"Anamla bağlı xatirələrim kədərlidi"

 

Vaqif Bəhmənlinin professor Qəzənfər Paşayevlə söhbəti

 

- Atanızı necə xatırlayırsınız, o nə xasiyyətdə adam olub?

- Həddən artıq müdrik adam idi. Xam torpaqlar məsələsi başlayanda böyük qardaşımı əsgərlikdən birbaşa göndərdilər ora. Qardaşım Belorusiyada əsgərlik çəkirdi, şoferdi. Xam torpaqlardan tez-tez məktub yazırdı. Bir dəfə yazdı ki, mənə əlcək veriblər, gələndə sənə gətirəcəm. Bir dəfə stolüstü saat verdilər. Bir gün də yazdı ki, mənə təzə kəstum verdilər. Bir məktubda isə yazdı ki, qağama deynən, məsləhət görsə, bir-iki il qalım burda özümü tutum sonra gəlim. Dedim, ay qağa, qardaşım belə yazıb, nədi məsləhətin? Qayıtdı ki, özün nə istiyirsən yaz, axırda da bir-iki sətir yazmalıq  mənə yer saxla. İndi mən yazıram, bu da gözünün altıynan baxır. Vərəqin axırına çata-çatda dedi ki, indi yaz: "Ora yaxşı torpaq olsaydı, indiyəcən xam qalmazdı. Çıxsın gəlsin". O vədələr bizim kənddə xeyir-şər olanda yeməyi iki adama bir qabda verirlərmiş. Atam təmizkar, səliqəli adam idi. Toya, yasa gedəndə evdən özünə balaca boşqab apararmış, deyərmiş ki, nə bilim yanıma kim düşəcək, bəlkə cavan uşaq olacaq, mən onnan bir qabda nətəri yeyim. Boşqabın göndərərmiş aşpaza ki, payıma düşən nədisə tikə-para öz qabıma çəksin. Beləliklə, o adəti atam aradan qaldırdı. Biz dörd qardaş olmuşuq. Bir qardaşım rus qadından doğulandı. Adını Nikolay qoymuşdular. Anası onu sünnət elətdirməyə qoymurdu. İnstituta girəndə bu bir həftə yoxa çıxdı. Sən demə, həkimə gedib özün sünnət elətdirib. İndi iki oğlu, bir qızı var. Həsən, İbrahim, qız da Şəhla.

- Körpə yaşlardan anasız böyümək nə deməkdir? Ana xatirəsini, ana varlığının anlamını olduğu kimi sizin dilinizdən eşitmək istərdim.

- 1956-cı ildə ki, universitetin tarix fakültəsində xüsusi şərtlərlə oxumaq imkanım olmadı, qayıtdım kəndə. 55-ci ildən artıq bizim kənddə radio qovşağı varıydı, evlərin də hamısına balaca radio cihazları quraşdırılmışdı. Evin arxasında dayanmışdım, birdən radioda Şövkət Ələkbərova oxumağa başladı. Səməd Vurğunun "Məni dəryada qərq etsə də zaman" sözlərini eşidəndə məni dəli bir ağlamaq tutdu. Hönkürtü ilə ağladım. Ürəyimdən keçdi ki, indi anam sağ olsaydı, mən də universitetdə oxuyardım. Anamla bağlı xatirələrim kədərlidi. Atam hərdən yuxuma girir. Hər dəfə də xeyir tapıram. Bir dəfə də yuxuda oğlumu - Muradı tapşırıb mənə ki, onu qoru. Anamı yuxuda heç görmürəm. Bilmirəm, necə oldusa anamın qəbrinin yerin itirdik. Anamla bağlı qəlbimdə bir qübar, nisgil, bir təəssüf  qaldı. Bəlkə də bu yanğını söndürməklə bağlıdı ki, mən bütün imkansız qohumlarımın qəbrinin üstünü düzəltdirmişəm. Nazanı nənəmin qəbrini, dayım arvadı Zərifə bibimin qəbrini, o dayım arvadı ki, oxumağa gedəndə mənə bir köynək almışdı, cibimə bir az pul qoymuşdu. Dayım həmişə pul qazanan olub. Amma yaman da qəribə adamıydı, hamıya əl tutardı. Özü də həmişə tuturdu. Tələbə idim. Amerika səfirliyinin binasının yerində o vaxt Ağ ciyər xəstəlikləri mərkəzi yerləşirdi. Eşitdim ki, Zərifə mamam, yəni bibim, (biz tərəflərdə bibiyə mama deyirlər) ağır xəstədi, orda yatır. Getdim bunun yanına, elə məni görən kimi çığırdı ki, çıx çölə, əlini də heç nəyə vurma, çıx get, oğlum, sənin gələcəyin var, bir də bura gəlmə. Rəhmətə gedəndən sonra onun da qəbrinin üstünü götüzdürdüm. Salatın mamam varıydı. Çoxlu qarğıdalı əkərdi. Gedib onlardan inəyimizə qarğıdalı şaxı gətirərdim. Üç gündən bir bizə bir balqabaq da verərdi. Onun da iki qızının, bir oğlunun qəbrini düzəltdirmişəm. Bir Safa mamam vardı. Bizə çörək bişirərdi, paltarımızı yuyardı. Ağ qan xəstəliyinə tutulmuşdu. Bakıya müalicəyə gətirmişdik. Vəziyyəti ağırlaşanda dedi ki, ay oğul, mənim səndən iki istəyim var. Dedim, nədi, ay mama. Dedi ki, bilirsən, nəvəm Nizaminin anası ölüb, analıq umuduna qalıb, onu oxut, qoy əli çörəyə çatsın. Gətirdim Bakıya, onu oxutdum. Bir də Camal adında oğlu varıydı, o da öldü, uşaqları qaldı başsız. Dedi Camalın oğlu Xəlil də sənə əmanət. Xəlil yaxşı oxuyan uşaq idi. Gəldi, köməklik elədim, ali təhsil aldı. Universiteti fərqlənmə ilə bitirdi. Aspiranturaya hazırlaşdı. Məlum oldu ki, kimya fakültəsinin elmi katibinin oğlu da sənədlərini bura verib. Elmi katib də infarkt olub xəstəxanadadı. Bu yerdə dövlət hesabına ancaq biri oxuya bilər. Abel müəllim onda dekan idi. Axırıncı imtahan xarici dildi, imtahanı mən götürürəm. Abel müəllim dedi ki, Qəzənfər müəllim, indi vəziyyət necədir, sən də bilirsən, neyləyək? Dedim heç narahat olmayın, əgər nazirlik icazə verərsə, mamam nəvəsini mən özüm oxudaram aspiranturada. Çox sevindi. Rektora xəbər çatdı, uşağın atasına xəbər verdilər. Mən o uşağa beş yazdım, amma heç aspiranturanı başa çatdırmadı. Amma Xəlil, maşallah, indi 38 yaşındadı, müdafiəsini də elədi, elmlər doktorudu, professordu. Ona bütün mərhələlərdə Abel müəllimin də çox köməyi dəydi. Yəni dediyim odur ki, yaxşılıq itmir, yerini tutur. Dünyanı nizamlayan bir qüvvə var. Ona kimi təbiət deyir, kimi Allah deyir.

- Bioqrafiyanıza nəzər saldım. Gördüm ki, orta təhsilə bir neçə il gec başlamısınız. Niyə?

- Birinci sinfə gedəndə məktəb direktoru dayım oğlu idi. Mən də papağı  basmışam gözümün üstə, fit çala-çala gedirəm buna tərəf. Ərk eləyirəm də. Ancaq nə bilim, direktor ayrı şeydi, dayıoğlu ayrı. Bu çatanda mənə bir şapalaq vurdu, yıxıldım. Durdum getdim evə, o ili daha məktəbə qayıtmadım. Sonra da universitetə bir il gec getdim. Məktəbdə oxuduğum illər ağır illər idi. Qış vaxtı sinifdə oturmaq olmurdu. Çöldə qar yağır, şaxta, soyuq. İçəridə odun-ocaq, istilik yox. Yadımdadı, biznən Səlyan adında bir qız oxuyurdu. Atası müharibədən qayıtmamışdı (indi müəllimədir), qarda məktəbə ayaqyalın gəlmişdi.

- Barmaq hesabı apardım, İkinci Cahan savaşı başlayanda sizin dörd, bitəndə doqquz yaşınız olub. O bəşəri fəlakətin uşaq qəlbində izləri qalmışdımı?

- Xatırlayıram ki, necə ağır vaxtlar idi. Atam Qovlarda pambıq məntəqəsində işləyirdi. Evə gec qayıdırdı. O vaxtlar palto-zad nə gəzirdi. Atamın qalın sırıqlısı vardı, evə gələn kimi onu mismardan asırdı. Əlimi salırdım o qalıncanın cibinə, iki konfet olurdu həmişə, biri mənə, biri də kiçik qardaşım Ələsgərə. Atam müharibəyə getdi. O iki konfet də bizə çox görüldü. Bir də yadımdadı, camaat o vaxt qarğıdalı çörəyi yeyirdi. Bizdə qarğıdalı çox olurdu. Dayım kənd sovetinin sədri idi. Mənim xatırladığım qədərincə biz ailə olaraq çətinliyi bir o qədər də hiss eləmirdik. Ən qəribəsi budur ki, əsas ağırlıqlar müharibədən sonrakı illərdə başladı.

- 1937-də doğulmusunuz, 1938 ondan da ağır gəldi. Siz doğulandan iki il sonra bəşəriyyətin total müharibəsi başladı. Özünüzü ayağıağır hesab etmirsiniz ki?

- Yaxın dostum Əmirhüseyn Məcidov var idi, televiziyada işləyirdi, "Ozan" verilişini hazırlayırdı. Onun haqqında bir məqaləm var. İkimiz də ağrılı-acılı otuz yeddidə anadan olmuşuq. O, Xızıda anadan olub. Bakıda - Dağlı məhəlləsində böyüyüb. Məəttəl qalırdım, nə təhər olub ki, bu adam folkloru bu qədər dərindən duya bilib. O məqalədə yazmışam ki, biz qəndin, şəkərin nə olduğunu bilməzdik. Çayı şor-pendirlə içərdik. Özü də qara çay yox idi ha. Pəncərə altına qoyulan ətirşah bitkisi vardı, onu qoruyub bəsləyirdik. Yarpağından çay dəmləyib içirdik. Çox ləzzətli də dəmləməsi olur. Heyva ağacının kökündən, budağından çay dəmləyirdilər. Qanlı döyüşlər Azərbaycandan çox uzaqda baş versə də, biz onun acılarını uzun illər öz yurdumuzda aldığımız nəfəslə hiss elədik. Qara kağız gələndə kənddə yas qurulardı. Əksinə, əlim yüngül, ayağım ruzulu hesab olunur. Səhər-səhər bazara gedəndə hamı deyir ki, siftəni bizimlə elə.

- Bir mahnı var:  "Tələbəlik illəri": "Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri"... Sonra tələbə oldunuz, indiyə qədər də tələbələrin əhatəsindəsiniz. Tələbəlik, tələbə adı sizinçün nə deməkdir?

- Ondan şərəfli nə var ki?! Tələbə olmaq o deməkdir ki, insan göylərdə uçur. Ancaq gərək yaxşı oxuyasan. Mən əlli nəfərin içində yeganə əlaçı tələbəydim. Vnetkada şəklim rektorun şəklinin altında qoyulub. Həmin fotoda şəklin altına "əlaçı" sözü  yazılan tək mənəm. Bundan böyük fəxarət nə ola bilər?! Ancaq maddi sıxıntılarım vardı. Mənə birinci kursda ayda 20 manat verirdilər, sonrakı illərdə 34-35 manat oldu. Bu mənim həm yemək, həm geymək, həm kitab-dəftər almaq, həm də yol pulum idi. Bir qom soğan, bir qom kişniş, yarım kilo kartof, bir buxanka çörək... Kartofu qaynadıb yeyirdik. Nəqliyyatdan demək olar ki, çox az istifadə eləyirdim. Piyada gedib-gəlirdim. Kitabxanada işləməyi o vaxtlar öyrəndim. Gedirdim kitabxanaya, qəzet oxuyurdum, kitab oxuyurdum, pulsuz idi. Sıxıntılara baxmayaraq, tələbəlik illərini həmişə sevinclə xatırlayıram. Çünki həmişə seçilmişəm. İqlimə Abbas qızı varıydı, yetimiydi, kursda qalmışdı, biznən oxuyurdu. İndi də yaşayır. Əhməd Seyidovun (millət vəkili Səməd Seyidovun babası) imtahanı çatana yaxın bu qızı tapşırdılar qrup yoldaşım digər Qəzənfərlə mənə ki, bəs siz bunu imtahana hazırlaşdırmalısız. İqlimə Sovetskidə, 1 may küçəsində yaşayırdı. Gedirdik evlərinə, gecə saat 11-12-nin yarısına qədər bu qızı imtahana hazırlaşdırırdıq. İmtahan başlayanda İqlimənin adı bizdən əvvəldə olduğuna görə onu tez çağırdılar. Qız suallara cavab verdi, Əhməd Seyidov dedi ki, yox bu o qız deyil, o belə cavab verə bilməz, mən ondan imtahan götürmüşəm, bilirəm. Dekanı çağırdı, soruşdu, bu nə möcüzədi belə? Dekan Qəzənfərlə məni göstərib dedi ki, bu iki oğlanın hünəridi, onlar hazırlaşdırıblar. Əhməd müəllim dedi ki, imtahan kitabçanızı götürün gəlin yanıma. Kitabçamızı alıb heç nə soruşmadan ikimizə də "beş" yazdı. İqliməyə dörd verdi. Biz də başladıq etiraz eləməyə ki, yox, professor, bizdən soruşun, zəhmət çəkib hazırlaşmışıq, cavab vermək istəyirik.

- Hansı səbəbdən ingilis dilli qərbşünas, həm də türk, ərəb dilli şərqşünas oldunuz?

- Bu mühitin diktəsi idi. Qərbşünas kimi mənim kitablarım, tərcümələrim var. Hələ institutda ilk dəfə ölkəşünaslıq fənnini təşkil eləmişəm. Almanlarda, fransızlarda bu yox idi. Bu fikir hardan yarandı? Mən xaricdə çox işlədim, çoxlu material topladım. Azərbaycana qayıdandan sonra Moskvaya kursa getdim. Moris Torez adına İnstitutda dörd ay rusca ölkəşünaslıq fənnini dinlədim. Geri dönəndən sonra xüsusi məktub aldım, təkrar Moskvaya  qayıtdım, Moskvada Xarici ədəbiyyat kitabxanasının qızıl fondunda mənə araşdırmalar aparmağa icazə verdilər. İngiltərə haqda kitabım çıxdı, dərs vəsaiti kimi. Amerikaya gedəndə Sula Benetin "Necə yaşayasan yüzü haqlayasan" kitabını gətirdim. Aleksandr Dümanın "Qafqaz səfəri"ni gətirdim.  A.Dümanın bu kitabı 1861-ci ildə Fransada çap olunub, 1962-də amerikalılar ABŞ-da ingiliscə buraxıb. Həmin kitabı gətirdim, hissə-hissə tərcümə eləyib "Ədəbiyyat və incəsənət" qəzetində verdim. İngiltərədən "Mavi qatarın sirri"ni gətirdim. Parsi Necat vardı, fars idi,  Axundovdan yazmışdı, Axundovun nəticəsi ilə evlənmişdi. Amerikada 1989-da "Axundovun ədəbi tənqidi" kitabı çıxmışdı, kitabı gətirib tərcümə elədim. Tərcümələrim çoxdu. Şərqşünaslıq da eləcə, onun kimi. Bəkir Nəbiyevin mənim haqqımda bir məqaləsi var, orada yazır ki, Qəzənfər Paşayev Şərq və Qərb ziyalılığının sintezini yaradan bir şəxsiyyətdir.

- Siz heç şeir yazmısınız?

- Tələbə olanda bir dəfə yazmaq istədim, gördüm ki, hər heca, hər qafiyə üzərində gərək nə qədər fikirləşəsən. Adamın nə qədər vaxtı gedir, dedim, ayə Qəzənfər, şeir yazmaq sənlik deyil. Şairlik Allah vergisidi, buna xüsusi qabiliyyət lazımdı.

- Sizcə, şeir nədir və bu gün Azərbaycan poeziyasında gedən proseslərə münasibətiniz necədir?

- Mən bir az mühafizəkar adamam. Səksən az yaş deyil axı. Bütün o prosesləri keçib gəlmişəm. Onu da deyim ki, poeziya həyatı həyatın özündən daha dəqiq, daha yaxşı göstərir. Elə poeziya nümunələri var ki, dinlədikcə yorulmursan, ləzzət alırsan. Elə bir az əvvəl həyətdə radionu dinləyirdim. Aktyor Səməd Vurğunun "Şair, nə tez qocaldın sən" misrası ilə başlayan şeirini söyləyirdi. Oğlum da yanımda idi, bir səhvə yol verdi, dedi ki, filankəsin şeiridi. Dedim yox, a bala, Səməd Vurğunundu. Bu onun rus təhsilli olmasının nəticəsidi. Bu yanlışlıqda mənim də payım var.

- Bu, təhsillə bağlıdır. Təhsil barədə nə deyə bilərsiniz?

- Uşaqlarım rusdilli məktəblərdə oxuyublar, amma bunu günah saymıram, çünki etiraf eləmək lazımdır ki, son dövrlərdə rus məktəblərində daha yaxşı təhsil verirdilər, nəinki Azərbaycan məktəblərində. Niyə gizlədim ki, bəzən Azərbaycan məktəblərində çox cansıxıcı dərs aparırlar. Son illər dövlətimizin bu sahədə mən deyərdim ki, ideal şərait yaratmağına baxmayaraq, düz-əməlli dərs keçilmir. Niyə? Vallah, özüm də məəttəl qalmışam, amma onu bilirəm ki, təhsilə barmaqarası baxmaq  xalqın şüuruna mənfi təsirini göstərəcək. Təhsil, səhiyyə xalqın gələcəyidi. Oğlum Murad yeddi il İngiltərədə oxudu. Birinci il tətilə gələndə dostları ilə zəngləşəndə gördüm çox təəccübləndi. Soruşurlar niyə tez-tez zəng eləmirsən, çıxaq görüşək. Oğlum da deyir ki, axı sizin dərsiniz var, mane olmaq istəmirəm. Nə desələr yaxşıdı? Dərs nə gəzir, nə vaxt ürəyin istəyir zəng elə, vaxtımız var. Bu nə deməkdi? Oğlumun  oxuduğu universitetdə əgər tələbə dərs vaxtı telefon etsə, irad tutarlar, ikinci dəfə töhmət verilir, üçüncüdə onun məktəbdə qalıb-qalmaması müzakirəyə qoyulur. Bir dəfə onun məktəbindən təşəkkürnamə məktubu aldım. Yazırdılar ki, üç il ərzində Murad bir dəfə də dərs buraxmayıb. Nizam-intizam vacib məsələdir. İnsanın zövqünün formalaşmasında, tərbiyəsində bədii ədəbiyyat əvəzsiz rol oynayır. Təəssüf ki, indi məktəblərimizdə bədii ədəbiyyata az yer verilir. Ulu öndər yazıçı və şairləri dilin qurucuları adlandırırdı. Dil elə-belə yaranmır ki. Alman filosofu Leybnisin gözəl bir kəlamı var: "Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət verim". Mədəniyyət göydən düşmür. Başqasından əxz elədiyimiz çox şey var. Ancaq mədəniyyət xalqın özünün diliynən, əxlaqıynan bağlıdır. Bizim Prezidentimizin Milli Konservatoriyanın yeni binasının açılışındakı çıxışı mənə ləzzət elədi. Dedi ki, istəsək də, istəməsək də qloballaşma həyatımıza daxil olur. Həm də təsiredici, zədələyici amilləriynən daxil olur. Bunun qarşısının alınması üçün  gərək insanlarda, xüsusən gənclərdə milli şüur formalaşsın. Milli şüurun təməlində milli musiqi, ədəbiyyat, dil, adət-ənənələr, lap düzü, bunların hamısının açar-kilidi olan milli təhsil  durur. Prezidentimizin bu ideyası təməl ideyadır və bu barədə günlərlə danışmaq olar.

- Günlərin bir günü, professor Qəzənfər Paşayev hansısa bir hekayə, povest, yaxud roman ortalığa çıxara bilərmi?

- Üç il bundan əvvəl "Mirəlinin siğəsi" adlı bir hekayəm çıxıb. Məncə, maraqlı yazıdı. Bir vaxtlar türmə həyatından bir povest yazmağa başladım. Orta məktəbdə mənimlə bir oxuyan dostum var idi. Rəşid Qasımov, türmədə işləyirdi. İmkan yaratdı, getdim,  müəyyən hadisə və faktları da öyrəndim. Bu povesti tamamlayıb çap eləməyi çox istəyirdim. Amma işin çoxluğu, bir də səhhətim imkan vermədi. O vədələr çox ağrıyırdım.

- Mövzu olaraq niyə türmə həyatını seçmişdiniz?

- Həm o ağırlığı göstərmək istəyirdim, təsirli və tərbiyəvi əhəmiyyəti olsun deyə, həm də bəzən vicdansızlıqlar da baş verirdi, günahsız adamlar cəza çəkirdilər. Tələbə vaxtı da hekayələr yazırdım. Toplaşıb ədəbi məclislərə gedirdik. Lenin adına kitabxana varıydı, orda yığışırdıq. Fərman Kərimzadə, Əlibala Hacızadə də gəlirdi. Müharibədən bəhs eləyən "Ürəkdə məşəl" adlı hekayə yazdım o illərdə. Qəhrəmanımın biri azərbaycanlıdı, digəri özbək. Azərbaycanlının gözü tutulur. Özbək elə hey buna ürək-dirək verir, kömək eləyir. Bir gün bunun gözünü əməliyyat eləyirlər, sağalır. Gözünü açan kimi deyir ki, bəs bu adam hara getdi, nooldu. Sən demə, özbəyin də gözü kor imiş, heç bunun üzünü görməyib, elə səsinnən tanıyırmış. Bu hekayənin başına belə bir iş gəldi, ad çəkmək istəmirəm, indi tanınan bir adamdı, götürüb mənim hekayəmi öz adından təqdim eliyib müsabiqəyə. Hekayə birinci yeri tutub, beş min də pulu qatdıyıb qoyub cibinə. Məsələ qaldırdım, işin üstü açıldı, Mürşüd Dadaşov bu barədə bir felyeton yazdı. Bir gün Nəsir İmanquliyev məni çağırdı yanına. Cabir Novruz ordadı, Qeybulla Rəsulov vardı, bu da ordadı. Məni apardılar Nəsir müəllimin otağına. Qorxuram, düzü, hay-küy salıb bütün ictimaiyyəti ayağa qaldırmışam. Nəsir müəllim kreslodan durub özü mənə tərəf gəldi, əl verdi, görüşdük. Oturduq. Dedi, oğul, bu adam mənim tələbəmdi, bir qələtdi eləyib. Ola bilər də iki adam eyni fikri burada da düşünə bilər, ayrı ölkədə də. Dedi ki, mən sənin haqqında hər şeyi öyrənmişəm, yaxşı tərcümələr eləyirsən. Sən başla, ingilis dilindən Azərbaycan dilinə tərcümələr elə, biz də qəzetdə çap eləyək.  Bu işdən də vaz keç, o da cavandı, özünə qəsd eləyər, peşimançılıq olmasın. Dedim, baş üstdə, Nəsir müəllim. Ondan sonra  bu  rəhmətlik məni tərcüməyə bir az da həvəsləndirdi. Sonralar onun haqqında bir məqalə yazdım, amma həmin hadisəni də yazmadım.

- "Altı il Dəclə-Fərat sahillərində" adlı unikal bədii-publisistik əsər yaradandan sonra nəyə görə təkrarən folklorşünas alim mövqeyinə üstünlük verdiniz?

- 1969-cu ildə Kərkük dialektindən namizədlik müdafiə elədim. Akademik Məmmədağa Şirəliyev mən İraqa getməmişdən əvvəl dedi ki, oğlum, bu böyük şansdır, orada azərbaycanlılar yaşayır, yaxşı olar ki, onların dialektini tədqiq eləyəsən. Onu dinlədim. Kərkük fonetikasından müdafiə elədim. Dedim ki, qalan hissəsini də doktorluq işi yazaram. Sonra Şirəliyevin məsləhəti ilə folklor hissəsini götürüb işlədim. Eyni anda həm bədii tərcümə və digər işlərimlə də məşğul olurdum. Məmmədağa müəllimlə Abbas Zamanov elə bil ikisi də bir-birinin fikrini oxumuşdu. Dedilər ki, nə qədər sağıq, doktorluq müdafiə elə, biz də rahat ölək. Bunu da elədim. Qarşımda heç bir maneə yox idi. Yazdığım əsər tam orijinal, işlənməmiş mövzu idi, onu istədiyim vaxt müdafiə eləyə bilərdim. Allah onlara qəni-qəni rəhmət eləsin. Düz 20 il ingilis dili kafedrasının müdiri olmuşam. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişəm. Bu 20 il ərzində Qərb ədəbiyyatına xüsusi önəm verdim. Folklorla məşğul olmağıma gəlincə, Kərkük folkloru həqiqətən çox zəngindi. Folklor qan yaddaşıdı. Əsatir və bayatılar, dastan və lətifələr, xoyratlar hədsiz zəngindir, dərindir. İnsanın həyatını tamamlayan və onu yaşadan, xalqın bütövlüyünü təmin edən, onun mənəviyyatını qoruyan folklordu. Folklor ciddi bir elm sahəsidir, yazılmamış qanunlar məcəlləsidir. Xalqın təkzibolunmaz tarixidir. Əsrlər keçəndən sonra xalq nəynən tanınır? Milli musiqi də var, amma görürsən onu da oğurlayırlar. Deyirlər mənimdi. Amma folklorla dil belədir ki, min illər keçsə də xalqı yaşadır. Xalqı yaşadan dil və folklordur. Dili yaşadan isə xalqın şairidi, yazıçısıdı.

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 sentyabr.- S.8-9.