Dağlar duman olmadan
Dön, hardasan,
dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman olmadan.
Al məni də, dur gedək,
Bir kimsə bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən,
can olmadan.
Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm viran olmadan.
Beşin yarısı
- gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt, xəlvət,
gizlicə,
Ömür bir an olmadan.
Bəzənib dua ilə,
Allah belə,
din belə.
Niyə gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.
Dön, hardasan,
dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar
duman olmadan.
Rüstəm
Behrudi
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.11.