MƏNİ YAĞIŞDA SAXLA
Çıxaq enişə doğru,
Dur gəl yoxuşda saxla.
Aç könlünün qapısın
Məni çıxışda saxla.
Qışı bizə düşmədi,
Xoşu bizə düşmədi,
Yaşı bizə düşmədi,
Quru baxışda saxla.
O qədər xatirə var,
Gözlərimdi suvarar.
Yaz adımı divara
Torpaqda, daşda saxla.
Ocaq haqqı, od haqqı,
Çəmən haqqı, ot haqqı,
Ayır haqdan nahaqqı-
Ömürdə, yaşda saxla.
Üşüdü ki, bu ocaq,
Damlalar saçaq-saçaq.
İslanmışın yağışdan
Nə qorxusu olacaq,
Məni yağışda saxla.
Bilirsən söz adamıyam
Ay sinəmə dağ çəkənim,
Gəl məni düzlə aldatma.
Yoxsa sənə üz vermişəm,
Üzümü üzlə aldatma.
Donmuşam, yumşaq deyiləm,
Əyilmişəm, şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də "gözlə" aldatma.
Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam.
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma.
Böyümədim, uşaq
qaldım
Nə barışdım bu dünyayla,
Nə də bir yol
küsdüm, anam.
Verdiyin ömrü
varağa
Misra-misra düzdüm, anam.
Qaldım necə,
öldüm necə,
Axırı gördüm heç-heçə.
Baxdım güzgüyə
bir gecə
Öz-özümü süzdüm, anam.
Gün kimi qara-ağ qaldım,
Dərdin üzünə şax qaldım.
Böyümədim uşaq
qaldım
O ki var uduzdum, anam.
Bircə qırıq şirin
ola
Yan ötəsən
doğmalardan,
Aran bir az sərin
ola.
Kaş qayıda
gedənlərin,
Nə ola üzübərin
ola...
Nə gördü
görmüş bu ömür,
Alnımda tərmiş bu ömür.
Sən demə
zəhərmiş bu ömür
Bircə qırıq
şirin ola.
Söz gələ,
udub gedəsən,
Əl ola, tutub gedəsən.
Bir yolluq itib gedəsən
Sığınmağa yerin ola.
Divardan
Bu dərdi çəkməyə tərəzi
yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın
əvəzi yoxdu,
Yazım sətirləri düzüm
divardan.
Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi.
Şəklini asmağa
yer eləmədi,
Qoy bir az inciyim,
küsüm divardan.
Bu qəm də yetişdi, dərən tapılmır,
Uçuq evimizə girən tapılmır.
Səni məndən
başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.
SUAL
Hələ nəyimi
gördün,
Bu dünyada
nəyimi?
Hansı sözümlə
çalıb
Oxudun ürəyimi?
Qəlbində yatdı
yoxsa,
Yorğun düşən hər varaq.
Ötən günümə baxdın?
Biri qara, biri ağ.
Bir söz soruşacaqdım,
Soruşammadım amma.
Şəklimə baxıb
dedin:
Belə qəmli dayanma.
Hansı misra süzüldü
Ürəyindən, canından?
Qoydunmu nidaları
Ayrılığın yanından.
Qorudunmu bəndləri
Qapısından çöləcən.
Necə oxudun məni
Nöqtədən vergüləcən?
Bəlkə bu da bir işdi
Görüşmədik bir daha.
Necə dözüb
dayandın
Suallar çəkən aha.
Hələ nəyimi
gördün
Bu dünyada
nəyimi?
Hansı sözümlə
çalıb
Oxudun ürəyimi?
İNDİDƏN
O nakam nə yatdı nə yuxu görə
Bir yuxu görmüşdü
yozun indidən.
Ağlağan şeirimin
sətirlərindən
Gülümsər şəklini asım indidən.
Deyin biri yoxdu, biri var
idi,
Yolunda boranı, qarı var idi.
Deyin cərgəmizdə
yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.
Bir yığım
istəyi solar heç
olar,
Nə boyda arzusu gedər
köç olar.
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız-yazın
indidən.
NİZAMİYƏ
HƏYAN GEDİR
Mərhum şair
Bahadur Fərmanın xatirəsinə
Söz üstündə
qərar tutub
Söz qədrin bilən şairlər.
İçindən yanıb
qovrulub
Çölündə gülən şairlər.
Yaxşı duyub sonrasını,
Acısını, ağrısını,
Misra boyda daxmasının
Küncündə qalan şairlər.
Çıx dağına,
daşına çıx,
Lap dünyanın
başına çıx.
Söz ucundan başı açıq,
Ayağıyalın şairlər.
Qoydu, ümidi ac qoydu,
Sevdasın yalavac qoydu.
Kim başınıza
tac qoydu
Divanə, dəli şairlər?
Əymədi qəddi
dünyada,
Göz yumdu itdi dünyadan.
Kişi tək getdi dünyadan
Kişi tək gələn şairlər.
Bu dünyada oyun gedir,
Min dərdə
qol-boyun gedir.
Nizamiyə həyan
gedir
Gəncədə ölən şairlər.
MƏKTUB
Dəyişə bilmədi
bu illər məni,
Elə həmənkiyəm, sadəlövh,
fağır.
Xəbərin oldumu başına dönüm
Bir dərdə düşmüşəm
özümdən ağır.
Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın
deyəm bacım var.
Nə pula, nə
vara, nə də şöhrətə
Bircə can sözünə
ehtiyacım var.
Kimsə yox qapımı özüm tək açan,
Sənsiz yaralarım bitişmir,
Ana.
Bu kasıb komamda nəyim yoxdu ki,
Başımın sığalı çatışmır,
Ana.
Boylandım gülümsər
şəkillərimdən,
Üşüdüm, darıxdım, sıxıldım,
Ana.
Hər kəsin
dünyada bir düşməni var,
Mən özüm-özümdən yıxıldım,
Ana.
Bu xəbər ox
kimi bağrını
dələr,
Çatlayar torpağı bürünər
qəmə.
Bir dəfə ölmüşdü min dəfə
ölər,
Xəstə olduğumu atama demə.
Mən də misra-misra qovrulum odda,
Həsrətdən ağaran saçını
hörüm.
Ay Ana, yıxılım
ayağın altda,
Qoy mən də cənnəti gözümlə
görüm.
Dəyişə bilmədi
bu illər məni,
Elə həmənkiyəm sadəlövh,
fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm
özümdən ağır.
19 FEVRALIN
ŞEİRİ
Hansı gün doğuldum elə
O dad hanı, o
tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı, Atam hanı?
Hanı mənim o xoş çağım?
Hanı qırmızı yaylığım?
Hanı sınıq
oyuncağım,
Hanı kövrək uşaqlığım?
Quş qanadlı
ötdü günlər,
Şirin hanı,
acı hanı?
Yarpağına söz yazdığım
Hanı tut ağacı, hanı?
Ürəyimdə bir sirr qalıb,
Qoy çağırım yarım
gəlsin.
Çiling-ağac oynadığım
Uşaqlıq dostlarım gəlsin.
Gəlsin gözlərim
önünə
Coşub qaynadığım
günlər,
Bilməyib dünya
beş gündü
Beşdaş oynadığım günlər.
Hansı gün doğuldum elə
O dad hanı, o
tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı, Atam hanı?
OLMADI
Hər gün aldadıram anamı Allah
Hər gün deyirəm ki, yaxşı olacaq
Ələmdar Cabbarlıya
Sən yaxşı
bilirsən qardaş,
Kim-kimə
qarşı olmadı.
Bəxtimizə gün düşmədi,
Payızı, qışı olmadı.
Sözün şaxdı,
özün yiyə
Nə qaldı
ki, nə deməyə?..
O tərəflərə
getməyə
Dostun, sirdaşın olmadı?
Əridəcək yurd ananı,
Şeirinlə ovut ananı.
Bu il
də aldat ananı,
Bu il
də yaxşı olmadı...
Payızın yanında
gözlərsən məni
Ay ömür, yarıda könül qıranım,
Payızın yanında gözlərsən
məni.
Məni gözləməyə
yer axtaranım,
Payızın yanında gözlərsən
məni.
Yaraşmır bu Yerim, Göyüm əynimə,
Payız don biçdirsin
geyim əynimə.
Payızın donunu geyim əynimə,
Payızın yanında gözlərsən
məni.
Könlünü ovuda-ovuda
gəlib,
Göylərdən yerlərə piyada gəlib.
Həmin o ünvana,
o ada gəlib
Payızın yanında gözlərsən
məni.
Qızılı əlindən
tutub payızın
Küsəyən könlünə yatıb
payızın.
Başını söhbətə
qatıb payızın
Payızın yanında gözlərsən
məni.
Ay ömür yarıda könül qıranım,
Sən gələn yollara çıxım, sarılım.
Məni gözləməyə
yer axtaranım,
Payızın yanında gözlərsən
məni.
Fərqanə Mehdiyeva
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.8.