“Heç nə səbəbsiz deyil”

 

Vaqif Bəhmənlinin professor Qəzənfər Paşayevlə söhbəti

 

- Hər hansı bir istiqamətdə dünya ilə anlaşmadan irəli hərəkət yoxdur. Bütün hallarda dünyaya düşən açar dildir. Siz bu işin pionerlərindənsiniz. Lüğətlər hazırlamısınız, tərcümələr etmisiniz. Başladığınız işin bugünkü nəticələri sizi qane edirmi? Azərbaycan dünyayla (tərcümə mənasında) danışa bilirmi?

- Əvvəlki fikirlə razıyam, sonuncu gəldiyiniz fikrə müsbət cavab verə bilmərəm. Azərbaycan bu sahədə hələ ki, dünya ilə ayaqlaşa bilmir. Niyə? Sovet sistemi dağıldı. Tərcümə bazası Rusiyada, Moskvada idi. Hətta bizim kitablarımız  xarici dillərə Moskvada tərcümə olunurdu. Fərqi yox idi, rus, alman, ingilis və başqa dildə. Qayda belə idi. Tərcümə də, çap işləri də Moskvada olurdu, oradan da xarici ölkəyə ayaq açırdı. Biz heç xəbər tutmurduq. Ən önəmli olan budur ki, Prezidentin sərəncamı ilə artıq Tərcümə Mərkəzi fəaliyyət göstərir. İllər əvvəl də Aydın Məmmədovun, Afaq Məsudun rəhbərlik elədiyi tərcümə mərkəzi vardı. Amma o baza hələ ki, tam yaradılmayıb. Orada əsasən bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olurdular. Axı elmi ədəbiyyat var, texniki ədəbiyyat var, bunlar başqa-başqa istiqamətlərdir. Bunların tərcüməsi inkişafa böyük təkan verər. Bizdə hələ ki, bu sahədə qənaətbəxş iş görülməyib.

- Qəzənfər müəllim, həm də əgər fikir verirsizsə, məsələ birtərəfli gedir. Dünya ədəbiyyatı az-çox bizim dilə tərcümə edilir. Amma Azərbaycan mətnlərinin də ingilis, alman, lap elə rus dilinə çevrilib dünyaya çıxarılması lazımdır.

- Sizinlə tamamilə razıyam. Mən bu məsələni bir yazımda qaldırmışam. Bəli, indiyədək biz birtərəfli aparmışıq bu işi. Hətta niyə biz İngiltərədən, Amerikadan, Rusiyadan tədqiqat aparmayaq. Bu il aprelin 12-də "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfrans keçirilirdi. Yüksək səviyyəli tədbir idi, mən də məruzə etdim. Orda dedim ki, biz indi elə zamana gəlib çatmışıq, artıq xarici ölkələrə hər sahədə mütəxəssislər göndərməliyik. Qoy gedib çalışsınlar, onların dilini mükəmməl mənimsəsinlər, adət-ənənələrini, mədəniyyət və ədəbiyyatlarını, mənəviyyatlarını öyrənsinlər. Bu tərcümənin bir istiqamətidir, mübadilə yolu ilə onların nümayəndəsi bizə gəlsin, müştərək layihələr həyata keçirilsin. Bu çoxtərəfli tərcümə işinə böyük təsir göstərər. Sirr deyil ki, indiyə kimi çox vaxt Qərbə üz tutmuşuq. Onların ədəbiyyatını rus dili vasitəsilə tərcümə etmişik, elmi işlər, dissertasiyalar yazmışıq. İndi dövran dəyişib. Bundan faydalanmalıyıq.

- Qəzənfər müəllim, bəs universitetlərimizdə necə, tərcümə məsələsini dərinləşdirmək mümkün deyil?

- Xarici Dillər Universitetində 1966-cı ildən tərcümə kafedrası var. Mən o kafedrada müəllim işləmişəm. Başlanğıc zəif olub. İndi tərcümə şöbəsi də var. Ancaq bu da bir tərəflidi. Yəni ingilis dilini öyrənən o dildən tərcümə eləyəcək. Digər dillərdə təhsil alanlar da eləcə. Yəni bunlar gəlib o səviyyəyə çatmırlar ki, Azərbaycan dilindən ingilisə, almana və ya başqa bir dilə mükəmməl tərcümə eləsinlər. Azərbaycan elmini, ədəbiyyatını, mədəniyyətini dünyaya çatdırmaq üçün yüksək səviyyə lazımdır ki, bu da zamanla və təcrübə ilə ola bilər. Gərək bir ölkədə ən azı beş il, on il yaşayasan, o xalqın dilini, əxlaqını, mədəniyyətini, ədəbiyyatını, mənəvi dəyərlərini öyrənəsən ki, tərcümə işinin altına girə biləsən, ortaya keyfiyyətli iş çıxarasan. İndi xarici ölkələrdə təhsil alanlar var, proses gedir. Amma yenə deyirəm, əsas məsələ mübadilədi, tərcümə bazasının formalaşmasıdı.

- Necə oldu ki, A. Dümanın "Qafqaz səfəri"ni tərcümə etdiniz?

- 1983-cü ildə iki ay yarım Amerikada, Arizona ştatında ixtisasartırma kursunda oldum. Arizona kitabxanasında Azərbaycan bölməsi vardı. Orada  coğrafiya, tarix, mədəniyyət, ədəbiyyatımızla bağlı xeyli kitab olduğunu gördüm. Əbdürrəhim bəy Haqverdiyevin də əsərləri vardı, hətta bizim xalçaçılıq üzrə tanınmış mütəxəssis Lətif Kərimovun ikicildliyinə rast gəldim. Filips şirkəti bizim "Şur", "Bayatı Şiraz" və digər muğam əsərlərini də lentə almışdı. Aleksandr Dümanın "Qafqaz səfəri" də bu kitabların arasındaydı. Bu əsər 1860-cı ildə Parisdə çap olunub və sonra 1861-ci ildə rus dilinə çevrilib. Bizim kitabxanalarımızda rus dili variantı yoxa çıxıb, ya da bəlkə qadağan olunub. Ona görə ki, həmin kitabın altı səhifəsi ermənilərə həsr olunub və Düma orada erməninin iç üzünü açıb göstərib. 1962-ci ildə kitab Amerikada ingilis dilində çıxıb. Düzü, çox təəccübləndim ki, niyə görəsən, amerikalılar bir əsrdən sonra bu əsərə müraciət eləyib. Sonra anladım ki, amerikalılar Azərbaycana maraq göstərirlər. Bir ölkəyə getmək üçün şüurlu adam gərək onun adət-ənənəsini, mənəviyyatını, düşüncə tərzini, inkişafını bilsin. Amerikalılar bilmək istəyirdilər ki, biz kimik, əvvəlimiz necə olub, indi hansı düşüncədəyik. Mən əsəri hissə-hissə çevirib "Ədəbiyyat və incəsənət" qəzetində  çap elətdirirdim. Bir gün "Yazıçı" nəşriyyatının direktoru, rəhmətlik Əjdər Xanbabayev məni yanına çağırıb dedi ki, yuxarıdan göstəriş var, bu kitab altı ay ərzində tam tərcümə edilib nəşr olunmalıdı. Bildirdim ki, əsərin orijinalı Milli Kitabxanamızda var. Dedi ki, vaxt çox azdır, tərcümə eləyin, verək çapa. Bütün yayı Həmid Abbasovla çalışdıq, tərcüməni başa çatdırdıq, kitab da çıxdı. Bu əsərdə Azərbaycan haqqında çox maraqlı və zəngin məlumatlar var. Azərbaycan barədə qiymətli sözlər deyilir. Aleksandr Dümada belə bir fikir formalaşıb ki, Azərbaycanda bütün kişilər üstündə xəncər gəzdirir. Onun da izahını belə verir ki, hər kişinin silah gəzdirməsi o anlama gəlmir ki, qarşısına çıxanı vurub öldürəcək. Bu o deməkdir ki, mənimlə münasibətdə bərabər olduğunu düşün. Mən Amerikada olanda bir şeyin fərqinə vardım ki, statusundan asılı olmayaraq, ehtiram əlaməti olaraq hər kəs bir-birinə gülümsəyir. Burada hamı silah gəzdirir. Odur ki, milyonçu fəhlə ilə öz arasında fərq qoymur. Burada insan amili ön sıradadı. Təəssüflər olsun ki, biz hələ o səviyyəyə gəlib çata bilmirik. Bəzi vəzifə sahibləri özlərini yüksək tuturlar. Prezidentimiz İlham Əliyev haqlı olaraq bu həqiqəti vəzifə adamlarına dönə-dönə xatırladır. Hələ o illərdə Amerika ilə aramızda bu sahədə nə qədər böyük fərq olduğunu gördüm. Bəli, orada elm adamına yüksək dəyər verilir, amma insani münasibətlərdə heç bir status fərqi yoxdur.

- "Necə yaşayasan yüzü haqlayasan" əsərini tərcümə etməkdə məqsəd nə idi?

- Sula Benet Amerika alimidi, Polşadan olan yəhudidi. Nyu-York Universitetinin professoru idi. 1970-76-cı illər arası Qafqazda, o cümlədən də, Azərbaycanda olub, ölkəni qarış-qarış gəzib, hətta Naxçıvana gedib. O illərdə bu asan məsələ deyildi. Biz özümüz oralara gedib çıxa bilməzdik. Amerikada olanda onun da kitabını gördüm, oxudum, Azərbaycan haqqında gözəl fikirləri var. Həmin kitabın da üzünü çıxarıb gətirdim. Bakıda tərcümə eləyib "Yazıçı" nəşriyyatında çap etdirdim.  Kitabda azərbaycanlı  professor, Mehdi Sultanov  barədə yazılanlar xoşuma gəldi. Qayıdandan sonra gəlib onu tapdım, görüşdük. Sonra kitab haqqında rəy yazmışdı. Kitab uzunömürlülərdən bəhs edir. Ümumiyyətlə, Qafqaz xalqlarının mədəniyyətindən, inkişafından bəhs eləyən kitabı oxuyandan sonra folklorumuzla bağlı bir şey kəşf elədim. Bizdə deyirlər ki, niyə nağıl və dastanlarımızda kiçik oğul, kiçik qız daha ağıllı olur. Məsələn, Məlikməmməd nağılında olduğu kimi. Sula Benet yazır ki, insanın daha yetkin vaxtında doğulan uşağı daha ağıllı olur. Bunu oxuyanda dərk elədim ki, bu fikir elə bizim nağıllarımızda var. Çox maraqlı kitabdı. 1973-cü ildə Kiyevdə Dünya gerentoloqlarının (uzunömürlülüklə məşğul olan alimlər) konfransında insanın yaş dövrlərini müəyyənləşdiriblər. 60-74 ahıllıq, 74-89 qocalıq, 89-dan sonra uzunömürlülük dövrü. Mən də indi qocalıq mərhələsindəyəm.  Hamıya qismət olsun.

- Yaxın  gələcəkdə Azərbaycanda dillərin mənimsənilməsi, ondan istifadə perspektivlərini necə görürsünüz?

- Dillər Universitetində işlər qaydasında gedir. Slavyan Universitetində akademik Kamal Abdulla bu sahədə böyük işlər gördü. Orada bir çox dillər öyrənilir indi. Akademiyada, mənim çalışdığım institutda akademik İsa Həbibbəylinin səyi nəticəsində hətta Yaponiyadan, Koreyadan bəhs eləyən şöbə var. Professor Bədirxan Əhmədov rəhbərlik eləyir. Şöbənin işinə yapon və Koreya dillərini bilən mütəxəssislər cəlb olunub, iş də gedir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Dünya arenasına çıxmaq üçün dilləri  yüksək səviyyədə bilmək önəmli məsələdir. Yuxarıda bu barədə artıq danışdığımızdan burada çox danışmağa lüzum görmürəm.

- Siz ümumtürk folklorunun bir qolunu İraq-Kərkük xəzinəsini tam olaraq təqdim etdiniz, bəs ümumən bizim ana folklorumuzun toplanması, araşdırılması indi nə vəziyyətdədir?

- XX əsrin əvvəllərindən böyük işlər görülüb və bu gün də davam edir. Mən Kərkük folklorunu nəzəri cəhətdən işləmişəm. Görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasib dastanları işləyib. Bir başqası bayatıları, digəri lətifələri və s. Yəni Azərbaycan folkloru tam şəkildə hərtərəfli işlənib. Cənubi Azərbaycan folkloru ilə də məşğul olublar. Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan  şöbəsi var. Mirzə İbrahimov Yazıçılar İttifaqından işdən çıxandan sonra ulu öndər ondan soruşmuşdu ki, nə arzun var, o da demişdi ki, istərdim Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsi olsun. Milli Elmlər Akademiyasında və Yazıçılar Birliyində Cənubi Azərbaycan bölməsi yaradıldı. Amma Cənubi Azərbaycanda bu hələ tam işlənməyib. İndi yenə material toplanır, gedirlər, gəlirlər, öyrənirlər. Yəni, bu istiqamətdə iş gedir, kitablar çıxır. İndi Folklor İnstitutu akademik Muxtar İmanovun rəhbərliyi ilə böyük işlər görür. Bölgələrin folkloru toplanır, tədqiq və nəşr  edilir.

- İndi sanki qloballaşma, müasir texnologiya dövründə folklor diqqətdən kənarda qalıb.

- Folklor xalqın qan yaddaşıdı. O nə olursa-olsun yaşayacaq.  Nə qədər ki, həyat davam eləyir folklor qalacaq. Yeri gəldikcə yeni nümunələr də yaranır. Hər dövrün öz tələbi var. Vaxt vardı adamlar axşamlar ocaq başına yığışardı. Məsələn, Kərkükdə çayxanalarda nağıl danışanlar olurdu. İndi nağılı kim danışacaq, kim nağıla qulaq asacaq. Ancaq nağıllarda böyük hikmət var, ibrət dərsi var onlarda. Bir kərkük nağılı var, çox ibrətamizdir, böyük tərbiyəvi əhəmiyyəti var. Bir çoban yaxşı ney çalırmış. Bir gün bu çalanda  mağaradan bir ilan çıxır, yaxına gəlib deyir ki, qorxma, səni öldürmərəm. Bu şərtlə ki, hər gün gəlib burda ney çalasan. Əvəzində hər gün sənə bir ləl verəcəm. Çoban başlayır ilana ney çalmağa. Aylar ötür, çoban ilanın verdiyi ləlin hesabına varlanır. Bir gün yenə ney çalır, ilan gəlir. Çoban deyir ki, sənin sayəndə hər şeyim var, amma ürəyimdən həccə, ziyarətə getmək keçir. İzn ver mən gedim, olmadığım vaxtda oğlum gəlib sənə ney çalacaq. İlan razılıq verir, çoban gedir. Oğlan gəlir atasının işini davam elətdirməyə. Bir gün-iki gün, beş gün axırda bezir, fikirləşir ki, niyə mən bu ilanın oyununa gəlirəm axı, hər gün gəlib ney çalıb bir ləl qazanmaqdansa yaxşısı budu ilanı öldürüm, birdəfəlik var-dövlətinə sahiblənim. İlan onun hiyləsini başa düşür, oğlanı sancıb öldürür. Kişi səfərdən qayıdır, görür ki, oğlu yoxdu, gəlir həmin yerə başlayır ney çalmağa. İlan gəlir. Çoban deyir ki, hal-qəziyyə belədi, bəs oğlum yoxa çıxıb. İlan deyir ki, oğlun nəfsinə hakim ola bilmədiyi üçün onu öldürdüm. Amma sənə toxunmuram, sən tamahkar adam deyilsən, get, amma bir də gəlib buralarda ney çalma, dostluğumuz bitdi. Əgər gəlsən səni də çalaram. Görün, nağılın nə böyük tərbiyəvi əhəmiyyəti var. Uşağa ha de ki, nəfsini yığ, nə başa düşəcək ki, bu nə deməkdir. Amma bu nağıl hər yaşda, hər ağılda insana yol göstərə bilər. Başqa bir nağılda da bir tacir olur, oğlu yeyib-içən, ata malını dağıdan, korocaq imiş. Bir gün ata oğlanı yanına çağırıb deyir ki, mənim vaxtım çatıb ölürəm, amma sənə bir vəsiyyətim var. Əgər onlara əməl eləməsən Allah sənə lənət eləsin. Əgər əməl eləsən xeyrin görərsən, əksini eləsən dilənçi vəziyyətinə düşüb məhv olacaqsan. Oğlan deyir, gözüm üstdə, söylə, vəsiyyətin nədir. Tacir deyir, bilirəm, bir vaxt qoyub getdiyim evi satmaq fikrinə düşəcəksən. Satmağına bir söz demirəm. Amma əvvəlcə evin dörd bir yanına hasar çəkdir, sonra sat. Oğlan deyir ki, vəsiyyətini yerinə yetirəcəm. Tacir ölür. Bir vaxt oğlan evi satmaq istəyəndə atasının vəsiyyətini xatırlayır və onun vəsiyyətini yerinə yetirib hasar çəkdirir. İş başa çatandan sonra başa düşür ki, evə verilən pul heç çəkilən hasarın xərcini ödəmir və o atasının nə demək istədiyini anlayır, ağlı başına gəlir. Onnan sonra işləri də, həyatı da qaydasına düşür. Bəzi adamlar nağıl adı çəkiləndə elə bilir ki, xülyadı. Halbuki, hər nağıl bir tərbiyə məktəbidi. Nağıllara həsr olunmuş bədii filmlər də nağılların əbədiyaşarlığına dəlalət edir.

- Sizcə, bu xəzinə - şifahi xalq ədəbiyyatı inciləri tam toplanıb, yoxsa hələ xalqda qalır?

- Demək olmaz ki, hamısı toplanıb, iş davam eləyir. Bu yaxınlarda Naxçıvan folkloru çap edildi, Qarabağ folkloru çap edildi. Kərkük, Şəki, Göyçə və s. çap olunub. Hər bölgədən nümunələr toplanır və antologiyalar şəklində çap edilir. Bu sahədə Folklor İnstitutu, direktor, akademik  Muxtar İmanov başda olmaqla faydalı işlər görür. Bölgələrdə konfranslar keçirilir. Bölgələrdə yaşayanlar çöl materialının toplanmasında Folklor İnstitutuna yardım edir.

 

- Heç nə səbəbsiz deyil, sizin folklora böyük bir sevgi ilə üz tutmağınızda alim marağı ilə yanaşı böyüdüyünüz el, oba, ailə mühitinin təsiri yəqin ki, yox deyil. Mümkünsə, bir qədər bu barədə...

- Heç şübhəsiz. Mən saznan, söznən böyümüşəm. Mənim mənəvi qidam saz olub, söz olub. Mən 16 yaşa çatana qədər kəndimizdə elektrik enerjisi olmadığından radio filan olmayıb.

Şair Tovuz aşıqlarının yerini, sazın-sözün qiymətini dəqiq göstərib:

 

Tovuzda torpaq da, dağ da, çəmən də,

Sazın havasını yaman götürür.

Burda hər qonağı, hər müsafiri,

Aşıq qarşılayır, aşıq ötürür.

 

Folkloru, xüsusən də aşıq poeziyasını lap uşaqlıqdan sevmişəm. Kəndimizdə toy olanda mağarın ətrafına yığışardıq. Hətta qış vaxtı, ən soyuq havada belə bircə toyu qaçırmazdım. Aşıqların dilində dastanlara qulaq asardım.  Bunların mənə böyük təsiri olub. "Koroğlu" dastanındakı bütün nəğmələrin sözlərini əzbərdən bilirdim. Kitaba çox marağım varıydı. Bir növ kitabın acıydım. Məktəb kitabxanasındakı kitabların əksəriyyətini  demək olar ki, səkkizinci sinfə qədər oxumuşdum. Səkkizinci sinifdə "Qılınc və qələm"i oxumaq istədim, kitabxanaçı vermədi, dedi ki, sən hələ onu anlayacaq yaşa çatmamısan, zamanı gələndə oxuyub dərk eləyərsən. O vaxt kitabxanaçıya acığım tutmuşdu ki, bu niyə məni qanmaz hesab eləyir, nə var başa düşülməyəsi. İnstitutda dil-ədəbiyyat dərsi keçirdik. Professor Arif Məmmədov deyirdi bu dərsi. Həm bəstəkar idi, həm də müəllimlik eləyirdi. Məmmədəli Əsgərov vardı, klassik ədəbiyyatın bilicisi idi, çox gözəl dərs keçirdi. O vaxtlar həmin əsərləri oxuyanda başa düşdüm ki, kitabxanaçı düz deyirmiş. Ancaq bir məsələ də var ki, kitabın gücü-qüdrəti ondadı ki, onu hər yaş dövründə bir cür qavrayırsan. Ona görə də kitablar heç vaxt köhnəlmir. Yaxşı kitabı hər dəfə oxuduqca insanda yeni fikirlər yaranır. Fərqi yoxdur, bu nəsrdir, ya poeziya.

- Aşıqlar haqqında çoxlu yazılarınız, kitablarınız var. Aşıq sənəti nədir, kimdir aşıq?

- Aşıq sənəti sinkretik sənətdir. Üzeyir Hacıbəyov deyir ki, aşıq sənəti elə bir aləmdir ki, burada müğənninin, xanəndənin, rəqqasın da istənilən qədər payı var. Aşıq həm də yaxşı qiraət ustasıdı, şairdi, aktyordu, çalmağı var, oxumağı, oynamağı, söyləməyi var. Bunun hamısı üst-üstə düşəndə görürsən ki, aşıq adi adam deyil. Ustad aşıqlar ki var, onların sənəti əbədi yaşayır. Qurbaninin, Aşıq Valehin, Aşıq Abbas Tufarqanlının, Xəstə Qasımın, Şəmkirli Hüseynin, Aşıq Alının, Aşıq Ələsgərin, Molla Cümənin,  Bozalqanlı Hüseynin, Aşıq Şəmşirin, Mikayıl Azaflının sənəti əbədiyaşarlıq qazanıb. Bunlar adi adamlar deyillər. İlahidən gələn  istedad, qabiliyyət sahibidilər. İndi çox şeylər asanlaşıb. Radio, televiziya var. Amma əvvəllər xalq arasında mədəniyyətimizi, ədəbiyyatımızı, folklorumuzu təbliğ edən, dilimizi  inkişaf elətdirən, cilalandıran məhz aşıqlar olub, ustad aşıqlar görüblər bu böyük işləri.

- Həm də aşıqlar ən yaxşı informasiya daşıyıcısı olublar. Dilimizdə bir ifadə də formalaşıb ki, aşıq gördüyünü  çağırar.

- Doğrudur, bu iş də aşıqların payına düşüb. İnsanların savad almaq şansı məhdud olanda, informasiya daşıyıcıları aşıqlar olub. Onlar cəhalətə, mövhumata, xurafata qarşı mübarizə aparıblar.

- Klassik aşıqlarımız ki var, mən onlardan ikisini xüsusilə ayırıram. Onlardan biri Dirili Qurbanidi, biri Aşıq Abbas Tufarqanlı.

- Bunların ikisi də zirvədədi. Bunlardan sonra Aşıq Ələsgər gəlir ki, o daha elmlidir. Bəli, Aşıq Ələsgər bir dəryadı. Molla Cümənin özü də nəhəng aşıqdı. Hələ mən Xəstə Qasımı, Aşıq Valehi, Alını, Bozalqanlı Hüseyni demirəm.

- Qəzənfər müəllim, siz Mikayıl Azaflının kitabını tərtib eləmisiz və bu işə həqiqətən də böyük əmək sərf olunub.

- Doğrudu, böyük yaradıcılıq işi var orada. Mən bu işi məhəbbətlə görmüşəm. Bəzi adamlara asan görünür, deyirlər ki, tərtibatdı da. O kitabı fərqləndirən bir cəhət var. Bütün janrlara aid materialı verməmişdən əvvəl o janr haqqında elmi məlumat vermişəm.

- Əgər Azərbaycanın 10 aşığını seçmək sualı qarşısında qalsaydınız, kimləri fərqləndirərdiniz və niyə məhz onları?

- Bayaq siz Qurbaninin, Abbas Tufarqanlının adını çəkdiniz, sizin Mikayıl Azaflının, Aydın Çobanoğlunun kitablarını tərtib etməklə aşıq sənətinin daim inkişafda olduğunu,  zaman-zaman yeni adların meydana çıxacağını göstərmək istəmişəm. Sözü, şeiri bu gün də dillərdə dolaşan sənətkarlar aşıq sənətini zirvəyə qaldırıblar, bu sənətin memarıdılar. Onların üstünlüyü nədədir? Fikir verin, mən sıralamada nə aşıq Şakirin, nə Kamandarın adını çəkdim. Bunlar ustad aşıqlar olsalar da, aşıq-şair deyillər. Ustad aşıqlar təbii ki, bu sənəti inkişaf elətdirirlər, xalqa sevdirirlər. Amma onlar aşıq-şairlərdən fərqli olaraq başqa yaradıcıların sözlərini oxuyurlar. Şair- aşıq özü yaradır, özü təbliğ eləyir, özü sevdirir. Mən "Aşıq sənəti nədir və kimdir aşıq" sualına cavab verərkən aşıq sənətini zirvəyə qaldıran 10 aşığı göstərmişəm.

- Aşıq sənətinin indiki durumu sizi qane edirmi? Aşıqlıq lazımdırmı bizə? Xalqın müasir təkamülündə  bu sənətdən necə yararlana bilərik?

- Sənət heç vaxt solmur. Bəzən enməsi, qalxması olur. Üzeyir bəy deyirdi ki, XX əsrin əvvəlində aşıq sənəti sanki ölümə məhkum olunmuşdu. Amma sonra görkəmli aşıqlar çıxdı meydana, bu sənət yenidən dirçəldi. Kimiydi onlar? Hüseyn Bozalqanlıydı, Aşıq Əsəddi, Aşıq Mirzədi, Bilaldı, sonrakı dönəmdə Şakirdi, Pənahdı, Hüseyn Saraçlı, Əmrah, Kamandar, Əkbər, İmran, Ədalət Nəsibov və başqaları. Aşıq Ədalətdən bir az geniş danışmaq istəyirəm. O, qara sazı ilə möcüzələr yaratdı. Aşıq mühitlərinin yaxınlaşmasında onun xidmətləri misilsizdi. Bir gün Filarmoniyada aşıqların konserti vardı. Folklorşünas alim, professor Bəhlul Abdulla Buzovnada yaşayan, 4-cü sinifdə oxuyan nəvəsini də konsertə gətirmişdi. Ədalət "Yanıq Kərəm"ini yana-yana çalırdı. Özündə deyildi, gözündən yaş gəlirdi. Gözləmədiyimiz halda qız babasına tərəf çevrilərək: "Baba, saz nə danışır, mən başa düşürəm".

Sazın tilsimi hamını ovsunlamışdı. Yəqin buna görədir ki, saz-söz xiridarları deyirlər: "Ədalətdən əvvəl saz çalmaq günahdı, ondan sonra çalmaq isə o sənətkar üçün faciədir".

Bu o deməkdir ki, Ədalət olan yerdə saz çalmağa cürət etmə. Aşıq sənəti təlatümlüdü. Enmə, qalxma dövrü olur. Aşıq sənətinin sayəsində "Koroğlu" operası, "Koroğlu" filmi yaranıb. Aşıq sənətinin milli musiqimizin inkişafında rolu misilsizdir.

- Sizin tədqiqatlarınızda heç zaman dar çərçivədə eyforiya gözə dəymir. Heç vaxt demirsiniz ki, hər bir ədəbi-bədii sərvəti yaradan da, onun sahibi də Azərbaycandır. Siz o fikri əsaslandırmağa çalışırsınız ki, məsələn, Dədə Qorqud, Füzuli, Nəsimi sözün böyük mənasında türkmandır. Bu dartışmaların son nöqtəsini necə qoya bilərsiniz?

- Mənim nöqtə qoymağıma ehtiyac yoxdu. Bu sualda həm də cavab var. Türkün bir adı var, Türk. Türk millətinə məxsus, tarixən mövcud olmuş nə sərvət, nə dəyər varsa, onlar tamamən türk qövmünə aiddir.

- Bu sualdan sonra daha demirəm ki, türk ədəbiyyatının iki dahisi -  Nəsimi və Füzuli haralıdı. Deyirəm onlar sizə görə kimdir?

- Hər ikisi bəşəri şairdir. Mən onları təkcə Azərbaycan mühiti ilə əlaqələndirməzdim. Onlar böyük dahilərdir. Mənə görə Nəsiminin bir üstünlüyü var. Bəzən Füzulini lüğətsiz oxuya bilmirəm. Amma Nəsiminin istənilən şeirini götür, oxu, başa düşüləndir. Dil safdı, təmizdi. Füzulinin dilini ərəb dili, Quran dili həddindən artıq yükləyib. O, deyir ki, mən fars dilini mükəmməl öyrənmişəm, o mənim poeziya dilimdi. Ərəb dilini mükəmməl mənimsəmişəm, o mənim elm dilimdi. Türk dilini ona görə dərindən öyrənmişəm ki, o mənim ana dilimdi. Mühitin təsiri ilə böyük Füzuli ərəb dilinin  elmi tərəfini də gətirib poeziyasına qarışdırıb. O da dili xeyli ağırlaşdırıb.

- Amma Məhəmməd Füzulinin çox sayda elə qəzəlləri də var ki, bizim ana türkcəmizdə su kimi axır. Məsələn, "Məni candan usandırdı", "Pənbeyi-dağü cünun içrə nihandır bədənim"də dil çox durudur.

- Doğrudu, Cahangir Cahangirovun "Füzuli" kantatası da var, Şövkət xanımın ifasında. Çox da gözəl oxuyurdu. Son vaxtlar onu gənc müğənni Lalə Məmmədova çox məlahətlə oxuyur. Mən onu heç nəyə dəyişmərəm.  "Leyli və Məcnun" dünyaya dəyər. Mən onun bəzi qəzəllərindən danışıram. Fikrimcə, qəzəlin bizim indiki türkcədə aydınlığı meyarı ilə Nəsimi ondan üstündü. Həm də Nəsimi qəzəllərində filosofdu. Nəsimi fəlsəfi poeziyamızın əsasını qoyub. Yeri gəlmişkən, onun sənəti aşıq yaradıcılığına da böyük təkan verib.  "Əlif-Lam" yazıb. Sonralar Aşıq Ələsgər də "Əlif-Lam" yazıb.

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.6-7.