Elə qəşəng
olur ki,
ayrılığın səhəri...
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Çarpayın da tərtəmiz,
Bircə qırışı olmur.
Dünya dediyin şeyin səninlə işi olmur.
Otağın səndən küsür,
Yatağın səndən küsür.
Xəyalındakı ailən, uşağın səndən küsür.
Sən isə öz-özündən,
Hər kəlmən, hər sözündən,
Lap həyatın özündən, elə rahat küsürsən,
Bir metr ip gəzirsən!
Təsəlli baş daşları papiros kötükləri.
Aşıb-daşan külqabı.
Gülündən qopardılan, yanı çatlaq gülqabı...
Ağzın da zəhər dadır.
Mədənin qıcqırtısı,
Lap təzəcə doğulmuş
O körpə ayrılığın, göz yaşı, hıçqırtısı...
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Ölümlə arandakı məsafə bircə qarış.
Daxilində anandan,
Daxilində atandan,
Daxilində bacından, nə olar ölmə deyə,
Hönkürtülü yalvarış.
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Səni səndən gizləmir
Nə günəş şəfəqləri,
Nə səhərin saflığı, bu qəmi təmizləmir!
Yarıaçıq pəncərə...
Otaq səndən üşüyür.
Gecə yuxusuz olan,
Gecə sevgisiz qalan,
Yataq səndən üşüyür.
Üşüyər dodaqların,
Ölüm səndən utanar.
Elə zülüm çəkərsən,
Zülüm səndən utanar.
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Sonsuz hesab etdiyin bir sevginin
sonusan.
Daha başa düşürsən,
İxtisasın ayrılıq,
Sən öz ixtisasının qırmızı diplomlusu,
Ayrılıq məzunusan!
Elə qəşəng olur ki...
Suriyadan məktub
Salam şair əmi!..
Bağışla ki, sənə atəşli salam
yollaya bilmirəm.
Bütün atəşlər burda məşğuldu.
Düzü, mən də çox məşğulam...
Bacım kuklasının qolunu itirib, ağlayır.
...sakitləşdirə bilmirəm,
Hələ öz ayağından
xəbəri yoxdu,
onu da bir az olar
itirib.
Demişəm pişik aparıb.
Mənə çörəyin ətrini
yollaya bilmərsiz?
Darıxmışam.
Əlli
nağıl bunnan qabaq anamı da
dəmir leyləklər
apardı.
Ondan da çörək ətri gəlirdi.
Atamı
axırıncı dəfə
görəndə
öz saqqalının
içində yoxa çıxdı.
Bir də sizdə yağışlar var deyirlər qurğuşunsuz
yağışlar...
Suyundan barıt
iyi gəlməyən
yağışları deyirəm.
Varsa, ondan da yollayarsız,
Yox, yox özümçün
demirəm... bacım istəyir...
Mən kişiyəm! Qorxmuram!
Sizin Cırtdana da deyin ki,
burdakı divlər 60
ton ağırlığındadı.
Özü də hər güləndə bir dəmir dişi çıxıb bir evi yıxır...
Səsləri də qəribədi,
elə bil cənnətlə cəhənnəm
bir birinə çığırır!
Hə, bir də ki,
burda güllələr
də çox ədəblidi,
böyüklü-kiçikli, kimi görsələr görüşürlər...
Nə isə, şair əmi...
Sən Tanrı
ilə danışa bilirsən deyirlər.
Ona deyə
bilərsən bacımın
ayağını qaytarıb
versin?
Özüm güclə ayaqda
dayanmışam,
Artıq
bacımı qollarımda
tuta bilmirəm...
Minnət
kimi çıxmasın,
səhər azan səsinə
oyanmışam.
axşamdı, bomba səsindən yata bilmirəm!
Cavab gözləyirəm....
***
Birdən
ağlım karıxdı,
Nağıl olmaq istədim.
Mən də Məlikməmməd tək
oğul olmaq istədim.
Div adlı dərd
var idi bir
quyunun dibində.
Mən əlləri
cibində sadəlövh
Məlikməmməd.
Yaxalaşdım o divlə, gördüm ki, təqsiri yox.
Demə bu nağılda da biri varmiş,
biri yox.
Elə əsəbiydim
ki, qaya yara bilərdim.
Nə yalvara bilərdim, nə ağlaya, nə gülə,
Sonunda razılaşdım,
çıxıb getdim
divgilə.
Muma dönmüşdüm
sanki, eləcə əriyirdim.
Mən öz dırnaqlarımı, div də
məni yeyirdi.
Birdən qız səsi gəldi.
Əvvəl nəfəsi gəldi...
Adı ağrılar
idi, divin nəvəsi gəldi.
Bir az içim
ağrıdı,
qolum, qıçım
ağrıdı.
Gördüm ki, kəfənlənir
Yayın
cırhacırında elə
bil qar yağırdı...
qara saçım ağrıdı.
Divin iştahı
böyük, ülfəti
geniş idi.
Dost-tanışı yaman
çox, külfəti
geniş idi.
Nəsə böyüdü məclis...
Əvvəl yorğun küçələr,
Sonra,
soyuq gecələr,
Əzablar
hönkürtülər,
gəlib tökülüşdülər.
Canıma
doluşdular,
Ruhuma bulaşdılar,
Üzümə qırışdılar,
Nə bir salam
verdilər, nə bir söz soruşdular.
Hamı
yeyib doyurdu,
Hərə nəsə alırdı.
Hələ məclis sonuna
disertə göz yaşımla, cavanlığım
qalırdı.
Acığımdan gülürdüm, öz içimdən ölürdüm.
Dırnaqlarım qurtardı, mən acından ölürdüm.
Dedim göydən üç alma düşəcək, bəlkə yedim.
Vaxt necə tez ötüşdü,
göydən üç
alma düşdü.
Üçü də əzik-üzük.
Dil açıb danışdılar
Budur payına qalan...
üç alma elə
bizik.
Yalan... yalan... və yalan...
...TAPILMAZ...
Bilirəm, ömür də sirdi.
And olsun səbrim
dəmirdi.
İçimi qəmim gəmirdi
-
çölümü yeyən
tapılmaz!
Bu belə dünyadı atam!
Mən belə
dünyada yadam.
Hərdən günah edər
adam,
Üzünə söyən tapılmaz.
Bu ömür atın çaparsan,
Sənindi hara aparsan,
Yolüstü bir dərd taparsan,
Mənimdi deyən tapılmaz.
Mən doğulandan beləyəm,
Beşiyəm qəmə,bələyəm!
Qorxuram ölüb eləyəm,
Dizinə döyən tapılmaz!!
Habil Rzanur
Ədəbiyyat qəzeti.- 2017.- 9
sentyabr.- S.3.