Parisdə Azərbaycanın rəmzi ünvanı
AXC-nin 100 illiyi ərəfəsində
Dünyanın ən gözəl şəhərlərindən olan Parisi Azərbaycana bağlayan çox tellər var. Bu sırada vaxtilə Parisin ucqarlarından sayılmış, indi isə illərlə böyüyən, genişlənən paytaxta qovuşmuş Sen-Klu şəhərciyinin məxsusi yeri var.
Sen-Klu Azərbaycanın unutmadığı, tariximizdə silinməz izləri olan Vətən övladları ilə bağlı bir məkandır.
İstənilən şəhərin
müqəddəs yerləri ona hörmət gətirir. Bu cəhətdən
Sen-Klu da istisna deyil. Burada çox nəhəng tarixi bir məzarlıq
var. Bu məzarlıqda Azərbaycanın iki ictimai xadiminin -
Ceyhun bəy Hacıbəylinin və Əlimərdan bəy
Topçubaşovun ruhu uyuyur. Tale onların hər
ikisinin qəbrini ziyarət etməyi həyat yoldaşım,
filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli
ilə mənə
nəsib etdi.
***
Tədqiqatçıların
Tiflis arxivlərindən verdiyi məlumata əsasən,
Əlimərdan bəyin ulu babası Əliəkbər
Xorasandan Tiflisə köçmüşdür. Çar
İrakli Əliəkbər bəyi topçuluq haqqında
bilgilərinə görə topçubaşı vəzifəsinə
təyin edib. Nəsil soyadı da məhz
buradan qaynaqlanır. Ağa Məhəmməd
şah Qacar Tiflisi yerlə-yeksan edib geri dönəndə
Əlimərdan bəy Topçubaşovun ulu babaları
Əlimərdan, Hacıağa və Ağahüseyni
özü ilə əsir aparır. Qacarlar
nəslindən olan Gəncə hakimi Cavad xan Ağa Məhəmməd
şah Qacardan qardaşları azad etməyi xahiş edir.
Nəticə müsbət olur. Sonralar Əlimərdan bəylə onların
arasında qohumluq əlaqəsi yaranır. (Ata, baba adlarının övladlara, nəvələrə
verilməsilə Əlimərdan bəy Topçubaşovun ad
və soyadı nəsil şəcərəsində bir
neçə dəfə təkrarlanır).
Bu izdivacdan onların
1790-cı ildə Mirzə Cəfər adlı oğlu
dünyaya gəlir. Sonralar Mirzə Cəfər Sankt-Peterburqda
Rusiya şərqşünaslıq elminin əsasını
qoyanlardan biri, bəlkə də birincisi olur. Uzun müddət
Moskva arxivlərindən topladığım mənbələrə
əsasən qətiyyətlə deyə bilirəm: təəssüf
ki,
günümüzədək Moskva Şərq Dilləri
İnstitutunda çalışmış Mirzə Cəfər
Rzayevlə Sankt-Peterburq Universitetinin professoru Mirzə Cəfər
Topçubaşovun şəxsiyyəti və elmi-pedaqoji fəaliyyəti
səhv salınır.
Dövrün ictimai-siyasi vəziyyətindən
asılı olaraq Mirzə Cəfər Rzayev də Mirzə
Kazımbəy kimi xristianlığı qəbul etmişdir. Ümumrusiya Moskva Mərkəzi
Kitabxanasının kataloqunda onun adı müxtəlif şəkildə
yazılır: Mirzə Cəfər, Mirzə Cəfər
Rzayev, Mirzə Cəfər Rzazadə, Mirzə Cəfərxan
Rzayev, Mirzə Abdulla Cəfərov, Mirzə Cəfər
İrani və b. Bəlkə bu müxtəlifliyə görədir
ki, F.Qasımzadənin "Abbasqulu ağa Bakıxanov"
adlı monoqrafiyasında, ali məktəblər
üçün "XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyində, eləcə də məşhur
filosof Heydər Hüseynovun "İz obşestvennoy i
filosofskoy mısli v Azerbaydjane XIX veka" kitabında, Azərbaycan
Sovet Ensiklopediyası kimi mötəbər mənbədə Mirzə Cəfər Rzayevin şəxsiyyəti
görkəmli Azərbaycan şərqşünası,
şairi Mirzə Cəfər Topçubaşovla səhv
salınıb. Bu mənbələrin hamısında Mirzə
Cəfər Topçubaşovun fars dilinin
qrammatikasına dair bir neçə dərsliyinin olması qeyd
edilir. H.Hüseynov hətta onun dərsliklərinin
(? - N.M.) adını
çəkməklə yanaşı, əsərində həmin
qrammatikalardan birinin titul səhifəsinin şəklini də
vermişdir. Titul səhifəsində isə
açıq-aydın kitabın Peterburqda deyil, məhz 1901-ci
ildə Moskvada, akademik F.Y.Korşun iştirakı ilə
LŞDİ-nin "Şərqşünaslıq
materialları"nın VI
buraxılışında çap olunması, müəllifin
LŞDİ-nin müəllimi olması göstərilir.
Mirzə Cəfər
Topçubaşovun ən layiqli tədqiqatçıları
A.Rzayev, C.Sadıqova, T.Ələskərova və N.A.Tahirzadənin
araşdırmalarına əsasən, görkəmli şərqşünas
alim yalnız Peterburqda yaşayıb-yaratmışdır. LŞDİ-nin
Xüsusi sinifləri 1872-ci ildə açılmış,
M.C.Rzayev həmin institutda 1876-cı ildən pedaqoji fəaliyyətə
başlamışdır. Mirzə Cəfər
Topçubaşov isə 1869-cu ildə vəfat etmişdir.
Kitabın əsl müəllifi Mirzə Cəfər
Rzayev hələ o vaxt professor adı almamışdı.
Ona bu elmi ad 1925-ci ildə verilmişdir.
Mirzə Cəfər
Topçubaşov da Rusiya şərqşünaslığı
elminin çiçəklənməsində tarixi xidmətləri
olmuş azərbaycanlı alimlərdəndir. Mirzə Cəfər Topçubaşov
Tiflisdə ruhani təhsili almış, ərəb,
fars, eləcə də gürcü dillərini mükəmməl
öyrənmişdi. Sonralar o, Tiflisdə İran səfirliyində
işləmiş, A.Rzayevin gürcü mənbələrindən
və Sankt-Peterburq arxivlərindən verdiyi məlumatlara əsasən,
gürcü şahzadəsi, məşhur
"İtalyanca-farsca-türkcə (azərbaycanca) lüğət"in
tərtibçisi T.Q.Baqrationi ilə birlikdə 1811-ci ildə
Peterburqa getmişdir. Bir müddət Asiya
departamenti Xarici İşlər Nazirliyində tərcüməçi
və 1819-cu ildən Baş Pedaqoji İnstitutda Şərq
dilləri üzrə müəllim işləmişdir.
Baş Pedaqoji İnstitut Peterburq Universiteti ilə əvəz
olunanda M.C.Topçubaşov burada fars dilindən
mühazirələr oxumağa razılıq vermişdir. O,
professor F.Şarmua və İ.Demanjın universiteti tərk etməsi
ilə 7 mart 1823-cü ildən fars
filologiyası kafedrasına adyunqt-professor təyin
olunmuşdur. 1825-ci ildən həm də Asiya Departamenti Xarici
İşlər Nazirliyi Şərq Dilləri Tədris
şöbəsində çalışmış, 31 dekabr
1835-ci ildən fars filologiyası üzrə
ekstraordinar professor, 21 may 1843-cü ildən isə ordinar
professor seçilmişdir. Azərbaycanlı şərqşünas
Peterburq Universitetində təkcə fars
dilindən yox, həmçinin ərəb və türk dillərindən
mühazirələr oxumuşdur. Müəllimlikdən
savayı, o, Peterburqun kütləvi kitabxanasındakı qiymətli
Şərq əlyazmalarını, o cümlədən
Şeyx Səfi məqbərəsindən talanıb gətirilmiş
nadir əlyazma və kitabları komplektləşdirmiş,
müxtəsər izahlı biblioqrafiyalarını
hazırlamışdır.
1849-cu il martın 24-də Peterburq
Universitetini öz xahişi ilə tərk edən
M.C.Topçubaşovu Kazan Universitetinin professoru, XIX əsr
Rusiya şərqşünaslıq elminin ən nəhəng
simalarından olan Mirzə Kazım bəy əvəz
etmişdir. Asiya Departamentində elmi fəaliyyətini davam
etdirən M.C.Topçubaşov fars dilinin
qrammatikasına aid müstəqil tədqiqat əsəri
yazmamışdır. Poeziya vurğunu olan
M.C.Topçubaşovun "Xalq Maarif Nazirliyi jurnalı"nda
çapdan çıxmış şeirlərini vaxtilə məşhur
rus tənqidçisi V.Q.Belinski yüksək qiymətləndirmişdi.
M.C.Topçubaşov bir şeir kitabının
və tərcümələrin müəllifidir.
***
Əlimərdan bəy
Topçubaşov Mirzə Cəfər Topçubaşovun nəvəsidir. O, 4 may 1863-cü ildə
(doğum tarixi mübahisəli olsa da,qəbrin
sinə daşında məhz belə yazılıb) Tiflisdə
çar ordusunun podporuçiki Əliəkbər bəy
Topçubaşovun ailəsində dünyaya gəlib. Anası Vəkilovlar nəslindən Məhəmmədhəsən
bəy Vəkilovun qızı Sevər xanımdır. Ə.Topçubaşov
atasını, bir qədər sonra anasını erkən
itirmiş, nənəsinin himayəsində
böyümüşdür. Təhsilini əvvəlcə
mədrəsədə, sonra rusdilli Tiflis I klassik gimnaziyada
almışdır. Gimnaziyanı əla
qiymətlərlə bitirib, 1884-cü ildə vaxtilə
babası Mirzə Cəfər Topçubaşovun təhsil
aldığı və fəaliyyət göstərdiyi
Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsinə qəbul
olur. Topçubaşov soyadı Sankt-Peterburqun elmi
ictimaiyyətinə tanış idi. Babası Mirzə Cəfərin çoxlu sayda
müxtəlif elm və tədris ocağında
çalışan tələbəsi, yetirməsi onun
adını hörmətlə çəkirdilər. Bir
il sonra şəxsi təşəbbüsü
ilə hüquq fakültəsində təhsilini davam etdirir. Müqabilində təqaüddən kəsilir.
1887-ci ilin dekabrında tələbə
iğtişaşlarında iştirakına görə
universitetdən xaric edilir, lakin fitri istedadı, elmi-intellektual
səviyyəsi nəzərə alınıb, yenidən
universitetə bərpa olunur. 1888-ci ildə universitet Elmi şurası
onun Mülki-hüquq kafedrasına təqdim etdiyi dissertasiya
işinə görə hüquq elmləri namizədi elmi dərəcəsini
təsdiq etmiş, həmin kafedrada qalıb elmi və
pedaqoji işini davam etdirməsi
barədə qərar versə də, çarın fərmanına
əsasən, xristian olmadığı üçün onun
Sankt-Peterburqdakı fəaliyyətinə son qoyulur.
1889-cu ildə Ə.Topçubaşov
Tiflisə qayıdır, burada bir müddət 2-ci şəhər
bölməsində mülki və kiçik cinayət işlərinə
baxan hakim köməkçisi vəzifəsində işləyir,
1890-cı ilin may ayından Tiflis Dairə Məhkəməsinin
katibi təyin edilir. O, 1895-ci ildə kollec asessoru rütbəsi
alandan sonra həm məhkəmələrdə vəkillik
edir, həm də gimnaziyada hüquqdan dərs deyir. Həmin ilin 8 mayında Tiflis Dairə Məhkəməsinin
andlı iclasçıları sırasına qəbul edilir.
1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il) Bakıya gəlir. Bir sıra
mübahisəli məhkəmə çəkişmələrində
uğurları, məntiqli, alovlu çıxışları
tez bir zamanda onu Bakı mühitində məşhurlaşdırır.
1897-ci ildə
tanınmış milyonçu-messenat Hacı Zeynalabdin
Tağıyev rus dilində çap olunan "Kaspi" qəzetini
satın alır. Ə.Topçubaşov 24 iyun 1898-ci ildən
1907-ci ilin dekabrınadək burada çalışıb.
"Kaspi" qəzeti 1881-ci ildə Bakı
burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyinə
xidmət etmək üçün təsis edilmiş, sonadək
burjua ideyalarına sadiq qalmışdır. Qeyd edək ki, milli demokratik hərəkatın
aparıcı qüvvəsi Azərbaycan milli burjuaziyası və
milli ziyalılar idi. Qəzetlə daim əməkdaşlıq
edən Həsən bəy Zərdabi, Nəriman Nərimanov,
Sultan Məcid Qənizadə, Məmmədağa
Şahtaxtinski, Əli bəy Hüseynzadə, Ceyhun bəy
Hacıbəyli, Həbib bəy Mahmudbəyov, Firidun bəy
Köçərli kimi yazıçı-publisistlərin
qaldırdığı məsələlər qəzetin
burjua mənafeyinə zidd idi.
Qəzet zamanının ən məşhur
nəşri olub: "Əkinçi"
bağlanmışdı, "Şərqi-Rus" hələ
nəşrə başlamamışdı, anadilli qəzetlər
yox idi, yalnız rusdilli qəzetlər nəşr olunurdu. "Kaspi" təkcə Zaqafqaziyada deyil,
Rusiyanın müsəlmanlar yaşayan ərazilərində,
hətta uzaq Şərqdə yaxşı tanınırdı.
H.Z.Tağıyev "Kaspi"ni
"Əkinçi" bağlanandan sonra mətbuatdan kənarda
qalmış tanınmış maarifçi H.B.Zərdabi
üçün nəzərdə tutub almışdı. Elə de-fakto XX əsrin əvvəllərinə qədər
H.B.Zərdabi qəzetin redaktoru olub. Təkcə onu demək
kifayətdir ki, "Kaspi"nin 300-dən
çox nömrəsi H.B.Zərdabinin imzası ilə
işıq üzü görüb. Əslində,
Ə.Topçubaşovun qəzetə cəlb olunması H.B.Zərdabinin
təşəbbüsü olub. Onların
arasında qohumluq əlaqəsi də vardı.
1893-cü ildə Ə.Topçubaşov H.B.Zərdabinin
Tiflisdə təhsil alan böyük
qızı Pərixanımla ailə qurmuşdu. İxtisasca hüquqşünas olan
Ə.Topçubaşov məhz H.B.Zərdabinin köməyi ilə
mətbuatı mənimsəmişdi.
O, 1901-ci ildə H.Z.Tağıyevin dəstəyi
ilə açılan Şərqdə ilk "Qızlar
seminariyası"nın qəyyumlarından
biri olmuş, bu ictimai-mədəni hadisəni "zülmət
qaranlıqdan aydınlığa çıxış"
adlandırmışdı. Ə.Topçubaşovun peşəkar
hüquqşünas olması qəzetdə işlədiyi
vaxtlarda karına gəlir. Məqalələrində,
əməli işlərində müsəlmanları maarifləndirir,
onların öz hüquqlarını dərk etmələrinə
çalışır, milli maraqlardan çıxış
edir. Əlbəttə, bu yöndə
rusdilli mətbuatın rolu əvəzolunmaz idi. Çünki qəzet Zaqafqaziyada Ümumrusiya müsəlmanlarının
tribunası idi. İmperiya administrasiyası içərisində
xalqının hüquqlarını müdafiə etmək asan
məsələ deyildi. Mətbuatdan uzaqlaşandan sonra da bu ənənəni
davam etdirir, Ə.Hüseynzadə, Ə.Ağayevin adları ilə
yanaşı Azərbaycan Milli hərəkatının
bünövrəsini qoyanlardan biri olur. Sonralar
təsis etdiyi "Həyat" qəzetində bu imzalarla
birlikdə türk xalqlarının özünüdərkin təşəkkül
tapmasında, milli birliyin möhkəmlənməsində
böyük rolu olmuşdur.
I Rusiya inqilabı hadisələri
zamanı siyasi xadim kimi istedadı parlayır. Əlimərdan bəy
Topçubaşov 8 aprel 1905-ci ildə Sankt-Peterburqda
Əbdürrəşid İbrahimin mənzilində Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Fərrux bəy
Vəzirov, Bünyamin Əhməd, Sədri Maqsudovla birlikdə
təsis etdikləri ilk Rusiya Müsəlmanlarının Vahid
Siyası Partiyasının proqram və bəyannamələrinin
hazırlanmasında həlledici rol oynayır. 15
avqust 1905-ci ildə Nijni-Novqorodda Azərbaycan və tatar
burjuaziyasının təşəbbüsü ilə
Ümumrusiya müsəlmanlarının gizli şəraitdə
("İttifaqi-müslimin") qurultayı keçirilir.
İsmayıl bəy Qaspıralının
qısa salamlaşmasından sonra qurultaya
Ə.Topçubaşov və Yusif Akçurin sədr
seçilir. İlk söz də Əlimərdan
bəyə verilir. Onun alovlu nitqi qurultay
iştirakçılarını riqqətə gətirir:
"Ey möminlər, ey qardaşlar! Mən bu
gün o qədər şad və məmnunam ki, bu sevinc və
məmnuniyyətimi heç bir vəchlə ifadə edə
bilmirəm. Mən heç vaxt bu
günü unutmayacağam. Şübhəsiz ki, bu
gün Ümumrusiya müsəlmanları üçün hər
il bayrama çevriləcəkdir. Biz bir əsildən, bir nəsildən gələn,
bir dinə iman gətirən türklərik. Məğribdən Məşriqə qədər
bizim babalarımızın yurdu olub. Babalarımızın
qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz
dağlarında, Krım bağlarında, Kazan çöllərində,
babalarımızın yurdunda, öz vətənimizdə,
öz torpağımızda ehtiyac və tələbatımızı
azad şəkildə müzakirə etməyə
ixtiyarımız qalmadı. Lakin şükürlər
olsun Allaha ki,
bütün fitnə-fəsadlara və qəddarlıqlara
baxmayaraq, biz bu gün sular üzərində (qurultay Oka
çayı üzərində kirayə
götürülmüş "Gustav Struve" gəmisində
baş tutmuşdu - N.M.) könlümüzü bir-birimizə
açmağın səadətini yaşayırıq. Üz-üzə oturmuşuq, bir-birimizə qucaq
açmışıq. Mən tamamilə əminəm,
əgər gələcəkdə bizə sular üzərində
danışmağa macal verməsələr, göylərə
baş vurarıq, ulduzlar arasında yer bularıq və bu
günü bayram edərik".
Qurultayda Azərbaycandan, həmçinin
Əhməd bəyAğayev, Şəmsi Əsədullayev və
Kazım bəy Vəzirov da iştirak edirdilər. Qurultay Ümumrusiya Müsəlman
İttifaqının yaradılmasını qərara alır.
Ə.Topçubaşov tərəfindən
yazılmış müraciətnamə Rusiya vilayətlərində
yaşayan tanınmış ziyalılara göndərilir. "Ümumrusiya Müsəlman
İttifaqı" partiyasının 1906-cı il
16-23 avqustda keçirilən növbəti qurultayına da
Ə.Topçubaşov sədrlik edir. Qurultayda çox vacib məsələlər
irəli sürür: Rusiyada və ucqar ərazilərdə
yaşayan türklərə öz dillərində məktəblər
açılsın, icbari ibtidai təhsilə keçilsin, təhsil
ana dilində olsun, mədrəsələr yenidən təşkil
olunsun, iri şəhərlərdə, o cümlədən
Bakıda, Kazanda, Bağçasarayda Pedaqoji institutlar
açılsın və s. Ümumrusiya Müsəlman
İttifaqı partiyasının qarşısında
mühüm vəzifələr dururdu: 1.Bütün millətlərin
bərabərliyini təmin edən konstitusiyalı monarxiya
yaratmaq; 2.Bütün Rusiya müsəlmanlarını birləşdirmək;
3.Müsəlmanlara qarşı ayrı-seçkiliyə son
qoymaq; 4.Müsəlmanların mədəni-maarif sahəsində
tərəqqisinə nail olmaq.
Tanınmış tarixçi C.Həsənli
yazır: "Ə.Topçubaşov inqilab dalğası ərəfəsində
demək olar ki, Rusiya siyasi avansəhnəsinə
atılıb".
Azərbaycan ziyalıları
sinfi yox, milli-demokratik mübarizəni ön plana çəkiblər.15
aprel 1905-ci ildə Azərbaycanın tanınmış
ziyalıları hökumət idarələrinə petisiya ilə
müraciət edirlər. Onlar şəxsiyyətin,
mülkiyyətin toxunulmazlığını, vicdan, söz və
mətbuat azadlıqlarının verilməsini tələb
edirlər. Petisiya cəmiyyətdə ciddi
rezonans doğurur. Sənədin əsas
hissəsini Ə.Topçubaşov hazırlamışdı.
II Nikolay 17 oktyabr 1905-ci ildə Rusiya
xalqlarına demokratik azadlıqların verilməsi haqqında
manifest elan edir. Manifest Azərbaycanda da rəğbətlə
qarşılanır. Manifest milli şüurun inkişafına
şərait yaradır, islamın, türkçülüyün
təbliğini, müstəmləkəçiliyə
qarşı mübarizəni gücləndirir. Rusiya ərazisi və ondan kənarda yaşayan
türk xalqlarının liderləri müstəmləkəçilik
siyasətinə qarşı mübarizə aparmaq məqsədilə
siyasi partiyalar yaratmaq təşəbbüsü irəli
sürürlər. Azərbaycanda partiyalar
yaradılmasının siyasi ideoloqlarının ən birincisi
Ə.Topçubaşov idi. Rusiyada olduğu kimi, XX əsrin
əvvəllərində Azərbaycanda da ilk milli təşkilat
və partiyalar yaranır: "Hümmət", eser,
"Difai", "Müsavat" və s.
1905-ci ilin oktyabrında Rusiyada
konstitusiyalı demokratlar - Kadet partiyası yaradılır. Bakıda da
növbəti ildə kadetlərin təsis
yığıncağı keçirilir, yerli sənaye və
ticarət burjuaziyası Rusiyadakı Kadet partiyasının
Bakı şöbəsinin təşkilində köməkliklərini
əsirgəmirlər. Ə.Topçubaşov, İ.Hacınski,
K.Səfərəliyev Kadet partiyasının Bakı bürosunun üzvü
seçilirlər. Xatırladaq ki, gələcəkdə
də I Dövlət Dumasında əksəriyyət kadetlərdən
oldu.
17 oktyabr manifestini əsas tutaraq
çar 1905-ci il 11 dekabrda I Dövlət
Dumasına seçki keçirilməsi haqda qanun
imzaladı.Ə.Topçubaşov 1905-ci ildə Bakı dairəsindən
Rusiya Dövlət Dumasına üzv seçilir. O, Kadet
partiyasının təmsilçisi idi. Kadet
partiyası müxalifətçi qurum kimi
tanınırdı. Onlar hər vəchlə
sübut etməyə çalışırdılar ki,
Rusiyanın birliyinə süngülər, güllələrlə
nail olmaq olmaz. Hər bir xalqın dilinə,
dininə, adət-ənənəsinə hörmət edilməli,
pulsuz təhsil verilməlidir. Ə.Topçubaşov
Dumada təkcə azərbaycanlıların yox, Krım
tatarlarının, Orta Asiya türklərinin, Rusiyada yaşayan
türkdilli xalqların lideri kimi çıxış edir.
Dumada Rusiya müsəlman əyalətlərinin
başçıları Ə.Topçubaşovu müsəlman
fraksiyasına rəhbər seçmişlər. O, müzakirələrdə
hökumətin aqrar və köçürmə siyasətini
pisləyir, müsəlmanlara muxtariyyət verilməsi tələbini
irəli sürürdü. II Nikolay
fraksiyalararası ziddiyyətləri bəhanə edərək,
inqilab mövqeli Dumanı 72 gün sonra ləğv edir.
Duma 1906-cı il 27 apreldən 7 iyula qədər
Sankt-Peterburqda fəaliyyət göstərmişdir.
Etiraz edən 200-ə yaxın deputat
9-10 iyul 1906-cı ildə Vıborq şəhərində iclas
keçirir və "Vıborq müraciətnaməsi"ni qəbul edir. Bu müraciətnaməni
imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur.
Çar etirazçıların bəyannaməsinə
qarşılıq onları həbs etdirir. Ə.Topçubaşov məşhur "Kresti"
zindanında 3 aylıq həbsxana həyatı yaşayır.
Beləliklə, təkcə "Kaspi" qəzetinin
rəhbərliyindən yox, Bakı Duması
qlasnılığından kənarlaşdırılır, gələcəkdə
Dövlət Dumasına seçkilərdən məhrum edilir.
Ə.Topçubaşov
1905-1907-ci illərdə Azərbaycanın azadlığı
uğrunda mübarizəyə qoşulur, ictimai-siyasi fəaliyyətini
genişləndirir, ömrünün sonuna kimi məsləkindən
geri dönmür. Bütün bu olaylar onun iradəsini
qırmır, əksinə, mətinləşdirir, tutduğu
yoldan daşındırmır. Zəhmətkeşlərin
mənafeyini müdafiə edən iclas, yığıncaq,
mitinqlərdə alovlu çıxışlar edir, xüsusilə
Bakı fəhlələrinin acınacaqlı vəziyyəti
ilə barışmır, onların mənafeyini müdafiə
edir. Əvvəlcə Bakı Dumasına
üzv seçilən Ə.Topçubaşov sonralar
Dumanın sədri olur.
1917-ci il
inqilabından sonra Ə.Topçubaşov Sankt-Peterburqdan Azərbaycana
qayıdır, azadlıq, müstəqillik uğrunda
mübarizəsini davam etdirir. 1917-ci il martın 29-da yenicə
təşəkkül tapan Müsəlman Milli
Şurasının Müvəqqəti İcraiyyə Komitəsinə,
Bakı şəhər Dumasına üzv, aprelin 15-20-də
keçirilən Ümumqafqaz Müsəlmanlarının
Qurultayına, Müsəlman İctimai Təşkilatları
Komitəsinə sədr seçilir. 1918-ci ildə
Bakıda erməni daşnakları və bolşeviklərinin
müsəlmanlara qarşı törətdikləri vəhşiliklər,
qırğınların dayandırılmasında Müsəlman
icmasının rəhbəri kimi Ə.Topçubaşov aktiv
danışıqlar aparmış, nüfuzu, təcrübəsi
bu proseslərdə mühüm rol oynamışdır. Artıq Zaqafqaziyada müstəqil dövlətlərin
yaradılması çağırışları güclənməkdə
idi. Həmin ərəfədə Dövlət
Dumasının Qafqazdan olan üzvləri Tiflisdə Zaqafqaziya
Seymini yaratdılar. Bu, Zaqafqaziyanın ilk
parlamenti idi, ömrü cəmi 1 ay çəkdi. 1918-ci
il mayın 28-də Həsən bəy
Ağayevin sədrliyi ilə Azərbaycan Milli
Şurasının tarixi iclası keçirildi. Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və
F.X.Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin Bəyannaməsini
elan etdilər - Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldı. Müstəqilliyin elan olunması tarixi
hadisə olsa da, siyasi durum çox çətin idi; əvvəla,
Bəyannamə Bakıda yox, Tiflisdə elan olunmuşdu, ikinci,
1918-ci il qətliamından sonra şəhərin müsəlman
əhalisi pərən-pərən düşmüşdü,
bu vəziyyəti yalnız Osmanlı Türkiyəsi tənzimləyə
bilərdi. Türkiyə Azərbaycana yardım
etməyə qərar verir. Nuru Paşanın
komandanlığı altında Qafqaz İslam Ordusu 1918-ci il iyulun əvvəllərində Gəncəyə
daxil olur, ardınca iyunun 27-də Göyçay, iyulun 20-də
Şamaxı, sentyabrın 15-də Bakı azad olunur. Azərbaycan Milli hökuməti Bakıya
köçür.
İyunun 17-də F.Xoyskinin
başçılığı ilə 2-ci hökumət
kabineti təşkil edilir. Ə.Topçubaşov
avqustun 22-də Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə
və səlahiyyətli səfiri kimi Osmanlı imperiyasına
danışıqlara göndərilir. Ənvər
Paşanın İttihad və Tərəqqi partiyası
ölkəni idarə edə bilmirdi, hətta 1918-ci ilin
oktyabrında müttəfiqlərlə sülh müqaviləsi
imzalamışdı və məğlub tərəf hesab
olunurdu. Osmanlı ordusu Azərbaycandan
çıxmalı, hər necə olursa müttəfiqləri
ilə dil tapmalı idi. 1918-ci ilin
oktyabrında Milli hökumət fövqəladə
bacarığını nəzərə alıb,
Ə.Topçubaşova Xarici işlər naziri vəzifəsini
həvalə edir. Nuru Paşa Bakını işğaldan
azad etdikdən sonra Şərqdə ilk Azərbaycan parlamentinin 7
dekabrda keçirdiyi birinci iclasını M.Ə.Rəsulzadə
açır. Ə.Topçubaşov qiyabi olaraq
sədr, H.Ağayev sədr müavini seçilir. Bütün hakimiyyət parlamentə verilir.
(Parlament 1920-ci il 27 apreldə
keçirdiyi son iclasında hakimiyyətin bolşeviklərə
verilməsini elan etmişdi).
Osmanlı Türkiyəsinin
çətin durumu diplomatik gedişi dəyişir. Ə.Topçubaşov
bu vəziyyətdə yeganə çıxış yolu kimi
Paris Sülh konfransında iştirak etmək təşəbbüsünü
irəli sürür. Məqsəd AXC-nin
suverenliyini de-fakto tanıtmaq, xarici ölkələrlə
diplomatik əlaqələr qurmaq, belə vəziyyətdə
iqtisadi böhrandan çıxartmaq üçün Azərbaycana
borc almaq, dövlətin milli mənafeyini, suverenliyini qorumaq
idi.
Versal sülhü qalib
dövlətlərin maraqlarının təmin olunmasına
xidmət etməli, dünyanın I Dünya müharibəsindən
sonrakı inkişafını müəyyənləşdirmiş
məcraya yönəltməli idi. Başda Ə.Topçubaşov
olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri
(heyət: "Müsavat" partiyasından M.Hacınski,
C.Hacıbəyli, "Hümmət" partiyasından
Ə.Şeyxülislamov, "Sosialist" partiyasından M.Məhərrəmov,
"İttihad"dan M.Mirmehdiyev, Ə.Ağayev və
Ə.Hüseynzadə bitərəf kimi) 1919-cu ilin aprelində
Paris Sülh Konfransında müstəqil dövlətin
nümayəndələri kimi Qərb dövlətlərinin
antibolşevik təzyiqləri ilə Azərbaycanın
müstəqil dövlətçiliyini möhkəmlətmək
istəyinə nail oldular. Hətta Qarabağ 27
dövlət tərəfindən de-fakto Azərbaycan ərazisi
kimi tanındı. Bundan öncə 1918-ci
ilin noyabrında Ə.Topçubaşovun Antanta dövlətlərinin
İstanbuldakı nümayəndəliklərinə göndərdiyi
memorandumda Azərbaycan ərazisi müəyyənləşdirilmişdi.
Ancaq bu o qədər də
asan başa gəlmədi. Ə.Topçubaşov
15 nəfər diplomata rəhbər seçilmişdi. Onun bir neçə dil bilən iki oğlu da katib
kimi nümayəndə heyətinə
qatılmışdılar. Ə.Ağayev
həmin ərəfədə həbs edilib Maltaya
sürgün olundu, sonra Ə.Hüseynzadə həbs edildi.
Tezliklə buraxılsa da, ona viza almaq
mümkün olmadı. 20 yanvar 1919-cu ildə
İstanbula gələn Azərbaycan hökuməti nümayəndələri
Parisdən 3 aya qədər çağırış
gözlədiyi halda, qonşu dövlətlər artıq
Parisdə təbliğat-təşviqat işləri
aparırdılar.
1919-cu ilin 28 mayında -
Cümhuriyyətin ildönümündə ABŞ prezidenti
Vilson Azərbaycan nümayəndə heyətini qəbul edir. Bundan əvvəl
isə o, Azərbaycan nümayəndə heyətinin Paris
Sülh konfransına buraxılmamasını
tapşırmışdı. Ə.Topçubaşov Azərbaycan
dövlətinin memorandumunu ona təqdim edir. Bu
görüşə soyuq yanaşan prezident hər halda:
"Bundan sonra Azərbaycan xalqı öz azadlıq və
müstəqilliyini qoruyub saxlamaq işində Amerikanın
yardımını alacaq" - vədini verir.
11 yanvar 1920-ci ildə Azərbaycanın
müstəqilliyinin de-fakto tanınması elan olundu. Bu,
Ə.Topçubaşov və onun diplomatik heyətinin uğuru
idi.
Müttəfiqlər Rusiyada
Ağqvardiyanın qalib gələcəyinə
inanırdılar. Məhz buna görə də, Rusiya
imperiyasının ucqar ərazilərində heç bir
dövlətin müstəqilliyini tanımaq istəmirdilər.
Lakin onlar yanıldılar: bolşeviklər vətəndaş
müharibəsində qalib gəldilər, Azərbaycan və
Gürcüstanın müstəqilliyi de-fakto tanındı. Bu, xüsusilə Ə.Topçubaşovun 1919-cu ilin
mayından Parisdə apardığı uğurlu siyasətin nəticəsi
idi. Təəssüf ki, Azərbaycanın
1920-ci ilin 28 aprelində bolşeviklər tərəfindən
işğalı müstəqilliyə son qoydu. Cəmi 23 ay yaşamış AXC dövlətçilik
ənənələrimizi bərpa etdi, Şərqdə ilk
demokratik dövlət quruldu. Bu qısa
zamanda parlament, hökumət, ordu, pul vahidi, dünya dövlətləri
ilə diplomatik münasibətlər yaradıldı.
***
Geriyə yol
bağlanmışdı. Ə.Topçubaşov
Parisdə siyasi fəaliyyətini dayandırmır, ümid
edir ki, dünya gücləri bu işğala laqeyd qalmayacaq və
Azərbaycanın müstəqilliyi bərpa olunacaq. Hər vəchlə Azərbaycanın
işğalının tanınmasına
çalışırdı.
Bakıda Milli hökumət
ölkəni tərk etməyə məcbur olur. M.Ə.Rəsulzadə
Avropa və Türkiyədə Milli Mərkəz adlı
mühacirət təşkilatı yaradır. Ə.Topçubaşov M.Ə.Rəsulzadə ilə
birlikdə Azərbaycanın müstəqilliyi uğrunda
mübarizəni davam etdirir.
Ölümündən 3 ay əvvəl Azərbaycan,
Gürcüstan və Dağıstanın mühacir liderləri
ilə birgə "Ümümqafqaz Birliyi"nin
yaradılması bəyannaməsini imzalamışdı.
Ə.Topçubaşov 1920-24-cü illərdə Parisdə
yaşamış, siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycan
Xalq Cümhuriyyəti, Azərbaycanın tarixi, ədəbiyyatı,
coğrafiyası, ədəbi xadimləri ilə bağlı
qəzet və jurnallarda məqalələr və kitablar
yazmışdır. O, 1920-ci il iyulun 5-16-da Spa (Belçika),
1921-ci il fevralın 21-dən martın 14-nədək
keçirilən London (Böyük Britaniya), 1922-ci ilin
aprel-may aylarında Genuya (İtaliya) konfranslarında
iştirak etmiş, Azərbaycanın işğalına son
qoyulması uğrunda mübarizəyə dünyanın
aparıcı dövlətlərinin kömək etmək məsələsini
qaldırmış və bu yolda ciddi problemləri müzakirə
etmişdir.
***
Azərbaycan Xalq Cümhuriyyətinin
qısa zaman mövcudluğunda ən mühüm işlərindən
biri də müxtəlif sahələrdə mütəxəssis
hazırlamaq üçün dövlət hesabına Avropa ali məktəblərində
təhsil almağa yüz nəfər azərbaycanlının
göndərilməsidir. Təntənə ilə
yola salınan tələbələr əvvəlcə Batuma,
oradan da Parisə yola düşürlər. Parisdə
onları Ə.Topçubaşovun rəhbərlik etdiyi
nümayəndə heyəti qarşılayır. Əlimərdan
bəy tələbələri salamlayır, onların qarşısında
təntənəli nitq söyləyir, təbrik edir. Sonra gənclər təhsil alacaqları Avropanın
müxtəlif ölkələrinə yola salınır.
Təkcə Parisdə 27 nəfərin
qalmasına rəsmi sənəd verilmişdi. Təəssüf ki,
AXC-nin çox çətinliklə xaricə təhsil
almağa göndərdiyi tələbələrin taleyi 1920-ci
ilin məlum aprel işğalından sonra çox
acınacaqlı olur. Bolşevik hökuməti
tələbələrə pul göndərməkdən imtina
edir. N.Nərimanovun səyilə bir müddət maddi
yardım alsalar da, Moskvaya rəhbər vəzifəyə təyin
olunandan sonra onlara
münasibət dəyişir.
Professor Ədalət Tahirzadə
Azərbaycan Cümhuriyyətinin parlament sədri Əlimərdan
bəy Topçubaşovun imzaladığı maraqlı bir məktub
- hesabat əldə edib. Məktub 95 ildən sonra Paris arxivindən
tapılıb. Sənəd barədə açıqlama
verən Ə.Tahirzadə bildirib ki, Azərbaycan Cümhuriyyəti
Sülh Heyətinin başçısı kimi Parisə
Sülh konfransına göndərilən Əlimərdan bəy
Topçubaşov 1920-ci il mayın 12-də
yazdığı hesabatda Avropaya oxumağa göndərilmiş
tələbələrin ağır maddi durumundan söz
açır. Ə.Topçubaşov göstərib ki,
hökumətin tələbələrə göndərdiyi
215 min 660 frank yalnız 3 mayda Parisə gəlib çatıb.
O zamanadək Fransa, Almaniya və İtaliyada oxuyan tələbələrə
Sülh heyəti öz hesabına yardım göstərib. Yeni gələn puldan isə Fransa və İtaliyada
oxuyan tələbələrə (uyğun olaraq hər birinə
ayda 600 və 500 frank) 1 iyunadək, Almaniyada oxuyanlara (400 frank)
1 sentyabradək təqaüd verilib.
Gündəlik çörəyə
möhtac olan, təhsil haqqını ödəyə bilməyən
tələbələr çox ağır şəraitdə
həm oxumaq, həm də işləmək məcburiyyətində
qalırlar. Bir yandan da yeni hökumət onlara səbatsızlıq
göstərir. Böhranlı vəziyyətdə
maddi sıxıntı içərisində yaşayan tələbələr
ümid yeri kimi Əlimərdan bəyə baxırlar. Ancaq heç kəs Ə.Topçubaşovun
özünün maddi durumunun pis olduğunu başa
düşmür, başa düşmək istəmir. Sonsuz yardım müraciətlərinə artıq
cavab verə bilmirdi. Məsələn, ona kömək məqsədilə
müraciət edən Ceyhun bəy Hacıbəyliyə 30 iyul
1928-ci il tarixli məktubunda yazır:
"Sizin maddi yardım barədə məktubunuzu aldım. Nə
şəxsən məndə, nə də nümayəndəliyin
xəzinəsində pul var"...
Maddi sıxıntı içində
yaşayan Ə.Topçubaşov 2 il
ağır xəstəlikdən sonra 5 noyabr 1934-cü ildə
vəfat edir, Paris yaxınlığındakı müqəddəs
Sen-Klu qəbiristanlığında dəfn olunur.
Ə.Topçubaşovun dəfnini
professor V.Quliyev belə təsvir edir: "Mərasim
noyabrın 8-də keçirilmişdir. Cənazə
Paris məscidinin imamı Seyid Əli Yəhyanın oxuduğu
dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbiristanlığında
çoxsaylı yaxınlarının və dostlarının
iştirakı ilə torpağa
tapşırılmışdır. Cənazə
mərasiminin önündə mərhumun oğulları
Əliəkbər bəy və Ənvər bəy
Topçubaşov, dul qadını Pəri xanım
Topçubaşova (Məlik-Zərdabi), qızları Sara
xanım Sultanova və Sevər xanım Topçubaşova,
onların ardınca isə Azərbaycan nümayəndə heyəti
və Mlli Şurasının üzvləri gedirdilər.
Əlimərdan bəyin nəşi Quran ayələri
altında torpağa tapşırılmışdır.
Onun həmvətənləri, doğmaları, dostları, məsələn,
Gürcüstan dövləti adından A.Çxenkeli,
Türküstan Milli İttifaqı adından
M.Çokayoğlu, kalmıkların Milli Təşkilatı
adından "Kalmık" komitəsinin sədri,
"Kalmık" qəzetinin baş redaktoruŞ.Balinov, Qafqaz
Dağlıları Xalq Partiyası adından T.Çakman
çıxış etmişlər. Dəfn mərasiminə
tanınmış dövlət və ictimai xadimlər də
qatılmışlar: general Kvintadze, Gürcüstan - Paris
ofisinin rəhbəri Asatiani, Ukrayna hökumətinin naziri
Kuligin, Fransadakı Ukrayna Federasiyasının katibi Nikityuk,
general Udovitçenko, Parisdəki Ukrayna icmasının rəhbəri
Yeremeyev və "Azad
kazaklar" qəzetinin baş redaktoru Bilgi və b. dəfndə
iştirak etmişlər".
M.Ə.Rəsulzadə sonralar
Ə.Topçubaşovun itkisi ilə bağlı yazacaqdı:
"Biz Əlimərdan bəyin timsalında Milli hərəkatımızın
ziyalı nümayəndəsini, görkəmli dövlət
xadimini, milli müstəqillik uğrunda mübariz
döyüşçünü itirmişik. Vaxt
gələcək ölkəmiz azad olunacaq, parlamentin ilk sədrinə
minnətdarlıq hissi nümayiş etdirən xalqımız
onun müstəqilliyi uğrunda yorulmadan döyüşən
insanın adını yaddaşlara əbədi həkk edəcək".
***
1993-cü ildə müstəqil
Azərbaycanın Respublikasının Prezidenti Heydər
Əliyev Fransaya ilk səfərində onu müşayiət
edən dövlət xadimləri və görkəmli
ziyalılarla birgə Sen-Klu qəbristanlığına
baş çəkərək Ə.Topçubaşovun xatirəsinə
ehtiramını ifadə etdi.
Parisdə Azərbaycanın
rəmzi ünvanlarından olan həmin məzarı Prezident
İlham Əliyev də 2006-cı ilin mayında ziyarət
etdi.Lakin artıq görkəmli dövlət xadimi
Ə.Topçubaşovun məzarüstü kompleksi müsbət
mənada xeyli dəyişikliyə
uğramışdı.Köhnə məzar daşının
üstündə "Quran"dan ayələr
yazılmışdı və bu həmin qəbiristanlıqdakı
üstündə ərəbcə yazılar olan yeganə məzar
idi.
Parisdə yaşayan qocaman mühacirlər
2000-ci illərin əvvəllərində Avropa Şurası
Parlament Assambleyasının komitə iclaslarında iştirak
etməkçün tez-tez Fransa paytaxtına gələn millət
vəkili, akademik Rafael Hüseynova xəbər verirlər ki, bəzi
millətçi ekstremist şəxslər tərəfindən
üstü ərəb yazılı qəbirlərə
qarşı təxribatlar törədilə biləcəyi ilə
bağlı məlumatlar var. Bu gedişatda Əlimərdan bəy
Topçubaşovun da məzar daşına zərər toxuna
bilər. Akademik Rafael Hüseynov bir neçə il iş apardıqdan sonra məzar
daşının dəyişdirilməsi üçün
Fransanın müvafiq qurumlarından zəruri icazələri
alır, Bakıda Əlimərdan bəy Topçubaşovun qəbirüstü
abidəsini hazırlatdırır.
Rafael Hüseynovun layihəsi əsasında heykəltəraş
Akif Əsgərovun hazırladığı həmin
kompozisiyada görkəmli millət fədaisinin portretinin
altında Əlimərdan bəy Topçubaşovun dilindən
verilmiş Azərbaycan dilində "Bir yolumuz var - istiqlal!"
cümləsi yer alır, onunsa altında ilk Məclisi-Məbusanımızın
sədrinin imzası, ilk milli parlamentimizin möhürü. Sinə daşında isə Azərbaycanın gerbi nəqş
edilmişdir.
Qəbirüstü abidənin sinə
daşında dəfn olunanların kimliyi, doğum və
ölüm tarixləri fransız dilində belə göstərilir:
Əlimərdan bəy Topçubaşi (1863-1934), Pəri
xanım Topçubaşi - Məlik-Zərdabi (1873-1947), Rəşid
bəy Topçubaşi (1900-1926), Əliəkbər bəy
Topçubaşi (1898-1977).
Bütün görülmüş
işlər barədə Rafael Hüseynov dövlət
başçısına məlumat verdikdən sonra Prezident
İlham Əliyev bu təşəbbüsü təqdir edir,
Fransa səfəri zamanı 2006-cı il
mayın 30-da məzarüstü abidənin
quraşdırılma prosesini müşahidə etməkdən
ötrü Sen-Klu məzarlığına gəlir, orada dəfn
edilmiş Hacıbəylilərin və
Topçubaşovların xatirəsini yad edir.
Akademik Rafael Hüseynov söyləyir
ki, Sen-Klu məzarlığını ziyarəti zamanı
Prezident İlham Əliyevdən tarixi mənası olan köhnə
məzar daşının Bakıya gətirilməsinə
köməklik göstərməsini xahiş etdik və
dövlət başçısı da bu niyyətin gerçəkləşəməsinə
anındaca göstəriş verdi.
İndi həmin yadigar Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
muzeyində qorunmaqdadır.
Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Nizami muzeyində
Əlimərdan bəy Topçubaşova aid həmin guşəni
də ziyarət etmişlər.
Ümummilli lider Heydər
Əliyevin siyasətinin davamçısı cənab İlham
Əliyev milli dövlətçilik tariximizə verdiyi qiymətin
təzahürü kimi 23 fevral 2013-cü ildə
Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi
haqqında sərəncam imzalamışdır.
P.S. Yaxın günlərdə
Fransaya səfərim zamanı akademik R.Hüseynov
Ə.Topçubaşovun qəbirini ziyarət etmək istəyimi
yüksək qiymətləndirib, köməyini əsirgəmədi.
Parisdə yaşayan Maşallah adlı Cənubi
Azərbaycandan olan soydaşımız onun xahişi ilə bizə
bələdçi oldu. Orada olanda qəbirin
üzərində tər çiçəklər var idi.
Maşallah bəy söylədi ki, Rafael müəllim
Azərbaycanın çox nadir, qeyrətli
oğullarındandır. Məndən
xahiş edib ki, məzarı gülsüz qoymayım. Məlumunuz olsun ki, Sen-Kludakı bu məzarlıqda
dünyanın çox nəhəng simaları, elm, siyasət,
dövlət adamları dəfn olunub. Bu məzarlara
qulluq həmişə diqqətdədir. Qəbir
daşları bir dövlətin, onun şəxsiyyətlərinin
simvoludur. Həm Azərbaycanın
Fransadakı səfirliyi, həm də mən Rafael
Hüseynovun bu təşəbbüsünü
alqışlayır və bu kiçik Azərbaycan
torpağını diqqətsiz qoymuruq.
Əlimərdan bəy
Topçubaşovun və Topçubaşovlar ailəsinin,
Ceyhun Hacıbəylinin və Hacıbəylilər ailəsinin
Sen-Klu şəhərcəyindəki əbədi uyuduqları
məkan Azərbaycanın Fransadakı rəmzi
ünvanlarındandır və bizim üçün həmişə
əziz olaraq qalacaq.
Nadir Məmmədli
Filologiya elmləri
doktoru, professor
Ədəbiyyat
qəzeti.- 2017.-16 sentyabr.- S.4-6.