QARANLIQDA KEÇƏN GƏMİLƏR

 

Bir gecə       dəniz gəzintisində

                  unutduğum şərqini

dalğa-dalğa,

           yosun-yosun

                     toplayır hafizən.

Masmavi göyün altında

ulduz məhşəri -

topa-topa açılan,

topa-topa yığılan...

 

Davud peyğəmbərin olmalı

bu duyduğun Zəbur surəsi,

Bu bəyaz, çılpaq,

ölümü unutduran qadın da

əskidən

süfrədə bölüşdüyümüz

                 Zəlihə olmalı...

Mən

      sevdiyim bütün kitabları

                         oxuyub qurtardım,

hər sətrində səni gördüm...

Hər sözdən

          qəlbimdə bir ağrı qaldı,

qaranlıqda keçən

                       gəmilər kimi...

 

Hazırladı: Dilsuz

 

Bakı Süha EDİBOĞLU

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 sentyabr.- S.17.