Bəxtsiz arzuların zoğalı rəngi

 

Ömrün uşaqlığı  vətəndi  bəlkə,

Sonra əldən çıxıb  itən  vətəndi...

 

(ANAM!.. Dava-şavanın, təkliyin, kimsəsizliyin, köməksizliyin, varlı və yoxsul qarşıdurmalarının nə olduğunu anlamayan yaramaz uşaqlığım, yerinə yetirilməsi heçmümkün olmayan arzularıyla o talesiz qadının  başına elə olmazın oyunlar  açacaqdı ki?! İndi yaşın yetmiş səkkizində o uzaq illərin anama  dərd gətirən keçib getmiş, enerjisi boyadımış, hardasa gecolsa gözü doymuş arzuları andıqca və anamın soyuqdan, şaxtaqabardan çat-çat olmuş  qarşılığında oğlu tərəfindən heç nə almamış əllərini xatırladıqca göyür-göyür göynəyir, hönkür-hönkür ağlayıram. Amma bu ağlamağın kimə nə faydası?)

Anamı ilboyu velosiped istəyimlə o qədər bezdirmişdim ki, - qağayın canı üçün, qoy payız gəlsin, meyvələr yetişsin, satıb sənə velosiped alacam, ümidli sözlərini azı yüz dəfə təkrarlamışdı. Payız yetişibbiz ana-bala zoğallı meşədəyik. Çəpəki Günəş işıqları saralmağa başlayan yarpaqlara yansıyıb qan qırmızı zoğalları alov rənginə boyayır, hələ tam yetişib lalıxlamamış meyvələr uzaqdan-uzağa gəl-gəl deyir. Canımı dişimə tutmuşam, zoğal yarpaqları üz-gözümü dalayıb ülgüc kimi kəssə də, budaqdan asdığım qarğı səbətə minbir həvəslə zoğal yığmaqdayam, aradabir qonşu ağaclarda səbətini doldurmağa çalışan anamın səsi gəlir, yenə məni həvəslədirməyindədir: - Hə, gözümün işığı, dər görək, hansımız çox  dərəcəyik?

…Səhərin tülküdurmazından yoldayıq. Kənddən rayon mərkəzinə azı on yeddi kilometr yol var. Hava hələ yenicə ağarcıqlaşır. Anam zoğal dolu səbəti belimə şəlləyib, lap əhlilləşdirilməyə çalışılan vəhşi ürgə  kimiyəm, vücudum heç zaman alışmadığı yükə dilsiz müqavimət göstərməyindədir. Şəlləyin kəndiri çiyinlərimi kəsir, amma velosipedin xatirinə səsimi çıxarmıram. Məni əziz-xələf kimi böyüdən anam da vəziyyətimi yaxşı görür, amma onun öz yükü özünə bəsdi. Səhərin acı yeli arandan dağlara doğru əsməyində, qoynuma, qoltuğuma dolub yaxası açıq köynəyimi bayram şarı kimi şişirtməyindədir. Canıma, üşütmə dolur. Bu üşütmə təkcə payız obaşdanının ayazından deyil, həm də içimdə hələ bazara-rayon mərkəzinə qədər neçə qəbiristanın yanından keçmək qorxusu da var. Gündüz olsaydı, nə vardı, obaşdanın alatoranında keç görüm bu qəbiristanlqların yanından necə keçirsən?! İçimdəki qorxunun əsas günahkarı anamdan başqası deyil. Neçə dəfə mənə-özünü qurddan-quşdan qoru, atan bizə dost yerinə düşmən qoyub gedib, a dərdin ürəyimə, sözləri içimin içində özünə elə yer eləmişdi ki?

Hələ qəbiristan goreşənləri ilə bağlı kənddə dolaşan söz-söhbətlər… Ağzı yanmış  qonşu arvadları elə bil bir-birinə him-cim eləmişdilər, birinin yerinə beşini danışırdılar… Doğrudur, indi tək deyiləm, anam yanımdadı, amma  atamın düşmənlərinə, ya da elə məzar goreşənlərinə anam nə edə bilərdi ki?! Belimdəki yükün ağırlığı bir tərəfdən, o biri tərəfdən də içimi dolduran qarabasmalar yolboyu davam edəcəkdi. Birgözümüzü açacaqdıq ki, Uzun yoldayıq. Uzun yolun belimdəki şəlləkdən nə  xəbəri?! Rayon mərkəzinə 10-15 kilometr qalmış dağ ətəyindən dəmiryoluna qədər aran zəmilərini kitab səhifələri kimi ikiyə ayırıb ortasından keçən dümdüz bir yoldu bu, getdikcə qurtarmaq bilmir, keçib qurtarana qədər də yüksüz adamınkı adama dəyir, o ki qalmış, yüklü olasan

Hava ağarcaqlaşmağa başlayır, bunu Uzun yol boyu sıralanan elektrik, telefon dirəklərinin görünməsindən də bilmək olur. Əvvəllər saymışdım, Uzun yolun başından dəmir yoluna azı iyirmi dirəyin yanından keçməliyik. Bu mazut qoxulu dirəklərin qara görkəmi rüzgarlı havada səs-səsə verən dəmir məftilləriylə uzaq-uzaq şəhərlərdən gələn yeniliklərin xəbərçisi kimi hər gördüyümdə səbəbi bilinməyən bir duyğu ilə xəyalımı qanadlandırıb yerindən oynadır, məni görmədiyim diyarlara, bəlkə arzusunda olduğum velosipedin buraxıldığı yerlər səsləyir. Kürəyimi zoğal səbəti əysə də, çiyinlərimi səbət bağlanan kəndir yağır etsə də, bu mazut dirəkləri saya-saya yanlarından keçdikcə dözüb dururam və mənə elə gəlir ki, bu dirəklər məni qatar ayağına, bazar yerinə, alacağımız velosiped dükanına bir az da yaxınlaşdırır. Yenə dirəklərarası çəkilmiş məftilləri Kürdən əsən yellər dil-dil ötdürüro dil-dil ötən məftillərə pozulmaz bir nizamla düzülən sığırçınların səhər nəğməsi başlayıb, hardasa Kürün o biri sahilində Ceyrançöl tərəflərdə Böyük Qafqaz dağ zirvələrinin ardından dünyaya çıxmağa çalışan günəşin ilk şəfəqləri onların qanadlarında bərq vurur. Elə bilirəm sığırçınlar səhər-səhər ya bizi, ya da  günəşi qarşılamağa çıxıblar. Nədənsə mənə elə gəlir ki, sığırçınların məftil üzərindəki bu pozulmaz cərgəsi günəşin ilk şəfəqləri altında şişə çəkilmiş köz üstündəki kabab tikələridir. Bu bənzətmələr içimdən keçdikcə öz-özümü qınamağı da unutmuram: indi sənin bunları düşünən vaxtındı?

Şəlləyin kəndiri çiyinlərimi kəssə də, alacağımız velosipedin xatirinə səsimi çıxarmıram. (Meşədən min zülm-zillətlə düşürdüyümüz zoğalı  satacaq və mənə velosiped alacaqdıq, anamın  verdiyi vəd beləydi. Və beləcə bu vədin arxasınca dişimi dişimə sıxıb bazara - ümidə doğru addımlarımı saya-saya irəliləyirəm.) İmkanı daxilində məni əziz xələfi kimi böyüdən anam  düşdüyüm vəziyyəti yaxşı görsə də, sanki özünü görməməzliyə vurur, onsuz da öz yükü özünə bəsdi. Yol acı bağırsaq kimi uzanır. Tovuz hara buradı...

Deyəsən bazara bu səhər alatoranında hamıdan qabaq biz çatmışıq. Yavaş-yavaş hava aydınlaşır, çevrəmizi qonşu kəndlərdən gələn adamlar bürüyür, alatoranda güclə seçilən qaraltılar yavaş-yavaş kölgədən adama çevrilir. Tərs kimi də hamının gətirdiyi zoğaldı. Satıcı bolluğu, alıcı qıtlığı azmış kimi velosiped satılan dükan da ikiaddımlığımızdan boy göstərib gəl-gəl deyir. Həm də ikitəkərli, üçtəkərli bu velosipedlərin təzə rənginin bayıra çıxan qoxusunu bazarın kəsafət iyi də batıra bilmir.

Satılmayan zoğal səbətlərimizlə dükan pəncərələrindən aydınca görünən qəttəzə velosipedlərin arasında qalmışdım, neçə dəfə qəsdlənirəm ki, gedib onlara lap yaxından baxım, anam imkan vermir: - Görmürsənmi adam əlindən tərpənmək olmur, bura sən gördüyün kənd yer döy, istədiyin yerdən vurub çıxasan, bazardı, itazarının  nə qədər oğrusu, cibgiri, dələduzu desən burdadı, otur, oturduğun yerdə, qoy zoğalımızı satax, sonra onsuz da o velsəpedlərdən (Anam velosipedi belə adlandırırdı) biri sənindi.

İçimdə yüz dəfə üzümü göylərə tutub: -Ya Allah baba, elə elə ki, zoğalımız satılsın, məni naümid qoyma, - deyib yalvarsam da, payız gününün altında qaldığından  içindəki meyvələri bir az da qızarıb lalıxlamış səbətlərimizə yaxın düşən yoxdu

Gün günortadan əyilir, bir az əvvəl bazarı çil-çıraqban eləyən qüruba doğru əyilməkdə olan günəşin sozalmaqda olan şəfəqləri mənim velosiped arzularım kimi öləziməyindədir. Axşamacan çox olsa beş-on kilo zoğal satmışdıq. Mən isə anamı məcbur edirəm ki, gedib velosiped satandan xahiş etsin ki, nə olar, bu günə pulumuz bu qədərdir, qalanını da gələn bazar günü verərik, oğlumun arzusunu gözündə qoyma, onsuz da dükan ağzına qədər velosipedlə doludur, alanı da yoxdur.

Anam uzun müddət dediklərimi qulaq ardına vursa da: -Nisyə kimdi bizə velsəped verən, a dərdin ürəyimə, eybi yox, bu həftə olmasın, gələn həftə olsun, gələn həftə gələndə meyvəylə bahəm toyux-cücə də gətirər, satıf istədiyin velsəpedi alarıx, - desə də, mən ayaqlarımı yerə vurub ikidəbir anamı dümsükləyib məcbur edirəm ki, gedib dükan satıcısından xahiş eləsin ki, nə olar, bu günə pulumuz bu qədərdir, qalanını da gələn bazar zoğal, toyuq-cücə satıb verərik, oğlumun arzusunu gözündə qoyma əmisi, onsuz da dükan ağzına qədər velsəvetlə doludur, alanı da ki, yox.

Anam dediklərimi uzun müddət qulaq ardına vurur, amma sonra təkidim işə yarayır,  nə ağıl eləyirsə, köpü hələ sönməmiş ağzıyarım səbətlərimizi qonşu qadına tapşırıb əlimdən tutub məni velosiped satılan dükana doğru aparır. Ürəyim sinəmə sığımır, gup-gup gupbuldayır, bəs necə, anam satıcı oğlanı qılıqlayıb yola gətirəcək və o da velosipedlərdən ən gözəlini seçib mənə verəcək, mən də elə dükan qapısından çölə çıxan kimi illər uzunu həsrətini çəkdiyim velosipedin belinə atlanacaq, axşamüstülərin əl-ayaq yığışından adamları seyrəlməkdə olan bazar boyu süzdürəcəm və adamlar baxıb heyrətlənəcək, hamıdan da çox anam: -Ay başına dönüm, bu uşaq, bu velsəved sürməyi harda öyrəndi?

(Harda öyrənəcəkdim? Elə gecə olubmu ki, yuxularımda velosiped sürməmiş olum?!)

Anam ağzına qədər velosipedlə dolu olan dükana girdikdən sonra  tərəddüd içindədi, piştaxtalara, təzə əşyalarla dolu rəflərə göz gəzdirib nəyisə götür-qoy edir, elə bil tərəddüdünü yenmək üçün vaxt qazanır, böyrünü kəsdirib durmasaydım, tumanının ətəyini dartışdırmasaydım, dilindən qıfıl açılmazdı. Bəlkə də təkidimə uyub dükana girdiyinə görə min peşimandı, amma geri qayıtmağa da yeri qalmayıb. Köynəyinin yaxasından tüklü  sinəsi görünən satıcı oğlan başqa alıcılarla işini bitirib biz tərəfə yönəlir, zəhmli baxışlarından: - Nədi, nəyə  gəlifsiz, nə istəyirsiz - sualları yağan gözləriylə anamın da, mənim də nimdaş əyin-başımızı narazı-narazı süzür. Və artıq bu gözlərin sahibindən fayda gəlməyəcəyini bilə-bilə anamın tumanının ətəyini bir də dartışdırıram: niyə dillənmirsən, nəyə gəldiyimizi niyə demirsən?

Elə bil anam mənim bu gözlənilməz ətəkçəkişdirməyimdən özünə gəlib ümidsiz əllərin girdi-çıxdısından kənarları didilmiş yan cibindən satdığımız beş-on kilo zoğaldan aldığımız on-on beş manatı daxılın üstünə qoyub, üzünə üz bağlayıb handan-hana cavan satıcıya fikrini kəkələyə-kəkələyə çatdırır: (Əslində dediyi sözlər anamın yox, mənim ona dediyim sözlərdi, sözü sözünə əzbərləmniş kimiydi) - Bu günə pulumuz bu qədərdir, qalanını da gələn bazar zoğal, toyuq-cücə  satıb verərik, oğlumun arzusunu gözündə qoyma əmisi, onsuz da dükan ağzına qədər velsəvetlə doludur, alanı da ki, yox,  olardan birini  mənim oğluma ver, no..?!

Cavan satıcı anama sözünün  ardını gətirməyə  macal vermir: - Ay arvad, heç nə danışdığını bilersən, bura səninçün bazar deyil ey, devlət dükanıdı, bizdə nisyə mal verilmir, başımı boşuna ağrıtmayın, - deyib bağırır,- tez olun, tez olun, sürüşün burdan, tez olun, haydı, haydı.

Dünya gözlərimdə qaralır, illər uzunu uzaqdan-uzağa həsrətiylə yaşadığım velosipedlə dolu bir dükan olaonlardan birini də sənə qıymayalar. Özümü necə bayıra atıram və min bir əziyyətlə, bəlkə min ağacdan topladığım bir səbət zoğalın içinə çarıqlı-corablı girib xıncım-xıncım edirəm, corablarım zoğalın qırmızısından qan rənginə boyanır. Anam hərdən məni kişi qırığı bilib sapı sümüklü bıçağı əlimə verib beçə kəsdirəndə, beçənin kəsik başından fışqıran qanının yun corablarımı qanqırmızı etməyi vardı. Bəlkə insan arzuları da canlıdır, onun da başı kəsiləndə tökülən qanı qanqırmızı olur, bilmirəm.

bu zaman nədənsə  mənin uşaq ağlıma elə gəlir ki, tapdalanan, qanına qəltan olan, xıncımlanan  min bir əziyyətlə dərdiyim zoğal deyil, elə mənim başa varmayan yetim, başı kəsilən arzularımdır ki, hələ ömür yollarımda dəfələrlə beləcə üzü qızarıb, boynu buruq qalacaq...

 

Məmməd İSMAYIL

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 sentyabr.- S.20.