Poeziyanın cinsi

 

Bir dəfə ortayaşlı bir şairlə mübahisə edərkən dedim:

-Ədəbiyyat zövq məsələsidir.

Cavabı olduqca düşündürücü idi:

-Poeziya qadın deyil ki, zövqə görə sevilə.

Adam fikrində olduqca qəti idi. Bu qətilik məni düşündürməyə başlarkən yenə "Ədəbiyyat qəzeti"ndə Gülsadənin şeirlərini oxuyurdum. Oxuduqca da adamın qətiyyəti ruhumun titrəyişilə həmahəng şübhə altında əzilirdi...

Ümumi götürdükdə, poeziyanın konkret, təsdiqlənmiş dəyişilməsi namümkün olan bir tərifi yoxdur. Amma ümumilikdən xüsusiliyə bir addım atdıqda qarşında açılan hüdudsuz çəmənlikdə (ədəbiyyat -söz çəmənliyi kimidir...) poeziyadan da müxtəlif zövqlərə uyğun təriflər doğa bilir... Bu təriflər sonra bumeranq dönüşü ilə poeziyanın özünü izah etməyə çalışır. Bəli, bəli... Məhz çalışır! Çünki poeziya həmişə izaholunmazlığın özü olaraq  insanı təəccübləndirir, heyrətləndirir, lazım gəldikdə üsyankar,  məqamı yetdikdə itaətkar edə bilir.

Bəs, poeziyanın cinsi? Bir şeirin müəllifinin qadın ya kişi olmasını anlamaq üçün şifrələr? Bu suallar  ilk şairdən başlayaraq bu günədək bütün cavabları qətiyyətli görünüşü ilə öyünməyə çalışan fikirləri qarşısında diz çökdürməyə qadirdir. Etiraf edirəm ki, mən bəzən öz şeirlərimdə qadın obrazının acizliyini gizlətmək üçün ona həyatın boz rəngindən bir damcı götürüb qatıram. beləcə, mənim şeirlərim içərisində sərtliyini, bozluğunu püskürən misralar  özünə yer tapır. Bu isə, günümüzdə; məni tanıyan insanlar çevrəmdə varkən heç bir problem yaratmır. Amma çox yox, bir iyirmi ildən sonra həmin şeirləri ilk dəfə oxuyan birisi müəllifin cinsiyyəti barədə qara-qara düşünəcək ki, "bu şeiri yazan qadındırmı, kişidirmi?"

Demək ki, biz hələ qınaq cəmiyyətindən qurtulmaq üçün lazımi qədər "böyüməmişik"... Elə buna görə şeirlərimizdə xüsusi kodlaşdırmanı düzgün şəkildə  ifadə etmək cürətindən kasadıq.

Gülsadə isə bu cürətlə birgə doğulub sanki... Onun hər misrası "mən qadınam" deyə hayqırmaqdan qorxmur. Onun şeirləri cəmiyyətin qınaqlarından ürpənmir. gənc şair  şeirlərinin qadın nazıyla elə öyünür ki, istər-istəməz həsəd aparmamaq əlimdə deyil...

 

Sevirəm kimsəsiz küçələri.

Aylı gecələri,

Qarlı gecələri,

Yarlı gecələri...

 

Bir qadın psixologiyasının ən anlaşılmaz halı... Qətiyyətsiz şəkildə kimsəsiz küçələrin qoynuna atılan qadının təbiətlə yalnızlıq rəqsi; çılpaq sinəsində Ay işığının əksi yalın ayaqlarının qarla sevişməsi... Bu soyuq, qarlı gecənin tən ortasında qəfildən baş qaldıran tənhalıq ehtirası  estafeti "ikilik harmoniyası"na ötürür; "yarlı gecələr" ən sevimli zaman kəsiyinə dönür.

Bax, budur Gülsadənin şeirindəki incəsənətin alt qatı - təbiətin özü.

"Otuz beş yaş" şeirinə görə ummadığı ünü qazanmış türk şairi Cahit Sıtkı Tarancı deyirdi ki, "poeziya-sözlərlə gözəl şəkillər yaratmaq sənətidir".  Bu fikirlə yola çıxsaq, onda Gülsadənin şeirlərinin hamısı yalnızca bir qadının tablosudur. Sadəcə olaraq, bu tabloların rəngi, anlamı o qadının hissləri, sevgiləri ehtirasları ilə fərqliləşir. Biz bu fərqlilikdə azmamaq üçün bəzən bir şeiri dəfələrlə oxuyuruq;  sərgi salonunda bir tablonun qarşısında saatlarla heykəl kəsilmək kimi...

 

Doldurub ciblərinə qırıq ümidlərini,

Günün stresini,

İşin yorğunluğunu

Yeriyəsən yol boyu...

Addım səslərinə diksinə dalğınlığın,

Tuta qolundan

"Gəlməyəcəyini  bildiyin".

 

Dünyanın ilk qadın şairləri sırasında anılan Sappho öz şeirlərinin birində gənc qadına deyirdi ki: "Get artıq otağına, Yatağına gir, Üsulca sev, oxşa öz kişini"... Gülsadə isə öz obrazının yaşını (yaşlı ya gənc olmasını), yaşam halını (varlı-kasıb, evli-dul olduğunu), xarakterini müəyyənləşdirməyi oxucunun öhdəsinə buraxır. Ona tablosundakı qadının yalnızca ruh halı maraqlıdır həmişə... şair misralarının hamısını bu ruh halını anlatmaq üçün "bağırır, qışqırır"...

 

Hər şey mən uşaqkən daha gözəliydi, qızım!

Çöl uşağıydıq,

Azad böyütdük ürəyimizi.

İndi küçə uşaqları çoxalıb,

öldürür ümidlərimizi.

 

Burdakı qadının ana  olduğunu anlamaq o qədər çətin deyil. Amma onun hansı zamanı anlatdığını bilmək üçün yenə tablonun bütün çizgilərini bəbəklərinə hopdurmalısan... burdaca Gülsadənin poeziyasının qadın cinsindən olduğuna artıq şübhə yeri qalmır... Çünki bütün zamanların ağrısını qucağına sıxdığı balasının təbəssümündə yaşaya biləcək böyüklükdə bir ürəyə ancaq ana sahibdir.

Gülsadənin qadın yaşamının hər ayrıntısını çılpaqlığı ilə şeirində oxucunun önünə qoyması onun fərqliliyidir, oxuyub anladığımızı olduğu kimi dilə gətirmək bizim-oxucuların onun şair həmyaşıdlarının fərqliliyi olsun gərək. Bu gərəkliyi duyaraq yazdığım bir neçə cümlənin sonunda da Gülsadə İbrahimli imzalı üç misra qoyuram, durğu işarəsi əvəzinə:

 

Ən sevməli qadını olasan,

Qışların,

Baharların...

 

 Gəncə

 

Şəfa Vəli

 

Ədəbiyyat qəzeti.- 2017.-16 sentyabr.- S.8.