Behçet AYSAN
GƏLƏCƏK DEYİLƏN
BİR ŞEY VAR
Bilirəm,
gələcək
deyilən
bir şey var,
dəmirin safı
- su qatılmamışı.
Bilirəm,
irmaqlar
keçiləcək,
fırtınalar susacaq.
Bilirəm,
gün
gələcək -
üzümüz güləcək;
sülhə, qardaşlığa
salam verib,
salam alacağıq,
çocuqlar
hər
axşam
tox yatacaq.
Nə tikanlı məftillər olacaq,
nə tanklar-tüfənglər,
nə tuberkulyoz-filan,
nə işsizlik...
Eşq
- göz-gözə,
dostluq
- çiyin-çiyinə,
bilirəm,
bizim də,
bizim də
süd kimi ağappaq,
çörək kimi
isti
günlərimiz gələcək,
qardaşlarım,
qanadlarında
günəş
və bahar cilvələnən
quşların pişvazına
çıxaq,
qollarımızdakı zəncirlərlə,
qəlbimizdəki yaralarla...
Bilirəm,
gələcək
deyilən
bir şey var,
dəmirin safı
- su qatılmamışı.
Bilirəm,
irmaqlar
keçiləcək,
fırtınalar susacaq,
Bilirəm,
o gün gələcək,
mütləq gələcək...
XOŞCA QAL
Xoşca
qal,
gəlişindən
sevgi umduğum
böyürtkən rəngli
gecə,
Xoşca
qal,
sərsərilər
kimi
dolandığım küçə,
Xoşca
qal,
özünə
bambaşqa
bir göy üzü nəqş edən
qardaşım - gecə
fənəri!
Xoşca
qal,
qarlı
havalarda
çaldığım
fit,
oxuduğum türkü.
Xoşca
qal,
anamın
bəyaz yaşmaqlı
üzü,
Xoşca
qal,
ihlamur ağacının
gövdəsinə
yazdığım yazı.
Xoşca
qal,
uzaqlarda
yanan
küləşin parıltısı...
Xoşca
qal,
üz-gözümü isladan yağış,
gördüyüm yuxu -
eşq, qovğa və kədər...
Xoşca
qal,
qırıq
kətil,
dəyirmi masa
masanın üstündəki
qum saatı.
Qum saatı,
Sən demədinmi
getmək vaxtıdı?..
AY DÜŞƏR DƏNİZƏ
Ay düşər dənizə
-
səni xatırlayaram.
İncə-incə yağış yağar,
Limana yan alar gəmi
-
səni xatırlayaram.
Ay düşər dənizə
-
qəlbim çırpınar,
çırpınar
qəfəsə salınmış
quş kimi,
önümdən
bir
qadın keçər,
qaralar geymiş,
yaxasında
ipiri qırmızı
bir gül -
səni xatırlayaram.
Ay düşər dənizə
və mən
hələ
söylənməmiş bir
türkü,
hələ
yağmamış bəyaz
qar,
hələ
açmamış begonayam…
Vağzalda
tərpənmək üzrədir
qatar -
səni xatırlayıram.
YOLAYRICI
Burda dəniz qurtarır,
qağayılar
təlaş
içində
dalğaların
qoynuna
qayıdırlar,
mənimsə
gedəcək bir yerim yoxdu…
Burda dəniz qurtarır
və göy üzü başlayır,
ucsuz-bucaqsız,
dərin,
kirli göy üzü…
Deyirəm,
bacarırsınızsa,
durdurun,
pünhan yerdə
sevişirlər:
rüzgarla rüzgar,
xəyalla xəyal,
yuxuyla yuxu.
Burda dəniz qurtarır
və göyüzü
başlayır;
qalmışam yolayrıcında
-
nə qayıtmağa bir ada,
nə getməyə bir ulduz var…
MOR SEVGİ
Ey mor sevgi,
nəyə, nəyə
yetər gücün?
Məni
o tənha
dağ
çeşməsinin
yanına apar,
sevdiyimin ovuclarını
öpücüklərlə
doldurum.
Ey mor sevgi,
nəyə, nəyə
yetər gücün?
Gətirə bilərsənmi
keçən
günləri geri?
Yağdıra bilərsənmi
sevdiyim
yağışları?
Ey mor sevgi,
nəyə, nəyə
yetər gücün?
Sağımda bir ulduz otursun,
solumda bir ulduz,
bulud keçməsin
aramızdan...
Ey mor sevgi,
nəyə, nəyə
yetər gücün?
hər sevinc bir kədər,
hər eşq bir ayrılıq gətirir...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.16.