ÇOBANIN ARVADI
Gecəni yatmadı çobanın arvadı.
Termosda itburnu çayı dəmlədi,
Yumşaq fətirləri selofana qoydu,
Ərinin çəkməsini, yapıncısını qurutdu,
Tüyündü irəli-geri səhərə kimi -
Əcəba nə yadından çıxdı, nəyi unutdu...
Dan üzü açılar-açılmaz
Ərini uğurladı çobanın arvadı.
Çantasını, çomağını gətirdi,
Yapıncısını kürəyinə sərdi.
"Havalar yağmurludur,
Göy guruldayanda, şimşək çaxanda,
Telefonunu söndür,
Tanrı səni ildırımdan qorusun" - dedi...
TİFLİSDƏ YAY YAĞMURU
Nə gözəl yağırdı bu gün, ilahi,
Nə gözəl çimirdi bu şəhər bu gün.
Göydə buludların bitirdi ahı,
Yerdə qəhr olurdu qəm-qəhər bu gün.
Tiflisin mən bilən küçəsi ilə
Özüm özüm ilə danışa-gülə,
Adamdan, heyvandan, quşdan aralı,
Bir azca bəxtiyar, bir az yaralı,
Yağmuru canıma sarıb gedirdim,
Sahibsiz dəlitək varıb gedirdim...
Gedirdim... getdiyim
yollar dar idi,
Qulaqlar tıxalı, gözlər
kor idi.
Vəzirə, vəkilə
ağız açmağım
Yaman çətin idi, yaman zor idi.
...Ölmüş
o sonuncu ümidə baxdım,
İlahi, nəbzində
atış var idi...
...Gedirdim gözləri boşala-dola,
Nə sağa baxırdım, nə də ki sola.
Tanrı su səpirdi yanan ümidə,
Əriyən asfalta, alışan yola...
HƏSRƏT
Özün seçdin,
Özün gəldin,
Özün sevdin,
Özünü sevdirdin-
Özün getdin...
Səni sevdim,
Səni qüsursuz sevdim.
Səni mükəmməl
sevdim,
Səni çox
sevdim,
Səni ən çox sevdim...
Səni incitmirəm,
Səni qınamıram.
Səni yanamıram,
Səni acıtmıram,
Səni uçurtmuram...
Özün seçdin,
Özün sevdin,
Özün getdin,
Özün dönəcəksən
Sən, sən
sən sən...
...SƏNƏ
NƏ, ADAM...
Otur bax beləcə - əlin üzündə...
Otur - öz-özünə tamaşa
elə.
Bu dünya başlayıb tamaşa ilə,
Bu dünya
bitəcək tamaşa
ilə.
Nədən üzülürsən? Sənə
nə, adam?
-
Kim kimi aldadır, kim
kimi satır;
Kim kimə qoz verir, kim kimə badam,
Harda kim
oyanır, harda kim yatır...
Dünyadır - nuru az, qaranlığı
çox,
Ayı da, Günü də adamı sevmir.
Adammı? - Adam çox,
adamlıqsa yox,
O damda böyüyən o damı
sevmir.
Üzül!.. Üzülməyin
qorxusu azdı,
Cana ziyandısa,
qidadı ruha.
Nə olsun, bir zalım kefini pozdu,
Pozulan kefini göndər Allaha.
Yuyar gözlərindən
yağan yağışlar
Qara ahları da, ağ
ahları da.
Sən yalvar Tanrıya - bəlkə bağışlar
O sənə edilən günahları da.
...Gördünmü
şeirmiş bu çəkdiyin ah,
Ahı çəkdirənə təşəkkür
eylə.
Səni sevgi ilə böyüdüb
Allah,
Otur Allahına min şükür eylə...
ŞÜKRANLIQ
Şükür sənə,
şükür, Tanrım,
Yenə səhər
gül qoxudu,
Yenə yolların
dirildi,
Yenə quşların oxudu.
Yenə bir yazıq gecəni
Ümidli səhər elədin.
Şükür, Tanrım,
ölü yurdu
Ayıldıb şəhər elədin.
Dan üzündə
Günəş doğdu,
Ləçəklər yarpağa döndü.
Arılar gül-çiçəyinə,
Kəndlilər torpağa döndü.
Şükür sənə,
şükür, Tanrım,
Ölünü diri elədin.
Məni şairdən
çevirib
Hər kəsdən
biri elədin...
RUHUM SIZLAR
KİÇİK ÇÖLDƏ
Nurafizə
Nə vaxt sevgilər tən olar,
Nə vaxt dost
dosta düz gələr -
Eynimə olmaz, göylərdən
Daş ələnər, ya buz gələr.
Yol alsam həsrət dağına,
Qırov düşər
budağıma,
Gözlərimin qabağına
Bir cüt ağlayan göz gələr.
Ruhum sızlar Kiçik Çöldə,
Ətrim əriyər
bir güldə,
Son ümidim ölhaöldə,
Əllərimə üç tuz gələr.
Lala dönsəm bu dünyada,
Dil qapatsam dosta, yada,
Ya dağdan can dostum, ya da
Bakıdan Nurafiz gələr.
...YAVRU QURDUM...
Duydunmu bu məsəli, yavru qurdum? -
Rüzgarlar nə qədər ağır olsa belə,
Qağayılar öz dənizlərini tərk etməzmiş.
Qartallar öz zirvələrini,
Qurdlar öz meşələrini,
Sərçələr öz həyətlərini
Cənnət misal yaylaqlara dəyişməzmiş...
Kişilər də belədir, yavru qurdum -
Aclığa da, səfalətə də,
Nankorluğa da, xəyanətə də,
Kinə də, nifrətə də,
İçinə qan sızan zəhmətə
də
Əqidəsinə və sevgisinə bürünüb
dözər...
Qağayıların,
Qartalların,
Qurdların,
Sərçələrın,
Kişilərin bircə
adı olur, yavru qurdum!..
MƏNİ
BİRCƏ GÜN SEVİN
Giley-güzar ha etmirəm,
Hər şey öz qismətimdi.
Nifrət etməyim
də zülm,
Sevməyim də çətindi.
Ruhunda kin gəzdirəndən
Yüz mil uzaq gəzərəm.
Ya qurd kimi ulayaram,
Ya yalquzaq gəzərəm.
Pornax sevən
adamların
Yeri olmaz yanımda.
Ağrı duymayan kəslərin
Ruhu gəzməz canımda.
Sevdiyimi bürcüm
kimi,
Qalam kimi sevərəm;
Atam-anam, qardaş-bacım,
Balam kimi sevərəm.
...Nə olsun, imarətim yox,
Bir az
kiçikdi evim -
Siz məni bircə gün sevin,
Sizi ömürlük
sevim...
BƏLKƏ
DƏ BİLMİRDİ...
Amma o bilmirdi...
Bəlkə də bilmək istəmirdi
Dünyanın ən iri şeytanına,
İblisin ən xain sərkərdəsinə
Ürcah olduğunu.
Bilmirəm bilirdi-bilmirdi
-
Sonda çörəksiz-duzsuz
qalacağını,
Aysız-ulduzsuz qalacağını,
Ən qorxulusu
-
Sevgisiz-sığalsız qalacağını,
Qızsız-oğulsuz qalacağını,
Hamı tərəfindən
atılacağını
Bəlkə bilirdi,
Bəlkə də bilmirdi...
XOCALI
Sənin birmi, beşmi, onmu dərdin var...
Bunca könül vermə dərdə, can-ciyər.
Suxumda ölərsən,
Şuşa qan damar,
Şuşada ölərsən,
Suxum inciyər.
Ağlaya-ağlaya hayana çıxaq? -
Düşməndən intiqam, ya bac alınır.
...Ay adam,
sinənə, gəl,
orden taxaq,
Gözəl ağlayırsan
sən Xocalını!..
Mən də Xocalıya çox şeir yazdım,
Çox adam topladım... xeyli ağladıq.
Şuşadan, Suxumdan
uzaq səhraya
Hər il düz qırx sutka matəm saxladıq.
...Bizi ağlatmasın dərd gülə-gülə,
Dərdimiz dağlara, düzlərə
dəysin.
Səngərdə əsgərə
tuşlanan güllə
Yalandan ağlayan
gözlərə dəysin!
Kilsəni İsadan
ayıranlara,
Məzlum görkəm
alan üzlərə dəysin!..
CAN DOSTUM,
İSTANBULUM...
İki qitə
İxtiyarı -
Qan dostum, İstanbulum,
Sevgili canım!
Səndən xəbər
gözləyirəm,
Müjdəli bir xəbər ver.
Ürəyimi qorumağa
sipər ver!
Qız qülləsi
- Qız bürcü
Həyalı ulduz bürcü
İşıq saçır,
de!
Yorulmuş qol-budaqlar,
Üşümüş tumurcuqlar
Çiçək açır,
de!..
O canı hədələyən,
O qanı zəhərləyən
Zəhər uçur, de.
Övliyaların şəhəri,
Min bir gecənin səhəri -
Can dostum, İstanbulum...
CANIMIN
İÇİ
İlk görüş...
soyuq oda,
İşləmirdi qaz peçi.
Dedim, gəl mənə sığın,
İsin, canımın içi.
Yaxşı ki, işləmirdi
O danqalaq qaz peçi -
Sən mənə
"can", mən sənə
Dedim "canımın
içi".
Yüz şeirimdə
sordular:
- O bəxtəvər
kim, nəçi?
Dedim, mən ona canam,
O da canımın içi.
...Elə soyuyub, gülüm,
Qanım, qanımın
içi -
Sənin canın
ağrıyır,
Mənim canımın içi...
Rafiq Hümmət
Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.3.