Ana dilimiz...
Azərbaycan
ədəbi dilinin qorunması və inkişafına yönəlik
dövlət qərarlarının, tədbirlərinin, əlbəttə,
xüsusi önəmi var. Ümid edirəm, dövlət dəstəyi
çox şeyi həll etdiyi kimi bu sahədə də ciddi irəliləyişlərə
yol açacaq, TV-lərdə ədəbi dilimizin son
yüzillikdə gəlişmiş gözəl ahənginə
xələl gətirən aparıcıların ləhcələrinə,
tələffüzlərinə düzəlişlər gətirəcək,
ümimiyyətlə, dilimizə yoluxmaqda olan nöqsanların
yayılmasına getdikcə son
qoyulacaq.
Bu arada dilimizlə bağlı bəzi
xatirələrim dilə gəlir ki, bizi də, necə deyərlər,
"qələmə al".
... 80-ci
illərin ortaları idi. EA-nın Şərqşünaslıq
İnstitutunda işləyirdim. Ədəbiyyat
İnstitutundan fərqli olaraq bizdə elmi işlər rusca
yazılır, yaradıcılıq müzakirələri,
kargüzarlıq əsasən rusca gedirdi. Ruscanın
bu elmi-tədqiqat institutunda üstün mahiyyətdə
işləkliyinə hamı bir növ öyrəncəli idi.
Bir dəfə komsomol iclasında çıxış
üçün mənə söz verilir. Nitqimi öz
dilimizdə edirəm. Bir azərbaycanlı
qız mənə yerindən nümayişkəranə
söz atır ki, onun anladığı dildə, yəni rusca
danışım. Kürsüdən elan edirəm öz
dilimdə danışmağı kim mənə
qadağan edə bilər axı?! Elə bunu deyib nitqimə davam etmək istəyirəm,
bu zaman başqaları da həmin əməkdaşımızın
səsinə səs verib əleyhimə küy salırlar. Məcbur qalıb Azərbaycan SSR-in 1978-ci ildə
yenilənmiş konstitusiyasında ana dilimizin dövlət dili
statusuna dair müddəasına istinad edirəm və səs-küy
qaldıranları (səs-küyçülər KQB
çuğulçularının siyahısına müsbət
mənada düşmək üçün həqiqətən
canfəşanlıq edir, biri-birinə aman vermirdilər!)
dövlət dilinə hörmət qoymağa
çağırıram. İclasda
iştirak edən partiya komitəsinin katibi başını
bulayaraq zalı tərk edir. İclas pozulur...
Yeri gəlmişkən, o zaman istinad etdiyim konstitusiya
müddəasının maraqlı tarixi var. Məsələ
burasındadır ki, 1977-ci ildə SSRİ-nin yeni
konstitusiyası qəbul ediləndən sonra müttəfiq
respublikalar üçün hazırlanan konstitusiya layihələrində
yerli dillərə dövlət dili statusu nəzərdə
tutulmamışdı. Tbilisidə çıxan "Zarya
Vostoka" qəzetində 1978-ci ildə Gürcüstana aid dərc
edilmiş bu layihə o zaman sovetlər üçün
görünməmiş bir hadisə ilə nəticələnmişdi.
Gürcü ziyalıları paytaxtlarında
doğma dillərinə dövlət statusu verilməsi tələbi
ilə həmin ilin 14 aprelində kütləvi mitinqlər təşkil
etmişdilər. Kremli çaş-baş
qoyan kütləvi etiraz onunla nəticələnir ki, Moskva
güzəştə getməyə məcbur olur. Gürcülərə güzəşti
ört-basdır üçün Kreml Baltikyanı və
Zaqafqaziya respublikalarında da yerli dillərin dövlət
statusunu konstitusiya müddəası kimi təsdiq edir, amma Orta
asiyalıları bu statusdan məhrum edir. Hazırda
Gürcüstan 14 aprel gününü ana dili günü kimi
hər il bayram edir.
Azərbaycan
SSR-də də dil davasının şərəfli tarixi var.
Bu tarix gürcü ziyalılarının qeyd etdiyim kütləvi
etirazlarından 20 il əvvələ gedib
çıxır. Ancaq həmin dövrə aid milli dil
mücadiləsinin gürcülərdə olduğu kimi,
çoxsaylı qəhrəmanları deyil, bir qəhrəmanı
olub: görkəmli ədibimiz Mirzə İbrahimov.
Tarixçilər bu barədə yetərincə
yazıblar. Təkrarən də olsa, qeyd edim ki, M.İbrahimov Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində
ikən onun təşəbbüsü ilə Azərbaycan
dilinə dövlət dili statusu verilməsi 1956-cı ilin
avqust ayında Ali Sovetin üçüncü sessiyasında
Moskvanı məlumatlandırmadan, sovet rəhbərliyinin
başı üzərindən müzakirə edilərək
xüsusi qərara salınır. M.İbrahimov bundan
sonra vəzifəsi ilə vidalaşmalı olur, dövlət
səviyyəsində millətçilikdə suçlanaraq
ittihamlara tuş gəlir. Azərbaycan KP MK-nın 1959-cu il plenumda əvvəlcədən hazırlanan
ssenari üzrə səslənən çıxışlar
bu yığıncağı onun bir növ məhkəməsinə
çevirir.
Həmin
plenuma "Ədəbiyyat qəzeti"nin
redaktoru qismində sıravi iştirakçı kimi
çağırılan Qasım Qasımzadə mənə
danışırdı ki, M.İbrahimov bütöv bir siyasi
elitanın amansız hücumları qarşısında
qürurunu itirmədi. İclas bitincə
yanında bir nəfər də qalmamışdı, hamı
bu "yıxılan"dan uzaq durmağa
çalışırmış. Qasım müəllim
M.İbrahimovu tək qoymur, onun qoluna girib dənizkənarı
bulvara dəvət edir və söhbətlərinin də, necə
deyərlər, "mübtədası-xəbəri" yenə
bu dil məsələsinə aid olur...
M.İbrahimovun ana dili cəbhəsindəki fədakarlığı
xatirələrdə dərin iz buraxmışdı. Yaxınlarda
Q.Qasımzadənin arxivində bir sənədə rast gəldim.
Bu, ana dilimizin qeyrətini çəkməyi hər
zaman özünün həyat amalı bilən qocaman jurnalist
Rəmzi Yüzbaşovun ona 70 illik yubileyi münasibətilə
ünvanladığı məktubdur. Bir
nüsxəsini tanışlıq üçün Qasım
müəllimə göndəribmiş. Yazır:
"Anadan
olmağınızın 70 illiyi münasibətilə
aldığınız dəbdəbəli, nəşəli təbriklərdən
sonra belə bir məktub almaq, əlbəttə, arzu ediləcək
hal deyil... Lakin mən Sizi arif, düşüncəli
bir şəxs kimi tanıdığımdan bu məktubu
yazıram. Mənim 76 yaşım var.
1921-1922-ci illərdə N.Nərimanovun respublikamıza rəhbərlik
etdiyi dövrdə mən bir xalq komissarlığında
kargüzar vəzifəsində çalışırdım.
Orada yazı işləri ana dilində gedirdi.
Mən bu əllərimlə dövlət
bankına assiqnovkanı Azərbaycan dilində yazmışam.
Bu yol Lenin milli siyasətinin tətbiq yolu idi.
Siz də bu yolla getmək istədiniz. Baş tutmadı. Görünür,
yol dəyişmişdir.
İndi ana dilini unutmaq alçaqlıq deyil, yüksək
mədəniyyət və Lenin partiyasına sədaqət
nümunəsi sayılır. Bu dövrdə baş
verən Sizin 70 illik bayramınızı təbrik edir və
Sizə uzun ömr arzu edirəm.
Hörmətlə, müharibə və əmək
veteranı Rəmzi Yüzbaşov".
Sonrakı dövrlərdə isə dilimizin sovet
gerçəklikləri müstəvisində dövlət qayğısı
ilə əhatə olunması, əlbəttə, bilavasitə,
ulu öndər Heydər Əliyevin xidmətləri ilə
bağlıdır. Bu barədə çox yazılıb,
deyilib. Qocaman jurnalist Rəmzi Yüzbaşovun bir nüsxəsini
Qasım müəllimə göndərdiyi və H.Əliyevə
ünvanladığı məktub da bu qəbildən xatirələrimizi
bir növ sənədləşdirir:
"Hörmətli Heydər yoldaş!
Televizorun qabağında iki nəfər bir-birinə
çox təəccüblə baxdı. Ali Sovetin
iclası. Bu nə işdir? Bəlkə danışan Nəriman Nərimanovdur.
Yox, belə deyildi. Danışan
Siz idiniz. Həm də gözəl Azərbaycan
dilində. Bu baxımdan Sizə respublika rəhbəri
demək çətindir. Çünki 60
ildə biz belə şey görməmişik. Keçmiş bütün birinci katiblər Azərbaycan
xalqının dilində danışmağı bəlkə də
özlərinə həqarət sanmışlar. Dinlədik. Sizi dinlədik. Evdəki uşaqlar da sevinirdi. Bu
xoş dəqiqələri Siz bizə bəxş
etmişdiniz. Qoy həmişə belə olsun...
Yoldaş
Heydər! Əslində Sizin bu cəhdiniz
çox böyük siyasi gözüaçıqlıq olub,
başqaları üçün də vacibdir.
Dünyagörmüş qocalar adından əmək və
müharibə veteranı Rəmzi Yüzbaşov. Bakı 30 mart
1980".
Haşiyə
çıxaraq qeyd edim ki, Rəmzi müəllim vətəndaşlıq
"kargüzarlığı"nı təkcə
dil məsələsi ilə məhdudlaşdırmır, erməni
millətçilərinin soydaşlarımız əleyhinə
əməllərinin ifşasına da həsr edirdi. Sovet rəhbərlərinə
ünvanladığı belə məzmunlu məktublarının
surətlərini də Qasım müəllimə göndərirdi.
Həmin yazılarından bir nüsxəni də
1986-cı ildə "gözüaçıq şairimiz Nəriman
Qasımzadəyə çatacaq" bildirisilə
"Ulduz" jurnalının redaksiyasına
yollamışdı. Bu, həm də jurnalda
"Ocaq" kitabının müəllifi Zori Balayanı hədəfdə
tutan "Zorbala ilə İsanın nağılı"
şeirimə onun münasibətinin ifadəsi idi...
1974-cü
ildə dörd cildlik "Müasir Azərbaycan dili"
adlı ali məktəb dərsliyinin
müəlliflərinə Dövlət mükafatı verildi. Azərbaycan ziyalıları o zaman aydın dərk
edirdillər ki, bu təltif ana dilimizə dövlət səviyyəsində
himayədarlıq edən Heydər Əliyevin təşəbbüsü
ilə baş vermişdi.
...Təxminən
80-ci illərin əvvəlləri olardı. Dövlət
televiziyası hansısa ümumrespublika müşavirəsini
translyasiya edirdi. Moskvadan gəlmiş bir rəsmi
şəxs öz çıxışında rus dilinin yerlərdə
zəif öyrənilməsinə, ruscanın təbliğində
nöqsanlara toxunaraq paytaxtdan kənar bölgələrimizdə
əhalinin ruscanı yaxşı bilməməsindən gileylənirdi.
Bu zaman operator kameranı ara-sıra rəyasət
heyətində əyləşmiş H.Əliyevə yönəldirdi.
Qələmi ilə kağız üzərində
iti-iti öz qeydlərini aparan ölkə rəhbərinin
tövründən açıq görünürdü ki, səslənən
tənqidlərdən heç də məmnun deyil. İndiki kimi yadımdadır, yüksək
çinli sovet məmuru çıxışını bitirəndən
sonra H.Əliyevin izahlı, qınaqlı cavabını
eşitməli oldu. Azərbaycan rəhbərinin
dediklərinin ümumi məzmunu belə idi ki, əyalətlərin
təsərrüfat işlərində, gündəlik fəaliyyətlərində
nailiyyətlər qazanan azərbaycanlılara ruscanı zəif
bilmələrini irad tutmağın yeri yoxdur. Əksinə, onların ehtiyacı var ki,
danışdıqları doğma dillərini ədəbi
dilimizin qaydalarına uyğunlaşdırıb inkişaf
etdirsinlər. Sovet dövründə
yüksək tribunadan bunları eşitmək bizə həqiqətən
də olduqca xoş idi.
Ölkəmiqyaslı belə tədbirlərdən
başqa birinin də yaddaşımda iz salmasının səbəbi
yenə ana dili ilə bağlıdır. Aparıcılığını
etdiyi yığıncağın sonunda Heydər Əliyev
çıxış üçün, əslində isə,
mən deyərdim, bu mötəbər məclisin "son
akkordunu" vurmaq üçün sözü Sabir Rüstəmxanlıya
verir. Şair də sürəkli alqışlar altında "mənim
ürəyimin antenaları təkcə Azərbaycan dilinə
tuşdu" misrası keçən "Sağ ol, ana
dilim" şeirini oxuyur.
Yeri gəlmişkən,
bunu da qeyd edim ki, ana dilimizin sovet dövründə işlədilməsi, tətbiqi
və inkişafının yarıtmaz vəziyyəti Azərbaycan
yazıçılarını zaman-zaman narahat edib. Ötən
əsrin 80-ci illərində Qasım Qasımzadə "Dil cəbhəsinə
əsgəri borc" başlıqlı məqaləsində
yazırdı: "Hələ otuzuncu illərdə Səməd
Vurğun vəzifə başçılarını istehza hədəfinə
çevirmiş və daxili qəzəbini boğa bilmədən
dil cəbhəsinin əsgəri kimi hücuma
keçmişdi:
Nədən
söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə
danışmasın sevgilisiylə...
Bu mənhus adətdə böyüklükmü var?
Həmin misraları bir daha xatırlarkən Tbilisidə
Qalaktion Tabidzenin yubileyində Əziz Nesinlə bu mövzuda
söhbətimiz yadıma düşdü. Yığıncaqlarda,
mitinqlərdə, küçələrdə
danışıqlar gürcücə gedirdi. Təntənəli gecədə Əziz bəylə
yanaşı əyləşmişdik. O soruşdu:
"Sizdə, Bakıda neçin boylə deyil?".
Mən haqlı suala haqsızın bəraət
cəhdi ilə cavab verdim ki, "Bakı beynəlmiləl
şəhərdir, bu baxımdan Tbilisidən çox fərqlidir".
O razılaşmadı: "Hayır, canım, - dedi. - Sizinkilər odalarında kəndi sevgilisi ilə də
rusca konuşuyorlar". Düz sözə
nə deyəsən. Vaxtilə Səməd
Vurğun yuxarıdakı misralarında elə bu həqiqəti
etiraf etməmişdimi?
Başqa bir ədəbi fakt. Rəsul Rza rəsmi tədbirlərdə
Azərbaycan dilinin sıxışdırılmasına
ayrıca bir şeir həsr etmişdir ("İti yazan
qızlar"). O, millətin varlığını
danmaq dərəcəsinə gələn vəziyyətin hər
gün şahidi olduğumuz adiləşmiş bir faktın
timsalında görün necə yana-yana qələmə
alıb:
Salon
adamla dolu,
Naxışlı
xalıyanıyla döşənib
prezidiumun
yolu.
Kiçik
masa arxasında oturdu
itiyazan
qızlar.
Masa
üstündə ucu qəddənmiş
neçə qələm,
neçə varaq kağız.
Natiqlər
qalxdı kürsüyə,
natiqlər düşdü kürsüdən.
Qızlardan
ikisi yazdı
alnında damcı-damcı tər.
Biri oturdu
bekar
qarşısında yonulmamış qələm,
yazılmamış vərəqlər.
Saatlar
keçdi yeyin-yeyin,
saatlar
keçdi ağır-ağır.
Qızlardan
ikisi
yazdı,
yazdı, yazdı.
Biri
gözü natiqlərdə
əsnədi, əsnədi, əsnədi.
Bu,
rüsvayçılıq deyil,
bəs
nədi?
Həqiqətən də rüsvayçılıq idi. Bu
rüsvayçılığı hələ o vaxtlar
B.Vahabzadə "Latın dili" və "Ana dili"
şeirlərində də damğalamışdır. Bu
rüsvayçılığın, yəni ali
məclislərdə ana dilində danışıqları
yazan stenoqraf qızların bekar dayanması və s.
halların tamamən aradan qalxdığını demək
çətindir..."
Ana dilimizin işləkliyi zərurətini hər
fürsətdə car çəkən Azərbaycan
yazıçılarının məişət səviyyəsində
sərgilədiyi nümunələr də maraqlıdır. Biri bu idi ki,
yazıçılarımızın demək olar
hamısı övladlarını Azərbaycan məktəblərində
oxutdururdular. Hərçənd, o zamanlar
karyera pillələrində irəliləmək
üçün rus dilini mükəmməl bilmək həlledici
tələblərdən sayılırdı. Bir dəfə
Qasım müəllimlə bunu müzakirə edirdik, səbəbini
dilə gətirib dedi, onsuz da bu siyasət sovetlərdə
gedir, qətiyyən imkan verə bilmərik ki, ruslaşma ailələrimizin
içinə də sirayət etsin.
EA Ədəbiyyat İnstitutunda
çalışmış unudulmaz Xəlil Rza Ulutürkdən
qalma məzəli bir xatirə var ki, bu da ana dilimizə həssas
münasibət aşılamaqla bağlı idi. İşlədiyi
ədəbi əlaqələr şöbəsinin əməkdaşlarından
kimsə Azərbaycan dilində danışarkən təsadüfən
rusca kəlmə işlədirdisə, şair həmin şəxsi
məcbur edirmiş özünün qoyduğu cərimə
qutusuna pul salsın.
Dilimizin qorunmasına məişət səviyyəsində həssaslıq göstərməklə bağlı digər məzəli əhvalatları da qeyd etməyə bilmərəm. Azərbaycan ailələrinin içinə ruscanın sirayət edilməsi əleyhinə Qasım müəllimin sərgilədiyi tövrü nəvəsi Türkərin hərəkətlərində də ara-sıra ifadə olunurdu. İndi bu olub-keçənləri təbəssümlə xatırlayırıq. Deməli, aşağı siniflərin əlaçı şagirdi Türkər bir dəfə məktəbdən evə qayıdanda anası onu balkondan görür və səsləyir ki, evə qalxmasın, dükana gedib çörək alsın. Sonra da ardınca dərslərindən hansı qiymət aldığını soruşur. Türkər aşağıdan yuxarıya - beşinci mərtəbəyə ucadan səslənərək fəxrlə deyir "ikiii!" və imkan vermir anası ondan soruşsun ikini hansı fəndən alıb, dərhal əlavə edir "rus dilindən". Ana-balanın dialoqunu seyr edən balkon qonşumuz bəstəkar Xəyyam Mirzəzadə uğunub gedir ki, görən bu uşaq ruscadan aldığı iki qiymətini aləmə niyə belə fəxarətlə çar çəkir. Ertəsi gün gülə-gülə məndən soruşanda ki, nə məsələdi, olmaya bu uşağı da millətçiliyə-filan yoluxdurmusunuz, məcbur olub mətləbi anladıram. Və Türkərin "millətçiliyini" yıxıram anasının üstünə. Danışıram ki, Türkərin hələ təzə-təzə dil açan vaxtları imiş. Bir gün anası Ziya Gökalpın "Türkçülüyün əsasları" kitabının açıq səhifəsində görübmüş ki, "Rusiya dağılıb viran olacaq, Türkiyə böyüyüb Turan olacaq" ifadəsini Qasım müəllim üç nida ilə işarələyib. Babasını bir növ əyləndirsin deyə bu sətirləri Türkərə öyrədibmiş və tez-tez ona dedirtdirirmiş. Türkər də böyüdükcə elə bilirmiş böyüyüb Turan olan Türkiyə deyil, onun özüdür... Xəyyam müəllimə Türkərin dilimizlə bağlı başqa macəralarından söz salmıram ki, bunları lətifəyə çevirməsin. Birinin də yeri var buradaca yazım. Deməli, ailəmizin dil "qeyrəti"nin qoruyucusu missiyasını üzərinə götürən, mütaliəsi yaşına görə xeyli dərin olan azyaşlı Türkər anasını rusdilli qohumlarımızla hər dəfə rusca danışan görəndə dümsükləyirmiş ki, öz dilində danış. Bir dəfə anası onu C.Məmmədquluzadənin "Anamın kitabı" pyesinin tamaşasına aparır. Tamaşanın bir məqamında Türkər yerindən dik atılıb anasının qarşısına keçir, teatrda tamaşaçı sükutunu pozaraq ucadan deyir: "Gördün, sənə deyirdim də, rusca danışma..."
Təbəssümlü bu məişət
xatirələri öz yerində, ancaq indi görəndə
ki, ingilis dilində təhsil almış gənclərimiz ana
dilində danışanda kəlməbaşı ingilis
sözlərini, rus təhsillilərimiz rus sözlərini
işlədirlər, İranda təhsil görmüş din
adamlarımız fars avazı ilə
danışırlar, Türkiyə seriallarının əsiri
gənclərimiz dillərini serial qəhrəmanlarının
danışıq ahənginə uyğunlaşdırırlar,
təbəssüm-filan yox olub gedir. Özümü
"Anamın kitabı" pyesinin sakit-səmirsiz
seyrçisi qismində görürəm.
Tamaşaçı sükutunu isə uşaqlar yox,
böyüklər pozmalıdır. Böyüklər deyəndə
ki, söz yenə də güvənc yeri bildiyim
yazıçılarındır.
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.14-15.