Dostum Dostoyevski
Mən onu çox gec
tanıdım. Hələ uşaq ikən
evimizdə dünya ədəbiyyatının
yüz cildliyi
seriyası vardı. Ordan girdim ədəbiyyata. Selinceri ordan tanıdım. O
zamanlar oxudum Tolstoyu. Hacı Muradı... Selestin Düklo ilə
köhnə tanışıq
biz. Balaca Şahzadə ilə
dostluğum qədimdir.
Tom Soyyerlə uşaqlıq dostuyam mən. Heklberri Finnlə tanışlığım
Bakıdan bizim şəhərə köçmüş
bir dostum vasitəsilə olubdur.
Qavroş da məhəllə
uşağıydı. Necə deyirdi? "Bunu
öz lülənə
yapışdır". Jül Verni deyirsənsə... O da Köhnə şəhərdən idi.
Dostlarımdan danışaram sənə.
Sabaha qədər danışaram.
Amma o dostlarımın arasında
Dostoyevski yox idi. Liseyə girəndə abimiz "Cinayət və cəza"nı verdi mənə. 15 yaşım vardı,
hər 8-ci sinif uşağı kimi.
Əslində türkcə oxuma
vərdişi yaratmaq üçün vermişdilər.
Oxudum romanı. Çox anlamadım. Hətta heç anlamadım.
Mən o zamanlar Dostoyevski ilə dost deyildim.
Aradan illər keçdi. Liseyi bitirdim.
Fəlsəfə fakültəsinin ilk dərslərinə girdim.
Sistematik fəlsəfə...
Fəlsəfə tarixi...
Platon... Sokrat... Budda... Dostoyevski yox idi.
Sonralar
Mustafa romanında yazdığım
bu illərdə dostsuz idim. Universitet mühiti eləydi ki. Bütün dostlar çox
keçmişdəydi. Hələ biri vardı. Heç sevmədiyim. Konfutsi. Bilmirəm, bizim proqramı kim
tərtib eləmişdi.
Amma fəlsəfə fakültəsinin
proqramı ədəbiyyatdan
elə uzaq idi ki. Bilogiyanın
fəlsəfəsini keçirdik.
Bir dərsimiz də məni Dostoyevskiyə aparmırdı. Və qəribəsi
o oldu ki, mən bir gün
İsmayıl Şıxlının
Mehdi Hüseyn haqqında "Qranit kimi sərt" yazısını oxudum.
İsa Hüseynovun günlərlə
evə qapanıb Dostoyevski oxuduğu barədə bir qeyd vardı. Tam dəqiq xatırlamıram,
amma yadımdadı ki, üçüncü kursun yay tətilində
Əli Bayramlıya bir çemodan Dostoyevski kitabı ilə qayıtdım.
O gündən dostluğumuz
başladı. Və bütün
böyük dostluqlar kimi, bu dostluqdan
da xəyanətlər,
yanlış anlamalar əskik olmadı.
Və mən o tətil günlərində Kürdəmirə
də getmişdim. Orda uşaqlıqdan
çox sevdiyim tut ağacının altında
bitirdiyim "Cinayət
və cəza" romanının insanı məhv edən aurası yadımdadır.
Hələ indiyənə qədər
bu romanı anlamaq üçün çabalayıram. Hələ
də Raskolnikovun əməlinin nə qədər əxlaqa zidd olub-olmadığı düşündürür
məni. İnsan romanı zövq
almaq üçün
oxuyar. Amma bu roman insanı
dəliyə döndərir.
Arxasınca başqa romanları da gəldi, amma mən tut ağacının
altında hiss etdiyim o
duyğuları bir də başqa heç bir romandan almadım. Və yalan danışmayacam.
İllər ötdükcə
bu hiss öləzidi. Tolstoy məni daha
çox cəlb etməyə başladı.
İndi düşünürəm ki,
məni o zamanlar Dostoyevskidə cəlb edən nə idi? İnsanın qara qutusunu sona qədər anlamaq cəhdimi? Ən ağır faciələrin az
qala rəhmsizcəsinə
təhlil edilməsi? Yoxsa bu qədər tragik bir drama içərisində öz
insan xislətini qoruyub saxlamaq bacarığı? Dostoyevskinin qəhrəmanları
tövbəkar idi, günahkar idi. Lakin onlar günahsız görünməzdilər, tövbə
edirdilər. Yazıçını isə ən çox bu günahın
arxitektonikası maraqlandırırdı.
Şəksiz ki, onun yaratdığı ölməz
realist obrazlar daim mənim könlümdə
öz axan qanları, irinləyən
yaraları ilə qalacaqdır.
Bu günlərdə
kitabxanamda Leonid Qrosmanın
"Dostoyevski" kitabını
götürdüm. Yüzlərlə
kitabın arasında bu kitab məni
az qala
sehrlə özünə
çəkirdi. Bir insan
məncə, ömrü
boyu bir neçə dəfə Dostoyevskiyə qayıtmalıdır.
Və bir yazıçını
yaxşı anlamağın
yolu da onun
bioqrafiyasını dəqiqliklə
öyrənməkdən keçir.
Ona görə də qərara gəldim ki, bu idrak
yolunu sizlərlə bölüşüm. Yazıçının
həyat hekayəsinin
ən maraqlı detallarını...
54 yaşında Dostoyevski arvadına məktubunda yazırdı:
"İovun (Quranda Əyyub adıyla keçən peyğəmbər)
kitabını oxuyuram,
bu əsər məndə iztirablı fərəh oyadır, kitabı bir tərəfə atıb az qala göz
yaşı axıda-axıda
otaqda saatlarla var-gəl edirəm. Bu kitab, Anya, təəccüblüdür
ki, məni həyatda sarsıtmış
ilk kitablardan biridir.
Mən o zaman az qala körpə bir uşaq idim.
Bir uşağın bir İncil hekayəsinə bu qədər dərin məna verməsi və qocalıq yaşında belə o mənanı xatırlaması və hətta ağlaması üçün insan mütləq Dostoyevski olmalıdır? Bəlkə də əzaba
həssas münasibət
kifayət edir.
Dostoyevskinin uşaqlığının bir
hissəsini keçirtdiyi
kənddə gördüyü
bir hadisə də misilsizdir. Sanki bir Dostoyevski romanının bir parçası kimi. Və sonralar Dostoyevski bu kimi realist lövhələr əsasında
ölməz romanlarını
yaradacaqdı.
***
Kənddə evsiz-eşiksiz, sərsəri
Aqrafena yaşayırdı. O çölləri
gəzib-dolaşaraq rabitəsiz
sözlərlə ölmüş
uşağını xatırlayırdı.
Körpənin atası məlum
deyildi.
***
Dostoyevskinin doğulduğu bölgə
Moskvanın ən kədərli yerlərindən
biri sayılırdı. Atası yoxsullar
xəstəxanasının həkimi idi.Atılmış
uşaqlar yetimxanası
ilə dəlixana da burda yerləşirdi.
***
Dostoyevskinin atası
simic, qəddar, paxıl bir adam idi.
Onun xasiyyətlərinin bütün
bu mənfi çalarları yazıçıda
ağır mənəvi
travmalar yaratmışdı.
Onun necə adam olduğu
ilə bağlı iki faktı xatırlatmaq kifayətdir.
***
İllər keçdikcə qəddar ərinin daimi şübhə və ittihamlarına məruz qalan yazıçının
anası Mariya Fyodorovnanın (Dostoyevski ana babasının adını daşıyırdı)
faciəsi getdikcə gərginləşirdi. Yazıçının atası xəstə, səkkiz uşaq anasını xəyanətdə
ittiham edirdi. Bu əsassız ittihamlar
qadının ömrünü
baltalayırdı. Onun ərinə
yazdığı məktubların
birini təqdim edirəm. Bu məktubu həyəcansız
oxumaq mümkünsüzdür.
"Mənim
sevgimi görən yoxdur, mənim hisslərimi başa düşmürlər, mənə
rəzil bir şübhə ilə baxırlar. Halbuki mən öz
məhəbbətimlə nəfəs
alıram. Buna baxmayaraq,
vaxt, illər ötüb keçir, çöhrəmə qırış
və qəzəb nişanələri yayılır,
bu da mənim
nəsibim, bu da mənim ehtiraslı,
məsum sevgimin mükafatı. Hərgah təmiz vicdanım,
Tanrıya bəslədiyim
ümid mənə istinadgah olmasaydı, taleyimin aqibəti acınacaqlı olardı.
Bağışla ki, mən sənə hisslərimin kəskin həqiqətini yazıram. Yalvarırıram, nifrət etmirəm,
səni sevirəm, sənə pərəstiş
edirəm, həm də qəlbimdə nə varsa, hamısını səninlə
- mənim yeganə dostumla bölüşürəm".
Bir qadını bu cür yalvartmaq,
onun ən müqəddəs hisslərini
ələ salmaq, bu qədər ağrı yaşatmaq, onu daim sədaqətsizlikdə
ittiham etmək! Dostoyeskinin atasının elədiyi eynən bu idi.
Hərçənd qadın inkar
etsə belə, onun aqibəti acınacaqlı oldu.
Qadın
gənc yaşda dünyadan köçdü.
Bu zaman Dostoyevskinin
16 yaşı vardı.
Və belə bir əzabı
bu qədər gözəl ifadə edən qadının da məhz Dostoyevskinin
anası olması da bir baxımdan
çox səciyyəvidir.
Yazıçı sanki bu ağrıları ən yaxın yerlərindən duyacaqdı. Anasından,
atasından, qardaşından...
***
Anasının ölümündən sonra Dostoyevskinin atasının xasiyyəti daha dözülməz olurdu. Bu dözülməz xasiyyət əslində onun sonunu da hazırlayırdı. Arvadı öldükdən sonra kəndə çəkilən Mixail Dostoyevski bir yay günü öz malikanəsindən çıxdı və bir daha geri qayıtmadı. Onun cəsədini yolun ortasından tapdılar. Sürücü yoxa çıxmışdı. Onunla bir yerdə kəndin bir neçə sakini də aradan çıxmışdı. Məhkəmə dörd nəfərdən ifadə aldı. Bu adamların hər birinin yaxın qohumunun Mixailin qulluqçusu olması çox natəmiz şübhələr yaradırdı. Atasının ölüm xəbəri Dostoyevskiyə çatanda o ömründə ilk dəfə qıc oldu. Ömrü boyu ona yoldaşlıq edəcək epilepsiya xəstəliyi ilk dəfə burda üzə çıxmışdı. Lakin diaqnoz sonralar qoyulacaqdı.
Ardı olacaq...
Qan Turalı
Ədəbiyyat
qəzeti.- 2017.-16 sentyabr.- S.19.