Sözün dərgahına qayıtmaq istəyi

 

Rüstəm Behrudinin şeirlərini oxuyanda ətrafını hüdudsuz bir genişlik bürüyür, məsafələr aradan qalxır, insan özünü yüksəldiyi ucalığın bir parçası kimi hiss edir. Söz şairin bətnindəki müqəddəs ağrının məhsuludur, ağrıdan mayalanan söz şeir formasında doğulur. Dar ağacına salam verən Rüstəm Behrudibir ömür boyu iztirablar tunelindən keçərək "iblis mələkdən gözəldir" həqiqətinə yetişib. Millətin taleyi onun poeziyasında ulu bir şamanın dilindən nəql olunur.

Şair "bu dünyada hər şey canatmadan ibarətdir" deyir. Dərvişinsə ən çox can atdığı haqqa qovuşmaq istəyidir. "Dağlar duman olmadan" şeirinin mahiyyətində Ruhun İlahi məqama, haqqa qovuşmaq istəyi dayanır. Bu şeir həm iltimasdır, həm duadır, həm sevgi obyektinə xitabdır. İnsanlar həyat ölüm, iblis mələk, Tanrı bəndə haqqında söz demək haqqını poeziyaya etibar etmişik. Tanrının bəndəyə ismarışları da özünün seçdiyi peyğəmbərlər şairlərin dilində səslənir.

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni , dur, gedək,

Dağlar duman olmadan.

 

İlk baxışda bu misraları bir sevgi şeiri kimi qavraya bilərik. Biz Füzulinin qəzəllərini aşiqanə bir məstanəliklə oxuyuruq. Füzulinin sözü ikiqatlı olduğu üçün hər kəs onu öz düşüncəsinin qavraya bildiyi qədər anlayır; onun poeziyasının üst qatı aşiqlər üçündür, alt qatı isə ariflər üçün. Bu misraların zahiri qatında anlaşılır ki, bir sevgiliyə müraciət olunur. Bu, ilkin təəssüratdır. Amma Rüstəm Behrudi poeziyasının estetik fəlsəfi paradiqması şamanizm plastında inkişaf edir bu məqamda şeirin alt qatına nüfuz etmədən şairin kimə xitab etdiyini anlamaq müşkülə dönür. Belə anlaşıla bilər: şair bu çoxluğun içində tənhalıqdan, qurd yalqızlığından əziyyət çəkir özünün həmdəmini, sirdaşını səsləyir ki, onunla birlikdə, mələkləri duyuq salmadan Ruhun əbədi dərgahına - Tanrının hüzuruna yollansınlar. 

 

Al məni dur gedək,

Bir kimsə bilməyəcək.

Dur, məni bitirəcək,

Bu bədən, can olmadan.

 

Bu, özgə sferaya, ruhi aləmə, qutsallığa bir çağırışdır. Şairin Ruhla əlaqə, bağ yaratmaq cəhdidir, günahkar bədənin xilas yalvarışlarıdır. Bədən Ruha qovuşmaqla günahlardan arınır, durulur, təmizlənir qutsallığına qovuşur. Bu halda katarsis baş verir.

Xirqəsiz bir dərvişəm,

Külümə bürünmüşəm.

Halıma bax, ölmüşəm,

Təkkəm viran olmadan.

 

Bu misralarda söz sanki alovlar içindən yenidən doğulur, ölməzliyini bir daha təsdiqləyir. Rüstəm Behrudi sözü öldürüb diriltməyi bacaran şairdir.

İblislə Mələyin əbədi mübarizəsində Söz Ruhun keşikçisidir. Şair Tanrının sözünü insanlara pıçıldayır, o qədər ucadan pıçıldayır ki, dərvişlər eşidir. Bəs o gəlib çıxmayan, şairi intizarda qoyan kimdir axı?

 

Beşin yarısı - gecə...

Sənsiz gecə - bilməcə.

Qayıt, xəlvət, gizlicə,

Ömür, bir an olmadan.

 

Bilməcə gecələrin sirrini yalnız sözün yalnızlığı içində çözmək mümkündür. Şair başındakı qara sevdanın "Tanrıya gedən yola, uçurumlar üstən körpüyə" çevrilməsini arzulayır. Mələklər duyuq düşməsin"Ömür, bir an olmadan" bu körpüdən keçib haqqa qovuşmaq ehtirası, bu dəli istəkdir ona bu misraları yazdıran.

 

Bəzənib, dua ilə,

Allah belə, din belə.

Niyə gecikdin belə,

Gəl, ölmüşəm ölmədən.

 

O gecikdikcə şairin ruhu bədənində əziyyət çəkir, "ölmədən ölmüşəm" deyir. Xilas ordadır - ucalıqlarda. Yer üzündə əbədi dirilik yoxdur, yerüstü əbədiyyət şirin bir aldanışdır. Əbədiyyət çox-çox uzaqlardadır onun ünvanını o bilir - uzaqların adamı. Uzaqlardan gəlmiş adam  öz ruhunu xilas etməyə can atır. "Bu dünyada hər şey canatmadan ibarətdir" deyən şair.

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni , dur, gedək,

Dağlar duman olmadan.

 

Şair niyə o naməlum (əslində ona məlum olan) məkana - göylərə can atır? Çünki onun son ünvanı oradır. Yer üzündə dolaşan didərgin Ruhun üz tutacağı yeganə məkan oradır - Sözün yer üzünə endiyi dərgah. Sözün vətəni də göylərdir.

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 sentyabr.- S.11.