Anı ömür qədər uzadan şeir
Rüstəm Behrudi dünya ilə yaşıd şeirlərin yazarıdır. Yəni özündən qat-qat qocaman. Ruhun təkamülünün ayrı-ayrı hamilə anlarında ağrı ilə, çığırtı ilə doğulan yaşantı-sözlər şairin qəfil toxunuşundan oyanıb onun şeirlərinə axır, çox zaman bu şeir-qəfəsdə özünə yer tapa, daranıb-düzlənə bilmir, bir-biri ilə çarpışır da. Çağdaş Azərbaycan poeziyasında ən narahat bədii dünyanın yaradıcısının yazıları ona görə sel və leysan stixiyasındadır ki, onlar dünyanın sivilizasiya üçün yetişdiyi çağdan bəri dikələn ən yöndəmsiz qarmaq-suallarına sinəsini Kərbəla meydanı kimi açır. Rüstəm Behrudinin bir yazısında şeirdən nəsrə, nəsrdən şeirə divanəcəsinə sıçraması da tarixin zəlzələlərində uçqunlar altında qalmış həqiqətləri tapıb üzə çıxarmaq yanğısındadır. Şair bütün silahları tükənəndən sonra əlbəyaxa döyüşə keçən yaralı əsgər timsalındadır. Onun hətta ən hamar şeirlərində belə üsyankar ruhun gizli təcəllası var. Rüstəmin yaradıcılığı bizə o gerçəyi açır ki, həqiqətən, dünyanın ən ağır yükünü onun ən incə ürəkləri çəkir...
Rüstəm dəryasından
bir damla - "Dağlar duman olmadan" şeiri isə,
yəqin ki, həmin dəryanın üzdən
durulub sakitləşdyi, dərindən isə
yenə kükrəyən enerjisini ahəngdarca
hərəkət etdirdiyi çağda
yazılıb. Dünyanın ən ağır yükünü ən incə ürəklər
çəkdiyi kimi, onun
ən möhkəm və sarsılmazı da
("dağlar") ən zərifi və
yüngülü ilə ("duman") ayrılmazdır, doğmadır: nəfəs
sümüyü yaşatdığı tək.
Amma şair "Dön, hardasan, dön
qayıt" misrası ilə başlayan bu pıçıltı-şeirində "ümid - güman",
"dağlar - duman"
olmasın deyə sevdiyinə üz tutur. Əgər bu
qayıdış baş verməsə,
"külünə bürünmüş
bu xirqəsiz dərvişin" bədəni
- can olmayacaq, təkkəsi
- viran, gecəsi - bilməcə olacaq. Sufi mənəviyyatının
həzin titrəyişləri, ehtizazı ilə
yazılmış bu yeddilik
elegiya-şeir məhz atomik
nüvəsində olduqca qüvvətlidir:
əgər bu qayıdış baş tutmasa, "ömür - bir an" qədərincə sıxıla, darala bilər! "Dağlar
duman olmadan" şeirinin poetik
semantikası bütün bəndlərində
yetərincə dərin və çoxqatlıdır.
Misraların arxitektonikasındakı ahəngdarlıq
yalnız mənəvi yaşantının dolğunluğundan
biçildiyi üçün
yenidən ilk bəndə
qayıdışı ilə özünü
bütünləşdirən harmoniyaya
çatır. Rüstəm Behrudinin
poeziyası, beləcə, ömürü
- anları ilə görən, anı - ömür
qədər uzadan bir
sənət olduğu üçün
yaşarıdır! Duyğu və
idrakı çulğaya bildiyincə fatehdir!
Rahid Ulusel
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.11.