Tək adamın
"tək"i - Bir romanın izində
Mən dünyaya gələndə
Orxan Fikrətoğlu ədəbiyyata gəlmişdi. Yəni, yer
üzündə öz dünyasını yaratmaqla məşğul
idi. Bundan əvvəl yazdığım
cümləni xahiş edirəm qəribçiliyə
salmayın. Bu, hər hansı
yazıçının haqqında deyilən klişe fikir
deyil. Orxan Fikrətoğlu doğrudan da ədəbiyyatda
özü üçün bir dünya yarada bilən
yazıçılardandır və onun bu dünyası adi məntiq
qaydalarıyla işləmir. Sadə,
absurd, futurist, sakral hekayələr Orxan Fikrətoğlunun
dünyasının əsasını təşkil edir.
Bir müddət əvvəl
yazıçının "Tək" romanını birnəfəsə
oxudum. Hətta özünə də zəng edib, bu nəfis
əsərə görə təşəkkür elədim.
Çox istəyirdim həmin roman haqda bir
yazı yazım, lakin ssenarilər, layihələr
başımı elə qarışdırdı ki, istədiyimi
həyata keçirə bilmədim. Keçən dəfə
kitabxanamı səliqəyə salanda kitabların arasında
qara üzlü bir kitab diqqətimi çəkdi. Bu, bir müddət oxuyub təsirində
qaldığım "Tək" romanı idi. Hiss elədim
ki, yaddaşım qeyri-iradi olaraq əsərdəki
obrazları xatırlayır, hadisələri canlandırır
və məni sanki təşviq edir ki, həyata keçirə
bilmədiyim niyyətimi gerçəkləşdirim. Mən də roman haqda yazmağa qərar verdim.
Əvvəl istədim, kitabı yenidən oxuyum
sonra fikrimdən daşındım. Ağlıma
qəribə bir fikir gəldi. Diqqətlə
və birnəfəsə oxuduğum bu romandan ancaq
yaddaşımın divarına yapışan süjeti,
obrazları, hadisələri, fikirləri yazsam deməli, əslində
mənə əsərdə nələr maraqlı gəlibsə
onları da yazmış olacam. Ona görə
də "Tək"i Orxan müəllimin digər
kitablarının yanında yerbəyer edib yazı masasına
oturdum.
Şərqli
nağılbazın modern nağılları
Romana başlamazdan əvvəl əsərin
ruhunu tam ehtiva etməkdən ötrü
yazıçının yaradıcılığından bir az söz açmaq istəyirəm. Orxan Fikrətoğlu ən birinci mənim
üçün nəfis hekayələr ustasıdır.
Yarımqaranlıq otaqda o hekayələri ləzzətlə
oxuduğum gecələri necə unuda bilərəm?! Bəs nədir Orxan Fikrətoğlunun hekayələrinin
ləzzəti, sehri, özünəməxsusluğu?! Bax, bu məqamda diqqətli
olmaq lazımdır. Çünki istər-istəməz
incə bir məsələnin üstünə gəlib
çıxmışıq.
Çox qəribə də olsa, bunu
yazıb daha sonra xırdalamağa cəhd edəcəm.
İndi bu yazını yazdığım yarımqaranlıq
(və səliqəsiz ) otağımda
Orxan müəllimin hekayələrini
oxuyanda mənə elə gəlir ki, köhnə Şərq
ölkəsində bir qəhvəxanadayam və müdrik bir
sufi nağıllar danışır, hekayələr uydurur. Hə...
məhz Şərq ölkəsi. Məhz
müdrik sufi....
Bilirəm bir az qəribə
fikirlərdi amma indi daha konkret olmağa çalışacam. Orxan Fikrətoğlu neçə əsr bundan
öncəylə bu, günkü günə metafizik
körpü sala bilən yazıçılardandır. Bəlkə də iki nəfərdən biridir.
Bəlkə də yox, elə iki nəfərdən biridir!
İlk baxışdan
modernist, absurd hekayələr kimi görünən bu əsərlərin
dərinliyinə varanda görürsən ki, bu hekayələr
sənə nəsə deyir, bu yazılanlardan yüzillərin
nəfəsi, hənirtisi duyulur. Sanki müdrik sufinin
üslubu dəyişib, danışdığı əhvalatlar
dəyişilib, amma mahiyyət eynidir. Ən
ironik hekayədə belə Şərq istiliyini duymuşam.
Sanki yazıçı rasional təfəkkürlə
metafizika arasında itmiş rabitəni bərpa etməyə
çalışır, bəzən bunun üçün dəridən-qabıqdan
çıxır, bəzən də belə olmalıdır
deyib barışır. Bu iradə azadlığı və fatalizm
çarpışmasının özü də ortaya
maraqlı əsərlər çıxardır. O zaman
bir sual çıxır ortaya. Əsərdəki
heçlik ab-havası, sıxıntı ovqatı hardan
qaynaqlanır?! Axı şərqdə
sıxıntı yoxdur, axı Şərqin kədəri də
şirindir?! Orxan Fikrətoğlu itirilmiş Şərqin
yazıçısıdır və həmin
sıxıntı sadəcə səhrada su axtaran yolçunun
axtarışından başqa bir şey deyil...
Sizin doxsanlar.
Bizik doxsanlar
90-ların ədəbiyyatının
özünəxas cəhətlərindən biri də ədəbi
üslub axtarışlarıyla səciyyələnir. Özlərindən
əvvəlki yazıçıların yazı
manerasını, üslublarını, ədəbi
priyomlarını təkrar etmədən yeni ədəbi
üslub yaratmaq cəhdləri maraqlı tapıntılarla nəticələndi.
Yuxarda qeyd etdiyimiz kimi, Orxan Fikrətoğlunun
hekayələri də üslub baxımından fərqlənir,
təhkiyənin özü səni orijinallığıyla cəlb
edə bilir. Sanki yazıçı
köhnə nağılların sonunu yenidən işləyir
və yaxud da ardını yazır. Sanki
bununla özünü sakitləşdirir, real həyatdan
qaçmaq üçün yol axtarır. Ancaq
nağılların sonu həmişə xoşbəxt olur.
Lakin Orxan Fikrətoğlunun hekayələrindən
sıxıntı, boşluq, heçlik qoxusu gəlir. Həm sufinin nağılları, həm də
heçlik qoxusu. Qəhvəyi ziddiyyət.
İki düşüncənin
qarşıdurmasına yeganə səbəb var; mənim
dünyaya, Orxan Fikrətoğlunun ədəbiyyata gəldiyi
qarışıq 90-cı illər.
Həmin xaotik illər, meydan
hərəkatı, azadlıq yanğısı, gəldi-gedər
"qəhrəmanlar" həmin dövrün gənclərində
idealların dağılmasına, idilliyanın məhv
olmasına gətirib çıxardı. Hər şey dağılandan sonra isə
həmişə bir nəsnə mövcud olur. Qocaman bir
heçlik...
Orxan Fikrətoğlunun
bütün əsərlərini oxuyanda, verilişlərini izləyəndə,
filmlərinə baxanda həmin heçliyi və həmin
heçliklə gah barışmağını, gah da
mübarizəsini hiss edirəm. Bu mübarizənin ən
böyük cəng meydanı isə yazıçının
"Tək" romanıdır.
Tək romanı və
ya güzgü məsələsi
"Tək" romanı qarabağlı bir
oğlanın həyat tarixçəsidir. Kitabı
oxuyanda isə diqqətli oxucu fəhm edir ki, həmin oğlan
müəyyən qədər Azərbaycanı simvolizə
edir. Hətta hadisənin ekspozisiyası da
ermənilərin Qarabağa hücumu ilə başlayır.
Əsərin qəhrəmanı dünyaya fiziki
qüsurla gəlir. Bir gözü
olmadığı üçün ona "Təkgöz"
deyirlər. Hətta nənəsi də
daim buna görə giley edir, əzab çəkir. Atası kəndin hörmətli tarix müəllimidir
və oğluna çoxlu tarixi əhvalatlar danışır.
Bəzən tarixdə olmayan əhvalatları da
uydurur. Uşaq atasının bu əhvalatlarıyla
böyüyür. Birinci şəxsin
dilindən nəql olunan təhkiyədə obrazın dilindən
atasına olan münasibəti görünür. Deyir ki, atam hadisələri indiki zamanda qavraya
bilmirdi, gərək baş verənlər keçmişə
çevrilib tarix olaydı ki, atam hadisələri dərk edə
bilsin. Çünki onun üçün
tarixdən kənar heç bir şey yox idi.
Yazıçının bu dünyada başqaları kimi ola bilməyən
adamların faciəsini, həyata qarşı təkliyini
açmaq üçün istifadə elədiyi bir fənd var
ki, gərək onu mütləq qeyd edəm. Təkgöz
öz atasını yadına salarkən deyir ki, atam hətta
iki-üç şahmat fiquru icad etmişdi, lakin şahmat
taxtasının xanalarında yer tapa bilmədiyi
üçün bu kəşfini heç kimə demirdi...
Gecənin bir aləmində
ermənilər kəndə hücum edirlər. Ata öz
tarixi ərazisini tərk edə bilmir, əvəzində
oğluna silah verir, anasıyla qaçmasını
tapşırır. Deyir, əgər
görsən ki, ermənilər ananı tutublar silahla birinci
onu vur, sonra özünü. Qorxma, bu elə-belə
oyundur. Tarixçi özü isə tüfəngini
götürüb tarixə çevrilmək üçün
döyüşə başlayır...
Kəndin mollası, əvvəllər
şair olmuş, hətta ölüləri də çox vaxt
şeirlə basdıran Molla Vəli qadınları,
uşaqları cığırla başqa rayona aparan zaman ermənilər
onların qarşılarını kəsirlər... Molla Vəli nə qədər and-aman edirsə, ermənilər
ona qulaq asmır. Bu vaxt onlardan biri Təkgözün
anasına yaxınlaşır. "Aşot,
bugünkü döşəyini tapmışam" deyir.
Qadın oğluna sarılır. Bu vaxt qəfil güllə səsi eşidilir, bir
neçə saniyə sonra qadın yerə sərilir. Ermənilər çaşıb qalırlar,
çünki gülləni atan onlar deyil. On
iki yaşlı Təkgöz öz anasını
öldürür. Ermənilər güllənin kənardan
atıldığını güman edir, ara
qarışır, qırılanlar qırılır,
qaçanlar qaçır.
Bu hadisəylə də qəhrəmanın
daxili konflikti yaranır. O, ömür boyu bu yüklə yaşamağa məhkum
olur.
Kinodrmaturgiyaya dair kitabların bir
çoxunda eyni fikrə tez-tez rast gəlirəm: "Ssenaridə
zahiri konflikt yaratmaq süjetin sturukturundan asılı məziyyətdir.
Lakin daxili konflikti yaratmağın konkret bir yolu
yoxdur. Bunu ancaq yaradıcı təfəkkürlə,
əsl istedadla etmək mümkündür". Sözsüz ki, bu fikri yalnız ssenariyə deyil, bədii
əsərə də şamil etmək olar.
Yazıçı burda unikal
daxili konflikt yaradıb. Atasının dediyinə əməl edən
uşaq tapşırığı axıracan yerinə
yetirmir. Belə ki, anasını
öldürür, lakin özünü öldürməyə
gücü çatmır. Qorxur!
Süjeti çox qısa
şəkildə yazmaq istədiyimdən dolayı detalizasiyaya
yuvarlanmaq istəmirəm. Ona görə də hadisələri
bir az sürətli şəkildə
yazıb təhlil etmək fikrindəyəm.
Təkgöz bir çoban
vasitəsiylə Ağdama gəlir. Amma orda da vəziyyət
ürək açan deyil. Orda uşaq evinə
düşən Təkgöz gecəylə ağdamlı bir
qızla azuqə dalıyca uşaq evindən
çıxıb tanımadığı yolla gedir,
çayın qırağına gəlib çatanda
anlayır ki, yolu azıb. İran sərhədində
onları tuturlar. Uşaq elə bilir ki, öz dillərində
danışan bu cənublu adam onlara kömək
edəcək. Lakin elə olmur. Əksinə, onu möhkəm döyürlər,
ağdamlı qızı isə zorlayırlar. Təkgöz qorxunu canlı olaraq o qızın
gözlərində görür.
Bir alverçi tərəfindən
yazığı gəldiyi üçün alınan Təkgöz
Bakıya gətirilir. Həmin adam çarəsizlikdən
uşağı əqli inkişafdan qalmış uşaqlar
üçün xəstəxanaya yerləşdirir. Təkgöz artıq həyatla mücadiləsini
Bakıda davam eləməyə məcbur olur. O, xəstəxanadan
çıxır, maşın təkəri qaraldır,
şüşə silir, pul qazanır. Bir
gün Samir adlı bir uşaqla dostlaşır,
uşağın atası çox varlıdır. Onlar Təkgözü də himayəyə
götürürlər. Sanki həyat onun
üzünə gülməyə başlayır. Təkgöz bir gün Samirin bacısı Dilarəni
məktəbdə bir oğlanla öpüşən
görür, oğlanı döyür, Dilarə isə
qorxusundan evdə hər şeyi başqa cür
danışır. Deyir ki, o məni zorlamaq istəyirdi, sinif
yoldaşım onunla dalaşdı. Bundan qəzəblənən
Samir Təkgözü bıçaqlayır. Samirin atası Təkgözə Samirdən şikayət
etməməyi xahiş edir. Təkgöz
razılaşır, Samirin atası onu mədrəsəyə
gətirir, bundan sonra burda yaşayacağını bildirir.
Əbədi
Fatalizm oyunu və ya Faili-muxtarlıq məsələsi
Mədrəsə həyatı Təkgözün taleyinin tamamilə dəyişməsinə gətirib çıxarır. Bəs bunu özümü edir, yoxsa hər şeyə qadir olan Allah?! Əsəri oxuduqca yazıçının nə demək istədiyini anlamaq üçün müxtəlif cəhdlərdə bulundum. Əslində çox rahatlıqla əsərin konsepsiyasına uyğun gələn bir neçə cümləni seçib ideya adına əsərə vermək olardı. Ancaq bu, sadəcə naqis bir hal sayılardı. Mənim iliklərimə qədər işləyən bu əsərin əsl cövhərini tapmaq istəyəndə yuxarıda da yazdığım cümlənin üzərində dayanmalı oldum. Bütün bunları Təkgöz özümü edir, yoxsa hər şeyə qadir olan Allah?! Orxan Fikrətoğlu mənə görə romanda bu fikri aydınlaşdırmağa çalışıb. Yəni əsərin mahiyyəti hər şeyi edən Allahdır, yoxsa insan özü də nələrəsə qadirdir, yəni iradə azadlığı var?! Yazıçı bu təzadlı fikri süjetdə elə əridir ki, sən özün də Təkgözlə bərabər bu iki ziddiyyətli fikrin içində azıb qalırsan. Təkgözün mədrəsə həyatından qısa şəkildə söhbət açandan sonra bu məsələnin üzərinə yenidən qayıdarıq.
Təkgözü mədrəsədə Əmir Tarik adlı bir adam qarşılayır. O, həmin mədrəsənin şeyxidir. Əmir Tarik diqqətlə Təkgözə baxaraq onu bura Allahın göndərdiyini deyir.
Qarabağdan çıxandan bu günədək həyatla mübarizə aparan, həyatın "tarix olmayan tərəfində" yaşayan Təkgöz burda özünü çox rahat hiss edir. Çünki bura onu Allah gətirib. Bunu ona mədrəsənin şeyxi Əmir Tarik deyəndən sona anlayan Təkgöz həyatda tək olmadığını, Allahın ona rəhmi gəldiyini öyrənir. Mədrəsədə ona namaz qılmağı, dini ehkamları öyrədirlər. Mədrəsədə təlim görən hər kəs bir-birinin qardaşı sayılır. Namaz qılan zaman çiyin-çiyinə dayanırlar ki, aralarına şeytan girməsin. Mədrəsədə dünya siyasətindən, güclü dövlətlərdən, haqq döyüşündən dərslər keçirlər. Təkgöz öz "qardaş"larından öz fəhmi, bacarığı ilə fərqlənir. Əmir Tarik də bunu təqdir edir, deyir tezliklə səni başqa yerlərə hazırlığa yollayacam, çünki Allah belə məsləhət bilib. Hətta Əmir Tarik Təkgözə yeni ad qoyaraq bundan sonra adının Cəfər olduğunu bildirir. Təkgöz hər gecə yatanda, özüylə tək qalanda fikirləşir ki, deməli, bütün bu ağrılar, əzablar Allahı bu günə qədər tanımadığına görəymiş. Atasının dinlə arası yox idi. Atası Allahı tanıyırdı dini yox. Amma indi Cəfər Allahı da tanıyırdı, onun dinini də. Deməli, Allah özü onu bu qədər dərdlərə düçar edib ki, axırda bu mədrəsəyə gəlib çıxsın. Deməli, insan özü heç nə edə bilməz, nə edirsə Allah edir, nə olursa, Allahın əmriylə olur. İndi onun hər şeyi var, başının üstündə Allahı, mədrəsəsində inandığı şeyxi, yanında onu sevən din qardaşları. Deməli, Allah onu sevir və belə olmasını istəyir. Heç bir şey onun əlində olmayıb. Ancaq artıq hər şey arxada qalıb. Cəfər olmalı yerdədir. O, burada özünü xoşbəxt hiss edir. Əmir Tarik tez-tez din düşmənlərindən danışır. Kafirlərlə haqq döyüşünə getmək lazım olduğunu bildirir. Cəfər, Allah belə istəyibsə, mən kiməm ki - deyərək ilk əməliyyatına gedir. Suriyada bir neçə insan qətlinin şahidi olur, zamanla özü də adamlar öldürür, qatilə çevrilir. Daha doğrusu, qatilə yox "mələyə". Axı, Əmir Tarik deyir ki, kafir öldürən hər bir adam mələk sayılır. Cəfər də artıq bir mələkdir. Cəfər tez-tez özünə suallar verir ki, bizim öldürdüyümüz adamların elə bir günahı yoxdur axı? Əgər biz kafirlərə qarşı vuruşuruqsa niyə görə silah-sürsatı, ərzaqı, geyimi Amerikadan alırıq? Tez də bu sualları beynindən silib atır. Çünki Əmir Tarikə qarşı getmək olmaz. Çünki Allah belə olmağını istəyir. Cəfər də bu dünyaya ona görə gəlib ki, Allah yolunda döyüşsün və onun istəyi ilə şəhid olsun. Tək o yox, onun qardaşları da mələk olmaq üçün döyüşür, şəhid olmaq üçün ölürlər. Bəs Əmir Tarik özü niyə döyüşmür?! Belə sualları vermək olmaz. Çünki Allah belə olmağını istəyib...
İnsanı Adəmə çevirmək, yoxsa həşərata!
Cəfər hər düşünəndə ki, insan insanı niyə kafir deyib öldürməlidir? Biz niyə və kimə qarşı vuruşuruq? Haqq döyüşünün əsl mahiyyəti nədir?! Niyə dərk eləmirdi?! Çünki özünü orada rahat hiss edirdi. Görəsən, adəmoğlu özünü rahat hiss elədiyi yerdə səhvlərə göz yummağa niyə razı olur?! Çünki Allah beləmi istəyib?! Doğrudanmı yeri və göyü yaradan Allah bu qədər qəddardır?! Əsla! Bəs nədir Cəfərin və o mədrəsədəki "qardaş"ların problemi?! Axı məntiqlə hər şeyi başa düşmək mümkündür?! Bax, adəmoğlunun ən böyük xətası burda başlayır... Məntiq! İllərdi belə bir fikir formalaşıb ki, insan ağılla hər şeyi həll edə bilər, ağıllı insanı aldatmaq olmaz. Ən böyük səhv də burdadır. İnsanı elə ağılla aldadırlar. Harda görünüb ki, insanı ürəklə aldatsınlar?! Bütün məntiq "oyun"ları da elə insanı ağılla aldatmağa hesablanıb. Bir az iradəsiz olmaq kifayətdir ki, səni rahatlıqla aldatsınlar. Gəlin indi romanı bir az sosial tərəfdən təhlil edək. Təkgöz kim idi? Qaçqın, səfil, kimsəsiz adam. Mədrəsəyə düşəndə nə oldu?! Yeni adı, ona dəyər verən şeyxi, onu çox istəyən qardaşları və hər şeyin belə olmasını istəyən Allahı. Cəfər o mədrəsədə özünü daha inamlı, daha güclü, daha hörmətli hiss edir. Onun daxili komfortunu təşkil edən bu iyrənc məqsədlərə xidmət edən mədrəsə sabah da ona "cənnət" söz verərək ölümə yollayır. Cəfər də məhz bu yolun qurbanıdır. Orxan Fikrətoğlu romanda bu məsələni böyük ustalıqla göstərə bilib.
Bir gün Cəfərə
İstanbulda partlayış törədəcəyi haqda əmr
gəlir. Əmir Tarik
deyir ki, orda tək olmayacaqsan. Əminə adlı bir əqidə
yoldaşınla birgə olacaqsan. Cəfər
razılaşır, İstanbula gedir. Orada
Əminəni tapır. Onlar özlərini
partlayış gününə qədər ər-arvad kimi
aparmalı olurlar. Əminə də ən az Cəfər qədər peşəkardır.
Onlar gecə bir otaqda qalanda Əminə Cəfərə
onu öpməsini söyləyir. Cəfər
bunun günah olduğunu desə də, gülərüz
Əminə deyir ki, eybi yox, gəl kafirlər kimi
öpüşək. Həmin gecəni bir
yerdə keçirən terrorçular səhər artıq əməliyyata
hazırlaşırlar. Əminə
özünü gecə klubunda parladacaq, Cəfər isə nəsə
bir şey olarsa, müdaxilə edəcək.
Romanda mənə ən təsir
edən yerlərdən biri də məhz Əminənin bu məşum
səhnəsi oldu. Ölümə getməli olan qadın evdən
çıxana qədər bəzənir, dodaq boyası bitir, əsəbiləşir,
saç sancağı itir, onu axtarır. Sanki
yazıçı bununla ölümə belə getsə,
terrorçu olsa belə, qadın qadındır
mesajını böyük məharətlə oxucuya
çatdırır.
Axşam klubda Əminə bombanı işə salır. Cəfər kənardan klubu seyr edir. Partlayış baş verəndən sonra Cəfərin minməli olduğu maşında bir zənci Cəfəri gülləylə vurur, sonra maşını yandırır. Cəfər isə ordan sağ qurtula bilir. Artıq başa düşür ki, Əmir Tarik Cəfəri öldürmək istəyib. Əlavə iz saxlamaq istəməyib. Şeyxin bu hərəkəti Cəfərə pis təsir edir. Bir müddət sonra Əminə qarşısına çıxır. Cəfər öyrənir ki, Əminə onun ölümündən xəbər tutan kimi zəncinin güllələrini dəyişdirib, özünü də partlatmayıb.
Cəfər ilə Əminə İstanbulda bir məscidə daxil olurlar. Orda qoca bir kişidən özlərinin kəbinini kəsdirməyini istəyirlər. Qoca kişi onların kəbinini kəsir. Sonra məlum olur ki, qoca kişi məscidin imamı deyil, gecələr ürəyindən gəldiyi üçün məscidi süpürməyə gələn milyonçudur. Kişi deyir sizi Allah çıxarıb mənim qarşıma. Ona görə çıxarıb ki, ilahi nizamımı tənzimləyə bilim...
Daxili səbat və başqa Allah anlayışı
Romanın dönüşümü, qərhəmanların dəyişimi məhz bu yerdən başlayır. Qoca milyonçu Cəfər ilə Əminəyə toy edir, Cəfər başına gələnləri (partlayış istisna olmaqla) qocaya danışır. Qoca deyir ki, sən islamı doğru anlamamısan. Allah heç vaxt bir başqasına zülm edənləri sevməz. Ümumiyyətlə, Allahın ölümlə işi yoxdur. Allah sevgi deməkdir. Cəfər bütün həyatını bir də gözünün önünə gətirir və başa düşür ki, onu adam öldürməyə sövq edən qüvvə Allah olmayıb Əmir Tarik olub. Yenə yazıçı cəbrilik pərdəsini bir kənara atır, hər şeyi faili-muxtar insanın ixtiyarına verir. Bu zaman da bir sual ortaya çıxır bəs Cəfəri bu məscidə gətirən qüvə nə idi?! Yoxsa Allah belə olmasını istəyib?! Yenə qayıdır cəbriliyin üzərinə. Yazıçının bu daxili mübarizəsi romanın içindən qırmızı xətt kimi keçir. Qoca Cəfərə izah edir ki, sənin bu günə qədər başına gələnlərin yeganə səbədi içindəki nizamın pozulmasına görə baş verib. Yəni, hər insan bu dünyaya ilahi nizamla gəlir, zaman keçdikcə o nizam pozula bilir. Bədbəxtlik də o zaman başlayır. Əgər insanın içinin nizamı pozulursa, artıq onun beyninə başqa fikirləri rahatlıqla salmaq olur. Sənin də qəlbinin nizamı pozulmuşdu deyə onların tayı olmuşdun. İndi isə başa düşmüsən ki, insanı ayaqda saxlayan içindəki nizamdır. İnsan Allahı qəlbiylə sevməlidir. Allah eşqdir. Allah sevgidir, Allah əxlaqdır. Elə əsl islam da budur: eşq, əxlaq, daha sonra ehkam.
Romanın məhz bu
mesajı mənim ürəyimə yağ kimi yayıldı.
Çünki bu gün özüm də gənc olduğum
üçün ətrafımda çoxlu gənclər var.
Demək olar ki, çoxunun qəlbinin nizamı pozulub. istər
Qərbdən gələn təsirlərlə, İstər
Şərqi düzgün fəhm etməməklə, istər sosial problemlərin
sıxıntılar ilə... Bu öz nöbəsində
depressiyaya, ruh düşkünlüyünə gətirib
çıxarır. bu haqda ayrı bir yazı yazmaq fikrim
olduğu üçün söhbəti çox uzatmayacam. Bəzən
insan sakitcə dayanıb ürəyinin səsini dinləməlidir.
Anlamlıdır ki, o, nə istəyir. Səbir etməlidir,
çünki bütün nizamların
başlanğıcında səbr dayanır...
Qəribə sonluq və ya müdhiş
başlanğıc
Cəfər ilə Əminənin bir uşaqları var. Xoşbəxt yaşayırlar. Bir gün Əmir Tarik onları tapır. Qocanı öldürürlər. Cəfər evə çatanda onun mədrəsə "qardaş"ları silahla Cəfəri qarşılayırlar. Mədrəsədə həyatını danışdığı dostu Şakir Cəfərin öz anasını vurduğunu bildiyi üçün silahı onun oğlunun əlinə verib anasını vurmasını əmr edir. Amma uşaq anası yerinə həmin adamın özünü vurur. Bu vaxt polislər gəlir. Əmir Tarikin adamı qaçmağa məcbur olur amma Cəfərin avadını öldürürlər, uşağını isə götürürlər.
İki gündən sonra Cəfər öz oğlunu televizorda görür. Uşağın əlinə oyuncaq verib haranı isə partlatmağa göndərirlər və uşaq parça-tikə olur.
Cəfər Əmir Tarikin yerini öyrənir, onu güdür, görən kimi, ona yaxınlaşır, var gücüylə qucaqlayır və bombanı işə salır. Bir anda hər ikisinin parçaları bir-birinə qarışır. Oxucu yalnız indi görür ki, təhkiyə ölünün diliylə nəql edilirmiş.
Romanın sonluğunu Orxan
müəllim zərgər dəqiqliyi ilə işləyib. Cəfər partlayan vaxt atasının səsini
eşidir. Elə bu cümlələr
yazıçının bəlkə də təfəkkür
pradiqmasını ehtiva edən açar sözlərdir.
Əsərin heçlik və eşq fəlsəfəsini
öz içində əridə bilən fikirlərdir.
Axı doğrudan da, heçliyə düşürsənsə,
eşqə çatırsan, eşqə çatrısansa
heçliyi seçirsən.
Atası Cəfərə deyir: "Mənim padşah
balam, hardasan sən?! Yerdə deyilsən, burda da yoxsan, tarixə
də düşmədin... Bəs
sən harda yaşadın?!"
Pərviz
Seyidli
Ədəbiyyat
qəzeti.- 2017.- 9 sentyabr.- S.26-27.