Əhməd ARİF
HƏSRƏTİNDƏN
QANDALLAR
DÜZƏLTDİM
Səndən
danışa
bilsəm, səndən,
günəbaxan üzlü uşaqlara,
səndən
danışa
bilsəm, səndən,
cəsur,
igid qəhrəmanlara...
Qurd uyudu,
quş uyudu,
bir mən uyumadım, mən,
zillədim gözlərimi
yanımdan gurul-gurul
axıb
gedən bahara...
Həsrətindən
qandallar
düzəltdim,
saçlarına güllər taxdım,
qan
rəngində!
Bir o yana,
bir bu yana...
Səndən
danışa
bilsəm, səndən,
dibsiz quyulara,
göy üzündən axan ulduzlara,
səndən
danışa
bilsəm, səndən,
əli
okeanın ən sərt
dalğasındakı
saman çöpünə yetişənə...
Səndən
danışa
bilsəm, səndən,
ilk sevginin
əfsununu
itirmiş,
ilk öpüşün dadını
qaçırmış
fikir-xəyal içində
itib-batmış
birinə...
Həsrətindən
qandallar
düzəltdim,
saçlarına güllər taxdım,
qan
rəngində!
Bir o yana,
bir bu yana...
Nə olar,
yumma gözlərini,
üşüyürəm...
MƏRHƏBA
Gün doğar,
qarın
bağlar nəm torpaq.
İncəsu dərəsi, mərhəba.
Yuvalarda
çılğın sərçələr...
Buludlarda
qartal -
indi çalacaq ovunu...
Əfv fərmanını
gözləyən
bir qadın
bir günü - bir noxudu
çıxaracaq
kasadan.
İncəsu dərəsi, mərhəba.
Qüllədə bayraq -
sülhü
düşünür,
kömür mədənindəki fəhlə -
göy üzünü.
Mən bunların hamısını
və səni düşünürəm,
gündə
24 saat!
Elani-eşq məqamından
bir misra
cücərib
qımıldanar içimdə...
Amma muradıma
çatammaram,
bilirəm
ağdan-qaradan
bu qədərdi qismətim,
unutmuş gülməyi
göz
bəbəklərim,
unutmuş öpməyi
dodaqlarım,
İncəsu dərəsi, mərhəba.
İÇƏRİDƏ
Xəbərin varmı, daş-divar,
xəbərin varmı
dəmir qapı, kor pəncərə,
saman yorğan-döşək,
yastıq,
qol saatım - zəncirim,
jandarmadan
gizlətdiyim
məhzun
rəsm,
uğruna
ölümlərə
gedib-gəldiyim
ziyarətçim
göy soğan gətirmiş...
Qərənfil ətri verir siqaretim,
bahar bürümüş dağlarını
məmləkətimin...
UNUTMADIĞIM
Açardın,
yalnızlığımda bitən
masmavi və yamyaşıl
bir çiçək misalı.
Dovşan
qanı kimi
xınalı
və parlaq -
yenərdim bütün dərdlərimi...
Getmək,
gözlərində getmək sürgünə,
Yatmaq,
gözlərində yatmaq zindanı,
gözlərin hanı?
"To be
or not to be" deyil,
"Cogito
ergo sum" heç deyil.
Əsl iş labüd olanı -
qarşısı alınmaz uçqunu,
sonsuz axını anlamaqdır.
İçmək,
gözlərində içmək Ay
işığını,
Varmaq,
gözlərində varmaq ruh sehrinə,
gözlərin hanı?
Qəlbimin
ən sirli yerində
bir qəlb idin,
qan deyil,
sevdamız
axardı gecəyə,
cəllad
dartdıqca kəməndi...
Duymaq,
gözlərində duymaq
sevinci,
kədəri,
susmaq,
gözlərində susmaq
ülgüc
kimi....
Gözlərin hanı?
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.17.