Oraq, araq, varaq...
Su üstündə
yerimək –
4-cü yazı
Yaradıcı adam öz qabında olmayanda dağıdıcı
olmağa məhkumdur
- ya özünü, ya da çevrəsini.
Bu sözləri bu
günlərdə bir
rəfiqəmə demişdim. Şeir yazan,
amma bunu bütün doğmalarından
israrla gizlətməyə
məcbur olan, gizlətməsə, ailəsini
və doğmalarının
hörmətini itirəcəyindən
qorxan dərya ruhlu bir qadına.
Mən ona bircə məsləhət
verdim: Gizlətməyə
davam et...
Çünki bu məsləhətin ikinci variantını deməyimin mənası olmayacaqdı. "Yazma"
variantının yəni.
Virciniya Vulf deyirdi ki,
yazmağa qərar verən hər bir qadının özünə aid ayrıca
otağı və pul vəsaiti olmalıdır. Məncə, bu fikir qadınlı-kişili
hər kəsə aid
ola bilir.
Və əziz Virciniyanın bu məşhur və sevimli fikri ilə
tamamilə razılaşıb,
sözünə qüvvət
olaraq da demək istəyirəm ki, yazmağa qərar verən hər bir qadının
həm də özünə aid ayrıca
kiçicik də olsa, bir dost çevrəsi olmalıdır.
Biz buna "anlayış
zonası" da deyə bilərik. Anlayış zonasında mütləq
bizi sevən, bizi yarı kəlməmizdən tam başa
düşə bilən,
bizi hər vəziyyətimizdə dəstəkləyən
insanlar olmalıdırlar.
Bu, hətta bircə adam da ola bilər. Axı siz də
razılaşarsız, bəzən
insan güclü olmaqdan yorulur, ana qucağı qədər doğma və etibarlı dizlərin üstünə
başını qoyub,
gözlərini yummaq və bütün hallarının anlayışla,
sevgiylə qarşılandığı
hansısa bitməyən
bircə anın içərisində zamanın
fövqündə hiss edir
özünü, ölür,
yanır, kül olur, yenidən doğulur, yeni güclə qayıdır
özünə, yaşadığı
real zaman kəsiyinin çərçivəsi arasına...
Ana dedim, gözəl Müşfiq demişkən,
"ürəyimə yanar
odlar saçıldı".
Biz anamla bir-birindən
tamamilə fərqli iki dünyanın adamları kimi olduq hər zaman. Bizi birgə yaşamağa vadar olduğumuz məkana mənim öz yaradıcı ruhuna bu dünyada yer tapa bilməyən,
"kişi şeiri ancaq sevdiyi qadın
üçün yazar,
yazdığını da
faş eləməz"
fəlsəfəsi ilə
yaşayan atam gətirmişdi, o da bizi tanış etmədən çıxdı
getdi daha başqa bir dünyaya, o qədər. Və dünyanın bu üzündə yazar olmayan və yazar olan iki
qadın qaldı.
Bəzən gecələrin soyuğunda
odun sobası alışdırmaq üçün
şeirləri doğma
əllərdə oda tutulan mən və atamın gizli şeirlərinin o şeirləri heç vaxt oxumayan ilham
pərisi olan anam. O varaqlarda nələr yandı, nələr kül oldu...
Keçən ilin gərgin axşamlarının birində
yerli bir serialın
növbəti seriyasını
yazdığım vaxt
anam televizorun uca səsi altında
öz sevimli türk seriallarından birini izləyirdi. Prodüser də bir tərəfdən
zəng edib israrla ssenaridəki qətl törədiləcək
aləti dəyişməyimi
istəyirdi. "Orağı hardan taparıq?" - deyirdi. Mənsə "kənddə istənilən evdə olar" deyirdim. Və mənim "oraq" söhbətimi eşidən anam köməyini təklif etdi: "Bizim bir köhnə oraq var, verim,
çəksinlər də,
mən də baxıb fors eləyərəm ki, orağımı serialda göstərirlər".
Bax, belə
anlarda dünya adamın başına fırlanır, düzdür? Mən sadəcə mat-mat anamın
üzünə baxmışdım:
"Mama, o serialı sənin
qızın yazır
e..."
Anamsa bu sözlərimi eşitməmişdi,
hətta baxdığı
türk serialındakı
növbəti atışma
səhnəsi fikrini aparmışdı özünə.
Baxın, belə də olur, əzizlər.
Adım
kimi əminəm ki, sizlərin də ən doğma insanlarınız
arasında sizin "anlayış zona"nıza
yad olan ailə üzvləriniz, dostlarınız, həmkarlarınız
var. Və onlar üçün siz sadəcə lazım gələrsə, yolunuzda
ölümə də
getməyə razı
olacaqları doğma adamsınız, yaradıcı
insan yox.
"Anlayış zonası"
olmayan və ya çox dağınıq
olan yaradıcı adamlar başını qoyub susmağa və yenilənməyə
doğma dizləri tapmayanda yaradıcılıqları
çirkaba bulaşmış
kimi ağırlaşmağa
başlayır, bəzən
sadəcə vərdiş
ediblər deyə yazmağa davam etsələr də, əvvəlki rahat ruhları olmur, depressiyaya qapılırlar,
bəziləri araqda, bəziləri sahmansız
sevgi münasibətlərinin
xaosunda ovunmağa can atır. Hamısının
da bir səbəbi
(əslində bəhanəsi)
olur: Məni anlayan yoxdur.
Var, əzizim, mütləq kimsə var, kimlərsə var. Sadəcə,
sən öz "Anlayış zonanı"
doğru təxmin etməmisən, elə bilirsən ki, sənin yanındakı hər kəs mütləq o zonanın daxilinə girməlidir. Reallıq isə bəzən bir az, bəzən
də çox uzaqlarda ola bilir.
Hətta
yalnız bu dünya ilə belə bitmir.
Məsələn, mənim "anlayış
zonam"dakı insanlardan
biri Caviddir, biri Muğanna, biri Puşkin, biri Bulqakov, biri Nəsimi... hələ daimi oxucularım olan insanlar var, bəzi
çox qiymətli həmkarlarım var, hansılarla ki, sadəcə salamlaşmaq
belə ruh gücü bəxş edir... və bir də öz
övladlarım. Mən öz
zonamı özüm yaratdım, özüm ərsəyə gətirdim,
deyə bilərəm.
Halbuki, əvvəllər
mən də ən az
sənin qədər narahat idim və
ən az sənin qədər əzab çəkirdim
"məni anlayan yoxdur" bəhanəsiylə.
Anama gəldikdə isə... o sadəcə özünə aid bir rahat zonada hər
gün namazlar qılır və mənim üçün dualar edir, o qədər...
Mən bilirəm,
bu yazımı ailə üzvləri, həyat yoldaşları pul xərcləyib kitablarını çap etdirən, təqdimatlarına
yardımçı olan,
banketlər verən şeir yazan qadınlar başa düşməyəcəklər. Onlar deyəcəklər ki, hər şey adamın özündən
asılıdır və
sair və ilaxır və göydən üç alma düşdü...
Sağ olsunlar.
Mənsə öz "anlayış
zonası"nı yalnız virtual aləmdə
qurmaq imkanı olan qadınlardan yazmaq istəyirəm. Rina İşıqdan, Bahar Zamanovadan və b. Şeirləri bütün
internetdə sevilə-sevilə
dolaşan, amma ailələrində belə
evdar qadından başqa bir tanıtımları olmayan
gizli şairələrdən
yəni.
Amma bu haqda gələn
sayda...
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2017.-
28 oktyabr.- S.21.