Güntay Gəncalpla dialoqumuzun davamı
II silsilə.
3.Tarixi inkişafın qaynaqlarının
axtarışı
Dəyərli Güntay! Sən Avropanın inkişafını təbiət şərtləri ilə bağlayırsan, halbuki sivilizasiyaların yaranması və inkişafı, hər hansı bölgənin önə çıxması çox mürəkkəb bir gedişatdır; bir çox şərtlərə bağlıdır (siyasət, sosiologiya, iqtisadiyyat, hüquq, yaşam şərtləri, etno-kültürəl və intellektual səviyyə); təbiət bu şərtlərdən yalnız biridir. Təbiət gözəlliyi, su bolluğu əsas olsaydı, onda gərək dünyanın ilk uyğarlıqları və mədəniyyətləri də Avropada yaranaydı.
Bir neçə həftə öncə Türkiyədə Kəmərlitəpə məbədinin qazıntılarına baxmağa getmişdim. 12 min il öncənin abidəsidir. Yaxınlığında Harran şəhərinə, dünynın ilk universitetlərindən birinin, təəssüf ki, yalnız xarabalıqlarına baxdım. Burdan cənuba gedərsən dünyanın ilk uyğarlığına beşik olmuş Babilistana çatarsan. Şumer mədəniyyətini quranların Avropa dərdi yox idi və dünyanın bir çox ciddi tarixçisi şumerləri Turan irqindən hesab edir. Azərbaycanın quru çölləri də burada yaşayanlar üçün sən dediyin kimi, cəhənnəm olmayıb. Əgər insanoğlu, heyvan kimi, yalnız otu və suyu bol olan səmtlərdə məskən salmaq həvəsində olsaydı, onda gərək Yer üzünün bütün əhalisi, sənin cənnət kimi təsvir etdiyin Avropya doluşaydı. Halbuki, belə deyil. Hər topluma, xalqa öz Vətəni cənnətdir. Bu haqda maraqlı bir lətifə var, eşitmiş olarsan: İki çukça oturubmuş Asiyanın lap şimal-şərq ucunda, çılpaq, soyuq qayaların üstündə. Qarşıda Şimal Buzlu okean. Burdan tənha, ucqar, boş, mənasız yer təsəvvür etmək olmaz. Onlardan biri o birinə deyir: "İstəyirsən sənə siyasi anekdot danışım!” Yoldaşı tez etiraz edir: “Amandır, danışma, yoxsa bizi sürgün edərlər!”
Təsəvvür elə, hara sürgün edilsələr, ordan yaxşı olacaq, lakin o ucqar və əbədi buzlaq vətənini tərk etmək onlar üçün faciədir...
Dünya tarixi ziqzaqlı bir xəttə bənzəyir, bir bölgə yüksələndə başqa bölgə enir. Avropa bu gün öndədir və bunun çoxlu səbəbləri var: bu səbəblərin heç də hamısı İslamın bizi geri qoyması və ya bizim zəifliyimizlə bağlı deyil. Sadəcə, Avropa vaxtında ayıldı, okeanlara çıxdı, dünya ticarət yollarını nəzarətə götürdü, sümürgəçiliyə başladı, varlandı, elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsinə böyük sərmayə qoydu, demokratik dəyərləri və qanunları önə çıxartdı, dində islahat aparıb, cahillik dövrüylə vidalaşdı, antik uyğarlığı öyrəndi, dirçəltdi və s. Lakin bundan öncə tam min ikiyüz il (VI-XVIII yüzillər) Avropa Şərqdən çox-çox geridəydi. Avropanın bu “müzəffər” yürüşü də əbədi deyil. Hesablamalara görə, bu yüzilin sonunda, əgər fövqəladə hadisələr baş verməsə, Şərq bütün parametrlər üzrə yenidən Avropanı geridə buraxacaq.
Biz Amerika kəşf etmirik, filosofları və tarixçi alimləri yüzillərcə düşündürmüş məsələlərdən danışırıq. Keçmişin dərki qədimdən bəri fəlsəfənin əsas mövzularından biri olmuşdur. Ötüb keçənlərə hansı prinsipllərlə yanaşmaq lazımdır? İnsan cəmiyyətinin inkişafı hansı şərtlərə bağlıdır, insan keçmiş dəyərlərini ələyib, saf-çürük edib gələcəyi üçün təcrübə bazası yarada bilirmi, keçilən yollar, gələcək yolların bəlirlənməsinə yardım edirmi, insanoğlu öz səhvlərindən nəticə çıxararaq cəmiyyəti inkişaf yolunun yeni mərhələlərinə qaldıra bilirmi? Tarixin hər hansı bir qanunauyğunluğu varmı, yoxsa əbədi bir xaosun içindəyik, insan cəmiyyətini və ayrı-ayrı xalqları gələcəkdə nə gözləyir? Bugünkü həyat və fəaliyyət şərtləri cəmiyyətin və tarixin gələcəyinə yön verə bilirmi?
Onu da deyim ki, tarixçilər arasında təbiət nəzəriyyəsindən, coğrafi- tarix nəzəriyyəsindən başqa nəzəriyyələr də var. Bunlardan bir neçəsini xatırlatmaq istəyirəm:
1. Teologiya nəzəriyyəsi - yəni tarixi (və ya zamanı) dəyişən qüvvə inanc və Allahdır;
2. Metafizik nəzəriyyə - yəni tarixi dəyişən taledir;
3. İdealist nəzəriyyə - yəni tarixi dəyişdirən insanın dini-elmi-mənəvi yaşam tərzidir;
4. Naturalist nəzəriyyə - yəni tarixi dəyişən güc insan təbiəti, onun cəhdləri və əməlləridir;
5. Materialist nəzəriyyə - yəni tarixin təkanverici gücü- iqtisadi münasibətlərdir...
Bioloji-antroploji faktorları, xalqların etnik özəlliklərini əsas götürən və ya Şərqin kainatı bütöv görən, bütün olayların səbəbini kosmosda, Yer-Göy birliyində axtaran, İnsana Tanrının bir zərrəsi kimi baxan və dünyanın inkişafını da insanın kamilləşməsinə bağlayan çoxlu başqa yanaşmalar da unudulmamalıdır.
Fikir ayrılıqları və tarixi faktları subyektiv dəyərləndirmələr tarix elmini, A.Toynbinin ifadəsiylə desək, “faktlar sənayesinə” çevirib.
Sən bunlardan yalnız birindən danışırsan. Halbuki, bu amillər, güclər hamısı ya bir yerdə, ya da tək-tək xalqların taleyində və tarixində rol oynayıblar. Sənin müzakirəyə çıxartdığın son min ilin türk-Azərbaycan tarixində də bu amillərin çoxu bu və ya digər çəkildə rol oynayıb. Ən çox təsir göstərən də din faktorudur...
Lakin alimlər dəbdəbəli adlar altında nə qədər nəzəriyyələr düşünsələr də, bir reallıq inkaredilməzdir. İnsanların və xalqların gələcək tarixi bugünkü iqtisadi, mədəni, mənəvi, əxlaqi münasibətlərinin, yaşam tərzinin təsiri altında biçimlənir. Yəni həyat tərzi dəyişəndən sonra, sənin dediyin yüz səfəviyyəçilik ənənəsi olsun, insanı əski çərçivələrdə saxlaya bilməz. Buna görə də əsas görəv millətin həyat tərzini dəyişmək, insan haqlarının, demokratiyanın, dil və kültürün qorunub uluslararası kurallara yaxınlaşdırılmasıdır. İranda həyat şərtləri dəyişildikcə, sasanizm ənənələri də, səfəviçilik də mifə və nağıla çevriləcək; cəmiyyəti miflər idarə eləmir, dünyanı bürüyən texnoloji gəlişmələr sayəsində dünyanı yenidən kəşf edən münasibətlər və kürəsəl güclər idarə edir, sərhədlər və anti-insani yasalar getdikcə mənasını itirir. Egitim və kültürəl gəlişmə məktəblərdən evlərə daşınır. Ən zəif, savadsız xalqlar da bu proseslərdən kənarda qala bilməz...
4. Türklər ikinci minillikdə doğrudanmı
heç bir iş görməyiblər?
Yazırsan: “Yalnız biz türklər Səlcuqlar zamanından etibarən geniş bölgədə iqtidarı ələ keçirdiyimizdə, bütün bu mədəni gəlişmələrin (antik ədəbiyyatın ərəbcəyə çevrilməsi nəzərdə tutulur) önünə divar hörərək, Orta Doğunu fəlsəfəsi, elmi olmayan bir qaranlığa çevirdik”.
Buna bənzər ittihamlar yazında dəfələrlə təkrarlanır: ”Öylə ki, Səlcuqludan Osmanlının sonuna qədər 1000 illik uzun zaman dilimində Əl- Xarəzmi, Biruni, Fərabi, İbn-Sina gibi alimlər yetişmədi”; “Bizim qurduğumuz imperatorluqlardan heç bir maddi-mənəvi olaraq bir əsər miras qalmamışdır”; “...türklərin Qəznəvilərdən Osmanlıya qədər qurduqları imperatorluqlarında elm və düşüncədən əsər-əlamət olmamışdır”; “Ən ədalətsiz və əzici imperatorluq düzənini türklər qurmuşlar”; “... İrandakı türklərin xarici dil bilgisi olmadığından tarixin qaranlığına gömülü qaldılar”; “Qızılbaşlarda doğa çətinlikləri ilə qarşılaşacaq əqli birikim və dənəyim yox idi”...
Başa düşmürəm, min il ərzində Avroasiyanı ölməz memarlıq əsərləriylə, şəhərlərlə, yollarla, karvarsaraylarla, körpülərlə donatmış, İpək yoluna nəzarət etmiş böyük bir millət haqqında heç bir əsası olmayan, belə alçaldıcı hökmü vermək cəsarətini sən hardan alırsan? Axı bu cümlələrin hamısı böhtandır və vaxtılə mənfur “Ocaq” kitabında Zori Balayanın biz ”vəhşi türklər” haqqında dediklərindən heç nə ilə fərqlənmir. Hələ 1988-ci ildə nəşr olunmuş “Ömür kitabı”nda mən Balayanın “vəhşi türklərin” guya heç bir sənət əsəri yarada bilməmələri böhtanına cavab verərək yazmışdım: ”Türk xalqları Səmərqənd, Buxara, Xivə, Herat, Tac-Mahal möcüzələrinin - onlarla bir-birindən gözəl, dünya şöhrətli memarlıq incisinin yaradıcısıdır.” İndi dünyanı gəzib görəndən sonra bu cümləmə türklərin böyük quruculuq və yaradıcılıq qabiliyyətini göstərən onlarla başqa dəlillər də əlavə edərdim...
Sənin bu bir neçə cümlənə ətraflı cavab verilsə, iri bir kitab yaranar. Son əsrlərdə Avropa sürətlə irəli çıxsa da, orta yüzillər türk dünyasını tamamilə qaranlığa gömülmüş saymaq günahdır. Qısaca bir neçə faktı sənə xatırladım: elm sahəsində Nəsrəddin Tusinin triqonometriyanın əsasını qoyan kəşfləri, (Avropa onu hələ 16-cı yüzilin əvvəllərindən - Romada nəşr olunmuş kitabından tanıyırdı), rəsədxanası, onun ardınca Səmərqənddə Uluqbəy rəsədxanası, sənətdə Naxçıvan abidələri, Təbriz miniatür məktəbi və xalçaçılıq, bütün Anadolunu bürüyən Səlcuqlu memarlıq nümunələri, Azərbaycanda və İranda Şah Abbasın tikdirdiyi saraylar, karvansaralar, körpülər, camelər, bütün Balkanları və Ağ dəniz hövzəsini bürüyən möhtəşəm Osmanlı memarlıq inciləri (təkcə Rodos adasında vaxtilə Osmanlının tikdirdiyi və bu gün, təəssüf ki, unudulmuş doqquz möhtəşəm came var), onlarla mühafizə qalası və s. və i.a. Bəli, bu min ildə türklərdən Fərabi, Biruni yetişmədi, lakin eyni məntiqlə demək olar ki, başqa yerlərdə də Kaşqarlı Mahmud, Yusif Balasaqunlu, Yəsəvi, Yunis Əmrə, Nizami, Nəsimi, Füzuli... və nəhayət, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli yetişmədi.
Sənin yazılarından birini oxuyanda Doğu Anadoluda, Şanlıurfada Ağqoyunlu hökmdarı Uzun Həsənin tikdirdiyi camenin önündə oturmuşdum, Çinarlı həyətin ortasıyla axan bol sulu kəhrizdə uşaqlar çimirdilər, içəridə etnik kökləri fərqli olan yüzlərlə türk, kürd, ərəb, suriyalı eyni və sarsılmaz Allah eşqiylə dünyanin müsəlmanlarla haqsız rəftarını, İslamı terrorla bağlamağın yanlışlığını, həmin gün fələstinlilərə Əl-Əqsa camesində namaz qılmağa izin verilməməsini pisləyən çox sakit, dolğun, inamlı və haqqa söykənən bir xütbə dinləyirdilər.
Səlib yürüşü bitməyib, Avropa mərkəzçiliyi xəstəliyə çevrilib. Türk-islam dünyasına yüzlərlə böhtan atılır. Lakin ədalət naminə deməliyəm ki, Avropa, Amerika alimlərinin türk xalqları və dövlətləri haqqındakı əlimə keçən onlarla kitabının heç birində sənin kimi bir inkarçılıq yoxdur. Sevməsələr belə, alim vicdanları onlara müəyyən həqiqətləri gizlətmək imkanı vermir. Düzdür, Göytürklər, Qaraxanlılar çağlarının böyük türkçüklük ruhu bu minilin müəyyən dönəmlərində xeyli zəifləmişdi, lakin bu min il həm də türk dilinin misilsiz şeir, nəsr və dram əsərləri yaratmaq qüdrəti qazanması ilə nəticələnmişdir. Az-az xalqda bu minilə türklərin yaratdığı qədər zəngin yazılı və şifahi ədəbiyyat ola bilər.
Nəhayət, türklər ədalətsiz və əzici olsaydılar, bu qədər geniş coğrafiyada bu qədər dövlətlər qurub, xalqları idarə edə bilməzdilər. Dünya bu gün də həmin təcrübəni öyrənir.
Türklər
ədalətsiz olsaydılar, bu gün, sən də daxil
olmaqla, onların zəifliyi və qüsuru kimi təqdim edilən
hal - yəni gəldikləri yerlərdə ciddi assimilyasiya
siyasəti aparmamaları, hər kəsi zorla öz dillərində
danışmağa, onlar kimi yaşamağa məcbur etməmələri
baş verməzdi. Amma onların bu toleyrantlığı həm
də uzunömürlü hakimiyyətlərinin səbəbi
olmuşdur və bunu bütün ciddi alimlər dəfələrlə
yazmışlar.
SABİR RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti.- 2017.- 9 sentyabr.- S.21.