"Qırmızı saçlı qadın"da

Şərq-Qərb dilemması -

 

"Bir gün bir kitab oxudum..."

 

Heç öz qəhrəmanlarından biri tərəfindən yazılan roman oxumusunuz bütün səhifələrində həyati izlər daşıyan? Baş verən hadisələrin yaratdığı burulğanların izi, personajların yaşantılarının ilıqlığı səhifələrinə hopmuş roman... Sona yaxınlaşdıqca sizi daha da içinə çəkən, dişinizlə-dırnağınızla həyatdan yapışmağınıza səbəb olan, keçmişdən şübhəyə düşməyinizə, gələcəyə ümidli olmağınıza əsas verən əsər...

İndiyə qədər məlum ədəbi mətnlər arasında ən yaxşı detektiv əsər kimi antik yunan müəllifi Sofoklun "Çar Edip" faciəsi göstərilir. Eramızdan təxminən 500 il əvvəl yazıldığından dolayı onu detektiv adlandırmaq sözün tam anlamıyla üst-üstə düşmür. Amma əsərdə sözügedən janra məxsus arayış, hadisələrin kələfini çözmə istəyi var. Sofoklun,  eləcə də detektiv ədəbiyyatının şah əsəri "Çar Edip"in sonlarında məlum olur ki, çarın axtardığı qatil, əslində elə özüdür. Rüsvayçılığa dözməyən hökmdar taxtdan əl çəkir, cəza kimisə öz gözlərini çıxarır. "Çar Edip" indiyə qədər yüzlərlə əsərə ilham qaynağı olub. Bunlardan biri tanınmış yapon yazçısı Haruki Murakaminin "Kafka sahildə" əsəridir. Romanın yeniyetmə qəhrəmanı atasını öldürsə də, bunu özü bilmir, üstəlik, yatdığı qadının anası olduğundan da xəbərsizdir. Bir məsələ də var ki, əsərdə fantastikaya geniş yer ayıran Murakami kontekst kimi nəsillərin qarşıdurmasını qoymur. Daha çox azadlığı simvolizə edir.

Növbəti əsərsə tanınmış Türkiyə yazıçısı, Nobel laureatı Orxan Pamukun son romanı - "Qırmızı saçlı qadın"dır. "Xan" nəşriyyatında çap olunan əsəri dilimizə Sərdar Amin tərcümə edib. Danışmaq istədiyim tərcümə, redaktə və korrektə qüsurlarından daha çox əsərin tematikası, toxunduğu problemlər, eləcə də postmodern yanaşmadır.Romanda "Çar Edip"dən başqa, Firdovsinin "Şahnamə"sindən geninə-boluna istifadə olunub. Üstəlik, Pamuk bunu hər hansı şəkildə gizlətməyə çalışmır. Amma usta yazıçı bu yararlanmaları öz hekayəsilə bir-birinə elə toxuyub ki, hər hansı şəkildə təkrarçılıq və pastişdən söhbət gedə bilməz.

Müəllifin adı çəkilməsə də, təsirləndiyi açıq hiss olunan əsər Pamuka görə, min ilin kitabı olan Dostoyevskinin "Karamazov qardaşları" romanıdır. Burada da eyni kontekst qorunur. Dmitri Karamazovun atası Fyodor Pavloviçə olan nifrəti freydizmdə də oğulun atanı öldürmə istəyi üzərində qurulub.

Bundan başqa "Qırmızı saçlı qadın"da cəmiyyətdəki ierarxiya pamukvari dil və üslubla çox sadə şəkildə anladılır. Ataların oğullar üzərində olan avtoritarizmi, oğulların atalara olan qeyzi nağılvari şəkildə oxucuya çatdırılır.

Əsərin baş qəhrəmanı solçu atası tərəfindən atılan anası ilə ikilikdə çətin həyat şərtləri altında yaşamağa məcbur qalan Cemdir. Məktəbi bitirəndən sonra pul qazanmağa çalışan Cem Mahmud adlı quyuçunun şagirdi olur. İstanbul civarında kiçik hərbi qəsəbə olan Öngörənin yaxınlığında quyu qazan ikiliyə ilk günlərdə Əli adlı gənc kömək etsə də, suyun çıxması uzandıqca sifarişçinin bütün dəstəyi kəsməsilə onları tək buraxır. Atası ilə birgə yaşadıqları dövrdə belə onu yad kimi görən Cem öz atalıq mehrini Mahmud ustaya salır. Elə usta da onunla oğluymuş kimi davranır. Bu məqamlarda Edip kompleksinin hakim olduğu oxucu onun ustanı öldürəcəyini düşünür. Amma...

İşdən sonra qəsəbəyə düşən Cem orada kim olduğunu bilmədiyi, özündən xeyli yaşlı qırmızı saçlı qadına vurulur. Artıq qəsəbəyə vaxt öldürmək, ustasıyla çay içmək üçün yox, həmin əsrarəngiz qadına görə getməyə başlayır. Günlər keçdikcə o da qadının diqqətini cəlb edir, beləcə, tanışlıq yaranır, öyrənir ki, qadın aktrisadı və hazırda qəsəbədə olan səyyar teatrda çalışır. O, Cemi tamaşaya dəvət edir. Tamaşada daha bir xələflər-sələflər kontekstindən çıxış edən vaqeə - Söhrab və Rüstəm əsərə giriş edir. Burada isə kontekst əksinədir. Oğul atanı deyil, ata oğulu öldürür...

İrəliləyən günlərdə Cem qırmızı saçlı qadının dəvətilə onun evinə gəlir, sevişirlər...

Səhərdən axşama qədər qazıntı davam edir, su isə yoxdur. Təxminən bir aydır dayanmadan qazdıqları quyu digər yunan əsatirini xatırladır - Sizif. Yaxşı, bəs Mahmud usta bunlardan hansıdı? Sizif, ya Edipin atası? Yoxsa hər ikisi? Əsəri oxuduqca ortaya müxtəlif suallar çıxır, amma Pamuk heç də hamısını cavablandırmır, qələmi sanki oxucuya ötürür...

İkilikdə quyunu qazdıqları günlərin birində yorulmuş  Cem torpaq dolu vedrəni əlindən quyuya salır. Ustasının yanıqlı fəryadından qorxuya düşən yeniyetmə kömək çağırmaq üçün əvvəlcə özünü qəsəbəyə çatdırır. Qırmızı saçlı qadının qaldığı evə gedib qapını yumruqlayan oğlana ev sahibi onların köçdüyünü bildirir. Qəhrəmanımız səbəbi izah edilməyən duyğu ilə qəsəbədən çıxıb öz əşyalarını yığışdırır və İstanbul qatarına oturub evə qayıdır. Anasına heç nə demir. Qazandığı pula universitetə hazırlaşır, bir tərəfdən də qorxu içində qapını döyəcək polis məmurlarını gözləyir...

O vaxta qədər yazıçı olmaq istəyən Cem gedişatın təsirilə mühəndis olmağa qərar verir. Universitetə girir, Aişə adlı qızla ailə qurur. Bütün bu illərdə isə nə Mahmud ustanı, nə də onu axtarmayan atasını unutmur...

Övladı olmayan Cem illər keçdikcə varlanır. Aişə ilə birgə öz aralarında övladları adlandırdıqları "Söhrab" adlı şirkət qurur, dünyanı gəzir, bu səfərlərində baş çəkdiyi muzeylərin hamısında çar Edip və "Şahnamə" mövzulu əsərlər axtarırlar. Bütün bu ipucları hələ hər şeyin qabaqda olduğunu Mahmud ustanın ölümü ilə sona varmadığı qənaətini getdikcə möhkəmlənidirir. Əslində, Cem özü də ustasının öldüyünə çox inanmır.

Günlərin birində Cemə gələn məktub həyatın axarını kökündən dəyişir. Ənvər adlı şəxs Cemin oğlu olduğunu iddia edir. Öz vəkilləri ilə məsləhətləşən Cem sonda DNT analizi verir, Ənvərin həqiqətən də öz oğlu olduğuna əmin olur. Anasının Gülcahan - həmin o qırmızı saçlı qadın olduğunu öyrənir. Sahibi olduğu şirkət həmin qəsəbədə ərazi satın aldığından, həm də öz oğlunu tanımaq istədiyindən, Öngörənə - təxminən 30 il əvvəl ustasını quyuda qoyub qaçdığı qəsəbəyə qayıdır. Şirkətin toplantısında çox dəyişməyən, öz qırmızı saçları ilə hələ də göz oxşayan Gülcahanla qarşılaşır. Hər şeyi yerli-yataqlı nəql edən qadından öyrənir ki, Gülcahan onun atasının sevgilisi olub. Sonradan araları dəyən cütlük bir-birindən uzaq düşüblər. Cemlə Öngörəndə rastlaşan Gülcahan o atasına çox oxşadığından kim olduğunu bilir. Bəzi dəqiqləşdirmələr aparandan sonra bir növ sevgilisinin ətrini almaq üçün onunla sevişir. Hamilə qalan Gülcahan oğlunu - Ənvəri çətinliklə böyüdür. Ərinə uşağın atası barədə heç nə deməsə də,  o, sanki fəhmlə nələrsə hiss edir, Ənvərə soyuq davranır. Oğlan atası sandığı adamla bir tirin altında atasız böyüyür. Bu, xarakterində iz qoymadan ötüşmür. Əsəbi, çılğın yetişən Ənvər onlardan fərqli olaraq, mühafizəkar, dindar, millətçi fərd kimi yetişir. Hər şeyə, hamıya üsyan edir...

Gülcahan əri öləndən sonra fərli bir iş tapmayan, gecələr qapını bağlayıb şeir yazmaqla hikkəsini soyudan oğlu səfalət içərisində yaşamasın deyə, hər şeyi açıb ona danışır. Uzun mücadilədən sonra varlı iş adamı, Ənvərin bioloji atası olan Cemə qarşı məhkəmədə iddia qaldırılır...

Bütün bunlardan başqa, Cem öyrənir ki, Mahmud usta quyuda ölməyib, bir qolu şikəst olsa da, sağalan kimi qazıntını davam etdirib, su çıxanda yaxşıca qazanıb. Ona isə həmişə əsəbi olub. Gülcahana, Ənvərə əlindən gələn köməyi əsirgəməyən usta 5 il əvvəl vəfat edib.

Bütün bu söhbət zamanı onları bir nəfər izləyir, özünü Ənvərin yaxın dostu kimi qələm verən Sərhəd bəy. Cem 27 il əvvəl qaçdığı quyunu yenidən görmək istəyir. Sərhəd bəy ona bələdçilik edə biləcəyini deyir. Toplantıdan kimsəyə bir söz demədən çıxırlar. Özünü bir qədər şübhəli aparan Sərhəd bəy quyunun yanında Cemə oğlu Ənvər olduğunu, onları atıb getməyinin səbəbini, eyni zamanda, necə xarakterə sahib olduğunu öyrənmək üçün kimliyini gizlətdiyini etiraf edir.

Öz oğlunu görməyi çox istəyən atanın cəhdləri fayda vermir, Ənvərin hikkəsi getdikcə daha da artır. Bunu görən Cem hər ehtimala qarşı evdən çıxanda götürdüyü tapançanı çıxarıb Ənvəri soyuqqanlı olmağa dəvət edir. Atasının bu hərəkətindən daha da qeyzlənən Ənvər Cemin üzərinə atılır və süpürləşmə başlayır...

Adını unutduğum müəllifin təxminən belə bir cümləsi var: "İnsan əvvəl-axır istədiyi şeyə çevrilir". Düşünürəm ki, Pamukun "Qırmızı saçlı qadın"ı buna ən gözəl nümunədir. Cem ömrü boyu "Çar Edip" və "Şahnamə"yə marağıyla bir növ öz tale xəttini cızır, istiqamətini 27 il əvvəl qaçdığı quyuya yönəldir.

Digər maraqlı məqam isə Qərb və Şərq dilemmasıdır. Pamuk iki böyük mədəniyyəti qarşı-qarşıya qoyur. Qərbi təmsil edən Edip atasını, Şərqi təmsil edən Rüstəm oğlunu öldürür. Qərb yenilikçi, Şərq mühafizəkardır. Qərbdə gələcək- oğul keçmişi - atanı, Şərqdə keçmiş - ata gələcəyi - oğlu öldürür. Bəs Pamukun hekayətində kim hansı tərəfə üstün gələcək? Cem Ənvəri, yoxsa Ənvər Cemi öldürəcək? Hazırkı durumda Qərblə Şərqin qovşağında olan Türkiyə yönünü hara tutacaq, geriyə - Şərqə, ya irəliyə - Qərbə?

Bir məsələni də qeyd etmək yerinə düşər ki, bütün dilemmalara, mətnaltı eyhamlara, yunan və Şərq mifologiyasının uğurlu sintezinə baxmayaraq "Qırmızı saçlı qadın" Pamuk yaradıcılığının enişi kimi xarakterizə edilə bilər. Digər romanlarına nəzər salanda mətnin daha şaxəli olması, aysberqin görünməyən tərəfinin daha böyük çapda təqdimi bu əsərdə yoxdur.

Pamukun sözlərinə istinad etsək, onun ilk və yeganə siyasi əsəri "Qar" romanıdır. Amma "Qırmızı saçlı qadın"da siyasi məsələlərə kifayət qədər yer ayrıldığını əminliklə demək olar. 80-ci illərdən bu günə qədər Türkiyədə baş verən proseslər açıq və gizli şəkildə təsvir olunur. Türkiyənin siyasi pərdəsi kulisdən oxuculara yansıdılır.

Romandakı daha bir freydist mesaj budur: hər kəs sevdiyini öldürmək istəyir. Yaradılışdan üzü bəri nəsillərarası konflikt səngiməyib. Və insanlıq var olduqca Edip körpünün üstündə atasına qılınc çəkəcək, Rüstəm Söhrabı öldürəndən sonra bazubəndindən tanıyacaq, "şəhərin meşəsində itən müasir adam" 27 il əvvəl qaçdığı yerə oğluyla vuruşmaq üçün qayıdacaq...

 

Cavid Qədir

 

Ədəbiyyat qəzeti.- 2017.- 28 oktyabr.- S.30.