Pasternak və Lara
Boris Pasternak iki dəfə evli olub. Birinci dəfə
gənclik çağında, ikinci dəfə yaşlı
vaxtında. Bundan başqa, onun muzası da
varmış. Bütün qadınları
ona sonsuz sevgi bəxş ediblər. Çox
da yaraşıqlı olmayan dünya şöhrətli
şairin həyat yoldaşları sarıdan bəxti gətirib.
Həm ona ömür-gün yoldaşları, həm
muzaları olublar. Onun əsəbiliyi,
gözəllik və diqqət axtarışı yalnız bir
qadına etibarlı olmasına imkan verməyib.
Birinci həyat yoldaşı Yevgeniya Lurye rəssam kimi
marağını cəlb edib. 1921-ci ildəki
tanışlıq evliliyə aparıb çıxarıb.
Həmin vaxt o "Lyuversin
uşaqlığı" povesti üzərində çalışırmış.
Rəssam qızın incə
danışığı, nəzakətli jestləri
Pasternakın qəlbini bütünlüklə ələ
alıb. Bununla da povest üzərində
işlər sürətlənib, tezliklə başa
çatdırıb. Nikahın ilk illərindəki
sevgi ölkənin həyatındakı aclıq illərinin
ucbatından çox da uzağa getməyib. Şair ailəni dolandırmaqda çətinlik
çəkib, bu da həyat yoldaşını hirsləndirib.
Üstəlik, ərinin Marina Svetayeva ilə məktublaşması
da əsəbinə əzablı qısqanclıq qatıb.
Nəticədə ailə dağılıb.
Pasternak
ikinci dəfə Zinaida Neyhauzla tanış
olub. Qadının 32, onun 40 yaşı varmış. 3-cü
qadınla görüşdüyü vaxtlarda şair Zinaida
Neyhauzla 10 il ailə həyatı
sürürmüş. Zinaida onun dostu,
musiqiçi Henrix Neyqauzun arvadı imiş. Qadın onunla getməyə razılaşıb və
şairin arvadı olub. 10 illik ailə həyatı
sakitliklə keçdiyi zamanda Zinaida ərinin yeni sevgilisi ilə
bağlı xəbər tutub. Pasternak ailə
həyatının dağılmaması üçün
1947-ci ilin aprelində qərara alıb ki, Olqa İvinskayadan
ayrılsın. Bunu qadına izah edib, Olqa
ağlayıb. Ancaq ertəsi gün yenə
də onun yanına gedib. Beləliklə,
qeyri-rəsmi də olsa Pasternakın 3-cü ailəsi ortaya
çıxdı.
Bəs,
Olqa İvinskaya kim idi? Pasternak
qadınlarından heç birinə ən ülvi hisslərini
ifadə edən şeir həsr etməyib. Ancaq bir qadını həmişə sevib. Qalmaqallı "Doktor Jivaqo" əsərinin prototipi
olan Laradan savayı kimsəyə dərindən
bağlanmayıb. Boris Pasternakla olan
münasibətlərinə görə cəhənnəm həyatı
yaşayan Olqa İvinskaya.
Onlar ilk dəfə görüşəndə Pasternak məşhur
şair kimi ölkə hüdudlarından kənarda da ad
çıxarmışdı. Olqa isə "Yeni
dünya" jurnalında kiçik redaktor vəzifəsində
çalışırmış. Pasternakın 56,
Olqanın 34 yaşı varmış. Həmin
görüş 1946-cı ildə baş tutub. Şair jurnalın redaksiyasına gəlib, bir xeyli
söhbət ediblər. Pasternak ona öz
kitabını hədiyyə edəcəyinə söz verib.
Ertəsi gün 5 cildlik əsərlərini
Olqaya göndərib. O görüşdən sonra tez-tez
görüşməyə başlayıblar. Çıxdıqları
birinci görüşdə yalnız Moskvanın küçə
və meydanlarında gəziblər.
Olqa çox cazibədar qadın olub. İri
gözləri, bəstə boyu ilə seçilib, musiqili
danışığı ilə şairin ürəyinə
yol tapıb. Birinci nikahdan onun İrina
adlı qızı, ikinci nikahdan Dmitriy adlı oğlu
varmış. Pasternakla tanışlıq
zamanı dul imiş. Moskvanın
küçələri ilə gəzərkən qadın onun
şeirlərinə vurğunluğunu gizlətməyib. Hətta bəzi şeirləri əzbər söyləməsi
şairi təəccübləndirib. Anlayıb
ki, əgər oxucu şairin şeirlərini əzbərləyirsə,
deməli "mən sizin yaradıcılığa
heyranam" sözlərində qeyri-səmimilik yoxdur. Hələ məktəbli ikən şairin
iştirakı ilə keçirilən yaradıcılıq
gecələrinə qatılarmış. Olqa onunla ilk
görüşləri zamanı anlamayıb ki, niyə
Pasternakla görüşməyə can atır. Az sonra hər şeyi anlayıb. Şair onu bir kişi kimi cəlb edirmiş. Bir dəfə
Puşkinin abidəsi ətafındakı parkda
görüşərkən Pasternak ona deyib:
-İstəyirəm ki, siz mənə "sən"
deyə müraciət edəsiz.
Elə həmin
gecə Pasternak ona zəng vuraraq pıçıldayıb:
"Mən səni sevirəm".
1949-cu ildə Olqa İvinskaya həbs edilib. İttiham belə
olub ki, "siz ingilislərin agenti Boris Pasternakla münasibətdəsiz".
Çox maraqlıdır ki, şairin
özünə toxunmayıblar. Görünür,
qadını həbs etməklə Pasternakı əldə
saxlayıblar.
Sorğu-sual zamanı o, Pasternakın antisovet fəaliyyəti
ilə bağlı heç nə deməyib. Bircə onu
bildirib ki, "mən onu sevirəm". Bu
sözləri deyərkən artıq Pasternakdan hamilə
qalmışdı. Onu incidiblər, guya səhvən
meyitxanaya aparıblar. Bundan sonra bətnindəki
körpə düşüb. Nəhayət, məhkəmənin
hökmü ilə 5 il azadlıqdan məhrum
edilib. Olqa İvinskaya agent olmaqda ittiham edilən
adamların salındığı ümumi düşərgədə
məhkumluq həyatı yaşamağa məcbur olunub. 3 ildən sonra onu düşərgə rəisinin
kabinetinə çağırıblar. Rəis
deyib ki, Pasternak ona 12 səhifəlik məktub və şeirlər
külliyyatını göndərib. Ancaq
bunları özü ilə aparmağa icazə verməyib.
Olqa bütün gecəni məktub və
küllliyyatı oxuyub qurtarıb.
1953-cü ildə Olqa İvinskaya düşərgədən
azad edilib. Onların münasibətləri yenidən
yaranıb. 1958-ci ildə Boris Pasternak
"Doktor Jivaqo" əsərinə görə
"Nobel" mükafatına layiq görülüb. Roman "antisovet" əsəri elan edildi. Pasternaka qarşı hücumlar başlandı.
Əvvəlcə Yazıçılar İttifaqından
azad edilib. Zəhmətkeşlərin
iclaslarında isə şairin ölkədən qovulması ilə
bağlı məsələ qaldırılıb.
Həmin ağır günlərin birində Pasternak yuxu
dərmanı ilə Olqanın mənzilinin qapısını
döyüb.
-Salam
Olqa.
-Salam
Borya. Əlindəki nədir?
-Yuxu həbidir.
Gəl ondan ataq və gözümüzü əbədilik
yumaq.
Düşərgəyə göndərilməzdən əvvəl
aldığı fiziki zərbələr, eləcə də mənəvi
hücumlar Olqanı üzsə də, o yaşamaq istəyirdi. Pasternak
anlayırdı ki, özü ilə bərabər sevdiyi
qadına da əzab verir. Son vaxtlar
Olqanın sinir sistemi yerində deyildi. Amma
şairi görən kimi nisbətən sakitləşir,
hirsini üstünə tökmürdü. Lakin görürdü ki, Yazıçılar
İttifaqında tez-tez keçirilən müzakirələr,
eləcə də zavod və fabriklərdəki zəhmətkeş
toplantılarının sayı artır. O illərdə
metro stansiyalarının yaxınlığında gündəlik
çıxan qəzetləri stendlərə
yapışdırardılar ki, adamlar oxuyub ölkədə
baş verənlərdən xəbər tutsunlar. Məhz o qəzetlərin sırasında yumoristik
jurnalların nəşri də varmış. O nəşrlərdə
Pasternakın karikaturaları əks edilərdi. Bütün
bu mənəvi hücumlardan bezən, dünənki
dostların laqeydliyi və soyuqluğu onu getdikcə
üzürdü. Bəlkə də
şair gənc olsaydı, bütün bunlara mənəvi dirəniş
göstərərdi. Ancaq "Nobel"
mükafatına layiq görülməsi ömrünün
ahıl vaxtına düşdüyündən, bir yandan xəstəliklər
onu daha da mənəvi düşgünlüyə salıb.
Məhz buna görə də yuxu həbi
içməklə intihar təklifi Olqanı təəccübləndirmədi.
O, bilirdi ki, Borya uçuruma gedir. Olqa ona ürək-dirək
verərək intihardan çəkindirdi. Onun
adından Nikita Xruşşova bağışlanma məktubu yazdı.
Məktubda yazılmışdı ki, Boris
Leonidoviç "Nobel" mükafatından imtina edir və
xahiş edir ki, SSRİ-də qalısn. Pasternak
əvvəlcə məktubla bağlı Olqa ilə mübahisə
edib. Olqa onu inandırmağı
bacarıb. Boris Pasternak məktuba imza
atıb.
Məktubun baş katibə çatmasından sonra
Yazıçılar İttifaqında açılan
müzakirələrə son qoyulub, daha karikaturalar çəkilməyib. Sanki heç
belə hücumlar baş verməmişdi. Olqa İvinskaya həbsdən sonra da Pasternakla
münasibətləri davam etdirdi. Şair
onu özünə qeyri-rəsmi katibə vəzifəsinə
götürdü. Şairin 1952-ci ildəki
infarktından sonra muzası onun qayğısına daha
çox qalırdı.
Rus, eləcə
də dünya ədəbiyyatının incilərindən sayılan Boris
Pasternak 1960-cı ilin mayında Peredelkino bağ qəsəbəsində
gözlərini əbədi yumdu. Ölümünə az qalmış o, Olqa ilə görüşmək
istəmədi. Əmr etdi ki, onu yanına
buraxmasınlar. Olqa əvvəlcə bunu
anlamadı. Sonra ona Pasternakın niyə
belə etməsini anladıblar. Şair istəməmişdi
ki, Olqa ilə həyat yoldaşı Zinaida arasında
mübahisə yaransın. Olqa İvinsk
onunla görüşə bilmədi, yalnız dəfnetmə
mərasiminə qatıldı, göz yaşları
axıtdı.
Bəlkə də düşünmək olardı ki,
Pasternakın ölümündən sonra Olqa
İvinskayanın həyatı sakit məcraya yönəldi. Amma belə
deyilmiş. 1960-cı ildə onu və
qızı İrinanı həbs etdilər. İstintaq xeyli uzandı. Yenə də
sağlığında Pasternakla münasibətləri
soruşuldu,
ingilis kəşfiyyatı ilə əlaqəli
olub-olmamasına dair fiziki işgəncəyə məruz
qaldı. O, evinə yalnız 1964-cü ildə qayıtdı.
Bütün iztirablara baxmayaraq, Olqa həyat eşqini
itirmədi. Uşaqlarını böyütdü, oxutdu. 1995-ci ildə 83 yaşında vəfat etdi. Onun vaxtilə Pasternakla əlaqələrini bilənlər
xatirələrini bölüşmələrini gözləyirdilər.
Onlara elə gəlirdi ki, Olqa İvinskaya ilə
Boris Pasternak sevgisi qadının ölümü ilə itib
gedəcək. Qadın ümidləri
gerçəkləşdirdi. Məlum oldu
ki, o, gecələr məşhur şairlə olan münasibətlərindən
yazırmış. Ölümünə neçə il qalmış "Boris Pasternakla illərim"
adlı xatirələr kitabı işıq üzü
gördü. Oxucular aydın şəkildə
bildilər ki, Olqa Pasternakın muzası, incisi, ilham pərisi
imiş.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.31.