Müasir irfan nəzəriyyəsi - Sayman Aruz
İrfan nədir,
irfan haqqında müxtəsər qeydlər
(Birinci hissə)
İrfanın tərifini axtarsaq, belə bir fikirlə üzləşə bilərik; "zehndə yaranan təsəvvürlərin həqiqətə yaxınlaşması". Bu tərifin məna və məfhumunu anlamaq o qədər də çətin deyil. Təsəvvür edin ki, reallıqdan çox uzaq və həqiqətdə sizin olmayan bir villanı düşünürsüz ki, o sizindir. Villanın bütün qapı və pəncərələri qızıldan, az qala Yer kürəsi boyda həyəti, buludlara çatan hündür ağacları və digər nemətləri var. Əslində sizin təsəvvür və təxəyyül etdiyiniz bu villanın reallığı yoxdur. Ancaq, məsələ burasındadır ki, villada təsəvvür etdiyiniz hər bir şey, qızıl, qapı, pəncərə, ağac, və s. kimi şeylərin hər biri reallıqda var. Yəni, siz reallıqdan istifadə edərək reallıqdan uzaq olan və əlçatmaz bir arzunu tam şəkildə yarada bildiniz.
Hər bir insan davamlı olaraq iki pillə və ya daha dəqiq desək, iki mərhələ arasında gediş-gəliş edir. Pillələrin biri əql və digəri isə eşq pilləsidir. Əql pilləsində biz, elm, texnologiya, hədəfə çatmaq üçün yollar, şivələr, öyüd-nəsihət, istidlal, məntiq, səbəblər, istəyimiz uğrunda çalışmalar və bu kimi vasitələrə ehtiyac duyuruq. Ona görə də yaşadığımız Yer kürəsini və görə bildiyimiz bu dünyanı- "vasitələr dünyası" da adlandıra bilərik. Yəni biz həqiqi və ya məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə, yəni dünyanın həqiqətini dərketmə pilləsinə getməyə çalışırıq.
Eşq pilləsində heç bir məcazi vasitəyə ehtiyac duyulmur. Bu pillədə lazim olanlar vəcd, zövq, şövq, fədakarlıq, məhəbbət və bu kimi hisslərdir ki, onları fiziki vasitə hesab etmək olmaz. Ona görə də eşq pilləsinə "vasitəsiz dünya" da adını vermək olar. Vasitəsiz dünyada, biz, kəmiyyət dünyasından keyfiyyət dünyasına istidlal və dəlilə ehtiyac hiss etmədən baxa və duya bilərik. Hər bir vücud, dəmir pul kimi iki tərəflidir. Bir tərəfi kəmiyyət və digər tərəfi isə keyfiyyət tərəfidir. Hansı ki, heç vaxt, heç bir şərt daxilində biri-birindən ayrıla bilməzlər. Məsələni dərk etmək üçün bir misal çəkirəm; əliniz altında işlətdiyiniz kompüterin var olması onun kəmiyyət tərəfidir, ancaq onun necə işləməsi həmin kompüterin keyfiyyət tərəfini təyin edir. İslam dinində namaz qılmaq da bu qanundan kənarda deyil. Namazın öz hökm və qaydaları vardır. Ancaq sual oluna bilər ki, bu qaydalara tam riayət etmək namazın keyfiyyətini zəmanət edə bilərmi? Təbiidir ki, cavab "xeyr"dir. Bir var "iqrə əlsəlat", yəni namaz oxumaq, bir də var "əqemo əlsəlat" yəni namazda "iqamət" etmək, "məskən salmaq" və ya namazın keyfiyyətini anlayaraq onu qılmaq. Namazı anlamaq namazı qılmaqdan və namazı qılmaq onu anlamaqdan ayrı olmasa da, onu faydalı və ya faydasız etməsində böyük rol oynayır. Hər bir şeyin keyfiyyət tərəfi onun bütün vücuduna hakimdir. Ancaq məsələ burasındadır ki, keyfiyyət pilləsinə yalnız və yalnız eşq ilə ayaq basmaq olar. Məsələn, insanların mehriban və ya fədakar olmaqlarının səviyyəsini heç bir metr və tərəzi ilə ölçmək mümkün deyil. Ona görə də Mövlanə demişkən, eşq pilləsində dəlil və isdilal ilə məsələlərə yanaşanların ayağı (əsa-sı) taxtadandır və həmin ayağa süni olduğu üçün heç bir etibar etmək olmaz.
"Payi istidlaliyun çubin bovəd,
Payi çubin səxt bi təmkin
bovəd."
Mövlanə
İstidlal özü-özlüyündə məntiqin əsasını yaratsa da, vasitəsizlik dünyasında heç bir yeri yoxdur. Məsələn, kim elə bir insan tanıyır ki, nəsihət vasitəsilə bir başqasına aşiq ola bilsin? Və ya zəhmət və çalışmaq vasitəsilə kimsəni eşqdən uzaqlaşdırmaq mümkündürmü? Təbiidir ki, cavabı yenə də "xeyr"dir. Eyni zamanda əql pilləsində də hətta Məcnun eşqi ilə belə Marsa kosmonavt yollamaq olmaz. Nə qədər ki, məsafə və lazım olan enerji tam kəmiyyəti ilə mühasibə olmayıb, Marsa çatmaq mümkün olmayacaq.
Kəmiyyət və keyfiyyəti, məcaz və həqiqət və ya eşq və irfan təkcə bir dəmir pulun iki üzü kimi deyil, bəlkə qarşı-qarşıya qoyulmuş iki güzgü kimi də biri-birini əks elətdirmək üçün bir-birinə bağlıdırlar. Əsas məsələ də elə buradan başlayır. Biz həqiqətləri dəmir pulun iki üzü kimi görsək, o zaman həmin həqiqətin konkret bir müəyyən dəyərə çərçivəsində məhdudlaşmasına gətirib çıxaracaq. Bu isə irfan dünyasında salikin hərəkəti qaşısında böyük sədd yaradır. Halbuki, irfan hərəkət və zehnin həqiqətlər axını əsasında formalaşır. Bu, zahirən ziddiyyətdə olan pillələr biri-birinin qarşısına güzgü kimi qoyulsa, o zaman hər birinin daxilində sonsuza qədər məna və məfhum əks olacaq ki, birini tanımaq üçün digərini tanımağa məcbur qalacağıq. O zaman bu lazım və məlzum, əməl və əks-əməl arasında olan birliyə bir mənalı şəkildə hörmət etməli və aqil olsaq eşqə, aşiq olsaq əqlə mərifətlə yanaşmalıyıq. Bu pillələrin heç biri digərini inkar etmir və bir-biri ilə ziddiyyətdə deyillər. Eyni zamanda heç biri digərini məhdudlaşdıra da bilməz. Ehkamçılar (şəriət hökmdarları), hər zaman irfanı özlərinə düşmən kimi görüblər. Mənsur Həllac, Şəmsi Təbrizi və Nəsimi kimi ariflər şəriət hökmlərindən kənara çıxdıqları və yuxarıda qeyd etdiyim məhdudiyyətləri aşdıqları üçün öz canlarını əldən veriblər. Həllac kimi ariflər zahirən kafir elan edilsələr də, tam şəkildə kafir, ehkamçılar isə zalim görünsələr də tam şəkildə diktator deyildilər. Problem o zaman yaranır ki, hər hansı bir həqiqətə yalnız bir tərəfdən, yəni fəlsəfə, dini, elm və ya məzhəb nöqteyi-nəzərindən yanaşırıq. Məzhəb, fəlsəfə, elm və irfan dünyanı yaradan dörd əsas maddə kimi məcaz və həqiqət, kəmiyyət və keyfiyyəti dərk etdirən dörd yanaşma tərzidir. Məzhəb odu, elm küləyi, fəlsəfə suyu və irfan torpağı simvolize edir. Məzhəb və fəlsəfə əql pilləsinə və təəccüblü görünsə də, elm ilə irfan isə eşq pilləsinə aid edilir. Bunların hər biri ayrı-ayrılıqda yarımçıq və naqisdir. Hafiz Şirazi demişkən:
Cəngi həftadu do mellət həme
ra ozr beneh
Çon nədidənd həqiqət
rəhe əfsane zədənd.
"Yetmiş iki millətin
müharibələrini üzrlü say, onlar həqiqəti
görmədikləri üçün əfsanələrə,
yəni uydurma istidlallara aldandılar."
Söz burasındadır ki,
həqiqət heç kəsin əlində deyil, amma hər
bir insanın ürəyində həqiqət var.
Sadəcə olaraq həmin şəxs, kəmiyyət
dünyasından keyfiyyət dünyasına, yəni əql
pilləsindən eşq pilləsinə keçid edə bilməyib
və bütün ömrünü od və
su arasındakı ziddiyyətlərlə hədər edib.
Kainatın mahiyyətini müzakirə
obyektinə çevirən dünyanın adı
"dünyayi del" və ya "ürək
dünyası", "eşq dünyası"-dır. Həmin
dünya "irfan dünyası" kimi də arif, sufi və filosofların dilində
işlənir. Mövlanə deyir:
Eşq yeksan naze dərviş və təvangər
mikeşəd,
İn tərazu səng və
qohər ra bərabər mikeşəd.
"Eşq, dərviş və
pullunun nazını eyni səviyyədə çəkir. Eşq tərəzisi
daş və gövhəri bərabər şəkildə
ölçür."
Bayaq da söylədiyimiz
kimi, irfan dörd əsas maddənin biri və ən əsası
hesab olunan torpağı simvolizə edir. Torpaq isə ana bətni
kimi, içindəki varlığın təfəkkür və
səviyyəsini ölçmədən, gələcəkdə
nə, kim və necə olmasını
öyrənmədən, onun hansı din və təriqətə
mənsub olacağına etina etmədən həmin nütfəni
öz qanı və ruhu ilə bəsləyir və
böyüdür. Nütfəyə can və şəkil
bağışlayır. Nütfəni elə
bir səviyyəyə çatdırır ki, şahidlərin,
yəni mərifət və kəmala çatan saliklərin
gözü önündə bütün dörd maddənin, yəni
həqiqətin şəkili kimi sərgilənə bilsin.
Deməli, irfan özü mahiyyət deyil, bəlkə
mahiyyətin dərki yolunda salikin yolunu təshil, yəni
asanlaşdıra bilən bir haldır. Bu
asanlaşdırma yolunda isə iki əsas və bir
tamamlayıcı amilə ehtiyacı var. Əsas amillərin biri və
başlanğıcı tələb və sonuncu isə fənafillahdır.
Tamamlayıcı amil, yəni irfanın məhsulunun
mahiyyətini təsdiqləyə bilən bir şahiddir.
Yəni, irfan və seyri-sülukun sonunda hər
hansı bir şəhadət, yəni həqiqəti etiraf edə
bilən şahid yoxdursa, demək ki, bütün cəhdlər
heç bir nəticəyə çatmayıb. Yəni bir çoxlarının təsəvvürü
və bildiyi kimi irfan fənafillah pilləsində bitmir. Bəlkə fənafillah pilləsi elə bir pillədir
ki, biz bir salik kimi öz irfani məhsulumuzu, yəni mərifət
vasitəsilə qazandıqlarımızı şahidin
hüzuruna bir növ təqdim edirik. Əslində
irfanın istəyi təkcə salikin istihalə, yəni
pisliklərdən pak olunması deyil. Bəlkə
pak olmaqla yanaşı həqiqətləri tam şəkildə
əks elətdirə bilən bir həqiqət güzgüsünə
çevrilməkdir. Bu istək isə
irfani keyfiyyətlərin elmi kəmiyyətlərlə birləşməsindən
başqa bir şey deyil. Müasir irfan nəzəriyyəsinin
əsasını da bu təfəkkür təşkil verir.
Məsələnin dərki üçün iki misalı gətirməyi vacib hesab edirəm:
1. Bütün ariflər "ismi əzəm"
və ya Allahın ən böyük və xüsusi
adınınn axtarışında olublar. Hətta
elə bir təsəvvür də var idi ki, kimsə ismi, əzəmi
bildikdə bir çox kəramətlərə əl tapa bilərdi.
Məsələn, suyun üzərində yeriyə
və ya "teyyül ərz", yəni bir göz
qırpımında dünyanın bir başından digər
ucuna gedə bilərdi. Bu məsələdə
elm irfanın köməyinə gəldi və ismi əzəmi
axtarmadan bu növ istəklərin həlli yolunu tapdı.
Artıq insanlar nəinki, suda, hətta havada belə
uça bilirlər. Artıq hər kəs
bir göz qırpımında dünyanın müxtəlif
guşəsinə telefon və texnologiya vasitəsilə səfər
edə bilir. Bu çox vacib məsələdir
ki, biz, irfan və elmə iki üz-üzə dayanmış
güzgü kimi yanaşaq. Belə olan təqdirdə hər
iki güzgünün daxilində digərinin mahiyyətini
tapmağa nail olacağıq. İsmi-əzəm
məsələsinə Mövlanə gözü ilə
baxsaq, bu beyti nəzərdən keçirməmiz
lazımdı. Mövlanə deyir:
İsmi-əzəm pişe mən
başəd qədim,
Yəni, bismillah əlrəhmani
rəhim.
"İsmi-əzəm mənim
yanımda çox qədimdəndir ki, var. O, da həmin
bismillah əlrəhman əlrəhimdir."
"Bismillah", Allahın
adsızlığına bir nişanədir. Ona görə
ki, Allah, yəni hər şeyi Yaradan və kontrol edən
varlığa ad vermək onu məhdudlaşdrımaq deməkdir.
Allahı adla deyil, saysız-hesabsız nişanələri
ilə tanımaq lazımdır. Demək
ki, salik öz yolunu adsız bir Yaradanın adı ilə
başlamaq məcburiyyətindədir.
Saysız-hesabsız ünvanı olan, adı heç yerdə
tam bilinməyən bir varlıqla üz-üzəyik ki, bizə
iman gətirdiyimiz təqdirdə qaranlıqdan
aydınlığa çıxarmağı bəşarət,
yəni muştuluq verib. Sual oluna bilər ki, bəs
əlrəhman və əlrəhim nəyə işarət
edir? Əlrəhman və əlrəhimi dərk
etmək üçün Hafiz Şirazinin bu beytinə diqqət
yetirmək bəs edir:
Ma dər piyale əkse roxe yar dideim,
Ey bixəbər ze lezzəte
şorbe modame ma.
"Ey bizim çox içməyimizin
səbəbini bilməyən qafil, biz qədəhdə
yarın şəkilini görmüşük"
Əlrəhman, Allahın
ümumi rəhmətinin göstəricisidir. Hansı ki,
salik və ya ümumiyyətlə hər bir məxluqa bumirəng
kimi yenidən Allaha qayıtmağa kömək edir. Yəni əlrəhman əslində "inna lillah və
inna iləyhe raciun", yəni biz Allahdanıq və Allaha da
geri qayıdacağıq ayəsinin ixtisarlanmış,
kiçildilmiş formasıdır. Bu da
salikə kömək edir ki, ruh baxımından
özünü tam təhlükəsiz hiss etsin. Ona görə ki, onsuz da hər şey haradan
başlayıbsa, elə orada da bitəcək. Adsız, amma bütün adların sahibi olan bir
Yaradanın bəndəsiyiksə, demək ki, bir gün elə
həmin adsızlığa, yəni bütün adların
sahibliyinə gəlib çatacağıq. Məqsədi zəmanət olan salik də psixoloji
baxımından rahat bir şəkildə öz yoluna davam edə
bilir. Əlrəhim isə salikin hərəkətini
zəmanə edən bir vasitədir. Yəni
laməkan və lazəmanlığa deyil, adsızlığa
iman gətirən bir salikin həm yolu, həm də
çatacağı məqsədinin ürəyincə
olması zəmanət edilir. "Post
irfanın" düçüncəsində laməkan və
lazəmanlıq məsələsi tamamilə mənsux, yəni
kənara qoyulmuşdur. "post
irfan" adsızlıq və onun yollarını
tapmağın axtarışındadır. "Post
irfan" fənafillah deyil, şahid
axtarışındadır.
Hafiz bu şeirdə
bismillahı qədəh, əlrəhmanı badı və əlrəhimi
badədə siması əks olan saqinin yaratdığı
ümumi bir mənzərəni ismi-əzəm kimi təsvir
edir. Yəni, bir daha qeyd edirəm ki, kəmiyyət və
keyfiyyətin birləşməsini nəticə etibarilə
şahidin qarşısına çıxarmaq əslində həyatın
mahiyyətini tamamilə bəyan edə bilir.
2. Hər bir surənin sonunda bu ayəni
təkrar edirik. "Sədəqallahül əliyyül
əzim". Bir çoxları bu ayəni
zikr etdikdə elə başa düşür ki, oxuduğu
Quran surəsi bitib. Amma əslində belə
deyil. Bu ayə, təhsil ilinin sonunda
götürülən dövlət imtahanı kimi, Quran oxuyan
şəxsin oxuduğu ayələrin haqqında şahid
olub-olmaması haqqında bir sual və ya imtahandır. Yəni
oxuduğun, öyrəndiyin kəlamların mahiyyətinə
vara bildinsə, bu kəlamların doğru və
dürüstlüyünə etiraf və şahidlik et. Şahid ol ki, bu kəlamlar həqiqəti
əks etdirir.
Bax, əsas məsələ də elə buradadır. İsmi əzəm bir çoxlarınınn inandığı kimi məqsədin sonu deyil, bəlkə başlanğıcıdır. Əslində ismi-əzəmi bilməyənə qədər biz hələ heç salik də hesab edilə bilmərik. Onu biləndən sonra isə bizim qarşımızda vasitəli və vasitəsiz dünyalar dayanır ki, mahiyyətlərini anlaya-anlaya şahidlik mərtəbəsinə qədər yüksəlməliyik.
Post irfan ya
müasir irfan nəzəriyyəsi:
Sual oluna bilər ki, bəs
şahidlik mərhələsindən sonra nə
başlayır? Bu suala cavab verməkdən öncə bir
neçə məsələni qeyd etmək lazımdı.
İnsan cism gözü ilə dünyaya göz
açır. Hər şeyi, o cümlədən
məcaz və həqiqəti, kəmiyyət və keyfiyyəti
də ilk öncə cism gözü ilə görür.
Mövlanə deyir:
Ey xane pərəstan, çe pərəstid
gelo səng,
An xane pərəstid ke xuban bepərəstənd.
"Ey evləri, pirləri
ibadət edənlər, niyə palçıq və
daşı ibadət edirsiz? Elə bir evi, elə bir piri ibadət
edin ki, yaxşılar, yəni ariflər ibadət ediblər."
Sayman Aruz
Ədəbiyyat
qəzeti.- 2017.-16 sentyabr.- S.18-19.