SUSQUN
Susardım
və qar yağardı...
Gecə
gözlərindən başlayardı,
və yarımçıq qalmış
kitablarda bitərdi.
Zaman -
alnımızda bülövlənən
küt bir bıçaq...
Üzünümü axtarırsan
çiliklənmiş aynada?
Susardın,
bir kəlmə belə danışmadan
susardın
və qar yağardı...
Yanvar -
bir qar bəyazıdı saçlarımda,
fevral -
xeyirsiz övladdı,
həm də qaçaqdı, qaçaq -
anadan-bacıdan,
qohum-əqrəbadan,
dost-tanışdan,
və bir də isti yaydan
uzaq...
Mart -
dərddi, dərd,
heç çıxmadı ki, canımdan,
günləri
bir-birinin eyni,
ekiz...
Aprel -
bir daldanacaq
tapmadı -
yağışların altında
islandı, islandı,
islandı hey...
Susardın,
bir kəlmə
belə danışmadan
susardın
və yağışlar
başlayardı -
heç zaman
kəsməyəcəkmiş kimi...
Heç vaxtında
gəlmədi ki,
may ayı -
gözlətdi,
gözlətdi,
gözlətdi bizi...
İyun -
sevdadı,
ya da buna bənzər
bir şey,
iyul -
bir yuxudu
bəlkə,
görmək istədiyiniz...
Avqust ulduzları
alardı gecələrimizi
əllərimizdən,
"suç
üstə" yaxalanardıq
salxım söyüdlərin altında
və sentyabr,
sentyabr büsat qurardı
uşaq səsindən...
Susardın,
bir kəlmə
belə danışmadan
susardın
və küləklər
başlayardı...
Səmtini itirmiş
bir səyyarə
kimiydi oktyabr -
sürgünlərə
yollayardıq özümüzü.
Gedənmi biz idik,
qalanmı -
bilinməzdi...
Noyabr -
bir quru
yarpaqdı
rüzgarın cəngində
-
rəngi solmuş,
ətri getmiş...
Dekabr -
ilin sona
qalmış adamı
-
nə düşündüyü
bəlli...
Solğun
bir yuxu
kimi
keçsə də
heç bir mövsüm
gözlərin
qədər
sancmadı neştərini
qəlbimə...
Susardın,
bir kəlmə
belə danışmadan
susardın
və qar yağardı...
UZAQ
Hər kəsin
bir yağışı
və bir
rüzgarı vardır,
eşq bir az islanmaqdır,
apar məni
o uzaq yağışlara.
Hər kəsin
bir şərqisi
və bir şeiri vardır,
eşq bir az çoxalmaqdır,
apar məni
o uzaq şərqilərə,
o uzaq şeirlərə.
Hər kəsin
bir axşamı,
və bir
nağılı vardır,
eşq bir az yorulmaqdır,
apar məni
o uzaq axşamlara,
o uzaq nağıllara.
QANAYAN YARA
İndi o şəhərə
bilet almaq
səni sevmək
qədər çətindir.
Dağladıq sancan yaramızı,
sulara tökdük
xatirələrimizi,
eşqi və acını seçdik,
Diyarbəkirdə,
xına ətri verən bir axşamda.
Hər gün
bir hüznün
qoluna girdik,
dərinə işləyən
bir yara
düşdü payıma,
oxşaya-oxşaya böyütdüm...
Uzaq bir xəyal
oldu əllərin,
gecə uzandı,
budaq üşüdü,
şərqilər bitdi,
yenə yağışlar
başladı -
sən yoxsan...
Yarpaqlarmı
aldı səsini,
yarpaqları dinləyim,
sularmı
aldı səsini,
suları dinləyim,
ulduzlarmı
aldı səsini,
ulduzları dinləyim...
Hardasan?
Hardasan?
Hardasan?
Bir xəbər ver,
bir xəbər
ver,
bir xəbər
ver...
A.Hicri İZGÖRƏN
Hazırladı:
Dilsuz
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.16.