı
sevgilərə bənzəmir.
Qanunların, qaydaların xaricindəyik. Hisslərini gizləmək
səbəbin nədir?
Eyni hissləri yaşamırıqmı?
Köksümdəki boşluqda sənin
ürəyin döyünür.
Sən ağladıqda mən də ağlayıram.
O ki, qaldı pəhrizə səndən
başqa heç bir qadını düşünməyəcək qədər səninlə
doluyam.
Cemil Meriç
23 noyabr
1966
Hicran - olmaqla
olmamaq arasındadı. Olmaq - yəni
indi və gələcəkdə yaşamaq,
xatırlamaq və ummaq. Olmamaq - yəni iki
zaman arasında gərilən incə bir teldə sonsuz bir ürpərişlə
uçurumu seyr etmək. Məktublarının
bir cümləsi şüuruma bıçaq
kimi saplandı: bu ayrılıq digərlərinə bənzəmir
deyirsən. Niyə? Zaman sevgimizi
hər gün bir az da artırır. Getdikcə yanğın kimi böyüyən hissdir
bu. Bütün həyatımızın
mənasıdır. Sevən narahat
olar. Amma bu qara düşüncələri başından
at və düşünmə.
Romanımızı etina ilə,
eşqlə, səbirlə
yazaq. Bayramda görüşməyimizə -
ancaq çox böyük bir fəlakət baş verərsə, maneə yarana bilər. Sonra... Sonrası yenidən hicran
- deyəcəksən. Bəli.
Vüsala aparan yeni bir hicran.
Tərcüməçi hələ gəlməyib. Anatole France həsəd apardığım şəxslərdəndir. Dühasına deyil, həyatına həsəd apardığım. 45 yaşında tanış olduğu sevgilisini əminliklə sevə bildi. Hər zaman birlikdə idilər. Bir bütün idilər. Sənə ehtiyacım var. Suyun, həyatın, işığın belə bu qədər həsrətini çəkməmişəm. Çox əsəbiyəm. Səni dəli kimi sevirəm. Ölsən, birlikdə ölək. Mənə elə gəlir ki, hər zaman kabus yaşayıram. Sənə doğru qaça bilmirəm. "Gəl" deyə bağıra da bilmirəm. Qaça bilmirəm, məsuliyyətimlə, şəfqətimlə, vicdanımla, əqidəmlə bu coğrafiyaya bağlıyam. "Gəl" deyə bağıra bilmirəm. Necə də olsa gələcəksən, deyilmi? Mart bitir. Yəni mart ayını birlikdə bitirəcəyik. Üç ay var, hələ üç zalım, üç qorxunc ay var. Amma daha sonra daim birlikdə olmayacağıqmı? Hər dəfə ruhdan düşdüyüm zaman sənə tərəf qaça biləcəyəmmi? Hər dəfə ruhdan düşdüyüm zaman dizlərinin önündə olacağammı?
Güclü olmalısan, canım mənim. Mənim üçün də güclü olmalısan. Səadətimizi addım-addım fəth etmək məcburiyyətindəyik. Necə qəribədi. Səni sakit görmək məni hiddətləndirir, sükutunu xəyanət hesab edirəm. Səni üzüntü içərisində görmək məni dəli edir. Sev məni, ölənə qədər səninəm, dəli olana qədər səninəm, öldükdən sonra da səninəm. Bütün ruhum, bütün həyəcanım, bütün varlığımla qucaqlayaraq.
Cemil Meriç
1967. Difer
8 aprel 1967
Türkcədən
çevirdi: Xatirə NURGÜL
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.11.