Nazim Hikmət,
Ceviz ağacı və Hidayətin essesi...
Bir gün Pablo Nerudadan soruşurlar:
"Öncül şairlərə yer verəcəyiniz bir
antologiya hazırlasaydınız, həmin antologiyada Nazim Hikmətə
də yer ayırardınızmı?" Pablo Nerudanın
cavabı belə olub: "Əgər tək bir şairdən
ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət
olardı."Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda
tanımayan yoxdur, eləcə də, Hidayəti... Həmçinin Nazim
Hikmətin "Ceviz ağacı" şeirini də bilməyən
yoxdur. Nazim Hikmət və ceviz ağacı, eləcə
sinonimə çevrilibdir...Bu şeirdə belə bir qoşa
misra var: " Ben
bir ceviz ağacıyım Gülhane Parkında. Ne sen bunun
farkındasın, ne polis farkında." Ola
bilsin ki, indiki gəncliyimiz bu dediklərimin
"farkında" olmasın, ona görə də,
yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.
Nazim Hikmət! Türk
şairi, yazıçı, ssenarist, dramaturq və ictimai
xadim. Ləqəbi "Gözəl
üzlü şair" və ya "Mavigözlü
dev"dir. Əsərlərinin qadağan illərində Orxan
Səlim adından da istifadə etmişdir. Türkiyə poeziyasında sərbəst şeirin
ilk nümayəndəsi və çağdaş Türk
şeirinin ən ünlü və önəmli şəxsiyyətidir.
Türk inqilabi poeziyasının əsasını
qoymuşdur. Beynəlxalq miqyasda
tanınmış və adı XX əsrin ilk yarısından
məlum olan dünyanın ən böyük şairləri
sırasında çəkilməkdədir. Beynəlxalq Sülh mükafatı laueratı (1950) fəxri
adını almışdır.
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga,
hasret
ve ümitten ibaret.
20 noyabr 1901-ci ildə Selanikdə
doğulsa da, ailəsi tərəfindən 15 yanvar 1902-ci il qeydiyyata alınmışdır. "Vətən fəryadı" adında ilk
şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist
Partiyasının üzvü olmuşdur. Buna
görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə
məhkəmə çəkişmələrində
olmuş və həbs edilmişdir. Sonra
mühacirət eləmiş, Moskvada məskunlaşmışdır.
Nazim Hikmət əvvəllər də, 1922-1925-ci illər
arasında da Sovetlər Birliyində yaşamışdı...
"Günəşi içənlərin
türküsü" adlanan ilk kitabı da burada - Azərbaycanda,
Bakıda nəşr edilmişdir. "Bakıya
gəldim, dünyalar mənim oldu" deyirdi şair. Lakin hər gəlişində o da Bakıya bir
dünya bağışlayırdı. "Günəşi
içənlərin türküsü" kitabının Azərbaycanda
nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi.
Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan
şairlərindən Mikayıl Rəfilinin, Süleyman
Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın,
Nigar Rəfibəylinin və digər ünlü sənətkarların
yaradıcılığında bariz şəkildə öz təcəssümünü
tapmışdı. Adlarını çəkdiyim
bu şairlərin hər birinin
yaradıcılığında Nazim poeziyasının ətri
duyulur. Bu şairlərin içərisində
Rəsul Rzanın özünəməxsus yeri vardı.
Əsərləri 1938-ci ildən
Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il
tarixində Türkiyə vətəndaşlığından çıxarılmışdır.
28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında
keçirmiş, 1950-ci ildən yenidən Moskvaya
getmişdir. Nazimə görə bu həbsxana da belə
xoşbəxt olaraq məşhurlaşmışdır... 3
iyun 1963-cü ildə Moskvada infarktdan vəfat etmiş,
ölümündən iki il sonra - 1965-ci
ildən əsərləri Türkiyədə
yayımlanmağa başlamışdır... 5 yanvar 2009-cu ildə
Türkiyə dövlətinin qərarı ilə Türkiyə
vətəndaşlığı bərpa edilmişdir. Həmin
hadisə "Ədəbiyyat qəzeti"ndə görkəmli
yazıçı, Nazim Hikmətə həsr etdiyi "Kərəm
kimi" mükəmməl əsərin müəlifi Anarın "Zəfərin
mübarək, Nazim" məqaləsi ilə qeyd
edilmişdir.
Nazim Hikmət Azərbaycan
xalqının və ədəbiyyatının yaxın dostu
idi. O, dəfələrlə
Bakıya gəlmiş, Azərbaycan şair və
yazıçılarının bir çoxu ilə şəxsən
dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır.
Azərbaycana həsr olunmuş şeirləri,
Azərbaycan mədəniyyətinə dair məqalə və
xatirələri vardır. Əsərləri
Azərbaycanda dönə-dönə nəşr olunmuş,
pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar
A.Məlikov şairin "Məhəbbət əfsanəsi"
pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın
digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər.
R.Babayev "Kəllə" pyesinə
illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin
büstünü yaratmışdır. Mahir
pedaqoq və ədəbiyyatşünas Əli Sultanlı isə
şairi "Türk şeirinin Prometeyi"
adlandırmışdır. Müxtəlif vaxtlarda onu "Nazim Hikmət
qalaktikası", "Dünya poeziyasının türk
şahzadəsi", "Şeir inqilabçısı - Nazim
Hikmət", "Dühanın tənhalığı",
"Türk sərbəst şeirinin banisi" təşbihləri
ilə vəsf etmişlər. Tanınmış
Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin
"Mavi gözlü dev" adlandırdığı Nazimi
"Nazim Hikmətov", "Kommunist Don Kixot"
adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: "Bu o
Nazim Hikmətdir ki,
Türkün səsini
bütün bəşəriyyətin səsinə
çevirdi!"
Azərbaycan ədəbi mühitində
fövqəladə bir səviyyədə sevilmiş və
poeziyamıza, poetik təfəkkürümüzə gözəl
təsiri olmuş, barəsində tədqiqatlar
aparılmış, kitablar və məqalələr dərc
edilmişdir... Nazim Hikmətin
"Otuz ildən sonra" adında bir şeiri var, 1957-ci ildə,
Bakıya gəlişində yazıb, orada bu misra keçir:
"Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu".
İndi 2017-ci ildir, XXI əsrdir və
həmin şeirdən 60 il sonra Azərbaycanın
ünlü şairi, dramaturqu, yazıçı-publisisti,
ictimai xadim Hidayət "Ceviz ağacı"nın
budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi.
"Ceviz ağacı"nı isə dilimizə ilk dəfə
Rəsul Rza uyğunlaşdırmışdı və "Rənglər"
silsiləsi şeirlərinin birində "Üfüqdə
göy gözlərin sarı həsrəti" deyərkən
Nazim Hikmətin həsrətini nəzərdə tuturdu... Və
bu həsrət "Ceviz ağacı" şeirində də
budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır...
Nazim Hikmət haqqında Azərbaycanda
yazılan və hələlik son əsər olan ünlü ədibimiz
Hidayətin "Ceviz ağacı" essesi bizi bu sətirləri yazmağa vadar
elədi...
Nazim Hikmət Hidayətin ən
çox sevdiyi şairlərdəndir, özü də barmaqhesabı...
Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən
gəlir... Bu essesində isə məhəbbətini və
ehtiramını belə ifadə edir: "...O ceviz
ağacı boyunca göylərə boylandım, Nazimi
xatırladım. - Nazim Hikmət XX yüzilliyin ən
böyük şairidir, - deyirəm, - bütün cahanda.
Bu əsrdə böyük şairlər
çoxdur. Elə Azərbaycanda - Sabir, Hüseyn Cavid, Səməd
Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə..., Rusiyada - Sergey
Yesenin, Braziliyada - Jorj Amadu... Səməd Vurğunun
misralarını xatırlayıram: "Nazim də ucaltsın
haqqın səsini / Dəmir pəncərəli zindan
içindən. Qatsın nəfəsimə öz nəfəsini"
Qavalos Romadan, Siya-U Çindən... XX əsrdə
çoxdur böyük şairlər. Ancaq ən
böyüyü Nazim Hikmətdir."
Hidayət müəllim bu
esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir
ki, oxudum və olduqca təsirləndim. Əslində, bu esse
janrında yazılmış və nazimşünaslıqda
"gizli" qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik
münasibətdir, müasir intellektimizin Nazim Hikmətə
ucaldılan abidəsidir...
Hamıya məlumdur ki, Nazim
Hikmətin "Ceviz ağacı" şeiri onun ən məşhur,
geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə
çevrilmiş monumental ədəbi dəyər
qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində,
hətta belə bir əfsanə də uydurulubdur: "Bu
şeirin gerçək bir hekayə olduğunu bilməyənlər
üçün isə hekayəni danışmaq istəyirəm. Güya bir gün
Nazim Hikmət sevgilisi ilə Gülhane parkında
görüş təyin edir. O dövrdə Nazim Hikmət
haqqında həbs olunma qərarı var idi. Qaçaq
şəkildə yaşayan Nazim parka polislərin gəldiyini
görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də
şairin sevgilisi keçir. Nazim Hikmət
isə onları üzgün bir şəkildə izləyir,
şeiri yazır." Əlbəttə, bu "Ceviz ağacı"
şeirinin sehrinə düşərək söylənilən
əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu
məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin
gücüdür ki, yolu İstanbula düşən elə
bir "Nazim sevdalı" ziyalımız,
yazıçımız, şairimiz olmasın ki, Gülhanə
parkına gedərək Nazimin ceviz ağacını
aramasın...
… Gülhanə
parkında ceviz ağacı olmayıbdır. Bunu Nazim yaxşı
bildiyindən özünü Türkiyədə, məmləkətin
baş şəhərində, bu baş şəhərin
baş parkında
bir ceviz ağacı kimi təqdim edibdir. "Ben bir
insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden
tırnağa insan, tepeden tırnağa kavga, hasret ve
ümitten ibaret…" - deyə, bağıran Nazim Hikmət
Türkiyədən məcburən
mühacirət etsə də, heç kimin farkında
olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin
bağrındadır. Nazim "Sen" ifadəsini də
sevgilisinə yox, sevdiyi Türk vətəndaşlarına,
istanbullulara xitab edibdir...
Hidayət müəllimin
"Ceviz ağacı" essesinin ədəbi-estetik mahiyyəti
də bu gerçəyə bağlanır. Essenin əsas
məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də
Gülhanə parkında Nazim Hikmətin ceviz
ağacını axtarır və məlum olur ki, bu parkda
yaranışından bəri ceviz ağacı olmayıbdır.
Bunu parkda 40 ildən artıq işləyən bağban da,
Hidayət müəllimi müşayiət edən Türk
Dünyası Araşdırmaları Vəqfinin başkanı
Turan Yazqan da bildirirlər...
Qayıdıram Hidayətin şairanə,
təsirli, assosiativ duyğularına: "...Əvvəlcə
Topqapı muzeyində sehirlənirəm. ...Topxananın sehirlərindən
özümə gəlməmiş, əlbəttə,
Gülhanədə ceviz ağacını axtarıram.
Düşünürəm: altında əyləşib fikrə
dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim:
görəsən, Zəngəzurun ceviz ağacları
qocamandır, yoxsa Gülhanə parkının? Həmişə
mənə elə gəlib ki, Maralzəmidə, arxa
bağçamızdakı ceviz ağacı qocamandır
Gülhanə parkındakından. İçimdə
Nazimin şeirinin misraları səslənir:
Yüz bin elle dokunurum sana,
İstanbula;
Yapraklarım gözlerimdir,
şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi
çarpar-çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım
Gülhane parkında,
Ne sen bunun farkındasın,
ne de polis farkında."
Hidayət də, öz doğma kəndindən, ordakı ceviz ağacından erməni işğalçılarının məkri ilə perik düşüb...Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir -"Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi..." Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var:
"Anadoluda bir köy mezarlığında gömün beni
Ve bir de uyarına gelerse
Tepemde bir de çinar olursa,
Daş-maz da istemez..."
"Ceviz ağacı"
şeiri dəfələrlə təhli edilib, ona münasibətlər
bildirilib.
Lakin hec kim "farkında"
olmayıbdır ki, bu ceviz ağacı Nazimin
özüdür, öz obrazıdır, özünün
özünə İstanbulun mərkəzində ceviz
ağacı ilə ucaltdığı heykəldir. Türkiyəni
qollara çevrilmiş yüz-yüz budağıyla
qucaqlayır, min-min ürəyə çevrilmiş (qəribədir
qoz yarpağı da ürəyə oxşayır)
yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə,
tək şair olmasına işarədir... Olmayanı oları
etməkdir! Hidayət müəllimin "Ceviz
ağacı" essesi mənim hisslərimdə bu kodun
açarına çevrildi... Düyünləri
açdı...
Müəllifin - Hidayətin
yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət
sevdası ona inanmağı tövsiyə edirdi və
inandım... Hidayət müəllim bu çalkeçid fikirlərə
bir aydınlıq gətirdi və Gülhanə parkında
heç vaxt olmayan bir Nazim Hikmət adında ceviz ağacı
əkdi... Nazim Hikmət fiziksəl
olaraq ölənə qədər Peredelkinoda yaşasa da, ruhən
Gülhanədə ceviz ağacına dönüb əbədən
öz yerini tutdu... O, bütün şeirlərində
"Qübbəli, çinarlı bir mavi liman" axtarsa da,
yenə də Gülhanədə, Türkiyənin ürəyi
İstanbulun ürəyində Ceviz ağaçı olaraq
ucaldı...
Qurban Bayramov
Ədəbiyyat qəzeti.-
2017.-16 sentyabr.- S.23-24.