“Xəyalpərəstliyim
həmişə məni xilas edib”
"Dördüncü
divar" layihəsinin bu günkü qonağı Rus Dram
Teatrının aktrisası, əməkdar artist Mələk
Abaszadədir.
- Mələk xanım, sizinlə
görüşmək üçün bir neçə dəfə
vədələşirdik, amma hər dəfə də təxirə
salmalı olurduq. Hiss olunur ki, gərgin templə işləyən
aktrisasınız. Bu cür həyat tərzi
yorucu deyil?
-
Sözün düzü, müsahibə üçün bir az da mənim özümün əhval-ruhiyyəm,
söhbət üçün ovqatım olmalıdır. Amma ümumilikdə haqlısınız. Həyat çox sürətlə ötüb
keçir. Bəzən baxıram ki, ortada o qədər
böyük masştablı iş yoxdur, amma vaxt
baxımından heç nəyi çatdırmaq olmur. Həftə başlanır, bir də görürəm
ki, artıq sona çatıb. Və yaxud
da teatr mövsümü o qədər sürətlə
ötüb keçir ki, bunu bəzən hiss etmirəm. Belə bir deyim var ki, qiyamət gününün əlamətinin
nişanələrindən biri də vaxtın tez ötüb
keçməsidir. Hərdən düşünürəm
ki, bəlkə vaxt məhz bu səbəbdən sürətlə
ötüb keçir. Ancaq digər tərəfdən də ola bilsin ki, insan həyatının ikinci mərhələsi
hamı üçün belə tez bir zamanda başa
çatır. Ancaq doğrudan etmək istədiyim
gündəlik işlərimi həftənin günlərinə
sığdıra bilmirəm. Daim ora-bura
qaçıram. Həyatım demək olar
ki, qaça-qaçla keçir. Amma
işlərim çox olsa da, yorğun olsam da, nikbin olmağa
çalışıram. Çünki
nikbin olmağa məcburam. Pessimist olanda bu
mənim bütün daxili dünyama təsir edir.
- Pozitiv insan təsiri
bağışlayırsınız...
- Elədir.
Bunu mənə tez-tez deyirlər. Amma buna mən qərar vermirəm. Mənə belə gəlir ki, bu dünyaya gəldiyim
andan Allahın mənə bəxş etdiyi xüsusiyyətlərimdən
biridir. Mənə həmişə məktəbdə,
elə universitet illərində də deyirdilər ki, sən
sanki xəyallarda yaşayırsan. Bu, həqiqətən
də belədir. Həmişə xəyalpərəst
olmuşam. Və sizə deyim ki, bu
xüsusiyyətim məni çox vaxt xilas edir. Çünki həyatda nələrsə pis olanda mən
öz xəyal aləmimə qapılıb həmin pisliklərdən
uzaq olmağa çalışıram. Bu,
bəlkə də bir yandan yaxşı deyil. Çünki xəyallar da insana reallığı
görməyə mane olur. Amma yenə də
qarşılaşdığım hansısa pis vəziyyətlərdə
çəhrayı eynəyimi taxıb həmin məqamın
yaxşı rakursunu taparaq özümü
sıxıntıdan qorumağa çalışıram.
- Mələk xanım, planla hərəkət
edirsiniz, ya arzularla?
- Arzularla
təbii ki... Çünki plan qurmağı, təşkil etməyi
bacarsam da, əhval-ruhiyyəyə bağlı insanam və
proqramla yaşayan insanların ilk sırasında deyiləm. Bəzən həyatda çox spontan hərəkət
edirəm. Hər şey qəfildən
baş verir. O zaman kəsiyində həqiqətən də
çox gözəl işlər görə bilirəm. Və həmin coşqulu əhvalı tutmağı
bacaranda ətrafımdakı bir çox insanı da
ruhlandıra bilirəm. Ümumiyyətlə,
daha çox hisslərlə yaşayan insanam. Allaha çox şükür ki, bu hisslər nəşəli
və xoş hisslərdir.
- Aleksey Batalovun tələbəsi
olmusunuz. Tələbəlik illərinizi,
müəllimlərinizi, xüsusən də Batalovu necə
xatırlayırsınız?
-
Bilirsiniz, Batalov böyük şəxsiyyət idi. O, çox
istedadlı, alicənab, müdrik olmaqla yanaşı, həm də
həddindən artıq sadə insan idi.
Bəzən həddindən artıq istedadlı hesab
olunan sənətkarların xasiyyəti çox mürəkkəb
olur və sən məcbur olursan ki, onu məhz istedadına
görə qəbul edəsən. Batalov isə belə
deyildi. O, o qədər gözəl insan idi ki, hərdən
fikirləşirdim ki, Allah-təala bir insanı necə olub ki,
bu qədər gözəl və hərtərəfli
yaradıb. O qədər sadə, mənəvi cəhətdən
zəngin insan idi ki, onunla söhbət etmək böyük
zövq idi. O, hər kəsin iç dünyasına
qarşı böyük hörmətlə
yanaşmağı bacarırdı. Aleksey Batalov
mənim üçün yaşadığı dövrün
həqiqi qəhrəmanı və əvəzolunmz şəxsiyyəti
idi.
- Moskvadan qayıdandan bir müddət
sonra isə təxminən altı il
modellik fəaliyyəti ilə məşğul olmusunuz. Həmin illəri səhnə baxımından
itirilmiş dövr hesab etmirsiniz?
- Məsələ
burasındadır ki, həmin itkini duyan anda mən artıq
modelliklə vidalaşdım. 1991-ci ildən
98-ci ilə qədər Türkiyədə peşəkar
modellik və fotomodelliklə məşğul olmuşam.
Ümumiyyətlə, dünya praktikasında əvvəl
modellik, sonra serial, ən axırda isə filmlərə
çəkilmək gəlir. Məndə
isə tərsinə oldu. Aktyorluq təhsilindən sonra
bir il teatrda işlədim. Həmin
vaxtı mən ard-arda türkiyədə və
Kıbrısda gözəllik yarışmalarında
iştirak etdim. Bundan sonra mənə
modellik işi təklif olundu. O zaman da ölkədə vəziyyət
ürəkaçıcı deyildi. Həm də
özümün gözəllik anlayışım hər
zaman yüksək olub. Bu, bir az təbiətimdən,
bir da ailədən gəlir. Anam rəssamdır.
Otuz ildən çox "Azərbaycan
qadını" jurnalının bədii rəhbəri olub.
Bakı Xoreoqrafiya məktəbində isə bir neçə il təhsil aldığım üçün
modellik peşəsi mənə asan gəldi. Həm
xoreoqrafik təhsilim də olduğundan bu təklif mənə
cəlbedici və asan gəldi. Altı il
işlədiyim müddətdə də həqiqətən
işimdən zövq aldım. Bəlkə də
zövq almasaydım, davam etməzdim. Amma sonra birdən-birə
yorulduğumu, teatr üçün
darıxdığımı, özümü artıq daha
geniş şəkildə ifadə etmək ehtiyacının
yarandığını hiss etdim və Bakıya
qayıtdım.
- Rusiya və Türkiyə mədəniyyəti
ilə yaxından tanış
olmağınız sizə nə qazandırdı?
- Bunun
müsbət və mənfi tərəfləri var. Yəqin
indi siz özünüz də hiss edirsiniz ki, mən türk
dilində olan sözlərdən istifadə edirəm. Bu da onunla bağlıdır ki, mən
uşaqlıqdan rus dilndə təhsil almışam, ailəmizdə,
ətrafımda olan insanlar da rusdilli olublar. Azərbaycan dilini mən nənəmin sayəsində
öryənmişəm. Azərbaycan
dilinin ədəbi qatlarına tam olaraq bələd olmasam da,
onu çox gözəl hiss edirəm. Bəlkə
də körpəlikdən Azərbaycan dilində
danışsaydım, türk dili məndə bu qədər
qalıcı olmazdı. Çünki
türk dili rusdilli insanın şüuraltında dərin iz
buraxır.
Müsbət
tərəfləri odur ki, biz istəsək də, istəməsək
də, rus mədəniyyəti, ədəbiyyatı sovet
dövründə oxuyan, təhsil alan
insanların daxilində böyük bir iz qoyub. Həqiqətən,
Rusiya çox böyük mədəniyyətə malikdir.
Onların təkcə ədəbiyyatlarına nəzər
salsaq, görərik ki, nə qədər nəhəng
dühalar vardır. Ona görə də mən
rus mədəniyyətinə böyük hörmətlə
yanaşıram. Ola bilər rus insanı bir az sərt olsun. Amma bu sərtliklə
yanaşı, onlarda həm də böyük insanpərvərlik
var. Və bu insanpərvərlik əsasən rus ədəbiyyatından
qaynaqlanır. Fikir verin, Tolstoy, Dostoyevski,
Çexov kimi yazıçılar insan psixologiyasını,
onun daxili qatlarını necə incə formada izah ediblər.
Təbii ki, həmin yazıçıları
öz ana dilində oxuyan xalq mütləq şəkildə
yazılanları dərk edərək özünü, daxili
dünyasını tərbiyə edir.
Türkiyəyə gəlincə isə mən bu ölkəni
həqiqətən də çox sevirəm. Hər bir azərbaycanlı
kimi, mən də Türkiyəyə gedəndə
özümü çox rahat hiss edirəm. Mənə elə gəlir ki, tanrı bu
torpaqları çox böyük sevgi və səxavətlə
yaradıb. İnsan orada olanda o
torpaqların qədimliyini, tarixini və yüksək enerjisini
hiss edir. İstanbul sevgi şəhəridir.
Çünki insanları sevgi ilə doludurlar.
Ümumiyyətlə, dünyada insanlar sanki bir az
soyuqlaşıb, qəddarlaşıblar. Maddiyyat
mənəviyyatı üstələyib. Onlarda
isə bir-birlərinə olan sevgi və insani hisslər itməyib.
Onların heyvanlara belə, nə qədər
qayğı və şəvqətlə yanaşmaları məni
heyrətə gətirir.
- Biz sizi adətən həmişə
kübar, zərif qadın rollarının ifaçısı
kimi tanıyırıq. Amma "Müsyö Jordan və dərviş
Məstəli şah" tamaşasında sanki ampluadan
çıxış hiss oldu. Xanpəri rolu üzərində
iş prosesi maraqlıdır...
-
Yaxın ətrafımdan və tamaşaçılardan da
konkret amplua çərçivəsində olmamağımla
bağlı fikirləri tez-tez eşidirəm. Yəqin
ki, tamaşaçılar bu barədə daha yaxşı qərar
verə bilirlər. Özüm haqqımda
onu deyə bilərəm ki, mən həqiqətən də hər
iki janrda - həm komediya, həm dramtik ampluada rahat oluram.
Hələ lap universitet illərində rol bölgüsü
olanda komediya janrında özümü çox sərbəst
hiss edirdim. Çirkin görünmək kimi bir
kompleksim də yoxdur. Qeyd etdiyiniz
tamaşada isə mən yaşlı və kök görsənmək
üçün müxtəlif vasitələrdən istifadə
etmişdim. Qrim də xeyli fərqli idi.
Və tamaşanı izləyən məni
tanıyan insanlar tamaşa zamanı məni heç
tanımamışdılar. Bir müddət
sonra səsimdən bilmişdilər ki, həmin rolu mən ifa
edirəm. Hətta anam mənə demişdi ki, rolu o dərəcədə
ifa etmə. Şirin, amma bir az eybəcər
görsənirsən (gülür).
Bir qədər çirkin, bir qədər gülməli
olsa da, mən həmin obrazdan zövq alıram. Əsasən
gözəl qəhrəmanların obrazını
canlandırmaq mənə həmişə sıxıcı gəlib.
Çünki baş qəhrəmanın
obrazına aid olan gözəl qamət, görünüşdən
əlavə nələrsə qatmaq mümkün olmur. Bəzən də ehtiyac qalmır. Buna görə
də bu obraz mənim üçün iş prosesi
baxımından çox maraqlı idi. Çünki insanların
tanıdığı Mələk üzərindən
bambaşqa obraz yaratmağa nail oluramsa, aktrisa kimi bundan
böyük zövq alıram.
- Aktyorluq texnikası ilə
bağlı müxtəlif kitablar dərc olunur. Onlardan yararlanırsınızmı?
- Mənə
belə gəlir ki, Stanislavski texnikasından istifadə etməyən
teatr yoxdur. Ümumiyyətlə, dünyada
müxtəlif aktyorluq texnikaları var. Aralarında bir-birlərinə
bənzəyənlər də var. Misal üçün,
Rusiya və Amerika teatr sistemi bir-birlərinə daha
yaxındır. Amma məncə,
bütün dünyada tanınan aktyorluq texnikalarının təməlində
Stanislavski sistemi nəzərə çarpır. Mən
son dəfə Türkiyəyə gedəndə İvana
Çabbakın tələbəsi onun təlimini təqdim edən
seminar təşkil etmişdi. Orada iştirak
etdim. Bir neçə aydan sonra isə
İvana Çabbakın Moskvaya gəldiyini eşitdim. O
zaman onun özünün üçgünlük seminarına
qatılmaq üçün Moskvaya getdim. Çabbakın
təlimi Stanislavski sistemi üzərində qurulan, həm də
peşəkarlar üçün nəzərdə tutulan
çox gözəl və daha dəqiq sistemdir. Çünki dünya yenilənir, insanlar da, teatr da
dəyişir. Onun təlimi şəxsi
duyğulara dəqiq giriş üzərində qurulub. Əslində bu cür seminarlarda iştirak etmək
mənə maraqlıdır. Çünki
biz özümüzdə olanı, neçə illər
üzərində işlədiyimiz texnikanı artıq əzbər
bilirik. Amma bu cür təlimlərlə tanış
olanda yeniləşirsən. Bəzən bildiklərini unudub
yenidən ağ vərəq kimi yeni təklif
olunanları qəbul edəndə anlayırsan ki,
yaradıcılığın, öyrənmənin sonu yoxdur.
Bəzən metr hesab olunan aktyorların özlərinə
qarşı mühafizəkar davranışlarını
görəndə fikirləşirəm ki, bu aktyor
özünü zirvədə hesab etsə də, həm də
bitdiyini qəbul edir. Bu isə doğru deyil. Çünki yaradıcılıq
axtarışları, insan psixologiyasının
hüdudları heç zaman bitmir. Dünya
dəyişdikcə biz də dəyişirik və bir aktyor
kimi öz aktyorluq texnikamız üzərində işləyəndə
anlayırıq ki, misal üçün daxilimizdəki acı
nöqtələrə vərdiş etdiyimiz yerdən yox,
müxtəlif tərəflərdən toxunanda maraqlı
reaksiyalar da meydana çıxır.
Həkimin aləti onun həkimlik əşyaları
olduğu kimi, aktyorun aləti də onun qəlbi və
vücududur. Və o, davamlı olaraq öz üzərində
işləməlidir. Hərdən hər
şeyi unudub yeni, saf insan kimi ortalığa
çıxmağı da bacarmalısan.
- Mütaliəyə vaxtınız
qalır?
- Son illər
vaxt baxımından o qədər mütaliə edə bilmirəm.
Amma imkan tapdıqda sənətlə
bağlı kitablar oxuyuram. Bayaq dediyim kimi,
teatr texnikaları ilə bağlı kitablara, yazılara
üstünlük verirəm. Bu mənə
yenilənməyə köməklik edir. Bilirsiniz, bəzən
elə bir məqam gəlib çatır ki, adam
psixoloji olaraq dərin böhran yaşayır. Özündə
şəxsiyyət kimi nəyisə dəyişmək və
ya kəşf etmək istəyirsən. Bu
da istər-istəməz sənətə öz təsirini
göstərir.
Son vaxtlar
hiss edirəm ki, həyatımda da çox şeydən
sıxılmışam. Bəzi şeyləri
yüzdə-yüz dəyişdirmək, çantamı
yığıb hər şeyi unudaraq uzun bir səfərə
çıxmaq istərdim. Ünvanın
necə olması da maraqlı deyil. Yol
özü hara apararsa, ora gedərdim. Çünki
vərdiş olunmuş bir həyat tərzi gec, tez adamı
sıxmağa başlayır. Hiss edirsən ki, artıq
sonuna qədər nə sevinə, nə də kədərlənə bilirsən.
Öyrəşdiyimiz həyat tərzinin həyəcanı
azalır. Bütün bunlar da bayaq dediyim
kimi sənətə təsirsiz ötüşmür.
Oxumaq isə bir lüksdur. İnsan gənc
olduğu zaman kitaba vaxt ayırmağa xəsislik edir. Amma sonra anlayırsan ki, gənc yaşında
oxumağa ayıra biləcəyin vaxtı sonralar rahat şəkildə
əldə edə bilmirsən. İndi nə
qədər istəsəm də, imkan tapıb ürəyim
istəyən qədər təkrar oxumağa vaxt tapa bilmirəm.
Həmçinin təkrar oxumaq arzusunda
olduğum kitablara da yenidən qayıda bilmirəm. Amma bunu çox istərdim. Çünki
klassikanı həyatın ikinci yarısında artıq daha fərqli
dərk edirsən.
Atamın böyük kitabxanası vardı. Həmişə
ona deyirdim ki, sən məsləhət ver, hansı
kitabları oxumaq lazımdır. Mən
çox vaxt itirmədən onları oxuyum. Atam isə mənə deyirdi ki, o, kitabları
özün tapıb oxumalısan. Çünki sənin
keçəcəyin yolu səndən başqa heç kim gedə bilməyəcək.
- Özünüzü sənətdə
realizə edə bilmisinizmi?
- Bu barədə
mən özümə tez-tez sual verirəm... Təəssüflər
olsun ki, bəzən bizim karyeramızla bağlı qərarlar
biz aktyorlardan asılı olmur. Ötən
mövsümü çıxsaq, ondan əvvəl beş il teatrda yeni heç bir rol ifa etməmişəm.
Həmin illər əlbəttə ki, mənim
üçün sənət baxımından itirilmiş illərdir.
Bu il isə iki yeni rolum olub.
Ətrafımdakı peşəkar insanlar bəzən
deyirlər ki, səndən hələ tam istifadə etməyiblər. Mən
özüm də içimdəki potensialın
miqyasını bilirəm. Aktyor həyatı o qədər
də uzun olmadığı üçün ordan beş ilin itməsi yaxşı hal deyil.
Çünki beş il əvvəl ifa edəcəyim
obrazı indi yaş baxımından ifa edə bilmərəm.
Amma içimdə belə bir inam var ki, həyatımın
ikinci mərhələsi daha məhsuldar olacaq.
- Son yaradıcılıq işləriniz
barədə nə deyə bilərsiniz?
- Dekabrda
premyerası gözlənilən "Koroğlunun
qılıncı və ya Məmənin ən xoşbəxt
günü" tamaşasında tamamilə fərqli rolda
olacam. Qadınlığını itirən
şəxs kimi bir qadın və eyni zamanda kriminal aləmdə
avtoritet obraz yaradacam. O obraz üçün mən təbiətimə
xas olan bir çox şeyi dəyişməliyəm. Natiq Rəsulzadənin əsəri əsasında
Emil Mirabdullayevin rejissorluğu ilə hazırlanan
tamaşadır. Ola bilsin ki, əsərin
adı dəyişdirilsin.
Ekran işinə gəldikdə isə indi bilirsiniz ki, müəyyən səbəblərə görə seriallara çəkilmək olmur. Bəzən rejissor çəkilməyi təklif edən rejissor lazımi qədər peşəkar olmur, bəzən ssenari, bəzən təklif olunan məbləğ qane etmir. Amma biz artıq məbləğin azlığı ilə barışmışıq. Sadəcə, maraqlı, keyfiyyətli iş prosesi, yaradıcı mühit olsun. Bu belə bizə həvəslə işləməyə bəs edir. Lakin bunlar da olmayanda seriala çəkilmək üçün yetərincə səbəb olmur. Və təəssüf ki, təklif olunan işlərdən son vaxtlar imtina etməyə məcbur qalıram. Çünki ekranda sadəcə simam görünsün deyə seriala çəkilmək istəmirəm.
Ancaq hal-hazırda bir "Şirin xəyallar" adlı serial proyektimiz var. İnşallah, onu planlaşdırdığımız səviyyədə həyata keçirə bilsək, gələn ilin yanvar ayında tamaşaçılara təqdim edəcəyik. Bizim niyyətimiz serialın keyfiyyətini hər baxımdan yüksək tutmaqdır. Bu da təbii ki, maddi imkanlara bağlıdır. Kinoya gəlincə, Allah qoysa, sevindirici xəbərlərim olmalıdır.
Söhbətləşdi:
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.20-21.