UNUTDUQLARINA...
Sənin unutduğun küçələrdən keçəndə
Sol qolum sırsıra kimi sallanır çiynimdən.
Qırılıb dağılır zərrə-zərrə
Sənin ayaq basdığın yerlərə...
Sənin unutduğun nəfəsi alanda...
Anlayıram... niyə o nəfəsi boş verib
başqa nəfəslərə süzüldüyünü...
Necə əzildiyini...
Necə hönkürdüyünü...
Necə üzüldüyünü...
Amma...
Amma bilmirəm... vallah, bilmirəm...
Axı necə qəbul eləyim?
Necə qəbul eləyim axı?
Özgə barmaqlarla susdurulduğunu...
Özgə səslərlə uyuduğunu...
Özgə nəfəslərlə oyandığını...
Özgə baxışlarla sevildiyini...
Yoxsa elə bilirsən, indi ölmür igidlər?..
Ölürlər, vallah, ölürlər.
Amma onlardan sonra daha adları qalmır...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
Orda insanlar danışmır
Orda küçələr
danışır...
Elə ürək
yandırır səmadakı
tək ulduz
Elə qulaq batırır sükutun uğultusu...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
Bilirsən indi nə haldayam, cənab psixoloq,
Elə bil ayaqlarımın yerində
minlərlə qaranquş
var...
əllərimin yerində
kəpənək ordusu...
ona görə
yaz aylarında özümə
qapanıram… keyiyirəm,
o gün sevgilim dizimin üstündə yatmaq istədi...
qorxdum, cənab
psixoloq, qorxdum,
qorxdum ki...
qorxdum ki,
qaranquşlar duyuq düşər,
həm ayaqsız
qalaram... həm də ürəksiz
ancaq həm də istəyirəm...
qaranquşsuz bir dünyada
sevgili
nəyə lazımdı
ki?
Çarəsizliyimi danışa
bilmirəm Tanrıya,
cənab psixoloq,
ancaq danışacam...
mütləq danışacam...
çünki istəyirəm
qollarımı qaldıranda
dünya kəpənəkləşsin...
Eybi yox, qoy mən qolsuz
qalım...
cənab psixoloq,
o qədər yorğunam
ki,
indicə bir ac quş
qoy gəlib
didsin məni...
hər gün bir tikə aparsın
o ağacın budağındakı
günəşi hələ
yarım görən ətcə balalarına...
quşlarsız bir dünyada yaşasam nə olacaq ki?..
Bilmirəm, bəlkə
də heç nə olmayacaq...
Yeri gəlmişkən,
Siz "Başsız atlı" romanını oxumusunuz?
GECƏ DUASI
Küçəsində it ulayan
Bir yetim, əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.
Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını
da...
Olur ki, gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.
Gündüz eyni, gecə eyni...
Otaq eyni, yataq eyni...
Eyni... eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz
xəstəlik olur
Təsadüfsüzlük...
Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman
kimi
Düşdü Tanrının toruna.
Bəzən istəsən
də bilməzsən
O gülüş...
Ölümdü ya qalımdı?
Ona görə də gülməzsən.
Hardan biləsən
ki,
Unutmaq üçün doğulmamaq
lazımdı.
Tanrıdan bir öpüş alıb
Doğulasan dan yerində...
QOXULAR...
QORXULAR...
Röyanda belə görmədiyin
Bir sıxıntıymış tənhalıq...
Əllərin-səmanın maviliyindəki
Bir durna qatarı...
Saçların-yetişmiş taxıl sahəsinin
yetişməmiş kölgəsi...
Bir qaraltı sonsuzluqmuş
ayrılığın döngəsi...
İndi qosqoca dünyada
bir xırda mamır kimisən...
Bir bəyaz kağıza düşən
siyah mürəkkəb ləkəsi...
Ucuz araq şüşəsinin
dibindəki o son damla...
Bir də heç vaxt görüşməyəcək
unudulan unudanla...
Ülvi Bahadır
Ədəbiyyat qəzeti.- 2017.-16 sentyabr.- S.3.