Görkəmli yazarların sirli həyatı: Çarlz
Dikkens
Onun çətin, üzücü uşaqlığı havası ağır və ürəkbulandıran yorucu, alaqaranlıq fabrikdə keçib. Bu, az qala Dikkensin hər hansısa bir romanının müqəddiməsini xatırlatdı, elə deyilmi? Amma bu sətirləri elə yazıçının özünün də həyat tarixçəsinin başlanğıcı kimi qəbul etmək olar. Müəyyən dövrə qədər gənc Dikkensin öz həyatı da onun məşhur qəhrəmanı Oliver Tvistin həyatı kimi "dikkenssayağı" keçib. Bəs sonra? Sonra o şöhrət qazandı və bir daha heç bir miskin fabrikdə işləmək məcburiyyətində qalmadı.
Dikkensin uşaqlığı keçən həmin miskin fabrik Uorrenin ayaqqabı yağı istehsal edən müəssisəsi idi və 1824-cü ildə, atası müflis olub borclular həbsxanasına düşəndən sonra balaca Çarlzı ora işləməyə göndərmişdilər. Çarlzın fabrikdəki işi ayaqqabı yağı ilə dolu hazır bankalara yarlıq yapışdırmaq idi. Bu, ilk baxışdan bir o qədər də ağır görünmür, amma on iki yaşlı uşağın sutka ərzində 10-12 saat ayaq üstə durub iş gördüyünü nəzərə alsaq, bunun nə qədər ağır olduğunu da təsəvvür edə bilərik. Çarlzın həftəlik qazancı cəmi altı şillinq idi. Belə olduqda, həyat cəhənnəmi xatırladır və yəqin elə bu səbəbdəndir ki, yazıçı bütün qalan ömrünü bir vaxtlar Dikkensin özü kimi ağır məşəqqətlər içində yaşayan, sürgün həyatı kimi ağır və dözülməz həyat keçirən uşaqların taleyindən bəhs edən əsərlər yazmağa həsr etdi.
O, məşhurluq pilləsinə asanlıqla qalxdı. "Pikvik klubunun ölümündən sonrakı qeydləri" çap olunanda Dikkensin cəmi iyirmi dörd yaşı vardı, adı çəkilən kitab isə dünya ədəbiyyatı üzrə kitab satışında ən çox satılan kitab kimi tarixə düşərək, gənc müəllifini dünya yazarlarının Olimpinə yüksəltdi. Ayaqqabı yağı bankalarına yarlıq yapışdırmaq və borclular həbsxanası geridə qaldı. Artıq Dikkens növbəyə durub onun yeni çapdan çıxan romanını əldə etmək arzusu ilə yaşayan insanların dünyasında ömür sürürdü. 1841-ci ildə Nyu-York limanına altı min adam toplaşmışdı və hamısı da "Köhnə günlərin köşkü" romanının final hissələrini əldə etmək istəyirdi. Ora toplaşanlar yaxınlaşmaqda olan teploxod heyətini səsləyərək, romanın gənc və xeyirxah qəhrəmanının taleyi ilə maraqlanır, "Görəsən, balaca Nell öldümü?" - deyib, soruşurdular.
Özünəməxsus sarkazmla "Ah, bəli, o, öləcək" - deyən, Oskar Uayld, roman haqqında: "Balaca Nellinin ölümünü... gülüşsüz oxumaq üçün adam daşürəkli olmalıdır", - deyirdi.
Dikkens dövrünün Stiven Kinqi idi - tənqidçilər (elə Uayld kimi ağıllı ədəbaz da) onu sevmirdi, amma çılğın fanatlar sevimli yazıçılarını əlləri üstə gəzdirirdilər. "Biz onun şöhrətinin uzunmüddətli olacağına inanmırıq, - 1858-ci ildə "Saterdey revyü" qəzeti yazırdı. - Bir gün övladlarımız böyüklərin bir vaxtlar Dikkensi hansı səbəbdən müasir romançılar arasında birinci hesab etdikləri ilə bağlı suala cavab tapmalı olacaqlar". Siz bu sualı Şekspirdən sonra Dikkensi ən böyük ingilis yazıçısı hesab edən Tolstoya, Dostoyevskiyə, Henri Ceymsə və bir çox böyük yazıçılara verin. Ya da Dikkensin kimliyini onun hesabına səmərəli marketinq siyasəti qurub yaxşı pullar qazanan iş ortaqlarından xəbər alın. Çünki romanları hissə-hissə çap etdirmək ideyasını Dikkens özü ortalığa atmışdı və beləcə, onun əsərləri hissə-hissə böyük tirajlarla, özü də təkrar-təkrar çap olunur, əldən-ələ gəzir, müəllifinə var-dövlət və şan-şöhrət gətirirdi. Hətta romanlarının qeyri-adi uzunluğu da yazıçıya sərf edirdi. Onları kiçik hissələrə bölüb çap etdirir, hər dəfə yaxşı qazanc əldə edirdi. Təkrar nəşrlər çoxaldıqca yazıçının cibinə axışan qızıl sikkələr də artırdı.
Dikkensin otuz il ərzində yazdığı romanlar həmişə öz bədii keyfiyyəti ilə fərqlənsə də, yazıçının şəxsi həyatı müəyyən qalxmalar və enmələrsiz ötüşməmişdi. 1836-cı ildə o, etibarlı qəzet naşirlərindən biri - Ketrin Hoqartın qızı ilə evləndi. Çarlzla onun iki balaca qızı arasında qeyri-adi yaxın münasibət yaranmışdı. 1837-ci ildə, on səkkiz yaşlı Meri Hoqart dünyasını dəyişəndə, Çarlz elə danışırmış ki, sanki ölən onun öz arvadıdır. O Merinin tellərindən bir qədər kəsərək, xüsusi qutuda saxladı, barmağından çıxardığı üzüyü isə ömrünün sonunadək qorudu. Çarlz mərhumun bütün paltarlarını götürdü və iki il ərzində vaxtaşırı onları açıb baxdı. Bundan başqa o, baldızının məzarında dəfn olunmağını vəsiyyət etdi və qızın kabusu uzun illər onu rahat buraxmadı. Dikkenslə Merinin arasında olanları, heç kəs bilmir; ümumiyyətlə, onların arasında doğrudanmı nəsə olmuşdu? Amma bir həqiqət var: Ketrin və onun on övladı bundan qətiyyən xoşlanmırdı.
Hər əvvəlin bir sonu
olur. 1858-ci ildə Dikkens arvadından boşandı.
Boşandıqdan sonra onu aralarında 27 yaş fərq
olan on səkkiz yaşlı aktirsa Ellen Ternan ovladı. Çarlz bu münasibəti və hər şeydən
çox da ondan olan övladını gizli saxlamağa
çalışır, qalmaqaldan uzaq durmaq üçün
müxtəlif uydurma adlar fikirləşərək, sevgilisi ilə
səyahətlərə çıxırdı.
1865-ci ildə Fransa səfərindən
qayıdarkən Londona getmək üçün Dudrda qatara
mindilər.
Yolda körpülərin birini keçən qatar
relslərdən çıxdı. Məşuqəsi ilə
bir yerdə yaxalanacağı təqdirdə onu gözləyə
biləcək hadisələrdın qaçmaq
üçün "Dombi və oğlu" romanının əlyazmasını
qoltuğuna vuran Dikkens qaçıb aradan çıxdı və
ömrünün sonunadək həmin qəzada
aldığı travmalardan müalicə olunmadı;
ara-sıra əsərlərini kütlə
qarşısında oxumaq da yazıçının
sağlamlığına zərbə vurdu. O, insult keçirdi
və 1870-ci ilin 9 iyun tarixində - dəmiryol qəzasından
beş il sonra - vəfat etdi.
Yazıçını - vəsiyyətinə zidd olsa da -
Vestminster abbatlığındakı şairlər guşəsində
dəfn etdilər.
DİKKENS VƏ
ƏTRAFI
Bəlkə də "Nəsrin
Milad nəğməsi"ndəki Bob Kretçit səliqəsizlik
və darısqal şəraitdə işləyə bilərdi,
amma onun ədəbi atası - yox. Dikkens romanlarını
yazdığı guşəyə bağlı adam
idi. Masa və stullar ürəyincə
olmasaydı, işləməkdən imtina edirdi. Yazıçının şəxsi əşyalarının
yerləşməsi ilə bağlı fövqəladə
yaddaşı vardı və saatlarla onları ora-bura çəkib
yenidən yaddaşına həkk edərdi. Bir yerə qonaq gedəndə, ya da hər hansısa
bir otelə yerləşəndə, hər şeydən əvvəl
otağın görünüşünə, səliqə-sahmanına
fikir verərdi.
Vaxtaşırı Dikkensdə
yaranan təmizkarlıq maniyası da qətiyyən təəccüblü
deyildi. Gün ərzində azı yüz dəfə seyrək
saçlarını darayırdı, tellərindən
hansınınsa yerində olmadığını duysaydı,
hətta dəvət olunduğu qonaqlığın şirin
yerində belə, darana bilərdi. Qonaqları
evi tərk edən kimi, yır-yığış edər, əgər
kiminsə cüzi bir pintiliyini görsəydi, özündən
çıxardı. 1842-ci ildə Amerika
Konqresinə dəvət alanda, Dikkens oradakı məmurların
çeynənən tütünü zibil qabına deyil, yerə
tüpürdüklərini görəndə çox qəzəblənmişdi.
"Mən təkidlə Konqres üzvlərinə
döşəməyə baxmamağı məsləhət
görürəm, - Dikkens donquldanmışdı. - Əgər əlinizdən bir şey salsanız, əlcək
taxmadan onu qaldırmağa cəhd etməyin".
MAQNİT
SAHƏSİ
Dikkens təmizliyə həssas
olduğu qədər də mövhumatçı idi. Hər şeyə
üç dəfə toxunardı, uğurlu gün kimi
cümə gününü seçmişdi və hər dəfə
romanının son hissəsinin çap olunacağı ərəfədə
Londonu tərk edirdi. Amma ən qəribəsi,
onun yuxulara münasibəti idi. Həmişə
başı Şimal qütbü tərəfə yatardı.
"O, başqa cür yata bilmirdi", - dostlarından biri
demişdi. Dikkensdən mülahizələrinin
mahiyyətini xəbər alanda o, "yerdəki cərəyanların
hərəkəti, onların mənfi və müsbət
quruluşda olmaları barədə" mülahizələr
danışırdı. Yerin maqnit sahəsini
düzgün təyin etməklə, yüksək
yaradıcı enerji almağın mümkünlüyünə
inanırdı.
HİPNOZ HALI
Yazıçı
oxucularını səkkiz yüz səhifəlik
romanının transı altına sala bilməyəndə, əsl
hipnozdan, ya da o vaxtlar deyildiyi kimi - mesmerizmdən yararlanırdı. Bu psevdoelmi
avstriyalı başdanxarab həkim Frans Anton Mesmer kəşf
etmişdi. Onun fikrincə, xəstələri müalicə
etmək üçün "canlı maqnit sahəsi"nin şəfaverici şüalarını
düzgün istiqamətləndirmək lazımdır. XIX əsrin birinci yarısında mesmerizm
bütün kontinental Avropasını
bürümüşdü, Dikkensin vaxtında isə
İngiltərəyə ayaq açdı. Dumanlı Albionda mesmerizmin ilk təbliğatçısı
britaniyalı terapevt Con Elliotson idi, onun da həkimlik məsləki
mesmerizm düşüncələrinə görə bir
müddət sonra əlindən alındı. Dikkens bu psevdoelmə o qədər bağlandı ki,
sonunda özü də onu praktikadan keçirməyə
başladı. Qonaqlıqlarda adamları -
elə-belə, əyləncə xətrinə - hipnoz edirdi,
eləcə də hipnoz yolu ilə dostlarını
yüngül naxoşluqlardan müalicə etməyə
çalışırdı. Hətta
ağlagəlməz sağalma halları da məlumdur. 1844-cü ildə Dikkens güclü həyəcandan
əziyyət çəkən, belə hallarda sifəti gərilib
tanınmaz hala düşən madam de la Ryü adlı bir
xanımı müalicə etməyə girişdi.
İki həftəlik müalicədən sonra qadın seanslarda özünü rahat
hiss etməyə başladı; o, rahatca yatır, xoruldayır
və özünü çox yaxşı hiss edirdi. Dikkens madam de la Ryünun müalicəsini davam etdirmək,
qadını həyəcanlandıran səbəblərin
kökünə varmaq (daha bir dikkenssayağı hobbi) istəyirdi.
Və günlərin birində yaxın dostu Con
Liç beyin silkələnməsinə məruz qalanda, Dikkens
mesmerizm vasitəsilə onu bir neçə günə
ayağa qaldırdı.
Mesmerizmin aciz
qaldığı yeganə xəstəlik astma idi ki,
yazıçı özü həmin mərəzdən əziyyət
çəkirdi. Bu səbəbdən də Dikkens onu dədə-baba
yolu ilə müalicə edir, tiryək atırdı.
YAZIQ HANS
1857-ci ildə Hans Xristian
Anderson Dikkensə baş çəkməyə gələndə
böyük romançının axmaq tərəflərinin
şahidi oldu.
Yazıçılar təxminən on il əvvəl
görüşmüşdülər. O zaman Dikkens londonlularla
görüşə gələn danimarkalı
nağılçı ilə qarşılaşmağa həyəcanla
can atmış və demişdi: "Mən Andersonu görməliyəm!"
Dostluqları tez alınmışdı. Anderson Danimarkaya qayıdarkən Dikkens ona öz
imzası ilə (lap yerindəcə) tam külliyyatını
bağışlamışdı. Kənardan
baxanda elə düşünmək olardı ki, bu, yazıçı
səmimiyyətinin təzahürüdür.
Növbəti on il
ərzində Anderson yenidən İngiltərəyə gedib
yazıçı dostuna qonaq olmaq istəmişdi. Amma gələrkən
qarşısında tamam başqa bir adam
görmüşdü. Dikkens xırdaçı, soyuq adam təsiri bağışlayırdı və
o ərəfədə arvadını atıb məşuqəsi
Ellen Ternan ilə yaşamağa hazırlaşırdı. Belə
bir şəraitdə ingilis dilində zorla bir-iki söz
düzüb-qoşa bilən qeyri-adi danimarkalının ona
qonaq gəlməyi Dikkensin ürəyincə deyildi, amma
Anderson Dikkensə bir neçə həftəlik ona qonaq gəlmək
istəyi barədə xəbər göndərəndə, o,
yazıçı dostunun xahişini yerə sala bilməmişdi.
Və bu öhdəliyin altına girməyin xiffəti
Dikkensi əməlli-başlı sarsıtmışdı.
"Bəlkə Hans Xristian Anderson da bir müddət
bizimlə bir yerdə qaldı, - ona baş çəkməyə
hazırlaşan dostuna yazmışdı, - amma narahat olma, o
bizə mane olmayacaq. Öz doğma dilindən
başqa heç bir dili bilmir, bəzən mənə elə
gəlir ki, heç onu da düz-əməlli bilmir".
Anderson İngiltərəyə
ayaq basan kimi qarşıda onu xoşagəlməz hadisələr
gözlədiyini anladı. Dikkens özü
iş-güc adı ilə şəhərdə gəzib-dolaşır,
qonaqla məşğul olmağı isə tərbiyəsiz və
dikbaş uşaqlarına həvalə edirdi. Onlar danimarkalı haqqında xəlvətcə
pıçıldaşır, onun xahişlərini yerinə
yetirməkdən imtina edir, yazdığı nağıllar
haqqında ağız büzərək danışırdılar.
Hətta qardaşlarından geri qalmayan beş
yaşlı Edvard belə milyonlarla uşağın sevimli
yazıçısını pəncərədən
atacağı ilə hədələmişdi. Əsəb
sarsıntısı həddinə çatan bədbəxt
Anderson evdən bayıra atılmış, üzü üstə
otluğa sərilərək, hönkürüb
ağlamışdı.
Onu
üstüörtülü şəkildə nə qədər
getməyə təhrik etsələr də,
nağılçı təslim olmadı. Üstündən beş həftə keçməyinə
baxmayaraq, Anderson hələ də Dikkensin evində qonaq idi. "Biz hamımız bu Andersonun əlindən
boğaza yığılmışıq", - Dikkens bu barədə
özü yazırdı. Dikkens evinə
qayıdan kimi köhnə "dostu"ndan canını
qurtarmaq istəyirdi. Nəhayət, arzuedilməz
qonaq evi tərk edəndə, bütün ailə bayram
etmişdi. "Bu sür-sümük
qalığı yaxamızdan əl çəkmək istəmirdi",
- Dikkensin qızı Keyt demişdi. Çarlz özü
isə Andersonun qaldığı otaqda belə bir qeyd yazıb
qoymuşdu: "Hans Anderson bu otaqda beş
həftə qaldı və onun qaldığı günlər
bizə illər qədər uzun göründü". Yəqin Andersonu bir daha o evə çağıran
olmayıb.
HAVAYI LƏZZƏT
"Hansısa gözəgörünməz
qüvvə məni morqa sürükləyir", - bir dəfə
Dikkens yazmışdı. Söhbət XIX əsr
boyunca saysız-hesabsız kimsəsiz meyitləri ilə ad
çıxaran Paris morqundan gedirdi. Dikkensi
bu qəribə yerə qeyri-adi marağı çəkirdi.
Orada saatlarla vaxt keçirir, meyitlərə,
suda batan biçarələr və insanlardan qalan son nişanələrə
baxmaqdan zövq alırdı. Yazıçı
həmin anlarda keçirdiyi hissləri "iyrəncin cazibəsi"
adlandırmışdı. Güman ki, elə
bu hisslər onu müasiri Edqar Po kimi səsli-küylü
ölüm hadisələrinin, sensasiyalı cinayətlərin
baş verdiyi məkanlara çəkib aparırdı.
YALANÇI DOLAB
Əgər Dikkensin Kent
qraflığında olan Geds-Hill Plesydəki evini ziyarət etmək
fikrinə düşsəz, sürprizlərə hazır olun. Hiyləgər
yazıçı evində gizli qapı düzəltdirib.
Qapı kitab dolabının altında qalır,
rəflərdə isə Dikkensin özünün uydurduğu
yalançı kitablar yığılıb. Dolabdakı
üçcildliyə diqqət yetirin: "Çində
beş dəqiqə", doqquzcildliyə baxın:
"Pişik həyatı". Eləcə də digər
söz oyunlarına fikri verin: "Huh memarlığı",
"Barıt dərgisi" və s. Bir də Dikkensin
özünəməxsus yumoru - "Ulularımızın
aqilliyi". Müxtəlif xəstəliklərə
və onların müalicəsinə həsr olunmuş kitablar
və bayaqkı kitabın əkiz qardaşı -
"Ulularımızın ləyaqəti". Bu kitab o qədər
balacadır ki, adını üz qabığına
sığışdırmaq olmayıb...
O... HARADAYAM?
Sizcə, Dikkensin yer
üzündəki yeganə heykəli haradadır? Qəribə
də olsa - Filadelfiyada. Sağlığında
heykəllərdən zəhləsi getdiyi üçün vəsiyyətində
ona heykəl qoyulmağı ilə bağlı qadağa da
qeyd olunmuşdu. Buna baxmayaraq, onun
yaradıcılığına rəğbət bəsləyənlərdən
kimsə, heykəl sifariş etdirib. Dikkensin
ailəsi heykəli rədd edib və başıbəlalı
daş Filadelfiyadakı Klark-parkda "məskunlaşıb".
Yazıçının bürünc heykəlində
o, kresloda oturduğu yerdə təsvir olunub, yanında isə "Köhnə günlərin
köşkü" romanının qəhrəmanı -
balaca Nell dayanıb.
SERİALLAR ULDUZU
Dikkensin kötücəsi
olan aktyor Brayan Foster 1971-1974-cü illərdə "Partric ailəsi"
teleserialında Partric rolunu canlandırıb.
Robert Şnakenberq
Tərcümə etdi:
Əyyub QİYAS
Ədəbiyyat
qəzeti.- 2017.- 9 sentyabr.- S.6-7.