Xəyal gücü - "Sevgililər"in gizlənqaç
oyunu
Növbəti adi günlərdən birini yaşayırdı ailə. Üç qardaş qonaq otağında səhər yeməyini nuş edirdi. Mətbəxdən səs-səmir gəlmirdi. Uşaqlar otaqları gəzməyə başlayırlar. Ana digər otaqlarda da yox idi. Balacalar həyətə qaçır. Qonşular məsələdən hali olurlar. Ananın axtarışı heç bir nəticə vermir. Hər kəsdən soruşulur, hər köşədən axtarılır. Sonra çay kənarında kişilərin səs-küyü eşidilir. Onlar hay-küylə nəyisə tapdıqlarını söyləyirlər. Həyətin qadınları ora axışır. Üç qardaş da onların ardıyca gedir. Bədbəxt qadın sudan ölmüş vəziyyətdə çıxarılır.
"Həmin anda hamıya,
ağlamayın, demək istəyirdim. Axı xəyal
gücü ilə hər şey mümkündür. Mən istəsəm zamanı dayandıra bilərəm.
Dünyadan gedən anamı yenidən həyata
qaytara bilərəm".
Rene Maqritt
Anası dünyadan gedəndə
Renenin 13 yaşı var idi. Bu intihar hadisəsi gələcəyin
rəssamı üçün tapmacaya çevrilmişdi.
O, ömrünün sonuna qədər rəsm etdiyi
bütün əsərlərdə bu tapmacanın
cavabını aramaqla məşğul olacaqdı. İndi isə qardaşlarını ovundurmaq
üçün əlindən gələni əsirgəmirdi.
Gah janqlyorluq edirdi, gah əlindəki çubuqla
nəyisə itirəcəyini söyləyirdi. Hansısa əşyaya baxaraq onu yerindən tərpədəcəyinə
inanırdı. Hətta
uçmağın mümkünlüyünü də dilinə
alırdı.
"Mənim uça bilməməyimə
səbəb yetərincə çalışmamağım
oldu. Əgər mən cəhd etsəydim, bu məndə
alınacaqdı". Rene Maqritt
Sonrakı zamanlarda onun etdiyi
hərəkətlər hamıda qıcıq yaradırdı. Qardaşları
ona səfeh deyirdilər və beləliklə, zamanla ondan
uzaqlaşdılar.
Günlərin birində Rene
dostları ilə birgə bazar meydanına yollanır. Səs-küy,
sehrbazların oyunları, insanların gülüş səsləri
ətrafı bürümüşdü. Rene
qəflətən hamıdan təcrid vəziyyətdə kənarda
dayanan bir qızcığazı gördü. Bu, Jojet Berje idi. Qızcığaz 13, Rene isə
15 yaşında idi. Onların dostluğu elə
ilk günlərdən başlayır. Ailənin
onları ayırması Renenin təfəkkürünü bir
az da silkələyir. Ayrıldıqları
gündən Rene rəssamlıq haqqında
düşünür. Zamanla beynində yüklənmiş
sarsıntı ardıcıllıqlarını, xəyal
gücünün ağırlığını, fantaziya
bolluğunu kənara yansıtmaq üçün yeganə
xilas yolu rəssamlıq ola bilərdi. Elə bu səbədən də gələcəyin
rəssamı bu yöndə təhsil almaq haqqında
düşünür.
"Mən öz əsərlərimlə
poetik şok yaratmaq istəyirəm".
Rene Maqritt
Onun məqsədi
tamaşaçını düşündürmək idi. Bütün əsərlər
obrazların primitiv sadəliyi ilə
tamaşaçının fikrini özündə cəmləyirdi.
Hətta əsərlərin
adlandırılması belə, düşüncənin digər
qolunu təşkil edirdi. Bu cür
adlandırma rebus xarakteri daşıyırdı. Həm rəsm əsəri, həm də adın məna
çalarının axtarışı insan beynini alt-üst
edirdi.
Rəssam burada nə demək
istəyirdi? Bütün bu suallar cavabsız idi. Tapmacanı tamaşaçı
açmalıydı. Rəssam heç
vaxt əsərləri ilə nə demək istədiyini
açıqlamırdı. Ümumiyyətlə,
bu tip düşüncə dzen buddizmində praktik olaraq istifadə
olunur. Bu təlimə əsasən
paradoksal məsələlər insanı qaynar cavab
axtarışına sürükləyir. Və bu tip
axtarışlar beynin məşqində əhəmiyyətli
rola malikdir.
Rene ara-sıra öz sənət
əsərlərini bəzi rəssamlara da göstərirdi. Aralarında bəyənənlər
də olurdu, bəyənməyənlər də.
Bir gün xiyabanların birindən evə
yollanan Rene çox tanış gözlərlə
qarşılaşır. Bu gözlərin sahibi o qədər
doğma, o qədər yaxın idi ki... Rene
düşünmədən həmin xanıma sarı yol
alır. Tale... Rene ilk sevgisi ilə
rastlaşır. Bu dəfə onlar
heç vaxt ayrılmamağa söz verirlər. Jojet Berje təkcə həyat yoldaşına yox, həm
də rəssamın muzasına çevrilir. Onlar birgə gözəl həyat yaşayırlar.
Balaca dörd divarın
içində cənnət qurmuşdu iki sevgili. Öz
dünyaları var idi onların. Olduqca səliqəli
idilər. Hətta evdə qonaq olan kəslər
bəzən zarafatca Reneyə, sən rəssamsanmı,
sualını verirdilər. Rene isə
cavabında, siz yerdə, divarlar üzərində boyanın
olmamasına görə belə söyləyirsiz? Axı rəngin düşmə yeri tablodur. Rənglər orada əks olunmalıdır.
Rəssamın xüsusi
emalatxanası yox idi. O, rəsminin proyeksiyasını beynində
tamamladıqdan sonra molbert önünə gəlirdi. Nə demək istədiyini tapdıqdan sonra rəsmə
başlayırdı.
Rəssamın gəlir yeri
reklam idi. 20-ci illərdə o, ar-deko stilində Norine modalar evi
üçün plakatlar çəkirdi. Həmçinin
divar kağızı hazırlayan fabrikdə öz
istedadını tükətmək ilə məşğul
idi. O zamanlar əl əməyindən ibarət olan divar
kağızı naxışlarını çəkmək
üçün illər lazım olurdu. Rene illərlə
eyni gül təsvirlərini, naxışları kağız
üzərinə həkk edirdi. Məşhur
"Qolkonda" əsərində bu əzabın, təkrarçılığın
işartılarını görmək mümkündür.
Əsər qədim hind
şəhərinin şərəfinə belə
adlandırılıb. Əfsanəyə görə, ən iri
almazlar buradan tapılırdı. Tənqidçilər
deyirdilər ki, bu təsvir elə almazın kristallik
quruluşunu özündə əks etdirir.
Doğrudur, sürrealistlər
adətən bir-birinə uyğun olmayan adları əsərlərinə
verirdilər.
Bu əsər də daha çox monoton həyatda
insan yağışını, insan çoxluğunu, eyniliyi,
bənzərliyi, bezginliyi, rəngsizliyi ifadə edirdi.
Brüsseldə rəssamın
ilk fərdi sərgisi təşkil olunur. Tənqidçilər
rəssamın bacarığına dırnaqarası
baxırlar. Məyus olan Rene həyat
yoldaşı ilə birgə Fransaya - Parisə yol alır.
Avanqard üslubun vüsət aldığı
bu məkanda populyar olmağın, sənətinin qəbul
olunmasının mümkünlüyünə inanır. Rəssam elə buradaca dərnəyə
yazılır və dərnəkdə psixioanalitik Andre Breton
ilə tanış olur. Sürrealizmin
əşyalardan ibarət olmasını və hər şeyin
yuxular aləminin təsiri olaraq çəkilməsinin tərəfdarı
olan Breton öz mülahizələri ilə Reneni
qıcıqlandırırdı. Hər
şeyin heç də belə olmadığını
söyləyən rəssam onunla sonuncu münaqişəsindən
sonra həyat yoldaşı ilə birgə Parisi tərk edir və
bundan sonra onun janrının sürrealizm deyil, "magik
realizm" adlandırılmasını bəyan edir.
Rene artıq
populyarlığın astanasında idi. Onun əsərləri
tənqidçilərin fikrini özündə cəmləyə
bilmişdi. Nyu-Yorkda, Londonda təşkil
olunmuş sərgilərə minlərlə ziyarətçi
gəlirdi. Onun şöhrəti
bütün Avropaya yayılmışdı. Tənqidçi Maks Ernest "Rene dünyanı
öz xəyalları ilə işıqlandırır və fəth
edir" deyə söyləmişdi. Sürrealist
rəssamlar isə artıq onun bacarığını və
istedadını qəbul etməyə
başlamışdılar.
Tapmaca effekti Rene əsərlərində
hər an hiss olunur. Onun əksər
tablolarında obrazın üzü sirli qalır. Deyilənə görə anasının bir zamanlar əl
atdığı intihar yolu rəssamın təfəkküründə
dərin iz salmışdı.
O səbəbdən də pərdənin arxasında və
yaxud içində gəzdirdiyi nisgili, ifadəni gizlətmək
üçün obrazların üz cizgilərini bilinməz
edirdi. Hətta məşhur "Sevgililər"
silsiləsindən ibarət olan tablolarda da şəxslərin
üzü görünmür. Əslində,
bu tablolar silsiləsini müxtəlif cür yozmaq
mümkündür. Bəzi
araşdırmaçılar həmin görünməzliyin təkcə
tamaşaçıya məchul olmadığını
söyləyirlər. Təsvir olunan kişi
və qadın hələ özləri üçün də
məchuldular, görünməzdirlər. Tamlıqla
kəşf etməyiblər özlərini. Ya da sadəcə gizlənqaç oynamaqla məşğuldurlar.
Həm də açılması mümkün
olan tapmacadırlar. Hər halda, sevgililərin bundan
gözəl təsviri ola bilməzdi.
Günlərin birində Rene
həmişə olduğu kimi, çəkdiyi rəsm əsərini
müzakirə etmək üçün həyat
yoldaşını tablonun önünə gətirir. Əsərdən
səksənən Jozet sinəsində xaç çəkərək
otağı tələsik tərk edir. Bu, rəssamın
çəkdiyi qorxunc rəsmdə yandırıcı səhra
günəşi, qum və ortada dayanan və
üzərində heç bir ad yazılmayan naməlum qəbir
təsvir olunmuşdu. Rene uşaqlıqdan
möcüzələrə inanırdı. Ona elə gəlirdi ki, həyatda diriliş həmişə
mövcuddur. Amma yaşının bu
çağında qəribə bir fobiya onu izləyirdi.
Və ölüm hər halı ilə onun
düşüncələrinə hakim olurdu. Rəssam əsəri
çəkdikdən sonra: "Ölümdən sonra həyat
yoxdur" fikrinin həqiqiliyinə inanmışdı.
Əslində, bu pessimist
notlar hələ ömrün tamam olmasından xəbər
vermirdi. Dünya müharibəsinin yaratdığı
şok, insan ölümləri rəssam təxəyyülünü
sarsıdırdı və o, çıxış yolları
aramağa başlamışdı. Bəli,
siyasətçi deyildi. Dünyaya
"dur" deyəcək gücdə deyildi. Demək ki, rəssam kimi nə isə etmək
lazım idi. Ona görə də Rene
pozitivlik ruhunu seçərək öz vətəndaşlıq
mövqeyini ortaya qoyur. Rəngarəng
tablolar ilə insanlarda ümid işığını
yandırmağa çalışır.
Doğrudur, bu mərhələni
tənqidçilər uğurlu adlandırmırlar. Amma Rene
çəkdiyi göyərçin rəsmləri və quyruq
əvəzinə çəkilmiş rəngarəng gül
çiçəklərindən xeyli məmnun
görünürdü.
Müharibədən sonra
Rene Maqritt yenidən əvvəlki ampluasına qayıdır. Hadisələrdə
məna axtarışına çıxır. Əslində, rəsmlərdə təsvir olunan dərinlik
onun qeyri-adi təsəvvür, xəyal, fantaziya
dünyasından xəbər verirdi. Təsadüfi
deyil ki, Rene filosof rəssam kimi xatırlanır.
Dahi rəssam daima reallıq
ilə fantaziyanın arasındakı həssas xətti
tapmağa çalışırdı. Hər şey
onu düşündürürdü. Ölümün
özü belə və niyələr bolluğu onu yeni
tabloların yaradılmasına səsləyirdi. Əsərlərin fonunda olan pərdələr,
aynalar sanki nəyinsə açılmasını,
görünməsini istəyirdi.
"Rene dünyadan getdikdən
sonra mən onun rəsm əsərləri ilə
danışıram. Mənə elə gəlir ki, elə onun
özüylə fikir mübadiləsi aparıram. Həmişəki kimi mübahisə edirik. Sonra ümumi qərara gəlirik. Rene özü də bilmədən
yaratdığı tablolar ilə ölümsüzlük
qazanıb. O, ölümün özünə qalib gəlib"
deyə xatırlayır Jojet Berje.
Rene bir çox əsərlərini
özü ilə beynində apardı. Tabloya
köçürülməmiş yüzlərlə ideya onun
beynində işıqlanırdı və doğuluş
sırasını gözləyirdi. Yarımçıq
qalmış "İşığın imperiyası" əsəri
isə hələ də otağın bir kənarında
tamamlanmasını gözləyirdi.
Günel Eyvazlı
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.10.