Tənha qadın üçün serenada

 

Anam Çimnaz xanımın əziz xatirəsinə

 

Hacıağa atasının Buzovnadakı bağda, meynələrin altında salınan taxt üstə keçirdiyi son günləri Venesuelaya gələndən sonra tez-tez xatırlayırdı. Rəhmətlik kişi son üç gündə heç nə danışıb eləmədi, yemədi, içmədi, sadəcə, açıq gözləri ilə bir nöqtəyə baxıb durdu. Üçüncü günün tamamında kişi böyük oğlu  Əlini yanına çağırıb asta səslə dedi:

- Tapşır su qızdırsınlar, çiməcəyəm.

Su qızandan sonra kişi Əlinin köməkliyi ilə çimdi, paklandı, elə meynəliyin altındakı talvardaca bir-birinin ardınca xeyli namaz qıldı. Sonra yenə yatağına uzanıb oğlanlarını yanına çağırdı. Əli, Hacıbala, Hacıağa... üçü də gəlib kişinin yanında dayandılar. Kişi qaşlarını qaldırıb bir-bir oğlanlarına baxdı, sonra xırıltılı səslə, asta-asta dedi:

- Bunlar hər kəsə bir qara yaxa-yaxa gedəcəklər. Ancaq  çox çəkməyəcək. Elə eləyin ki, bu qarışıqlıqda heç olmasa təmiz adınız qalsın.

Kişi sözünü bitirib keçinmişdi. Qapanan kirpiklərində göz yaşı donub qalmışdı, vəssalam. Hacıağa daha çox atasının son anlarını xatırlayırdı. O vaxt on altı yaşı vardı, 1931-ci ilin yayı idi. İsti nəfəs kəsirdi. Kişi canını tapşıran kimi bir-iki saatın içində aparıb dəfn etdilər, vəssalam. Onunla da Mərdan bəy İbrahimbəylinin həyat yolu bitdi. Bəs onlar? Ondan qalanlar? Bəs biz? Hacıağa tez-tez bu sualı özünə verirdi. Onlar öz təmiz adlarını qoruyub saxlaya bildilərmi? Şəxsən o, bunu bacarmadı.

Repressiya illəri onların qapısından da yan keçmədi. O vaxt Hacıağa Moskvada oxuyurdu. Heç vaxt unutmaz o günləri, heç vaxt. Axşam dərsdən çıxıb tələbə yataqxanasına təzəcə çatmışdı...

 

Moskva, tələbə yataqxanası,

1939, 22 fevral, saat 17-33

 

Hacıağa institutdan qayıdıb yataqxanadakı otaqda paltarını dəyişməyə hazırlaşırdı ki, otağın qapısı şiddətlə döyüldü. Ağlına heç nə gətirməyən Hacı köynəyinin düymələrini aça-aça qapıya getdi. Qapını açanda yerində donub qaldı. Beş nəfər idi, yanlarında da komendant, erməni Suren Balayan. Gələnlər qara dəri plaşlarda, başı furaşkalı, qızıl ulduzlu adamlardı. Hamısının belindən tapança "qabura"sı asılmışdı.

Qara plaşlılar nə qədər ciddi olsalar da, aralarından sıyrılan komendant Suren irəli atılıb dedi:

- Qorxub-eləmə, kənar adamlar deyil. Biz bilirik ki, sən üç ildir Moskvadasan, Bakıya ayağın da dəyməyib. Ancaq qardaşın Bakıda deyəsən nəsə eləyib, tutublar. Səni də Bakıya çağırırlar, bu yoldaşlar da ona görə gəliblər ki, səni Bakıya yola salsınlar.

Komendantın dediklərindən bir şey anlamayan Hacı gözlərini döyə-dəyə:

- Nə olub qardaşıma? - təəccüblə xəbər almışdı. Onun sualına isə gələnlərdən rütbəcə böyük olanı, "NKVD" kapitanı Sergey Antonov cavab vermişdi:

- Məncə, komendant hər şeyi ətraflı dedi. Qardaşın həbs olunub, dövlətə xəyanətdə ittiham olunur. Sən də istintaqa gedib ifadə verməlisən. Başa düşdün? Əgər başa düşmədinsə...

Yenə komendant girmişdi qanının arasına.

- Başa düşdü, Sergey Alekseyeviç, başa düşdü. Niyə başa düşmür ki? O bizim ən yaxşı tələbələrimizdəndir.

Elə o gecə Hacı gələnlərdən biri ilə qatarla Bakıya yola düşmüşdü. Bakıda dəmiryol vağzalında onları Bakıdakı milislər qarşılamışdılar, elə vağzaldanca birbaşa "NKVD"-nin binasına, qardaşı ilə üzləşməyə aparmışdılar onu.

 

Bakı, NKVD-nin binası,

1939, 25 fevral, saat 16-27

 

Bakıdakı müstəntiqin qırmızı sifəti heç vaxt Hacının yadından çıxmır. Adı Mirbağır idi - Mirbağır Cəfərov. O qədər də hündürboy adam deyildi, amma otağının vahiməsindən Hacıya elə gəlmişdi ki, müstəntiq çox nəhəng adamdır. Hacını gülərüzlə qarşılamışdı.

- Hə, sənsən, Mərdan bəyin tələbə oğlu, necəsən, bala?   

Mirbağır Cəfərovun qırx beş, qırx altı yaşı ancaq olardı. Gözündə yumru şüşələri olan eynək, saçları seyrək, qalın boz bığları olan bu adam Hacıya çox tanış gəlirdi, çox. Harada görmüşdü bu adamı? Harada? Amma Hacı nəsə xatırlayacaq halda deyildi. Ailəsindən, ən çox da qardaşı Əlidən narahat idi. "Əli müəllim adamdır, ondan nə xalq düşməni, ay başınıza dönüm? O ki, suyu da üfürə-üfürə içir..." Bu fikirlər Hacının beynində uğultuya, haraya dönüb qulaqlarında səslənirdi. "Mənim qardaşımdan xalq düşməni olmaz!"

- Gəl, qapının ağzında dayanma. Gəl-gəl, otur. Tanış olaq, mən Mirbağır Cəfərovam. NKVD-nin böyük müstəntiqiyəm. Otur, ay sağ ol. Sən də yəqin ki, Hacıağa İbrahimbəylisən də, Mərdan bəyin xırda oğlu.

Hacı sıxıla-sıxıla ancaq:

 - Bəli, - deyə bildi.

Müstəntiq masanın üstündəki kağızlarla bir qədər qurdalandıqdan sonra qəfildən Hacının üzünə baxdı, asta, amma amiranə bir tonda:

- Sən ağıllı oğlana oxşayırsan, - dedi, - qardaşın nə desə, onu da eləyərsən, yaxşı?

- Qardaşım nə desə? Bəlkə...

- Olmadı ki... Mən səni ağıllı oğlan bilirdim. - Cəfərov onun sözünü kəsdi. Özün bilərsən. Yəqin sən də Sibirə getmək istəyirsən? Nə olar... Özün bilərsən. Deyəsən siz ailəliklə elə Sibirliksiz! - Cəfərov səsini qaldırdı, sözünü bitirəndən sonra masasının alt tərəfinə bərkidilmiş düyməni basmışdı, elə o andaca çiyni tüfəngli bir əsgər içəri girib təzim etdi. Cəfərov da onun üzünə baxmadan dedi ki:

- Müttəhim İbrahimbəyli Əli Mərdan oğlunu üzləşməyə gətirin.

Əsgər yenə təzim edib çıxdı. Qardaşı Əli ilə görüşənədək nə qədər vaxt keçdiyini, xatırlamırdı, ancaq çox uzun çəkdi, çox. Cəfərovun makinanı çaqqıldadaraq yazdığı mətn nə idisə, onun barmaqları hər dəfə makinanın dillərinə toxunanda Hacıya elə gəlirdi ki, kimsə əlindəki ağır çəkiclə başının üstünü kəsdirib dayanıb və hər dəfə Cəfərov makinanın dilini döyəcləyəndə həmin o kimsə çəkici zərblə onun başına endirir. Qorxudanmı, hövldənmi, həyəcandanmı, dəqiq bilmirdi, amma fevral soyuğunda onu tər aparırdı. Yaxşı ki, qapı döyüldü, yaxşı ki, Cəfərov yazısını yarıda saxlayıb barmaqlarını makinanın dillərindən ayırdı, yaxşı ki, kal səsi ilə qapını döyənə "gəl" - dedi və qapı açılandan sonra öndə bir əsgər, arxasınca Əli, onun da arxasınca başqa bir əlisilahlı əsgər otağa girdi. Əli Hacını görən kimi hər şeyi unudaraq, qardaşının üstünə cumdu, əsgərlər çaşqınlıqla buna mane olmaq istəsələr də, Cəfərovun amiranə səsi onları dayandırdı.

- Atstavit. Ne meşayte. Mojete vıyti.

Cəfərovun sərt səsini eşidən əsgərlər itaətlə otağı tərk etdilər. Qardaşlar bir-birlərinə sarılıb qucaqlaşdılar. Hacı göz yaşlarını saxlaya bilməyib için-için ağlasa da, qardaşı Əli özünü möhkəm tutdu, qardaşının başını sinəsinə sıxaraq, onun kürəyini uzun-uzadı sığalladı.

- Dadaş, deyirlər sən xalq düşmənisən, dadaş, niyə axı? Sən hara, xalq düşməni olmaq hara? Şər atırlar, hə? Mən bilirəm, şər atırlar sənə!

Əli qardaşının başını daha da çox sıxdı sinəsinə və onu danışmağa qoymadı.

- Heç kəs şər atmır mənə, Hacı. Deyilənlər düzdür, - pıçıldadı, amma Hacı onun səsindəki qəhəri də, ümidsizliyi də hiss etdi. Hacı yenə nəsə demək istədi, amma qardaşı imkan vermədi, əli ilə onun ağzını tutub, danışmağa qoymadı.

Onların hərəkətlərini soyuqqanlıqla izləyən Cəfərov yerindən qalxıb qardaşlara yaxınlaşdı, astaca Əlinin ovcunu Hacının ağzından araladı, sonra da qardaşlara baxıb onları bir müddət mənalı-mənalı süzdü, sakit səslə dedi:

- Mən başa salmaq istədim, nəsə başa düşmədi bizim  tələbə qardaşımız. Mən on dəqiqəlik çıxıram, əsgərlər qapıda olacaq. Ağlınızdan başqa bir şey keçirməyin, yoxsa o dəqiqə güllələyərlər. Sən də Hacını başa sal, de ki, ağıllı olsun! Yaxşı?

-Yaxşı... - Əli boğula-boğula cavab verdi.

Cəfərov bir də bir-birinə sarılan qardaşları aşağıdan-yuxarı süzüb otaqdan çıxdı. Qapını azacıq aralı saxlayan müstəntiqin əsgərlərə dediyi söz bu oldu:

-Ne meşayte, dayte im razqovarivat.

Sonra dəhlizə qəbir sükutu çökdü. Başını qaldırıb qardaşının gözlərinin içinə baxan Hacı asta, titrək səslə soruşdu:

-Nə deyirlər, dadaş? Niyə burdayıq?

Əli qardaşının saçlarını qarışdırıb gülümsündü. Hacı görüşmədikləri üç il ərzində qardaşının saçlarının ağardığını, gözlərinin çuxura düşdüyünü, arıqladığını, baxışlarındakı həyat eşqinin söndüyünü indi gördü. Hacıya elə gəldi qardaşı üç il əvvəl görüşüb ayrıldığı həmin adam deyil. Onun qardaşının əlləri soyuq, gözləri donuq ola bilməzdi.

- Gəl, gəl otur burda, biz danışmalıyıq, Hacı, ətraflı danışmalıyıq. Otur...

Əli qardaşının əlindən yapışıb onu Cəfərovun kabinetindəki stullardan birində oturtdu, sonra özü də bir stul götürüb Hacı ilə yanaşı qoydu, bacardığı qədər qardaşına yaxın oturmağa çalışdı, ağzını Hacının qulağına yaxınlaşdırdı.

- Mənə yaxşı qulaq as, dediklərimin hamısını elə. Çox sual vermə, ancaq mənə qulaq as, sonra da dediklərimi elə.

- Nə olub axı, dadaş?

- Məni Sibirə göndərəcəklər. Onsuz da bu yoldan qurtuluş yoxdur, ancaq sən özünü də, ailəmizi də qurtara bilərsən.

- Necə?

- Ay sağ ol, mən də sənə necəsini başa salmaq istəyirəm. Cəfərov dədəmizin puluynan Peterburqda oxuyanlardandır, indi burda ikimiz bir yerdə baş-başa verib oturmuşuqsa, rəhmətlik kişinin hörmətinə görədir. Məni qurtarmaq olmayacaq, ancaq heç olmasa siz qurtarın Sibirdən.

Hacı udquna-udquna qaldı. Qardaşının son sözləri - heç olmasa siz qurtarın Sibirdən sözləri tikan kimi onun boğazına sancıldı. Nəsə demək istədi, bacarmadı, danışa bilmədi. Amma çətinliklə də olsa xəbər aldı:

- Sən neynəmisən axı?

- Bunun mənası yoxdur, Hacı. Cəfərovun sənə verdiyi kağızların hamısına qol çəkərsən. Evdəkilərnən görüşüb hallalşmışam. Hamı mən deyəni eləyib, bircə sən qalmısan, sən də qolla o zəhrimar kağızları, canım qurtarsın bu cəhənnəmdən.

- Axı nə kazğızlardı ey, onnar, dadaş?

- Söz danışdıq axı, sual verməyəcəksən. O kağızdar ailəmizi qurtarmaq üçün sənəddir. Yoxsa məndən başqa, qoca anamı da, qardaşım Hacıbalanı da, bacılarımızı da, onnarın ailələrini də eşalona yükləyib aparacaqlar Sibirin çöllərinə. Ancaq sən o kağızları qollasan, ancaq mən gedəcəm Sibirə, siz isə qalacaqsız evdə. İndi özün fikirrəş, hansı yaxşıdır?

Hacı fikirləşmədən cavab verdi:

- Heç biri! Mən o kağızları qollamayacam. Mən səni eləmədiyin şeyə görə Sibirə getməyə qoymayacam. Bunnar nə deyirlər-desinlər, səni şərriyə bilməzdər. Qanun var, hökumət var. Yazacam Moskvaya. Yazacam birbaşa yoldaş Stalinə! Hərcmərclikdi bəyəm? Bu ölkədə dəvədən böyük fil var...

Əli qardaşının ağzından tutub onu danışmağa qoymadı.  Sonra da ağzını Hacının qulağına tutub bir qədər əsəbi, amma mülayim səslə dedi:

- Sus Hacı, sən dədəmin goru sus, danışma.  - Ani bir sükutdan sonra gözləri get-gedə nəfəs ala bilmədiyindən bərələn, rəngi göyərən Hacının ağzını buraxan qardaşı sakitcə əlavə etdi:   - Elə məni Sibirə sənin kimi fikirrəşdiyim üçün göndərirlər də...

Ağzı susdurulmaqdan qurtulan Hacı kəskin bir hərəkətlə ayağa qalxıb əlini masanın üstünə vurdu:

-Mən o kağızları qollamıyacam!

Söz Hacının ağzında qaldı, əsəblərini cilovlaya bilməyən Əli qəfil bir sıçrayışla ayağa qalxıb Hacının ağzının üstündən güclü bir şillə ilişdirdi. Şilləni gözləməyən Hacı müvazinətini itirib divara çırpıldı və sonra yerə aşdı. Qardaşının yerə yıxıldığını görüb pərt olan Əli cəld onun üstünə cumdu, Hacını yerdən qaldırdı.

- Əlim qırılsın, bir şey olmadı ki? - deyib, onun başını sinəsinə sıxdı.

Otaqdakı ani səs-küyə içəri girən əsgərlər qapının ağzında dayanıb onlara baxdılar. Sonra nə fikirləşdilərsə, qapını azacıq aralı saxlayıb bayıra çıxdılar. Hacı hələ də sual dolu baxışlarını qardaşının gözlərinin içinə dikmişdi. Ömründə aldığı ilk şilləyə görə bütün ruhu alt-üst olsa da, bu şillənin səbəbini bilmək üçün böyük qardaşına baxır, qanayan dodağının qanını dili ilə yalayırdı.

Əli çaşqınlıqla qardaşının ağzının qanını paltarının qolu ilə təmizlədi, sonra yenə ona oturmağa kömək edib, özü də yanında oturdu. Sonra qardaşının gözlərinə baxmadan, günahkar adamlar kimi baxışlarını ondan gizlədərək danışdı, amma izahat vermədən, qısa danışdı:

- Əgər istəmirsən ki, o şilləni sənə başqaları vursun, onda Cəfərovun verəcəyi kağızları qolla...

Əli sözünü bitirən kimi Cəfərov otağa qayıtdı. Masanın arxasına keçib əyləşdi, gərnəşib sinəsinə vurdu.

- Bayırda bir soyuq var, lap adamın canını alır. Hə, Hacı bala, Moskvada nə var, nə yox, Moskvada? Havasat necədir oralarda?

Hacı ona baxıb cavab vermədi. Cəfərov altdan-altdan bir Əliyə, bir Hacıya, bir onun qanayan dodağına baxıb gülümsündü:

- Söybətüvüz yaxşı keçib deyəsən. Nə deyirsüz, başdıyağ?

Hacı başını aşağı salıb sussa da, Əli gözünün işarəsi ilə "başlayaq" - dedi.

Hacının işarəsindən sonra qalxıb otağın küncündəki iri seyfə yaxınlaşan, açarlarını cingildədərək seyfi açan Cəfərov oradan qalın bir qovluq çıxarıb seyfi yenidən bağladı. Sonra yerinə keçib qovluğu açdı, vərəqləyib arasından bir-neçə yazılı kağız çıxartdı, onları Hacının qarşısına qoydu.

- Hacı bala, qolla bunnarı getsin ey... Sən gərək əsl sovet vətəndaşı kimi, əsl sovet tələbəsi kimi... komsomolçusan da? Ay sağ ol, əsl komsomolçu kimi xalq düşmənlərinin ifşa edilməsində iştirak edəsən. Sovet quruculuğu elə bir sistemdir ki, onu tam qurmaq üçün gərək biz içimizdə olan bütün düşmənnərimizi ifşa edək. Lap qardaşımız, anamız, bacımız olsa da, ifşa edək, cəzalandıraq.

Cəfərov danışdıqca Hacının ağlından bircə şey keçirdi; masanın üstündəki içi qəndlə dolu qəndqabını götürüb Cəfərovun başına vurmaq. Elə bil Cəfərov Hacının baxışlarından onun ürəyindən keçənləri tutdu, danışa-danışa qəndqabını götürüb kənara qoydu. Elə bu vaxt Əli qardaşının dizindən yapışıb barmaqları ilə sıxdı, Hacı bunun nə demək olduğunu başa düşüb bir anlıq gözlərini yumdu, qulaqlarında Əlinin dediyi sözlər səsləndi: "O kağızlar ailəmizi qurtarmaq üçün sənəddir. Yoxsa məndən başqa, qoca anamı da, qardaşım Hacıbalanı da, bacılarımızı da, onnarın ailələrini də eşalona yükləyib aparacaqlar Sibirin çöllərinə. Ancaq sən də o kağızları qollasan, ancaq mən gedəcəm Sibirə, siz isə qalacaqsız evdə. İndi özün fikirrəş, hansı yaxşıdır?"

- Qolla, Hacı, yoldaş Cəfərovun vaxtı azdır, qolla.

Əli kağızları bir qədər də ona yaxınlaşdırdı, sonra da qələmi mürəkkəbə batırıb qardaşına uzatdı:

- Götür, qolla...

Sonra nə baş verdiyini xatırlamırdı Hacı. Hətta qardaşı ilə necə görüşüb ayrılmağını da, Cəfərovun ona dediyi son sözləri də, NKVD-nin binasından necə çıxdığını da xatırlamırdı. Fevral soyuğunda, küləkli, çovğunlu bir havada NKVD-nin binasından çıxıb Moskvadan gələn və onları müşayiət edən adamların arasında qara rəngli maşınla üzü vağzala tərəf gedəndə Hacı key kimiydi. Heç nə eşitmir, heç nə görmürdü.

Cəfərovun otağında müstəntiqlə baş-başa qalan Əli isə qardaşının yanında özünü nə qədər tox tutmağa çalışsa da, Hacı gedən kimi başını Cəfərovun masası üstə qoyub için-için ağlamışdı. Amma Əlini ağladan Sibir qorxusu deyildi, o ailəsinin aqibətinə, dünyadan, baş verənlərdən xəbərsiz qardaşı Hacıağanın taleyinə ağlayırdı.  Altı gün əvvəl son üzləşmədə qoca anası ona demişdi ki, daha dözə bilmir. Daha yaşaya bilmir. Qardaşı Hacıbalanı isə təxminən iyirimi gün əvvəl üzləşmədə görmüşdü, sonra da Hacıbalanın verilən işgəncələrə dözə bilmədiyindən, özünü kamerada asaraq, intihar etdiyindən xəbər tutmuşdu. Anası ilə görüşəndə Əli qardaşı Hacıbalanın intihar etməyini arvaddan gizlətmişdi. Anası da, görüşənə qədər o ki var ağlamış, sızlamış, amma Əli ilə görüşəndə bu acı xəbəri oğluna deməmişdi. Ürəklərində qovrula-qovrula o boyda həqiqəti açıb-ağartmamışdılar. Arvad oğul dərdindən, Əli isə qardaş itkisindən yanıb-yaxılsa da, susmuşdu hər ikisi...

Əli özünü Hacını aldatdığı üçün qınayırdı. Əli özünü susduğu üçün qınayırdı. Əli səksən yaşlı analarının yadların əhatəsində dəfn olunduğunu Hacıya deyə bilməmişdi. Arvad dözə bilməmişdi bu müsibətə. Gözünün qabağında qızlarının, oğlanlarının, kürəkənlərinin təhqir olunmğaına dözə-dözə yaşaya bilməmişdi və Əli ilə son görüşdükləri günün axşamı ürəyi partlayıb ölmüşdü yazıq arvad. Kiçik bacıları Yusranın - rəhmətlik Mərdan bəy anasının adını qoymuşdu kiçik qızına - əri mühəndis Qafar da tablaşa bilməmişdi bu ailənin müsibətləri ilə, arvadını iki uşaqla boşayıb durmuşdu üzlərinə, dörd il bir yastığa baş qoyduğu qadına əksinqilabçıdan, sovet düşmənindən, islam fundamentalistindən tutmuş, nə olsa yapışdırımışdı. Keçmiş arvadının həbs olunduğu gün təsadüfən küçə ilə gedən mühəndis Qafar altı nəfərin Yusranı zorla, sürüyə-sürüyə, gözünün yaşına, naləsinə, qoca anasının fəryadına məhəl qoymadan, maşına basıb apardığını gözü ilə görəndə, yerində donub qalmışdı. Baxışları qara maşının palçıq sıçramış şüşəsindən arvadının baxışları ilə toqquşanda dayanıb bu mənzərəni seyr etməyə gücü çatmamışdı Qafarın. Bir vaxtlar xətrini doğma anası qədər sevdiyi qayınanası Bikə xanımın fəryadla, nalə ilə gedən maşınların arxasınca dediyi sözlər Qafarın ruhunu parçalamışdı:

- Görüm bu hökuməti qanına bələnsin!

Qafar başını götürüb qaçmışdı o məhəllədən. Yıxıla-yıxıla, ayaqları dolaşa-dolaşa qaçmışdı. Sonra da evinin çardağındakı qoşalüləni çənəsinin altından dayayıb güllə ilə vurub öldürmüşdü özünü. Hacı bütün bunlardan xəbərsiz idi. Bildiyi bir şey vardı, o da qardaşını satmağıydı. Qardaşının satqın damğasının altından öz imzasını qoymağı idi. Ona elə gəlirdi ki, bu imza ilə bir qardaşının taleyinə xətt çəksə də, ailəsini xilas edə bilib. Amma Hacı bilmirdi ki, qardaşı Əli də, bacısı Yusra da, özünü kamerada asaraq, intihar edən Hacıbala da, ürəyi dözməyib partlayan anası Bikə xanım da bu burulğandan ancaq onu çəkib çıxarmışdı. Hacıya elə gəlirdi ki, o, ailəsini xilas edib, amma bilmirdi ki, bütün ailə bircə onun xilas olmağına çalışıb, bütün ailə bircə onun xilas olmağı üçün öz üstündən xətt çəkib. Hacı bunları bilmirdi.

 

ardı var...

 

Əyyub Qiyas

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.28-29.