EHTİMAL
Mən,
çocuq olsaydım əgər,
qov çaxmaq satardım
bulud əmilərə -
əvəzində
peşmək,
bir də közdə bişirilmiş
qarğıdalı alardım.
Mən,
çiçək olsaydım əgər,
heç saxsı ayaqqabı
geyinməzdim ayağıma,
borc qanad alardım
göyərçin xalalarımdan -
"Sülh" deyə-deyə
uçardım başınızın üstündən.
Mən,
çay olsaydım əgər,
düşmən kimi
sürünə-sürünə
yaxınlaşmazdım dənizə.
Mən,
tüfəng olsaydım əgər,
ölüm saçmazdım,
od püskürməzdim -
utanardım tətiyimdən,
bir də
insanların əyri barmağından.
SEVDALI SÖZCÜKLƏR
Məni tanımadınmı dedi
bir sözcük bir sözcüyə.
Çevir zamanın vərəqlərini,
Yaddaşını bir qurdala...
Yaxşı bax gözlərimin içinə,
xatirələr
bərq vuracaq üzümdə.
Bir
yağışlı gündən
sonra idi,
yan-yana düşmüşdük
bir şeirin ilk misrasında.
Göz-gözə gəldik
qəflətən,
bir şey qımıldadı
içimizdə;
sonra qovulduq şeirdən -
gizli öpüşmüşdük deyə...
Xatırladım dedi o biri,
əlin əlimə dəyəndə
sıçradım
sevdanın bənövşəyi atına;
eyy... haralara getmədim?
Mən getdikcə -
ayrılıq böyüdü,
mən getdikcə -
həsrət böyüdü,
mən getdikcə -
hüzn böyüdü...
Bilmədim, nə idi,
qırıldı, töküldü içimə.
Nə acılar
çəkdim,
bir bilsən,
üzümmü gülər
qürbətdə?
Amma
bir an belə
unutmadım səni,
üz-üzə,
göz-gözə durmadım heç
bir başqa
sözcüklə...
Səsin səsimə
qovuşunca
içimdəki süd dənizləri
qabarmağa başladı
yenə-
öpüşə batırınca
dodaqlarımızı,
öz ətrini
duydu yosun,
öz rəngini
gördü
bənövşə...
Haydı, gəl,
dedi,
qız sözcük
oğlan sözcüyə:
"Başqa bir şeirə girək
ozan babanın
gözünə görünmədən..."
SEVGİ
Nəyinə lazımdı
bağça-bağ,
nəyinə lazımdı
bahar
səsi bərbad
bir quşun?
Nəyinə lazımdı
naz-qəmzə,
nəyinə lazımdı
al yanaq
qaraqabaq bir qızın,
deyilmi,
Qaracaoğlan?
İrmaq idik - axdıq,
şimşək idik - çaxdıq,
hər şeyin
axırına çıxdıq,
dinimiz, imanımız
-
tək türkümüz
qaldı əlimizdə,
tək sevgimiz
qaldı əlimizdə,
deyilmi,
Yunus Əmrə?
Dinləyin məni,
çocuqlar,
minməyin bu kor gəmiyə.
cançəkişən dənizi
aparın bir sərinə...
Kiklop əmilərə
fikir verməyin;
minlərcə qəlb,
minlərcə göz - sizdə,
deyilmi, Homer?
Dəniz pərilərinin
çaldıqları sirenlər də
bir şeyə yaramaz,
deyilmi,
Ruhi Usta?
Yalnızlıq nədi
ki,
haydı, çocuqlar,
enirik
bu başsız
dağdan.
Ayrılıq nədi
ki,
boyayır qürbət
öz-özünü
gözlərimizin rənginə,
deyilmi,
Nazim Hikmət?
Yer yorğun,
göy yorğun,
susuz-qısır buludlar...
Çıxırıq bu meyvəsiz bağdan,
haydı, haydı,
çocuqlar.
Əzrail kimdi ki,
kimdi ki,
Xızır paşa,
minlərlə can
hər birimizdə,
deyilmi,
Pir Sultan?
Yer darğın,
göy darğın,
irmaq idik - axdıq,
şimşək idik - çaxdıq,
hər şeyin
axırına çıxdıq,
dinimiz, imanımız -
tək türkümüz
qaldı əlimizdə,
tək sevgimiz
qaldı əlimizdə.
Haydı, haydı, çocuqlar,
gedirik bu qəvi dağdan,
"Mərhaba!"
deyirik insanlara.
Hirs, acıq nədi ki?
Baxmayın siz
Pinoçetlərə,
deyilmi,
Pablo Neruda...
Əli Yücə
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.16.