Mətnlərarası virtual əlaqələr
İdeya belədir: hər hansı yazıda məqsəd fikir və ideyanı ifadə etməkdən çox onu ötüb keçmək təşnəliyi ilə bağlıdır. Hərdən sual verirlər yazı-pozu adamlarına (yeri gəlmişkən, deyim ki, belə sadəlövh suallar da lazımdı): olur ki, yazdığınız alınmır, olur ki, zamanla gözdən düşür, neynəyirsiniz, qayıdıb üstündə işləyirsiniz, yoxsa ondan biryolluq imtina edirsiniz? Gözdən düşən şey elə düşdüyü yerdəcə qalmalıdır və qalır da, sən nə çabalar göstərsən də geri qayıtmır, qayıtmaz da... Ancaq bir şey də var, özü də məncə, çox mühümdür: yazmağın ən birinci şərti imtinadır, son damcısı qalana qədər imtina eləmək, o vaxta qədər ki, əks qüvvə-müqavimət səndən güclü olsun. Belə olurmu? Onu deyə bilmərəm və demək əslində çox çətindir. Demək, bir yazı ona qədər gələn bir sıra mətnlərdən imtina üstündə qurulur (məlum fikri də xatırlatmaq olar: yazı özündən sonra yazılanlara sonsuz ön söz rolunu oynaya bilər...), belə olduğu üçün də yazı hörüldüyü ideya və fikirlərin ifadəsindən çox, onları ötüb keçmək tərzini və təşnəliyini bəlləmək üçündür. Həm də: yazıya pozu yoxdur. Tənqidçidə poza aydındır: elə yazır, elə gedişlər edir ki, başqasının mətnlərini uyğun şəkildə saf-çürük edə bilsin, normal məqam və nöqtələri tapsın, ancaq bu həddi keçdikdə fəlakət baş verir. Dərs keçmək azarı. İndi fb. tənqidçiləri var, dərs keçdiklərindən xəbərsizdirlər. Ancaq həm də bundan: tənqidçi nə edir-etsin, əslində daha çox özünü tənqid edir, buna onun əvvəldə dediyimiz pozası səbəb olur. Yanaşma tərzindən bilinir ki, köhnə palan içi açır, Allah bilir, neçənci dəfədi velosiped icad edir, hər şeydən "sıfır səviyyəsindən" danışır. Şairin bir sözü var: yaxşı şey milyon dənə olsa, yenə azdı, pis şey bircə dənə olsa belə, yenə çoxdu! Şair... ruhunun gücüylə qətrə-qətrə bir yerə yığıb düzəltdiyi güzgüdə özündən başqa hər şeyi, hər kəsi görür. Təhlükəli olan budu: bu "özünügörməzlik" haçansa tam qaranlığın düşməsinə səbəb ola bilər. Nasirin əlindəsə "işarələr səltənəti" (J.P.Sartr) var, o hər şeyi özündən keçirib görür. Zaman keçdikcə gözdən çox şey düşür. Dəbdən də. İnsanların hissləri, duyğuları dəyişir, janrlar qarışır bir-birinə. Bəzən bu dəyişkənlik, zamanın "qatlanan yerində"ki hissiyyat bizi aldadır, elə bilirik ki, artıq yazmaq məqamıdır, özü də nə gəldi (Çeslav Miloşu xatırlayın: ...Çünki şeirlər nadir hallarda və iradənin ziddinə yazılır)... Sürət təşnəliyi, heç nəyi saxlamamaq, necə deyərlər, ürəyini boşaltmaq, buna aldanmayanlar varmı? Varsa əgər, o, günlərin bir günü gecəylə gündüzün tən ortasında o sürətlə yazılan şeylərin elə o sürətlə də sovrulub getdiyini də görür.Bədii mətndə dediyimiz kimi, ifadə olunan ideya ötülüb keçilməyincə, həmin mətn parçalanır, məna itkisinə məruz qalır və sair. Bu mənada bir neçə nümunəyə baxmaq olar.
Səməd Vurğunun "Dünya" şeirində fəlsəfi mahiyyət üzdədir və kifayət qədər qabarıqdır. İlk baxışdan zahiri "nikbinlik" də var: Biz gəldi-gedərik, sən yaşa, dünya! Və ilk baxışdan ona qədər yazılanlardan ayrılır, həm də onların intonasiyasını "döyəcləməmək" üçün.
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Taxt üstündən salan
dünya.
Xəstə Qasımın bu
misralarını epiqraf kimi seçən Şəhriyar
paradiqmanı dəyişdirir, Xəstə Qasımın dediklərinin,
yazdığı şeirin misraları arasındakı cazibə
sahəsindən fərqli mətləblər
çıxarır. Mətləbi sanki konkretləşdirirmiş kimi iki
işi eyni anda icra edir: həm Xəstə Qasımı təsdiqləyir,
həm də Xəstə Qasım da daxil olmaqla dünya
haqqında deyilənlərə ironiya edir:
Atı əzəl dağa saldıq,
Yorulduqca dala qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya...
Ancaq sözümüz bunda
deyil, bizi məhz Səməd Vurğunun "Dünya"
şeiri və onun başqa mətnlər və mətləblərlə
virtual əlaqələri maraqlqandırır. Dedik ki, bu mətndə fəlsəfi
mahiyyət üzdədir və qabarıqdır, illər boyu
insanlar yol getdikləri əsnada bu şeirin misralarını
xatırlayıb ayaq saxlamış, ovunmaz dərdin
üstünü məhz o nəfəs dolusu ricətlə
örtməyə çalışmışlar, bu mənada
Derridanın sözü lap yerinə düşür: şeir
yaranın üstünü qaysaq kimi örtür. Bu şeir yazıldığı
anda "Komsomol" poemasından ayrılaraq müstəqil
yaşamağa davam etmiş, insanın daxili təcrübəsini,
həyat fəlsəfəsini ən kritik yönlərdən əks
etdirmişdir, bu mənada şeir zil qaranlığın
çökdüyü yerə inadla tuşlanan, ancaq hərdən
yuxu apardığı üçün qaranlıq quyunun
içindəki işartını da xatırladır. Burda eyni zamanda janrın da fəlsəfəsi, onun
kompozisiyasında əsrlərin hıçqırıq səslərini
heç zaman yaddan çıxmayan sözə çevirən
bir varlıq - mexanizm mövcuddur. Şeirin
kompozisiyası bütün hallarda özünün kontekstinə
(şeirin bütün künc-bucaqlarında mənaların
yaranması konteksti) uyğun bir fiqur cızır. "Dünya" rədifli şeir hansı fiquru
cızır, yaxud hansı həndəsi
ölçünü ifadə edir. Söhbət
şübhəsiz ki, kompozisiyanın fəza sərgüzəştlərindən
gedir. Bu məqsədlə qafiyələrə
də diqqət yetirmək olar. Zahirən bu qafiyələrin
hamısı "biz gəldi-gedərik" mətləli
fanilik duyğusunu ifadə edir, "sirrini verməyir
sirdaşa" xətti, yaxud vektoru bir az əvvəl çəkilən
dairədən uzaqlaşma, "bir yandan boşalır, bir
yandan dolur" misrası isə gur çayın içində
şüşə qabın həm vahiməli bir məkanda, həm
də öz içində boğulma effektini ifadə edir. Qrafinin boğazı niyə dardır? Bəlkə ona görə ki, özündən
daşdanmağın necə ağrı verdiyini hiss etsin.
Şeir əslində çıxış
yolunu arayıb onu bilmərrə tapmamaq hissini göstərir.
Bu şeir adı çəkilən poemadan
çölə, dünyadan fərqli dünyalara
çıxsa da, içində hər şeyin, eləcə də
poemada təsvir edilən zamanın izlərini
daşıyır. Poemadan bir cizgi: Gəray bəy Kür
çayının sahilində qırmancını dəli
sulara çırpır, sanki onların daxilindəki təlatümü
ram etmək üçün. Ancaq bu zahirən
belədir. Ram etmək istədiyin nəsnə sənin
çox adi hərəkətindən belə daxili güc
alır, aşıb-daşır və sahil xəttini
içində boğur. Bu qırmancın ilan kimi
qıvrılmağından yaranan enerji, daha doğrusu, onun ifadə
etdiyi nəsnə şeirdə səsi, hətta Kürün
lap dibindən gələn hıçqırıqları
qulaqla eşidilməyən, anacq gözlə görünən
sözlərə çevirir. Mətnin fəza
ölçüləri və sərgüzəştləri
bununla da bitmir. Dar boğazına qədər dolan
dünya beləcə xilas olur, hər şey öz içində
boğulmağa məhkumkən qırıldığı,
ayrılıb ömürdən çat verdiyi yerdə xilas
olur, bu dolub-boşalan sular klassik Azərbaycan
poeziyasının min illik tarixindən baş alıb gəlir.
Nizami Gəncəvinin bir misrası var: Bədənin xarab
olması (xəstələnməsi) ilə ağıllının
ruhu sarsılmaz, budağın qırılması ilə
quş yerə düşməz... Yaxud: bir həsəd tozundan
min pak gül yerə sərilər. Bu misalı
nəyə görə çəkdik? Dünyada
mənalar, xüsusən mətnlərdə dünyaya gələn
mənalar özbaşına deyil, başqa mənalarla virtual əlaqələr
onu hansı məqamdasa, ancaq həmişə çox
vazkeçilməz bir anda mənaların dünyanı
bütün əlamətləriylə göstərmə
radiusuna tuş gətirir.
Çeslav Miloşun "Poeziya sənəti"
şeirində yaxşı bir misra var, elə
"Dünya" şeirinin mətləblərini, içindəki
ideyaları ötüb keçmək məsələsini
anlamaq üçün də yararlıdır
Vaxt vardı, yalnız
müdrik
kitablar oxunardı,
əzab və
düşkünlüyümüzü
dərindən
hiss etməkçün...
Miloş daha sonra yazır:
Poeziyanın məqsədi bizə
Özümüz kimi qalmağın
çətinliyini
xatırlatmaqdır,
evimiz açıq, qapılar
kilidsiz olsun,
görünməz qonaqlarsa
istədikləri
zaman gəlsinlər.
Razıyam ki, burda dediklərim
poeziya
deyil,
Çünki şeirlər nadir hallarda
və
iradənin
ziddinə yazılır,
Qarşısıalınmaz təzyiq
altında və
yalnız
o ümidlə ki,
Şeytani yox, ilahi ruhlar bizi
seçsinlər.
İndi isə Səməd
Vurğunun yuxarıdakı şeirindən bir bəndi
xatırlayaq:
Ellərə baxıram
bağçalı-bağlı,
Göylərə baxıram
qapısı bağlı.
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb
tamaşa dünya.
"Göylərin
qapısının bağlı olması" bu mətndə
tamaşanı seyr etmək (həm virtual, həm də
gerçəkdən-! Həm də öz həyatını seyr
etmək və bu seyr fürsətini əldən buraxmaq faciəsi-!)
üçün göydəndüşmə
metaforadır. Bu intonasiya üstündə Şərqdə,
elə Qərbdə də nə qədər müdrik sözlər
söylənmiş, dünyanın, aləmlərin sirrini,
çərxi-fələyin amansızlığını ifadə
edən mətnlər meydana gəlmişdir. Həm də nəzərə alamq lazımdır ki,
həmin diskurs qəlibi zamanla hiss olunmayacaq dərəcədə
dəyişmiş və bir gün özünün tam əksi
olan ideyaları yaratmışdır. Yəni, əslində
əkslikdə bir doğmalıq, bir qovuşma həqiqəti
də var. Məsələn, bu ideyanın tam əksi olan bir
şeirə baxaq:
Hərdən mənə elə gəlir
ki,
Ulduzlar göyün yaxasında
Sədəf düymələridir.
Bu düymələri açsan
Başqa bir aləm görəcəksən.
Orda nə toz var,
Nə duman.
Nə ölüm, nə qan.
Orda yaşayır
Zamanın süzgəcindən
keçmiş
İnsan...
Döşənirəm torpağa
üzü üstə,
Bağışla məni,
böyük ana,
Bağışla!
Könlünə dəydim
Bu yanlışla.
Rəsul Rzanın "Ani duyum"
adlı bu şeiri artıq çox fərqli paradiqmanı
ortaya qoyur, qapısı bağlı olan göylərin sirrini
unudur, ona söz deməkdən vaz keçir (tamaşa, səhnə,
dünyanın teatr olması ideyası da sadəcə nəzərdə
tutulur...), daha doğrusu, artıq bu sözlər kərratla
deyilib deyə, başqa, həm də çox maraqlı bir mətləbi
təqdim edir. Və bu mətləb ifadə edilənə
qədər həcmcə çox kiçik bir mətndə bəlkə
onlarla ifadə planından vaz keçilir, özünüz
diqqət edin, ulduzların göyün yaxasında düymə
olması şeir və folklor yaddaşımızda mətnə
gətiriləsi nə qədər motivi ehtiva edir. Bəlkə o motivlərdən hansısa şeirin
arxitektonikasında çox cazibəli görünə bilərdi,
dildən-dilə keçib əzbərlənərdi, ancaq nə
qədər cazibəli olsa da, həm də ona qədər
yazılanların cərgəsinə qoşulub itib-batardı.
Bu məqamda istər-istəməz yenə də adı
artıq burda çəkilən bir şairin misraları yada
düşür: Poeziyanın lap məğzində yaramaz bir
şey var: // İçimizdə qıvrılıb zərblə
çıxan şeyin orda olduğundan xəbərsizik...
Rəsul Rzanın şeirində
"semantik yuvalar" o qədər sıx və bir-birinə
yaxın məsafədə yerləşir ki, yalandan həqiqətə
keçidin sürəkliliyi şeiri, onun içindəki
ideyanı vurub çoxaldır, mənalar bir-biriylə dilləşərək
artır, dayanmadan bir fikri, həm də onunla səsləşən
düşüncələri təsdiq və inkar edərək
"karusel" effektini yaradır. Hər
hansı ideyanı ötüb ona başqa radiusdan
yaxınlaşma burda təhlil etməyə
çalışdığımız bütün mətnlərdə
mövcuddur. Bu şeiri dəfələrlə
oxumuşam və hər dəfə də Füzulinin
"Leyli və Məcnun"unda yer alan qəribə
keçidləri (Məcnun Leylinin məzarı üstə...)
xatırlamışam. Həm də
dünyanın çox nadir hallarda şeirə çəkilən
mətləblərini. Son zamanlar oxuduğum şeirlərin
birində belə bir ayrıntı vardı: ürəyi,
içi büsbütün həvəslə dolu olan şeylərin
ayaqları bağlı olur və onlar ancaq və ancaq həsrət
içində yaşayırlar, həsrət adı bir kol
üçün də mövcudluq forması ola
bilər. Bu mətləblə Rəsul Rzanın
şeiri arasındakı virtual, metaforik keçidlər
özbaşına alınır, çünki mətləbə
yanaşma, onu görmə və mətndə ifadə etmək
səviyyəsi demək olar eynidir.
Bu dünyada bütün
gözəl şeirlər beləcə bir-birini
ötüb-keçir və məhz bu hadisə mətnlərdə
yeni mənaların icad edilməsinə səbəb olur. Bayaqdan sitat gətirdiyimiz
Çeslav Miloşun "Dünyanın son günündə"
şeirində də belədir. Şair
sanki başdan-axıra qədər bu şeirə qədər
dünya haqqında deyilənləri "həvəssiz şəkildə"
təkrarlayır. Bu sıralar bitib-tükənmir, həm də
dünya fırlandıqca, bəzi şeylər
özünü təkrar-təkrar təqdim edir, bu tamaşa
yuxuda gördüklərimizin vizuallaşmasını da xatırladır.
Arı ərik gülünün başına fırlanır
// Balıqçı şəfəqlərlə oynaşan
torları yamayır // Delfinlər sevincdən
atılıb-düşür dənizdə // Sərçə
balaları navalçaya ilişib qalıb // İlan
qabığı günəş altında parıldayır,
mis kimi... Bu təsvirlər zahirən statik olsa
da, sabit hərəkətlə göz önündən
ötüb keçən kino lentini xatırladır. Onlar sadəcə ötüb keçir və biz
danışmaq istədiyimiz anda susuruq, bu sözlə dolu
sükut dünyada yaşadığımız ömrün
özündən daha dəhşətli bir şeydir.
Dünyanın sonsuzluğunu dərk
etməyən adam istər-istəməz məşum
son gün haqqında düşünür. Mətndə
illüziya formasında dünyanın son günündən
sonrakı "zamanda" görünən hadisələr də
fokusa gətirilir: Dünyanın son günündə //
Əllərində çətir qadınlar çöl boyu gəzirlər
// Sərxoşun biri çəmənliyin qırağında
tirlənib // Göyərtisatan küçədə
bağırır // Sarı yelkənli gəmi sahilə yan
alır // Hava skripka səsi qoxuyur // Ulduzlu göyləri
üzümüzə açır...
Ancaq bütün bunlar
artıq yaşanmış şeylərdir. İnsanlar həmişə
bir şeyi unudurlar, bütün ömür boyu ondan yan keçmək,
onu görməmək üçün fərqli yollar
seçirlər. Ömür boyu bir nöqtəyə
baxan insanlar aldanırlar...
Bilmirlər ki....
Göylərdən əlamət və
işarə gözləyənlər
Hər şeyin
başlandığına hələ də inanmırlar.
Hələ ki, günəş və
Ay göydədir
Hələ ki, eşşəkarıları
qızılgülün qonağıdı
Hələ ki, gül kimi
balalar doğulur.
Hər şeyin
başlandığına necə inanasan.
Yalnız çalsaçlı qoca, bəlkə
elə peyğəmbər...
Ancaq o deyil, deyil,
oxşatmışıq sadəcə,
Pomidorları bir yerə
yığır, dodaqaltı deyinir:
Dünyanın başqa sonu
olmayacaq, - deyir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2017.-16 sentyabr.- S.14-15.