Tənha qadın üçün serenada –
Anam Çimnaz xanımın əziz xatirəsinə
(romandan parça)
Xəzərdən pəncərəyə çırpılan qəfil külək Gülçinin narahat ruhunu titrətdi. Payızın ilk həftəsi yay havası ilə yadda qalsa da, oktyabr başlayan kimi şəhərə hücum çəkən buludlar, dənizdən qalxan külək payızın öz taxtında oturduğundan xəbər verirdi.
Qalxıb yatağında oturan Gülçin bir qədər aralıdakı pərdələrdən süzülərək, içəri dolan gecə işıqlarının müşayiəti altında şütüyən avtomobillərin divarlarda oynayan siluetlərinə baxdı. Daha Bakının da gecə ilə gündüz sərhədi itmişdi. Bunu daha çox Bakı bulvarı boyunca uzanan küçələrdə, köhnə Bakının sahil ərazisində hiss etmək olurdu. Dünyanın bir çox böyük şəhərlərində elə idi - gecə-gündüz harasa tələsən insanlar, səhərə qədər işləyən kafe və restoranların qapıları arxasında boğulan hay-küy, geniş küçələrlə şütüyən saysız-hesabsız avtomobillər...
Divarda oynayan işıq bir anlıq onun gözlərini kəsib keçdi. Yatağının yanında olan yüngül ev başmaqlarını geyinib ayağa qalxan Gülçin asta addımlarla pəncərəyə yaxınlaşdı. Pərdələri geniş aralayıb bayıra boylandı. Özündən asılı olmayaraq, barmaqlarını saçına çəkdi, sanki kimsə pəncərədən ona baxırdı, bir anlıq geri çəkildi, şüşənin bulanıq aynasında öz əksinə baxdı, gecə köynəyinin yaxasını, tellərini səliqəyə salıb, yenidən qaranlıqda itən dənizə tərəf baxdı. Dənizin dərinliklərində mürgüləyən buruqların işıqları arabir göz vurur, Nargin adasından şəhərə doğru dartınan saysız-hesabsız işıq ulduz topası kimi alışıb yanırdı.
Pəncərənin o tayında payız idi; yuxulu, sərin, xatirələri oyadan payız. Təxminən ay yarım əvvəl səhərin bu saatlarında, elə bu pəncərədən bayıra baxanda dənizin üfüqlə birləşən yeri al qırımızı rəngə boyanardı, sonra da günəş asta-asta suları narıncı barmaqları ilə qıdıqlayar, ləpələrin mürgüsünə haram qatar, Bakının növbəti səhərlərindən birinin açılması üçün üsyan edərdi.
Gülçin üçün dünya - Bakıdan ibarət idi. Bakı onun xatirələrinin, keçmişinin, bu gününün şəhəri idi. Dünyanın Gülçinə dəxli yox idi. Dünyanın Gülçindən xəbəri yox idi. Ömrünün altmış ilindən otuz beş ilini təkliklə, tənhalıqla dost olan Gülçin payızın erkən saatlarında kimsəsiz, mürgülü evinin pəncərəsinin soyuq şüşələrinin bu biri tayından dayanıb dünyaya yox, eləcə Bakıya baxmaq istəyirdi. Bəlkə də dünyaya, onun böyüklüyünə nifrət etdiyi üçün bütün aləmi bircə Bakıya, Bakının sadəcə bu pəncərəsindən görünən çərçivəsinə sığışdırmışdı və dünya onun üçün elə bu görüntüdən ibarət idi.
Pəncərəni taybatay açıb payız küləyini otağına doldurdu. Alaqaranlıq otaqda yellənən pərdələr, tumbanın üstündəki güldanda olan qızılgüllər otağa dolan küləkdən diksindi. Haradasa lap uzaqda, dənizin dərinliklərində şimşək çaxdı. Qaranlığın içindən sıyrılan işıq dənizin üstündə anidən görünüb itdi. Yox, əslinə qalsa itmədi, o işıq Gülçinin içinə doldu, o işıq Gülçini özünə tərəf çəkdi. Sonra yağış başladı, iri damlalı, soyuq yağış. Gülçin üşüsə də, başını pəncərədən çıxarıb üzünü yağışda islatdı, gülümsündü. Sonra nə fikirləşdisə pəncərəni örtmədən geri çəkildi, çevrilib yatağına yaxınlaşdı. Taxtın arxalığına atdığı xələti geyinib hamamxanaya getdi, əl-üzünü yudu, qurulanandan sonra paltar dolabını açib asılqanlardakı paltarlara baxdı.
Yaşı altmışı keçsə də, həmişə özünə fikir verər, paltarlarına, səliqəsinə diqqət yetirərdi. Yenə ən çox bəyəndiyi mavi rəngli donu götürüb geyindi, sonra güzgünün önünə çəkilib kiminləsə görüşə çıxmağa hazırlaşırmış kimi, üz-gözünə sığal çəkdi, dodaqlarını boyadı, güzgünün qarşısındakı bahalı ətirlərə baxıb birini götürdü, ətir şüşəsini sinəsinə yaxınlaşdırdı, kimisə oxşayırmış kimi şüşəni oxşadı, sonra da ətirdən mavi rəngli donunun yaxasına, boynuna fısıldadıb şüşəni yerinə qoydu. Qalın şərflərdən birini götürüb çiyninə atdı, sonra qapıya doğru getdi. Bir qədər rahat, yüngül ayaqqablarından birini geyinib dikəldi. Ruhunda qəribə bir yüngüllük duydu. Özünü aylardan bəri ürəyini incidən ağrılardan, ruhunda olan nizamsızlıqlardan, sarsıntılardan qurtulmuş adam kimi rahat hiss edirdi. Yaşına yaraşmayan bir çılğınlıqla qəhqəhə çəkib güldü. Kürəyini evinin darıxan divarına söykəyib güldü. O qədər ürəkdən güldü ki, gözləri yaşardı. Çevrilib evinə baxdı. Bütün işıqlar yanırdı. Dayandığı yerdən baxanda açıq saxladığı pəncərənin görünən tərəfinin pərdələrinin necə oynadığını, necə yelləndiyini gördü. Ona elə gəldi ki, evinin pərdələri onu yola salmaq üçün əl edir.
Deyəsən, yağış kəsmişdi.
İşıqları keçirmədən, pəncərəni bağlamadan evi tərk etdi. Beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki ikiotaqlı, geniş mənzilindən çıxıb pillələrlə aşağı endi. Binanın tinini burulan kimi parka çıxdı. Parkın boş skamyalarının, suyu axmayan fəvvarəsinin yanından ötüb sahil yolunu kəsən keçidə enərək qarşı tərəfə çıxdı. O, keçidi çıxanda növbə çəkən polis patrul maşınlarından biri prospektlə ötüb getdi. Keçidin o tərəfi Bakı bulvarı idi. Qoynunda neçə-neçə xatirəni yaşadan, neçə-neçə sevgiyə, ayrılığa şahid olan Bakı bulvarı.
Asta addımlarla dənizə tərəf getdi. Bulvar oyaq idi. Ara-sıra ötüb keçən maşınların səsi, bulvardakı obyektlərin qarovulçularının mürgülü zarafatları, işıq içində üzən bulvarın vaxtı qarışıq salan qağayılarının qığıltısı və dənizin sirli-sehrli, nizamlı səsi...
Dəniz uğuldayırdı. Bəlkə də ufuldayırdı, sızıldayırdı, kim bilir? Amma Gülçin onun sızıltısını eşidirdi. Ayaq saxladı. Sahil boyu çəkilən nikel məhəccərdən yapışıb sulara baxdı. Külək bir az da güclənmişdi. Dalğalar sahildəki daşlara çırpılır, küləyin qovduğu narın damlalar onun üzünə çilənirdi.
O, xoşbəxt idi. Özünü olmazın dərəcədə azad, olmazın dərəcədə sərbəst hiss edirdi. Məhəccərləri ötüb sahildəki daş döşənmiş meydançaya çatdı. İndi dənizə daha da yaxın idi, sular üzünə daha çox çırpılırdı.
Moskva, Domodedovo aeroportu
1980, 31 avqust, saat 08-15
Moskvada keçirilən XXIII
yay olimpiadasının havası hələ ki, sovet
adamlarının başından çıxmamışdı. Olimpiadanın rəsmi
bağlanışından iyirimi günə yaxın vaxt
ötsə də, olimpiadaya düşə bilməyənlərin
əksəriyyəti rəsmi bağlanışdan sonra olsa belə,
olimpiada Moskvasını görmək, gələn turistlərin
hələ ki, paytaxtda qalan nümayəndələri ilə
qarşılaşmaq, bir sözlə, olimpiada havası udmaq
arzusu ilə Moskvaya üz tutmuşdular. Paytaxta
axışanların əksəriyyəti də gənclər
idi. Beyinləri gəncliyin xoş
arzularından dumanlı, ürəkləri macəralar
dalınca qoşan gənclər vaxt azlığından
şikayətlənərək, geri dönmək məcburiyyətində
idilər. Çünki bütün ölkədə sabah - yəni sentyabr ayının 1-də yeni dərs
ili başlayırdı və Moskvaya axışıb gələn
gənclərin böyük əksəriyyəti tələbələr
idi.
Domodedovo aeroportunda
böyük bir sıxlıq yaşanırdı. Olimpiadadan sonrakı günlər
də sərnişinlərin çoxluğunu nəzərə
alan rəsmilər əlavə reyslər
artırmış, sərnişin sıxlığını
aradan qaldırmaq üçün müxtəlif üsullar
fikirləşmişdilər. Demək olar ki, hava
və quru nəqliyyatı iki aydan çox idi ki, gücləndirilmiş
rejimlə işləyirdi.
Bakıdakı neft institutunun
prorektoru, elmlər doktoru, professor Hacıağa İbrahimbəyli
yeganə qızı Gülçinin sözünü yerə
sala bilməmiş, bütün olimpiada dövrünü
onunla bir yerdə Moskvada, "Salyut" mehmanxanasında
keçirmişdi. Olimpiada başa çatandan iki gün
sonra isə Gülçinlə birlikdə Riqaya getmiş,
Baltikyanı Riqanın əvəzsiz gözəlliyini
qızına göstərmiş və Baltik dənizinin
sahilində yerləşən kurortlardan birində dincəlmişdi.
Olimpiadaya görə kurorta dörd gün gec gəlməyinə
baxmayaraq, qocaman professor yaxşı dincəlmişdi. Riqadan sonra isə bəzi işgüzar
görüşlər üçün yenidən Moskvaya
qayıdan professor avqustun son günündə Bakıya
qayıtmaq üçün qızı ilə birlikdə
aeroporta gəlmişdi.
Aeroportun restoranında 25
yaşlı qızı Gülçinlə səhər
süfrəsi arxasında oturan adlı-sanlı alim, neft
mütəxəssisi Hacıağa İbrahimbəyli yeməyini
bitirib qəhvə içirdi. Qızı
Gülçin isə hələ də balaca bir biskvitli
şirniyyatı yeyib qurtarmamışdı. Əslinə qalanda Gülçinin tələsməyinə
ehtiyac da yox idi. Bir qədər əvvəl
aeroportun məlumat bürosundan Moskva-Bakı reysi ilə
uçacaq təyyarənin saat 11-55-də qalxacağı elan
olunmuşdu. Odur ki, hələ qeydiyyata bir
xeyli vaxt qalırdı.
Əlindəki qəhvə
fincanını dodaqlarından uzaqlaşdırıb gözlərini
restoranın qapısına doğru dikən professorun nəzərləri
restorana girən
iki gitaralı gəncə sataşdı. Əyinlərindəki paltarlardan,
başlarındakı sambrerodan o andaca onların hansısa
Latın Amerikası ölkələrinin birindən
olduqlarını yəqin etmək olurdu. Gənclər
gitaralarını arxasında oturacaqları masaya söykəyib
əyləşdilər. Az sonra
sarışın süfrəçi qız onlara
yaxınlaşaraq, sifarişləri ilə maraqlandı.
Atasının
baxışlarının hara isə maraqla dikildiyini görən
Gülçin çevrilib o səmtə baxdı. Əcnəbi gənclərin
sarışın süfrəçi ilə şirin-şirin
söhbət etdiklərini görəndə,
gülümsünüb atasını xəyaldan
ayırdı:
- Nə yaman diqqətlə
baxırsan, deyəsən darıxmısan axı oralar
üçün, -
dedi.
Professor özündən
asılı olmayaraq, dərindən köks ötürüb əlindəki
fincanı masaya qoydu. Sonra
qızından daha çox dostu olan Gülçinə
baxıb gülümsündü:
- Bilirsən ki, oralar mənim ikinci vətənimdir,
Gülüm. Məni oralara bağlayan o qədər xatirələr
var ki... Karakas, Syüdad-Bolivar, Quakara ... Hələ bir
oraların vəhşi təbiəti, yamyaşıl
dağları, sayını itirdiyim şəlalələr...
Eh, Gülya, oralar doğrudan da cənnət idi. Hələ adamları... adamları məni çox
istəyirdi. O qədər dostlarım qaldı ki,
oralarda...
Əslən bakılı
olan Hacıağa İbrahimbəyli dünyaca məşhur
neftçi alim və hörmətli şəxsiyyət idi. Onun
yetişdirdiyi neft mütəxəssisləri dünyanın
bir çox yerlərindən Bakıya gələn tələbələrin
arasından çıxan, öz ölkələrində
uğurlu işlərə imza atan insanlar idi. Professor Hacıağa İbrahimbəyli elə bir
bayram, ad günü olmurdu ki, dünyanın müxtəlif yerlərindən
təbrik teleqramları, hədiyyə sovqatları almasın.
Professor ömrünün altı ilini
Latın Amerikasında, Venesuelada keçirmiş,
Şelf-Bolivar adlanan neft sənayesi sahəsində
aparıcı mütəxəssis kimi
çalışmış, bir çox neftçilərin
yetişməyində birbaşa iştirak etmişdi. Onun adı hələ də Şelf-Bolivarda ehtiramla
xatırlanırdı. Məhz onun kəşfiyyata
rəhbərlik etdiyi illərdə Venesuela neft
hasilatını artırmış, yeni quyuların
ekspedisiyaları uğurla başa çatmışdı.
Venesuela, Marakaybo neft hövzəsi. Sent-Bolivar neftçi şəhərciyi,
1951, 14 dekabr, saat 14-32
Bu yerlərdə
qışla yayın fərqi bilinməzdi.
Keçmiş Bakı
milyonçularından Mərdan bəy İbrahimbəylinin
kiçik oğlu Hacıağa hökumətin qərarı
ilə beş illik müqavilə əsasında
Venesuelanın neft sənayesinə kömək etmək
üçün göndərilmişdi. 31 yaşı oktyabrda
tamam olan Hacıağa təklifi eşidəndə, əvvəlcə
bu iş göndərişindən narazı olsa da,
yaxınlarının və ən əsası da müəllimi,
akademik Məmmədəli Yusifzadənin təkidi ilə bu səfərə
razılıq vermiş, müqaviləni imzalamışdı.
Elə ad gününü də burada, Şelf-Bolivarda, neft
şəhərciyindəki kiçik qəlyanaltılardan
birində - "Rose"də
qeyd etmişdi. Özü də venesuelalı dostları ilə,
həm də ad günündən düz on səkkiz gün
sonra...
"Rose" qəlyanaltısı səkkiz
masalıq kiçik, pəncərələri birbaşa dənizə
baxan, az
işıqlandırılmış yer idi. Venesuelalı
dostları Hacıağa üçün pəncərə
qarşısındakı masalardan birini sifariş vermişdilər.
Plana görə axşam saat yeddinin
yarısında ad günü şənliyi keçirəcəklərinə
qərar versələr də, dənizdə yubanan
Hacıağa və tədbirdə iştirak edəcək
başqa bir yoldaşı sahilə gətirəcək
qayıq saat yarımlıq gecikmə ilə qayıdırdı.
Sahildə onları səbirsizkilə gözləyən Benito
Amrozio ilə Demetrio Qustavo hələ uzaqdan körpüyə
yan alan qayığı görüb əllərindəki
şampan şüşələri ilə tələsik
qayığa doğru getdilər. Demetrio qayığın
lövbər atdığını görən kimi əlindəki
şampan şüşəsini körpüyə qoyub
çiynindən asdığı gitaranı götürərək,
vaxt itirmədən çılğın bir ispan havası
çalmağa,
dostluq haqqında mahnı oxumağa başladı.
Qayıqdan körpüyə
ilk atılan Hacıağanın ekspedisiyasındakı
növbə rəisi Valerio Batista oldu. Venesuelalı dostlar Valerionun qayıqdan tək
düşdüyünü görəndə, heyrətləndilər,
amma Demetrio gitaraya ara vermədi, Benito isə əlindəki
şampan şüşəsini çalxalamağa
başladı. Onları görən Valerio əl
işarəsi ilə dostları susdurub,
yaxınlaşmaqlarını istədi. Qəfil
narahatlıqdan özlərini itirən dostlar gitaranı və
şampan şüşəsini körpüyə qoyub tələsik
Valerionun yanına
cumdular.
- Bəs Xuares - venesuelalı
dostları Hacıağaya bu adı qoymudşular - hanı? - deyən
Benito səbirsizliklə xəbər aldı. Maraq
və heyrətlə dolu baxışlarını onlardan
çəkməyən Demetrio da başı ilə Benitonun
sualını təkrarladı. Valerio pərt halda
başını buladı:
- Günah məndə oldu, Xuares mənə
dedi ki, o təzyiqdə ventilə toxunmaq olmaz, mən isə
onun sözünə qulaq asmadım. Venteli
açan kimi qaz təzyiqlə onun üzünə
çırpıldı, o da özünü saxlaya bilməyib
qüllədən aşdı, yaxşı ki, kombeniozonu
qülləyə ilişib qaldı, yoxsa Xuaresi itirəcəkdik.
O hündürlükdən dirəklərə dəyə-dəyə
dənizə düşən adam sağ
qalmazdı. Lap qalsaydı da, ömürlük
şikəst olardı.
- Yaxşı, onu başa
düşdük, bəs Xuares haradadır? Necədir?
- Demetrio sualı sual ardınca yağdırdı.
Gözləri
peşmançılıq hissi ilə dolan Valerio az qala ağlayacaqdı. Birtəhər
özünü ələ alıb bircə:
- Qolu qırılıb, bir az da kürəyi əzilib, - deyə bildi. Sonra
da: - Vertolyotla gəlib apardılar. Bəs sizə
xəbər verməyiblər? - Heyrətlə
soruşdu.
Təəccüblə
bir-birinə baxan dostlar çiyinlərini çəkdilər.
- Yaxşı, bəs hansı xəstəxanaya
apardılar? - Bu dəfə də
Benito soruşdu.
- Bilmirəm, gedib öyrənək də.
Dostlar ani qərar qəbul edən
kimi çevrilib iti addımlarla körpü ilə qərargaha
doğru addımladılar. Demetrio əyilib
gitarasını götürsə də, şampan
şüşələri körpünün üstündə
qaldı. Elə bir qədər
getmişdilər ki, bir qədər əvvəl Benotonun
çalxaladığı şampan şüşəsi
partladı və köpüklü şampan şərabı
daşaraq dağılmağa başladı. Buna əhəmiyyət verməyən dostlar
addımlarını daha da yeyinlədib qərargaha doğru
yüyürdülər. Neftçiləri gətirən
qayıqdan düşən cavan neftçilərdən biri isə
köpüklənərək dağılan şampan
şüşəsini görəndə nəfsini saxlaya bilmədi,
əyilib yarısı köpüb dağılan
şüşəni götürüb başına çəkdi
və uca səslə:
-Tanrı yetirir! - deyib,
yanındakı dostlarına acıq verdi.
Sonra isə arxada qalan
gülüş səsləri sahil boyu yayıldı.
Valerio Batistanın iyirmi yeddi
yaşı vardı. O Bolivar ştatının paytaxtında -
Südad-Bolivar şəhərində, kasıb fabrik fəhləsinin
evində anadan olmuşdu. Valerionun
özündən böyük iki bacısı, özündən
altı yaş balaca bir qardaşı vardı. Bacılarından böyüyü - Ameliya Valerionun
16 yaşı olanda sətəlcəmdən
ölmüşdü. O biri bacısı Syuzan isə ərdə
idi. Qardaşı Karlito iki il idi ki, həbsxanadaydı.
Siyasi hərəkata qoşulduğu, gənclərin
siyasi iğtişaşlarında iştirak etdiyi
üçün həbs olunmuşdu. Valerio
qardaşı haqqında həmişə ehtiyatla
danışardı. Ailəsini
dolandırmaq üçün bir parça çörəyi
vardı. Hətta bacardığı qədər
bacısının da ailəsinə yardım edirdi. Əgər qardaşının siyasi
baxışlarına görə onu işdən
çıxarsaydılar, bir çətən külfətlə
səfil gününə düşəcəkdi.
Valerio altı illik təhsildən
sonra ailəsini dolandırmaq üçün məktəbi atmış, iş axtarmaq üçün
paytaxt Karakasa getsə də, iki həftədən sonra, həmyerlisi
və ana qohumu İqnasio Tomaso ilə geri qayıtmış,
iki gün sonra doğulduğu şəhərə yaxın
neft mədənində fəhlə kimi işə başlamışdı.
O vaxt onun cəmi on beş yaşı
vardı. Ötən illər ərzində
özünü işgüzar işçi kimi göstərən
Valerio indi yeni ekspedisiyada növbə rəisi idi.
Tanımadığı uzaq ölkədən gəlib onun işlədiyi sahəyə rəhbərlik edən Hacıağa bura gəldiyi ilk gündən Valerio ilə mehriban münasibət qurmuşdu. Xasiyyətcə özünə qapalı olan Hacıağa onun üçün ayrılan otaqda çox vaxt təkliyə çəkilər, Bakını, orada qalan qohumlarını, sevdiyi, lakin sevgisini ürəyində gizli saxladığı qızı xatırlayır, ən çox da atasının məzarını yada salıb darıxırdı...
Atası öləndə
onun on bir yaşı var idi. Yaxşı
xatırlayırdı, günəşli gün idi. Rəhmətlik Mərdan bəyi Buzovnadakı
bağda, meynə talvarının altındakı taxt üstə
uzatmışdılar. Yaşı yetmiş beş olsa da, kişi yaşından çox
qoca görünürdü. Saçı-saqqalı
tamam ağappaq idi. Azərbaycanda Sovet
hökuməti qurulmazdan əvvəl Mərdan bəyin
Balaxanıda neft quyuları, Bakının mərkəzində
məktəbi, xəstəxanası, bankı da vardı.
Bakı milyonçuları arasında
böyük hörmət və nüfuz sahibi olan Mərdan bəy
özü savadsız olsa da, elmə, təhsilə həmişə
böyük dəyər verirdi. Onun vəsaiti ilə
Peterburqda, Romada, Parisdə ali təhsil alan
neçə-neçə gənc yetişmişdi. Amma sovet hökuməti "gəldi" və
dostları kimi Mərdan bəyə də düşmən
damğası yapışdırıb hər şeyini əlindən
aldı. Bircə Buzovnadakı bağla,
şəhərdəki üçotaqlı evdən başqa.
Kişi həmişə zarafata salıb deyirdi
ki, "Yenə də Allah şura hökumətindən
razı olsun, yaxşı ki, bağı da, şəhərdəki
evi də əlimizdən almadı." Ancaq
kişini elə o şura hökumətinin
saymamazlığı, qudurğanlığı,
Allahsızlığı saldı yatağa. Pulunu verib oxutdurduğu adamlar şura hökuməti
qurulandan sonra vəzifə sahibi oldular, amma oturduqları
süfrəyə təpik atdılar, çörək verənlərinin
çörəyini aldılar və beləcə, hər
gün minlərlə haqsızlıq, minlərlə günah
sahibi oldular.
Əyyub QİYAS
Ədəbiyyat
qəzeti.- 2017.- 16 sentyabr.- S.28-29.