Güntay Gəncalpla dialoqumuzun davamı
II silsilə I yazı
5. Səfəvizadə yox, Sasanizadə
Səlcuqların və Səfəvilərin İranda türk törələrini "unudub" Sasani idarəcilik sisteminə uymalarına da tarixi reallıq və məhz türk ədaləti müstəvisində baxmaq lazımdır. Türklər Xorasanda, İranda, hətta Anadoluda hakimiyyətdə olsalar da, ilk dönəmlərdə sayca azlıqda idilər, sanki döşəli bir evə girmişdilər və bu evin nizamını dəyişməyi yerli xalqa sayğısızlıq sayırdıar, qarşılarında böyük hədəf, dünya ağalığı niyyəti olduğundan buna vaxtları da yox idi. Əlbəttə, biz də bir səlcuqlu sultanın çağında "Şahnamə" yox, "Turannamə" yazılmasını, fars şovinizminin əsasını qoyan belə bir əsərin türk saraylarında qorunub köçürülməsini istəməzdik; lakin görünür, o zamanın dövlətçilik şərtləriylə bizim məntiqimiz fərqlidir, İran boyda yad bir ölkəni əldə saxlamaq üçün ordakı bəzi ənənələrə sayğıyla yanaşmaq dövləti qorumağın təminatı üçün gərəkirmiş... Döyüşlərdən başları açılmadı ki, yeni gəldikləri yerlərdə öz törələrini qanuniləşdirsinlər. Buna görə də Nizamülmülk kimi adamlar yerli xalqlarla ünsiyyəti möhkəmləndirmək, yerli adət-ənənələri daha yaxşı öyrənmək üçün lazım idi. Lakin bunun nə boyda böyük bir tarixi səhv olduğunu düşünmürdülər.
Sənin Səfəvilərə nifrətin ayrı bir mövzudur. Onların öz şəcərələrini peyğmbərimizə bağlamaları, məmləkətdə şiəliyi rəsmiləşdirərək türk dünyasında ikitirəlik salmaları və s. barədə dediklərin həqiqətdir. Şah İsnmayılın Avropa ölkələrinə məktublarında Osmanlını "ümumu düşmənimiz" elan edib, ona qarşı birgə mübarizə çağırışını da bura əlavə edə bilərik. Bu o zaman idi ki, İspaniyadan sonuncu müsəlmanı da qovandan sonra ispanlar və digər xristian güclər Quzey Afrikada müsəlmanları kütləvi surətdə qıra-qıra gəlirdilər və onların bu yeni səlib yürüşlərinin qarşısını igidliklə və təkbaşına yalnız Osmanlı alırdı. Arxadan zərbə almasa, bütün Avropanı fəth etmək gücü var idi. Acı bir tarixdir. Ancaq nə etməli? Türk dövlətləri arasında savaşlar sanki düşünülmüş şəkildə məhz belə məqamlarda-türkün cahan dövləti kimi yeni inkişaf mərhələsinə giriş məqamlarında olub. Lakin bu həqiqətin pərdəarxası da var, o da Kolumbun Amerikanı kəşfindən başlayaraq Avropanın dənizlərdə, okeanlarda hegemon olmaları, dünyanın hər yerində millətlər arasında düşmənçilik toxumları səpmələri, missioner dəstələri ilə qonşu dövlətlər arasında didişmə yaratmaq üçün hər vasitəyə əl atmalari idi. Gənc və riyakar Avropa yatmamışdı və bu gün daşıdığı ayır-buyur siyasətini o zaman da məharətlə həyata keçirməkdəydi. Rus tarixçisi Solovyovun kitabında Rusiyanın böyük elçilərinin İstanbulda Bab-i Aliyə yol tapmaq və sarayın sirlərini öyrənmək üçün ardıcıl şəkildə necə rüşvətlər verdiyini və bu işdə fransız səfirliyi ilə sanki yarış vəziyyətində olduqlarını oxuyanda heyrətə gəldim və o boyda dövlətin bu mikroblardan xəbərsizliyi ürəyimi ağrıtdı...
Osmanlı tarixçilərinin çoxu Səfəvi imperatorluğunu türk dövlətləri sırasına salmırlar, onların məntiqi yuxarıda söylədiklərim və təəssüf ki, bu gün də davam edən təriqət təəssübkeşliyi ilə bağlıdır. Lakin bu dövləti Azərbaycan tarixindən silmək olmaz. Şah İsmayıl Xətai savaşlarda atasını, babasını itirmiş, intiqam hissiylə tərbiyələndirilmiş bir gənc idi. Yanlışlıqları da olub, lakin buna görə ona Sasani casusu, İslam, peyğəmbər və türk düşməni, Səfəvi pisliyi demək, o türkcə bilmirdi, onun adına olan şeirləri başqaları yazıb hökmü vermək, illərlə ürəklərində ona heykəl tikmiş milyonlarla Azərbaycan türkünə sayğısızlıqdır.
Yuxarıda dediyim kimi, məncə, AMEA-nın Tarix İnstitutu səni də cəlb etməklə bu dövrün geniş və bəlgələrə söykənən həqiqətlərini ortaya çıxarıb, bu dartışmalara, qarşılıqlı ittihamlara son qoymalıdır.
Mən isə qısaca onu deyə bilərəm ki, "Şiəliyi İrana Xətai gətirdi" demək doğru deyil. Düzdür, o, şiəliyi rəsmiləşdirdi, lakin şiəlik ondan çox-çox əvvəl də İranda mövcud idi və birbaşa, elə indi olduğu kimi, fars şovinizminə, sasaniliyə xidmət edirdi, siyasiləşmişdi. Bu baxımdan Xomeyninin " İslam siyasət deyilsə, bəs nədir?" ifadəsinin də elə min illik kökü var.
Qərb alimləri şiəliyin İranda Səlcuqlardan əvvəl, Deyləmdən olan və özlərini Sasanilərə bağlayan Büveylioğulları tərəfindən yayıldığını yazırlar (Bax Gena R.Garthvayts).
Sınma nöqtəsi, inonik durum o vaxtdan başlanmışdı ki, qalib türk məğlub farsın dilini himayə etmişdi, ordu türkcə danışsa da, saray və idarəçilik Nizamülmülklərə etibar edilmişdi. Təəssüf ki, dil müqavimətsizliyi, dilini qurban vermək xəstəliyi türklər arasında, özəlliklə Azərbaycan türkləri arasında bu günədək davam edir. Min ildə bu xəstəliyi sağalda bilməmişik.
Mənbələr göstərir ki, Səfəviləri çox şeydə tənqid etmək olar, lakin Türk dilinə münasibətdə yox.
Biz qəbul etdik-etmədik, hər halda, Səfəvilərin 250 illik hakimiyyəti dövründə Türk dili xeyli inkişaf etmiş və bir sıra görkəmli ədəbiyyat xadimləri yetişmişdi.
Uşaqlıqda harda gizlədilməsindən asılı olmayaraq, Şah İsmayılı türk lələləri tərbiyə etmişdi. Buna görə də onun Təbrizə gəlırkən türkcə danışa bilməməsi iddiası inanılmaz görünür. Onu uşaqlıqdan hakimiyyət üçün hazırlayırdılar və bu işi də Gilan şeyxləri və seyidləri yox, Ərdəbilə bağlı olan və bir hissəsi Anadoludan gəlmiş türk bəyləri görürdülər və onlar gilanca danışmırdılar.
Səfəvi dönəmində Türk dilinin dövlət dili olması bir çox mənbələrdə göstərilir. Hökmdar ailəsi və ordunun türkcə danışması-dövlət dilinin türkcə olması deməkdir. Fransız səyyahı Chardin yazırdı: "Türkcə ordu və sarayın rəsmi dilidir. Burada ...böyüklərin yaşadıqları evlərdə həm xanımlar, həm də bəylər türkcə konuşurlar".
Xətainin bir sıra sənət sahiblərinə himayədarlıq etməsi də onu türkçülük düşüncəsinin təsdiqidir.
"Məncə, səfəvilik hələ tarixə dönməmişdir. Onun gələnəkləri davam etməkdədir" hökmünü pisliyə doğru və birtərəfli yozmaq və İslamdakı sünni-şiə ayrı-seçkiliyinin, nifrət, qaralama vərdişlərinin hamısını toparlayıb səfəvilərin boynuna yıxmaq da haqsızlıq olar..
Səfəviliyin şiəliyi qabartmasının İslam aləminə gətirdiyi sorunları bizdən çox-çox əvvəl Nadir şah görmüşdür və onun bu ayrılığı aradan qaldırmaq üçün Osmanlı dövlətinə müraciəti də çox böyük tarixi imkan idi. Təəssüf ki, bu imkan Osmanlı sarayında başa düşülməmiş və xoşgörüylə qarşılanmamışdır.
"Xətai türkcə şeir yazmamışdır!" demək dəlil-sübuta hayqırıdır. Onun şeirləri Şah Təhmasibin əmriylə, ölümündən az sonra toplanmışdı, dünyanın bir çıx əlyazma kitabxanalarında divanı (Orta hesabla 200-dən artıq qəzəl, "Dəhnamə", qoşmalar, rübailər və s.) saxlanılr. Onun adından başqaları da nəsə yaza bilərlər, lakin bu, onun şairliyini inkar etməz...
Səfəvilər hızla başlayıb, hızla yox oldular, deyirsən. Bunun cəmi yarım əsr ömür sürmüş pəhləvilər, yaxud 70 ildə dağılıb getmiş SSRİ haqqında demək olar, amma səfəvilər iki əsrdən artıq hökm sürdülər. Ümumiyyətlə, səfəvilərin, digər Azərbaycan dövlətlərinin və osmanlıların elm və mədəniyyət tarixi hələ yetərincə öyrənilməmişdir. Bununla belə " Bir daşı daşın üstünə qoyub yaptıqları bir şey olmadı" (Səfəvilər haqqında) "Bu 600 ildən heç bir şey qalmadı. Qara rüzgar kimi əsib keçmişdilər!" (Osmanlılar haqqında)
"Osmanlı da Səfəvi kimi tarixdən silindi. Heç bir iz buraxmadan tarixdən yox oldular" kimi fikirlərinlə razılaşmaq mümkün deyil.
Balkanlar, Quzey Afrika, Ərəb ölkələri, Osmanlı yadigarları ilə doludu. Bəzi yerlərdı bələ osmanlı geyimlərini qoruyub saxlayırlar. Təkcə İsfahanda Şah Abbasın tikdirdiyi körpüyə, saray kompleksinə, Azərbaycanın çeşidli bölgələrində indiyədək dağılmamış karvansaraylara, körpülərə baxanda Səfəvilərin təkcə bir nümayəndəsinin nə boyda bir quruculuq eşqi ilə yaşadığını etiraf etməkdən başqa yol qalmır. Bir çox tarixçilər bütün 16-cı əsrdə Səfəvi-Qızılbaş dövlətində parlaq bir Azərbaycan-türk xarakteri olduğunu qeyd edirlər.
Karle de Vo , P. Dori, A. Muller kimi Avropa alimləri şiəliyin perslərin ərəbizmə qarşı mübarizə vasitəsi olduğunu vurğulamışlar.
Şiəlikdən ən çox zərər çəkən isə türklərdir.
"Əşədü ənna əliyən vəliyullah" sözləri də azana Bühevilər dönəmində artırılmışdır. Şiəlik farsların əlində həm də türklərə qarşı mübarizə vasitəsi idi.
İslam dünyasında məzhəb ayrılığının güclənməsi Avropanın güclənməsi ilə üst-üst düşür.
Əslində İranda farsçılığın güclənməsinin bir səbəbi "Şahnamə"nin yazılması və yayılması olmuşdursa, başqa səbəbi də Avropanın ortaya atdığı və elə bir ciddi elmi əsası olmayan Hind - Avropa nəzəriyyəsidir. Məhz bu nəzəriyyənin meydana çıxmasından sonra İran ərazisində farslar gəlməzdən çox-çox əvvəl, Şumerden- Midiyaya qədər, yaranmış turanı mədəniyyət İranın və dolayı yolla perslərin adına yazmışdır. Bu gün dünya muzeylərini dolduran və pers adına təqdim olunan arxeologiya və mədəniyyət imiclərinin böyük əksəriyyətinin farslara heç bir aidiyyəti yoxdur, türklərin əsərləridir.
Bu gün İranda şiə məzhəbçiliyi, İslam pərdəsi altında yürüdülən gizli siyasətə səfəviçilik demək düz olmaz , bu, əsl Sasani-pers şovinizmini körükləyən, mifik pers tarixini şişirdən, Hind-Avropa ali irq müstəsnalığı yalanına söykənən, dövləti mütləqləşdirib neçə-neçə xalqın haqqını ayaqlar altına atan assimilyasiya siyasətidir. Dükan-bazarda Əhəməni və Sasani dövrləri və Zərdüştliklə bağlı olan suvenirlərin sayı və çeşidləri ildən-ilə artır. Təbliğ olunan Əhəməni və Sasani şahlarıdır, Şah İsmayıl Xətai yox! Turistlərə Perspolisi göstərirlər, Ərdəbili və Şeyx Səfi məqbərəsini deyil. Türklərin damarlarından Səlcuq, Qızılbaş-Səfəvi bəylərinin coşqun qanı sorulub, yerinə daraların, keyxosrovların qanı vurulmaqdadır. Bu həqiqəti unudub yenə "səfəvizadələri" hədəf seçsək diqqəti əsas mətləbdən yayındırıb, farsın dəyirmanına su tökmüş olarıq…
İran türklərinin başdan-başa Səfəvizadələrdən ibarət olmadığını yüz il öncə böyük Məhəmməd Əmin Rəsulzadədə də yazmışdır: "Türklər İranın qəhrəmanlarıdır. Bunu bütün tarix sübut edir." Bu sözlər indi də əhəmiyyətini itirməmişdir.
Nəzərə almalıyıq ki, bir-birləriylə faciəli savaşlardan keçsələr də, məhz, Səlcuqların, Atabəylərin, Ağqoyunlu və Qaraqoyunluların, Osmanlıların, Səfəvilərin, Avşarların və Qacarların, yaxşı-pis, hakimiyyəti sayəsində türk varlığı bu bölgədə kök atmış, öz mədəniyyətini, dilini, tarixini sübut etmiş və nəticə etibarilə bu gün dünyada yeddi müstəqil türk dövlətinin bayrağı dalğalanmaqdadır. Türkün yeni intibahı bu dövlətlərlə başlanmalıdır... (Bu tarixi fürsəti dəyərləndirə bilsələr!)
Güntay bəy uzaq keçmışlərin üstünə ağır zaman qatları, əsrlər yüklənmişdir. O vaxt baş vermiş olaylardan günümüzə uzanan bir çox yollar, izlər qırılıb. O tarixin xatirəsi daha çox mif və əfsanə xarakteri daşıyır.
Ən real olaylar uzaqlaşdıqca doğrudan da əfsanələşir, nağıllaşır, həyatda olmuş adamlar dastan qəhrəmanlarına çevrilir. İnsanlaq keçmişinin utancverici hadisələrini unutmağa və ya öz istəklərinə uyğun bir şərəf pərdəsinə bürüməyə çalışırlar.
Yaşlı adamlar öz uşaqlıqlarının ən acı günlərini də böyük bir heyranlıqla, xiffətlə andıqları kimi, cəmiyyət də tarixindən uzaqlaşdıqca ordakı qaranlıqlara, məğlubiyyətlərə baxmayaraq yenə ötüb küçənlərə bəraət axtarır, acı olayları da sevə-sevə xatırlayır.
Bu insana xas olan əxlaq və
psixologiyadır, irsi prosesdir. Folklor buna görə
olduğu kimi qəbul olunur və sorğulanmır.
Yaxın tarixə gəldikdə isə bu tarixin bütün
xırda detallarına qədər, incələnməsi,
bütün səbəb və nəticələrin
araşdırılması, iç və dış etkilərin
öyrənilməsi gələcək baxımından
çox önəmlidir.
Yazıların Azərbaycanın bugünkü durumununun və yaxın tarixinin təhlili baxımıdan çox
maraqlıdır; tarixi həqiqətə uyğundu və vətəndaşlıq
yanğısından doğulub.
Lakin mövqeyindəki bəzi
birtərəflilik davam etməkdədir.
Yazırsan: "On minlərlə
Türk əsgəri Ərəbistan və Yəmən
üçün öldü. Lakin uzaqgörən bir dövlət
adamı iş başında olsaydı, Ərəb
çöllərindəki ordularını da Türk yurdlarına toplayıb savunma
və saldırı ilkəsini mənimsədərdi".
Əvvəla, Osmanlı bir
ulusal dövlət deyildi, imperatorluqdu və Ərəb
çölləri də, Məkkə və Mədinə də
neçə yüz ildən bəri bu imperatorluğun ərazisi
idi. Türk əsgərləri Ərəb çölərini,
lakin öz ərazilərini qoruyaraq ölürdülər.
Şimali Afrika da, Fələstin də, Yəmən
də Osmanlı torpaqları idi. Türklərə
qarşı İstanbulun fəthindən, bəlkə də
lap hun dövründən başlanan Avropa saldırısı
davam edirdi. Və bu savaşda Osmanlı
fransızlara, ingilislərə, almanlara, ruslara, qoynunda bəslədiyi
ermənilərə, yunanlara və bütün Balkan
üsyançılarına qarşı təkbaşına
vuruşurdu. Kim bu savaşdan əl çəkib öz
500-600 illik xanədanını, mülkiyyətini atıb, qanadlarını
yığıb Anadoluda kiçik Türk yuvasına çəkilə
bilərdi . Hətta sonra türk ulusal dövlətinin
qurucusu olmuş böyük Atatürk də istiqlal
savaşından öncə bir əsgər kimi ərəb
ölkələrində Osmanlı imperatorunu qorumaq
üçün qəhrəmanlıqla
savaşmışdı. Məgər türklər bütün onlara
aid oan ərazini tərk edib Anadoluya geri dönsələr,
onları sakit buraxacaqdılar? Anadolu- Atatürkün ulusal
Türkiyəsi bu gün yenə Osmanlını hədəfə
alan Qərb dövlətlərinin alçaq siyasəti və xəyanəti
ilə üz-üzədir. Öz yurdunda da onu sakit buraxmırlar.
Bütün mənəvi dəyərlərin
kökünü və zirvəsini Avropada axtarmaq bir vərdişə
çevrilib: Teatr, rəssamlıq, demokrasi, yardımlaşma,
qadın haqları, insan haqları, düşüncə
özgürlüyü və s. Halbuki bütün bu dəyərlər
dünyanın çeşidli bölgələrində
Avropadan da öncə yaranıb, Avropa mədəniyyəti də
bu mədəniyyətlərin təsiri altında biçimlənmişdir.
Sənin
yazdıqlarının böyük əksəriyyəti təxminən
150 ildən çoxdur ki, bütün Azərbaycan
aydınlarını ciddi şəkildə
düşündürür və narahat edir. Milli kimlik şüurunun zəifliyi,
fars-ərəb
basqıları qarşısında müqavimətsizlik,
öz dəyərlərini qoruya bilməmək, sayca
üstünlüyünü mənəvi və siyasi üstünlüyə
çevirməyi bacarmamaq, bölgəçilik və
tayfabazlıq, millətləşmə prosesinin ləngiməsi,
torpaqlarını və bəzi dəyərlərini itirməsi
və bunun acısını tez unutması və s.
Burda şübhəsiz, ilk
növbədə toplumu ulus edən dəyərlər yada
düşür. Bu dəyərlərin başında ana
dili gəlir. Ərəbləri bir millətə
çevirən Qurani-Kərimdir. Farslar
üçün bu işi "Şahnamə"
görüb. Yəhudiləri din,
yunanları fəlsəfə qoruyub. Türk dili
dünyanın ən stabil dillərindən biri olsa da, təəssüf
ki, bizimkilər
çox vaxt onu xırda
siyasət və dövlət maraqlarına qurban
vermişlər.
Hələ 100 il əvvəl
Məhəmməd Əmin Rəsulzadə ana dilinin millət
olmanın əsas şərti hesab edirdi. Dil və
mədəniyyət birliyi xalqı yaratdığı kimi, bir
dildə danışmaq, bir mədəniyyəti paylaşmaq və
eyni hədəflər yolunda mübarizə aparmaq da milləti
formalaşdırır. Ötən minildə türklərin
əsas bəlası dil birliklərini qoruyub saxlamamaq və
onu, sənin yazdığın kimi, Osmanlıda ərəb-fars
sözlərinin qarışığından ibarət
süni bir dilə çevirmək, İranda isə fars dilinin kölgəsinə salmaq olmurdu.
İkinci bəla millət
anlayışına fərqli baxışdan irəli gəlirdi. Ruscada və bəzi
Avropa dillərində "natsiya" sözü bizim dilimizə
"millət" kimi çevrilir. Halbuki, natsiya millət yox, ulus kimi
çevrilməlidir. "Millət" tərəfdaş,
başının adamları anlamından doğulub. Məsələn Musa Peyğəmbərin
millası. Sonra bu müsəlmanlar mənasında
işlənilib "əhl-əl milla" - yəni müsəlmanlar.
Təsadüfi deyildir ki, Türkiyədə bu dəqiqə də
milli düşüncə, milli platforma və millət deyiləndə
daha çox din birliyinə söykənən insanlar nəzərdə
tutulur. Yəni millətin içindən vahid bir dildə
danışan və
eyni kökdən gələn insanları ayırmaq
mümkün olmur. Halbuki xristianlıq deyək ki, ermənilərə
bu imkanı 1500 il əvvəl vermişdir.
Kilsə tək bir ulusa aid idi və millət
deyiləndə bir dildə danışan və bir dinə
sitayiş edən insanlar nəzərdı tutulurdu. Dini kitabları öz dillərinə
çevirmişdilər. Təsəvvür elə ki,
"Quran" 1400 il əvvəl türkcəyə
çevrilmiş olaydı və türklər min dörd
yüz il dəyişilməz, sabit bir dildə
danışaydılar. Millət olma o zaman
asanlaşardı. Amma tərsinə oldu və Mirzı Cəlilin
tənqid etdiyi kimi, bir vətəndaşımızdan dili,
dini, milliyyəti soruşanda sualların üçünə
də bir cavab verirdi: müsəlman.
İslam milyonlarla
türkü İranda farslarla "bir millətə çevirməkdədir". Bu baxımdan
yanaşanda ən böyük söykəncək yerimiz dildir,
ana dilimiz. Millətin və dövlətin ən
böyük dayağı ana dilidir. Şükür,
Quzey Azərbaycanda bu dil dövlət dilidir. Bu reallıq zaman keçdikcə güneyli
qardaşlarlmızı da öz etkisi altina alacaqdır.
Bu reallığa görə də mən Azərbaycan türkcəsində
danışan
"azsaylı" deyilən xalqları da -
talışı, ləzgini, avarı, kürdü də
öz millətim sayıram. Amma türk qanı daşısa
da, bizim dilimizə və mədəniyyətimizə
bağlı olmayan adamların, əslində heç mənim millətimə
də aidiyyati yoxdur. Nə olsun qanı bizim
qanımızdandır?
Güney sarıdan da
narahatçılığımız da uzun sürməz.
2007-ci ildə aparılan bir
araşdırmaya görə Güney Azərbaycanda yaşayan
türklərin 56 faizi farsca bilmir. 4 faizi
farsca anlasa da, amma danışa bilmir. Dövlət nə
qədər ciddi müqavimət göstərsə də,
Güney aydınları İran deyilən ölkədə
inqilabdan sonra türkcə kurslar açmaq, qəzetlər,
kitablar buraxmaq işini inadla davam etdirirlər, azdır, lakin hər halda
müqaviməti qırmaqdır.
Bir daha vurğulamaq istəyirəm
ki, biz tarixi şəxsiyyətimizə son dərəcə diqqətlə,
ehtiyatla yanaşmalıyıq. Bu baxımdan
böyüklərimizin yaratdığı əxlaq ənənəsini
unutmaq olmaz.
Əslində tariximizə, ana dilimizə və
böyük şəxsiyyətimizə qarşı təxribatları
da mən bu gün davam edən savaşın gizli cəbhəsi
hesab edirəm. Tarixi şəxsiyyətlərin
parlaq xatirəsi milli tərbiyyənin ən ciddi ünsürlərindən
biridir. Bunu 1945-ci ildə Seyid Cəfər Pişəvəri
də yazmışdır: "Şübhəsiz ki, gənc nəslin
tərbiyəsində böyük şəxsiyyətlərin yad edilməsinin dərin təsiri
vardır".
İranın yaxın tarixini
bizlərdın yaxşı bilən Pişəvərinin sənin
tənqidindən əl çəkmədiyin Səttar xana və
Xiyabaniyə baxışı da fərqlidir. O yazırdı: "... Sərdari-milli öz vətəninə sayğı
bəsləyən, onu böyük və qüdrətli hesab
edən, vətəninin azadlığı yolunda mərdliklə
azadlıq bayrağını yüksəklərə
qaldıran bir şəxsiyyət olmuşdur."
"Əgər Sərdari-milli Tehrana
inanmasaydı, əgər Şeyx Məhəmməd Xiyabani
xain, yalançı və minüzlü müşavirlərinin
sözlərinə əhəmiyyət verməsəydi, Azərbaycan
nəinki İranın, hətta dünyanın ən mütərəqqi
ölkələrindən biri olmuşdu."
"Şeyx böyük mütəfəkkir
idi. "
Səttar xanın mübarizəsinin
xarakterinin və içindəki türklük sevgisini göstərmək
üçün bir hadisəni də yada salmaq olar. Ruslar Təbrizə hücum
edəndə Səttar xan türk konsulluğuna
sığınmış: "Qoy xalqımız osmanlılara
yaxınlaşsın" - demişdi.
Eyni taleyi S.C. Pişəvəri də yaşamışdır. 1946-ci ildə Amerika, ingilis, fransız gücləri İrandan çəkiləndə Pişəvəri Güney Azərbaycanın Türkiyəyə ilhaq qərarına gəlmiş, Ankaraya heyət göndərmişdi. Təəssüf ki, bu heyət qəbul olunmur; İnönü Stalinlə Rza şahın anlaşdıqlarını bilirdi və münasibətləri pozmaqdan ehtiyatlanırdı. Qərb bütün yollarla Tehran hökumətinə yardım edirdi.
Yazının
altıncı bölümü,
Səttarxana və Xiyabaniyə
hücumlarını nəzərə almasaq, mənim
ürəyimdən tikan çıxaran bir bölümdür.
İran türklərinin bugünkü rəzil durumunu dəqiq
əks etdirir. İran türklərinin
ulusal şüur və dirəniş sahəsindəki
sorunları haqda yazdıqlarına
mən də şahidi
olduğum xeyli dəlil ekləyə
bilərəm. Ancaq yazımı uzatmaq istəmirəm.
Otuz ildir, mən demək olar ki, hər gün güneylilərlə
təmasdayam. Doktor Zehtabi, Cavad Heyət kimi böyük ziyalılarla dost
olmuşuq. Amma elə hadisələrin də şahidiyəm
ki, dilə gətirmək çətindir. İrandan, güya
fars rejimindən qaçmış yüzlərlə ailə
var ki, Avropada öz dillərini qoyub yenə farsca
qırıldadırlar. Kanadada
bir güneyli dostumuzun qonağı idim. Birinci
gün təxminən on ailə
yığışmışdı söhbətə. Gecə
onlar dağılandan sonra ev sahibi dedi ki. növbəti
görüşümüzə onların yarısı gəlməyəcək,
sənin şeirlərindən və İran haqqındakı
söhbətindən qorxdular. Heyrətə gəldim.
Dünyanın o başında da
İran xofu ürəklərindən çəkilməmişdir...
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.20-21.