Dəyişən zamanın dəyişməyən
siması
"Mənim
üçün yeganə meyar ədalət prinsipidir. Axı bizə himayədarlıq edənlər, əlimizdən
tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara xəyanət edirsə bədbəxtdir."
Şirindil
Alışanlı
Yaşı o qədər də uzaq keçmişə
dayalı olmayan ədəbi tənqid tariximiz və ədəbiyyatşünaslıq
elmimizin inkişafında nəzəri-estetik fikrin, mühitin
formalaşdırdığı elə şəxsiyyətlər
var ki, onların simasında bu tarix öz çəkisi,
sanbalı, elmi potensialı baxımından yaşından
müdrik görünür. Azərbaycan ədəbiyyatşünaslıq
elminin formalaşdırdığı belə fenomen şəxsiyyətlərdən
biri də ömrünün 65 - ci kamil çağına yenicə
qədəm qoyan professor Şirindil Alışanlıdır.
Alimin bir
şəxsiyyət, vicdan sahibi, ədəbiyyatşünas
kimi yetişməsində bir-birinə bənzəməyən
(əsasən zaman və məkan orbiti baxımından), lakin
biri digərini doğuran müxtəlif sağlam mühitlərin
böyük rolu olmuşdur. İlk növbədə göz
açdığı Laçın rayonunun Əhmədli kəndinin
füsunkar, sərt təbiəti, atası Həsən
kişinin sağlam, sinəsi xalq hikməti ilə dolu, dili
folklor örnəkli, aşıq sənətinin ecazkar
havası ilə bələnmiş ruhu və özünün
də böyük ehtiramla qeyd etdiyi kimi, qardaşı
"şair Hüseyn Kürdoğlunun halal çörəyi,
vüqarlı, namuslu yaşamaq məktəbi" ilk mənəvi
qidası, həyat kredosu, harda kim olmasından asılı
olmayaraq, onda əbədiyyən mənəvi bütövlük,
müdriklik, sağlam düşüncə, yaşarı ənənələrə,
yaddaşa bağlı insan kimi yaşamaq ruhu
formalaşdırmışdır. İkinci sağlam mühit,
məkan orbitinə keçid tələbəlik illəri
zamanında başlamış, ziyalı, alicənab
insanların əhatəsində yaşanan ömür,
Bakı Dövlət Universitetində təhsil alarkən Mir Cəlal,
Əkbər Ağayev, Qulu Xəlilov, Seyfulla Əsədullayev,
Firidun Hüseynov, Samət Əlizadə kimi müəllimlərindən
aldığı dərs təkcə elmi biliklərini
artırmaq yönümündə deyil, yaşından, vəzifəsindən
asılı olmayaraq, insanlara qayğı və ehtiramla
yanaşmaq, gərəkli və ədalətli olmaq kimi gözəl
insani sifətlər aşılamışdır. Onun həm elmi, həm
də mənəvi-əxlaqi məzmunda bəhrələndiyi
bu məktəb həyatı boyu əsas meyar və
ölçüyə çevrilmişdir. Təhsilini
başa vurduqdan bir müddət sonra Nizami adına Ədəbiyyat
İnstitutunda ( hansı ki, bu İnstitut həyatı boyu Şirindil müəllim
üçün əbədi istinadgah yeri olmuşdur ) fəaliyyətə
başlayan Sirindil
Alışanlı həmin zamanda "qızıl
dövrü"nü yaşayan, Azərbaycan ədəbi-tənqidi
fikrinin inkişafında xüsusi mövqeyə və çəkiyə
malik Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər,
Məhəmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə,
Mirəli Seyidov, Əziz Mirəhmədov, Kamal Talıbzadə,
Yaşar Qarayev kimi nüfuzlu ədəbiyyatşünasların
əhatə olunduğu elmi mühitdə fəaliyyətə
başlamışdır. Alimin hələ gənc
yaşlarından dövri mətbuatda mütəmadi olaraq
çap olunan məqalələri, xüsusilə, Azərbaycan
ədəbiyyatşünaslığının problemlərini,
müasir ədəbi prosesi yeni baxış bucağından cəsarətli,
prinsipial yanaşmalarla qiymətləndirmə
bacarığı diqqət kəsb etmişdir. Şirindil Alışanlı ədəbi prosesə
keçən əsrin 70-ci illərində professional tənqidçi
kimi gəlmişdir. Tələbəlik həyatını
yenicə başa vursa da, həmin dövrdə Ədəbiyyat
İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin
birgə keçirdikləri Respublika müşavirəsinə
poeziya üzrə məruzəçi təyin olunması da,
onun özünütəsdiqi və tənqidçı kimi
etiraf olunmasından irəli gəlirdi. Həmin illərdə
ədəbi tənqidə yeni qüvvələr, tənqidçilər
nəsli gəlmiş, düşüncə tərzi, ədəbiyyata
baxış nöqteyi-nəzərdən, təhlil və qiymətləndirmə
bacarıqları ilə diqqət mərkəzində olan bu nəslin
nümayəndələri içərisində Şirindil
Alışanlı prinsipiallığı, obyektivliyi, geniş
nəzəri bilik və təhlil bacarığı ilə
seçilənlərdən idi. Elmi erudisiyası, geniş
dünyagörüşü, tələbəlik illərindən
müəllimlərinin formalaşdırdığı fikir
yürütmək, müzakirə aparmaq sərbəstliyi,
yüksək ədəbi-estetik zövqü ilə fərqlənən
Şirindil müəllimin ədəbi-tənqidi arealda cəsarətli
çıxışları, analiz və təhlilləri,
müasir ədəbi proses və ədəbiyyat tarixinin dəyərləndirmə
istiqamətindəki yeni, orijinal yanaşmaları bir tərəfdən
buxovlardan yenicə azad olan ədəbi tənqidin yeni meyar və
ölçülərinin, digər tərəfdən isə ədəbiyyatşünaslıq
elminin nəzəri-metodoloji prinsiplərinin yenidən
qurulması və dəyərləndirmə zəruriliyinin ən
bariz nümunəsi idi. Ədəbiyyatşünas Arif
Əmrahoğlu alimin XX əsr 70-ci illər ədəbi tənqidində
yeri və mövqeyini qiymətləndirərkən bu məqamları
nəzərə alaraq vaxtilə haqlı olaraq qeyd etmişdir:
"Şirindil müəllim kimi istedadlı gənclərin
simasında 70-ci illərin ənənəvi tənqidi yeni ruh
və biçimdə köhnə stereotiplərdən
yaxasını qurtara bildi. Ədəbiyyatın arxasınca sürünən
tənqid ədəbiyyatşünaslığın
önündə getməyə başladı. Ş.Alışanlının
bu yöndəki xidmətləri əvəzsizdir" (Arif
Əmrahoğlu). Şirindil Alışanlı tənqidinin,
ədəbi-nəzəri biliklərinin tətbiq
metodlarının özəlliyi ondadı ki, o Azərbaycan ədəbiyyatşünaslığını
dar, sxematik təhlil üsulundan çıxarmağa sövq
edir, dünya nəzəri fikrində mövcud olan müasir
konsepsiya və metodların nəzəri müddəalarını
Azərbaycan ədəbiyyatşünaslığına tətbiq
etməyə çalışır. Ədəbiyyatımızın
ayrı-ayrı problemlərinin nəzəri dəyərləndirilməsində
Şirindil müəllimin tədqiqatlarının rolu əvəzsizdir.
Alimin hələ keçən əsrin 80-cı illərində
çağdaş ədəbi proses, poema janrının təkamülü,
"Əyanilik və konkretlik" (Müasir uşaq şeiri
haqqında qeydlər), müasir uşaq şeirinin təhlil və
analizi ilə bağlı araşdırması özündən
sonra onlarla bu istiqamətdə aparılan araşdırmalardan
elmi-nəzəri səciyyəsi ilə fərqlənir.
Şirindil
müəllim təhsilini SSRİ Elmlər Akademiyasının
M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda davam
etdirmiş, böyük estetik Yuri Borevin rəhbərliyi
altında romantizm problemi ilə bağlı tədqiqat
aparmış, ədəbiyyatşünas, nəzəriyyəçi
alim kimi püxtələşməsində rus ədəbiyyatşünaslıq
məktəbinin əhəmiyyətli rolu olmuşdur. Həmin illərdə dünyada tanınmış
alimlərlə bir arada birləşmək və aparılan
müzakirələrdə N.Gey, Y.Borev, V.Kojinov və b. nəzəriyyəçilərdən
aldığı dərs, ədəbiyyat nəzəriyyəsi
şöbəsində mütəmadi olaraq çoxcilidliklərin
hazırlanması, ədəbiyyatşünaslığın
müxtəlif problemlərinə dair müzakirələrdə
iştirak alimin elmi inkişafında məktəb rolunu
oynamışdır.
Şirindil Alışanlı həm milli ədəbiyyatşünaslığımızın,
həm də dunya ədəbi-estetik fikrinin təcrübəsinə
bələd olan alimlərimizdəndir. Onun romantizmlə
bağlı ilk tədqiqat əsərində bu
yaradıcılıq metodunun vahid ədəbiyyat kontekstində
izlənilməsi, ədəbiyyatşünaslığın nəzəri-metodoloji
problemlərinə həsr olunan tədqiqatları, Azərbaycan
tənqidinin, elmi-nəzəri fikrinin təşəkkülü
və təkamülünü
yeni baxış bucağından qiymətləndirməsi, ədəbi
prosesin dəyərləndirilməsinə yeni
ölçü və meyarlarla yanaşma metodu poetik fikrin
ideya-məzmun yeniliklərini ümumiləşdirmək və
s. onun elmi yaradıcılığının əsas prioritetlərindəndir.
Azərbaycan ədəbiyyatşünaslığının
nəzəri-metodoloji problemləri, humanitar elmlərin
metodoloji məsələləri, tarixi poetika, müasir ədəbi
proses, bədii metodun tipologiyası onun məşğul
olduğu problemlərdəndir. Alimin "Sözün estetik
yaddaşı" (1994), "Romantizm: mübahisələr, həqiqətlər
(rus dilində) (2000)",
"Ədəbi-bədii düşüncənin sərhədləri"
(2010), "Müasir humanitar təfəkkür və Azərbaycan
ədəbiyyatşünaslığı" (2011),
"Ədəbi-nəzəri fikrin tarixiliyi və
müasirliyi" (2013) kimi sanballı kitabları, 250-dən
çox elmi, ədəbi-ictimai məsələlərə həsr
edilmiş məqalələri Şirindil
Alışanlının ədəbiyyatşünas, tənqidçi
kimi xidmətlərinin geniş miqyasının göstəricisidir.
Alimin "Müasir humanitar təfəkkür və Azərbaycan
ədəbiyyatşünaslığı" adlı
sanballı tədqiqatında böyük bir tarixi epoxanın
müxtəlif mərhələlərində tənqidin dəyişən
və dəyişməyən mövqeyinə, tarixi
dinamikasına, milli irsin yeni metodoloji əsaslarla dəyərləndirilməsində
nəzəri-estetik fikrin mövqeyi, tənqidin qiymətləndirmə
yönlərinə nəzər salınır, bütün bu
məsələlər XX əsr dünya humanitar fikrinin nəzəri-metodoloji
problemləri kontekstində dəyərləndirilir, qoyulan və
qaldırılan problemləri "ümumidən təkə,
yaxud fərddən ümumiyə dönüş istiqamətində
öyrənmək" konseptinə əsaslanır. Obyektiv yanaşma, elmi rassionalliq, prinsipiallıq, dəqiq
analiz və müraciət etdiyi obyekti dar zaman və məkan
çərçivəsində deyil, ədəbi-estetik fikrin
masştablığında dərk Şirindil
Alışanlının tənqid kredosunun əsas mahiyyətini
təşkil edir. Ədəbi fikrin
dövrləşdirilməsi məsələsinə toxunan
alim bu prosesdə müəyyən tarixi təcrübələrə
əsaslanmaların zəruriliyi və əhəmiyyəti
haqqında danışır.
...Professor Şirindil Alışanlının milli-mənəvi
irsimizin təbliği istiqamətində də xidmətləri
əvəzsizdir. Son illərdə ayrı-ayrı elm adamları, filosof,
şair, yazıçı, ədəbiyyatşünaslar
haqqında bilavasitə Şirindil müəllimin təşəbbüsü
ilə çəkilən televiziya filmləri, XX əsr ədəbi-nəzəri
fikrimizin mogikanı Yaşar Qarayev irsinin toplanıb nəşr
olunması istiqamətində apardığı işlər,
xüsusilə uzun illər rəhbərlik etdiyi "Elm",
redaktoru və təsisçisi olduğu "Sabah" nəşriyyatlarında
onun rəhbərliyi altında həm klassik, həm də
müasir ədəbiyyatımız, Azərbaycan tarixi,
musiqisi, incəsənətinin ayrı-ayrı sahələrinə
aid kitabların nəşri buna əyani misal ola bilər. Alimin institutumuzun elmi potensialının yüksəlməsi
və ədəbiyyatşünaslıq elmimizin təbliği
və inkişafında da xüsusi xidmətləri vardır.
Belə ki, onun rəhbərliyi ilə "Azərbaycan ədəbiyyatının
tarixi poetikası" kitabları, "Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası" seriyası, VI cildlik
"Azərbaycan ədəbiyyatı tarixinin sovet
dövrünün və eləcə də VII cildlik Azərbaycan
ədəbiyyatı tarixinin 6-cı cildinin hazırlanması
bilavasitə Şirindil müəllimin adı ilə
bağlıdır.
Artıq
10 ildən çoxdur ki, Şirindil Alışanlı Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr
Azərbaycan ədəbiyyatı şobəsinin müdiridir.
Bu illər ərzində alimin ədəbiyyat tariximizin yenidən,
müasir baxış bucağından dəyərləndirilməsi
və xüsusilə, ədəbiyyatın tarixi təcrübəsinə
əsaslanmalarla tədqiqatların aparılması istiqamətində
gördüyü nəzəri-praktik işlər - "XX əsr
ədəbiyyatı məsələləri"
seriyasından 4 kitabın nəşr olunması,
M.Müşfiq, M.Arif, S.Vurğun, İ.Əfəndiyev kimi
klassiklərin yaradıcılıqları fonunda sovet
dövrü Azərbaycan ədəbiyyatı tarixinin
inkişafının izlənilməsi, tarixi poetika - şeir, poema, dramaturgiya, roman kimi
XX əsr ədəbiyyatı janrlarının
qaynaqlarını, təkamül və inkişaf mərhələlərinin
öyrənilməsi də Şirindil müəllimin nəzəri
görüşlərində olduğu kimi, ədəbiyyatın
dəyərləndirilməsinin sosioloji təhlil metodu ilə
deyil, nəzəri-metodoloji aspektdən qiymətləndirilməsi istiqamətində
apardığı işlərin bariz nümunəsidir.
Şirindil müəllim qədirşünas alimdir. Bu da onun
yüksək insanpərvərliyindən irəli gəlir.
O, müəllimi, yaxın dostu, həmkarı olduğu
insanlara qarşı sağlığında verdiyi dəyəri
yoxluğunda da qorumağı, qiymətləndirməyi bacaran
alimdir... Onun Y.Qarayev, M.Cəlal, Ə.Mirəhmədov və b.
haqqında məqalə, yubiley yazılarında milli-mənəvi
irsimizə, yaddaşa, ənənəyə böyük
ehtiram və sonsuz səmimiyyət duyulur.
Şirindil müəllim ədəbiyyatşünas alim
olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə
malik əsl şəxsiyyət, vicdan sahibidir. Onun rəhbərlik
etdiyi şöbədə hər bir məsələyə təbii
ki, məsələnin mahiyyətindən və
ölçüsündən asılı olmayaraq,
yanaşması və müəyyən problemin
çözülməsi istiqamətində atdığı
addım, verdiyi qərar protokolluqdan, tutduğu mövqedən
tamamən kənardır. Şirindil müəllimlə
ünsiyyətdə olan və onun rəhbərliyi altında
çalışan hər bir həmkara onun müsbət
enerjisi, qayğısı, diqqəti, ədəbiyyatımız,
ədəbi simalarımız haqqında maraqlı söhbətləri
yalnız müdir səviyyəsində məhdudlaşmır.
Mənə elə gəlir ki, əsl alimə verilən
dəyər o xalqın elminə verdiyi dəyərdir. AMEA-nın müxbir
üzvü Kamran Əliyev Şirindil müəllimin 60 illik
yubileyində qeyd etmişdir: "Şirindil
Alışanlını qiymətləndirmək ədəbiyyatı,
elmi qiymətləndirməkdir". Əsl alim,
təmiz vicdan sahibi, bütöv şəxsiyyət, ədalətli,
yüksək mənəvi-əxlaqi keyfiyyətlərə
malik insan Şirindil Alışanlını ədəbiyyatşünaslığımız,
mənəvi sabahımız naminə qorumaq və yaşatmaq
hər birimizin borcudur.
Günay Qarayeva
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.24.