ƏRİK
AĞACININ HEKAYƏSİ
Mən bir ərik ağacıyam,
Qırşəhərin
Dinək bağında -
kiçicik
bir evin önündə,
ildə bir kərə meyvə verərəm,
ovuc içi qədər.
Yay gələr
bir qadın
silkələyər budaqlarımı,
bir çocuq
sevincdən atılıb-düşər
və mən şad olaram.
Düzü,
nə söyüd qədər nazım,
nə qovaq qədər qürurum
var...
Mən bir ərik ağacıyam
Qırşəhərin
Dinək bağında -
ən çox aprel ayını,
bir də
üç insanı sevərəm:
biri çocuq,
biri gənc qadın,
biri gənc kişi.
Çocuğun adı Əhməd,
gənc qadının adı Fatma,
gənc kişinin adı
İbrahimdi.
Əhməd kiçik və
sarışındı,
Fatma gombul və bəyazdı,
İbrahim arıq və uzundu,
Bir göz
torpaq evləri var,
pəncərəsi
əl boyda, həm də şüşəsiz...
Hərdən
pəncərədən
baxaram içəriyə,
yerdə
bir köhnə kilim,
bir köhnə döşək,
bir köhnə yorğan,
divarda
bir köhnə qırıq ayna -
utanaram çiçəklərimdən...
Dünən gecə
çıraq
yandırmadılar,
Ay işığında
solğun görünürdü bənizləri,
zeytun,
çörək
və göy soğan yedilər,
sonra
bir-birilərinin
gözlərinə
baxdılar
və əsnədilər...
Fatma
İbrahimin yanında
uzandı,
gözlərini yummadı
sabaha qədər,
nədi,
bir dərdimi var,
Allah qorusun...
Çiçəyini
ən əvvəl
ərik ağacları
tökər,
dibim - bəmbəyaz,
budaqlarım - yamyaşıl,
əriklərim - məmə
boyda...
Bir azdan yay gələcək,
əriklərim balla dolacaq
Əhmədin çörəyinə
yavannıq olacaq...
Mən bir ərik ağacıyam
Qırşəhərin
Dirək bağında -
kiçicik
bir evin önündə…
Keçdi bağların
budanma vaxtı dedim,
dedim,
amma
İbrahim yenə işsiz-gücsüz -
yox evinin
əti, südü, qəndi...
Qəmlənməyimmi indi?
Günlərdən bazar ertəsidi...
Yenə gəldi
o şişman adam,
əlində
çanta.
Pəncərədə
quzu kimi
boynunu büküb
Fatmayla Əhməd.
Mən bir ərik ağacıyam
Qırşəhərin
Dinək bağında,
kəsməyin dedim,
ildə bir kərə
çiçək
açıram,
ildə bir kərə
meyvə verirəm,
ovuc dolusu...
Yeddi lirəyə
danışdılar -
nazlı söyüdlərin,
qürurlu qovaqların
gözləri
önündə
ağzı ovxarlı
bir balta ilə
kəsdilər məni -
qışlıq odun oldum...
Mən bir ərik ağacı idim
Qırşəhərin
Dinək bağında -
kiçicik
bir evin önündə,
ildə bir kərə
çiçək açar,
ildə bir kərə meyvə verərdim
ovuc içi qədər...
İndi
bir sobanın içində
hıçqıra-hıçqıra
çıtır-çıtır yanıram...
SEVDA
TÜRKÜSÜ
Sıxıl qoynuma,
səs-küy bürüyərkən
şəhərin
küçələrini.
Qayıdar
əks-sədalar dağlardan -
üşüyərəm,
əyninə qar geyinmiş
ağaclar
kimi...
Bərk-bərk tut əllərimi
ki,
bir səhra çiçəyinin ətri
yolundan
çıxartmasın məni.
Duz və çörək qədər
müqəddəs
kitabların,
insan nəfəsi dəyməmiş
vadilərin,
əsrarəngiz sirlərin
içində nə varsa
sevgiyə dair,
götürüb
yola çıxdım
hər gün sübh
tezdən...
Rüzgarın
ovsunlu çağırışına uyub
ipindən aralanan
çərpələng
kimi
çılğın olmaq istəyirəm,
bax,
açmışam qollarımı -
qucağım
göy üzündən
daha böyük,
daha geniş...
Qanıma susamış
bir qurd var,
nə vaxtdı
arxamca gəlir,
qarabaqara,
səhərə yaxın -
sübh tezdən
böyürtkən
kolu ol,
tikanlarının arasında
gizlə məni,
buz kimi
bulaqlar olsun ovuclarında,
bir udum içdimmi,
quş kimi qanad gətirim,
vermə,
vermə məni qurda.
Bir qovaq ağacı ol,
uyuyum kölgəndə,
günortaüstü,
yuxumda
mərmər saraylar görüm ,
çıxarım
ölümü qılafından,
necə gəldi öpüm
avqust kimi alışıb-yanan
köksündən...
Oyanım,
görüm ki, sən yoxsan,
dəlilər kimi
hayqırım,
hayqırım,
hayqırım!...
A.Qədir Bilgin
Hazırladı:
Dilsuz
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.16-17.