SEVDİM
Mən səni
dan yerinin sökülməsi qədər,
mən səni
qonşumuzun bağçasından
oğurladığım alça qədər,
mən səni
ac vaxtımda
küçədən aldığım kökə qədər,
mən səni
siqaretimin dibi -
son qüllabı
qədər,
mən səni
səhər-səhər
eşitdiyim ilk quş
səsi qədər,
mən səni
çılpaq və xam bir atın
kişnəməsi
qədər sevdim.
Sevdim,
altında uzandığım
qoca çinar qədər,
sevdim,
çocuqluğuma sarı
sısqa-sısqa
axan
pınar qədər,
sevdim,
kim bilir,
daha nələr,
nələr qədər.
Bəs etmədimi?
Getdin...
Adnan QORXMAZ
Hazırladı:
Dilsuz
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.17.