Qeybdən gələn səslər: radio
və Səməd Vurğunun ölümü
Qərib bir səs gəldi bu
gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən...…
S.Vurğun. "Bir səs…"
1956-cı il mayın 12-si. M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında Səməd Vurğunun anadan olmasının 50 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilir. Yubilyar özü bu gecədə iştirak etmir. Səməd Vurğun can üstədir. Amansız xəstəlik dahi şairi yorğan-döşəyə salıbdır.
Amma həmin gecənin radiofonik effekti tamam bambaşqaydı. Elə situasiya da, sözlərin mənası da tamam fərqli idi. "Gecəni radio ilə verirdilər. Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb gecəyə qulaq asırdı…" (Elçin. "Əlimdəki hələ qələm"). "Azərbaycan", 1956, N-10). Radio qeyri-adi bir sosial məkandır: şair evdə yatağında uzanıb çıxışları dinləyir, səslərin və sözlərin sehri onun yaddaşını oyadır, fikri xəyalında dağı-arana, aranı dağa aparır.
Gecəni giriş sözü ilə S.Rəhimov açır və çıxışını dua ilə tamamlayır: "İndi anadan olmasının 50 illiyini qeyd etdiyimiz bizim Səməd Vurğun sözün əsl mənasında xalq şairidir. Bu ad ona çox gözəl yaraşır. O, xalqını çox sevdiyi kimi, xalq da onu sevir. "Zəncinin arzuları" müəllifi heç bir zaman öz kökündən qopmur. O öz vətəninin sadiq bir övladıdır, öz yurd-yuvası ilə fəxr edir. vətən də ona çox yaşa şair, çox yarat, şair, deyir".
Sonra M.İbrahimov şairin yaradıcılığı haqqında məruzə edir.
Natiqlər tribunada bir-birini əvəz edir.
K.Simonov söz alır.
A.Fadeyevin təbriki
oxunur…
Ünvanına dünyanın ən tərifli və xoş sözləri deyilir. Və birbaşa şairə
müraciət edirlər.
"Əziz Səməd,
bilirəm, indi mənə qulaq asırsan, ona görə də bilavasitə sənə müraciət edib deyirəm, əzizim Səməd…" - Konstantın
Simonov mikrofona yaxınlaşıb
və çıxışına
belə başlayır.
Xəstə şairin radio ünsiyyəti
spiritizm (ruhları çağırma) seansını
xatırladırdı. Gecədə ona xitab edən
hər kəs əslində onun ruhuna xitab edirdi
və ruhunu çağırırdı.
Şair isə uzaq-yaxın ellərdən və şəhərlərdən gəlmiş
qonaqların sözlərini
eşitsə də, onları görmürdü,
çünki radio elə
bir məkandır ki, orada insanın
üzü də və bədəni də yox olur. Radio insanın səs obrazını yaradan, dinləyicinin diqqətini özünə çəkən
magik texniki vasitədir. Çağdaş media araşdırcıları qeyd
edirlər ki, radioda qapının cırıltısını eşitmək
televizor ekranında həmin qapını görməkdən daha təsirlidir. Axı səs
obrazları öncə
şüurumuzda yaranır,
ona görə də kollektiv təhtəlşüurun arxetiplərinə
təsir etmək gücünə malikdir.
(Q.Başlyar)
Şair onların hər birini şəxsən tanısa da, radio qeyb aləmindən gələn səslər kimi onları görünməz etmişdi.
S.Vurğun radionu sevirdi. Saz havalarını,
Xanın ecazkar səsini çox dinləmişdi. Canının ağrısını, yorğunluğunu
çıxartmışdı. Qəhrəmanları da radioya biganə deyildi. Məsələn:
Gülzarın yanında
orta dirəkdən
Asılmış radio deyir
ürəkdən.…
"Kənd səhəri"
Yaxud:
Radionu qurdu
Aygün bir səhər çağı,
Qulaq verdi
konsert
verən yoldaşlarına.
Gah qaraldı ağ sifəti
bulud sayağı.
Gah sevindi tələbəlik sirdaşlarına
"Aygün"
Radio gecənin səs obrazlarını o qədər mistik effektli etmişdi ki, böyük şair bəzən bu
"dinləmələrə" dözmürdü. Rus şairi Pavel Antokolski də həmin gecəni yaxşı xatırlayır:
"O qulaq asır və göz yaşları dönə-dönə
onu boğurdu. Çıxış edənlər bunu
bilir və mikrofonla bilavasitə ona müraciət edirdilər. Biz onu bilirdik ki, bizim
gözəl dostumuzun xəstəliyi ağırdır…"
Xüsusilə də dostu K.Simonovun
sözlərini axıra
qədər dinləməyi
bacarmamış, radionu
söndürməyi xahiş
etmişdi" ("Mən
ellər oğluyam". Bakı, 1984).
Şairin ən yaxın dostu, "Saşa" dediyi Aleksandr Fadeyev həmin gecədə iştirak etmirdi. Teleqram göndərmişdi:
"Əziz
dostumuz Səməd Vurğun!
Sənin vüsətli poeziyan sovet xalqlarının yaratdığı ən gözəl poeziyanın kəhkəşanında parlaq
ulduz kimi səfəq saçır. Müxtəlif xalqlardan olan milyonlarla sovet adamı sənin poeziyanı sevir. Mən çoxdan bəri sənin şeirlərinə
məftunam. İstedadının yüksək inkişaf səviyyəsində olduğunu
söylərkən özümü
bəxtiyar sanıram.
Sənə uzun illər ömür və səadət, daha əlli il məhsuldar
yaradıcılıq arzu
edirəm. Sənin dostun Aleksandr".
Xalq yazıçısı
Elçin xatirələrində
qeyd edir ki, "bircə gün sonra - mayın 13-də isə A.Fadeyevin "vaxtsız və faciəli surətdə həlak olduğu" xəbəri
yayıldı və indiki kimi yadımdadır,
mən həmin xəbəri eşidəndə
ilk növbədə Səməd
Vurğun haqqında fikirləşdim…
…Bu teleqram da oslun ki,
A.Fadeyevin son teleqramı
idi. Hər halda son təbrik
teleqramı idi".
Epistolyar janrın nümunəsi olan bu teleqram
əslində dünyalar
arasında mistik əlaqənin ifadəsi idi. Yəni bir gün sonra intihar edəcək A.Fadeyevlə bağlı
"o dünya"nın
Səməd Vurğuna
qara xəbəri idi. Elçin yazır: "Sonralar, illər keçdikdən sonra, Yusif Səmədoğlu
mənə danışdı
ki, A.Fadeyevin həlak olması xəbərini Səməd
Vurğundan gizlədiblər,
amma həmin faciədən bir gün keçmiş səhər yuxudan ayrılan Səməd Vurğun nigarançılıqla
soruşub: "- Saşaya
nə olub? Qarışıq yuxu görmüşəm…"
Vaqif Səmədoğlu
da həmin yuxunu yadında saxlamışdı: "Bir
gün sonra, 14 mayda atam yuxu
görür. Ayıldı
və soruşdu: Saşa Fadeyevə nə olub? "Heç nə" - anam cavab verdi. O dedi: - "…Yuxuda görürəm ki, hansısa bir Avropa şəhərindəyəm.
Heç kim
yoxdur. Birdən görürəm yuxarı mərtəbədən
Fadeyev çağırır.
"Səməd, yanıma gəl!"
Ola bilsin ki, London şəhəriydi, 1945-ci ildə
orda bir yerdə olmuşduq…" (Keramova Ş. "Məndən
sonra dəniz qalır", rus dilində)
Dostun ölümü dosta tez əyan olur
- yuxu və teleqramın radioda səslənməsi ruhların
görüşünü "təşkil etmişdi".
Axırda Səməd Vurğunun məktubu oxundu. Mehdixan Vəkilovun
oxuduğu bu məktub da "o dünyadan bu dünyaya" bir simvolik işarə idi. Şair artıq "bu dünya"da bir neçə günlük
qonaq olduğunu bilsə də, yenə də şüurunda həyat eşqi yanırdı:
"Mən bugünkü
məclisdə müvəqqəti
bir səbəbə görə istirak edə bilmirəm... Ümidvaram ki, yaxın gələcəkdə… görüşərik.
Sizin Səməd Vurğun".
Radio şairin
dünyalarca sevdiyi xalqı ilə virtual
"vəhdəti vücudu"
idi və "şüuraltı ölümün
tərəfində olan"
(A.Adalis) şairin taleyini toplum düşüncəsinə yansıdırdı.
Teatrda hamı sanki antik faciənin iştirakçısı və
tamaşaçısı idi,
bu da "şairin ünvanına deyilmiş xoş sözlərin hamısına
fəci bir ahəng verirdi. O axşam
bunu hamı bildiyindən bütün teatr nəfəsini çəkmədən çıxışlara
qulaq asırdı".
(P.Antokolski) Sanki bir katarsis məqamından
yaşanılırdı. Onlar Səməd Vurğun üçün üzü
maskalı aktyorlar kimiydi, onların səsi antik xorun çıxışına
bənzəyirdi. "Bu xor"un radio versiyası Səməd Vurğunun tale faciəsinin
miqyasını qavramağa
imkan verirdi…
Səməd Vurğun beləcə onu sevənlərdən ruh kimi ayrılırdı. Fələk də, radio da Səməd Vurğunun ruh olduğuna, deyəsən, inandıra bilmişdi…
Rüstəm KAMAL
Ədəbiyyat
qəzeti.- 2017.- 9 sentyabr.- S.13.