QUŞ BAXIŞI

 

Ən çox

      köçəri quşlarla

              maraqlanardın sən -

ilin hansı ayında                         gələcəklər,

yollarında

          bir əngəl çıxacaqmı,

yuvalarını harda quracaqlar?

Turuncu,

       qızılı,

           qaratüklü

                  o quşlardan

                     bəhs edirdim sənə

                             qış gecələrində...

Beləcə,

       köçəri quşlar

             dəstə-dəstə keçərdilər

                     lacivərd dənizlərin,

                          uydurduğum adaların

üstündən.

Aşağıda - ormanlarda

aslanları kükrədərdim,

filləri acıqlandırardım,

lilli irmaqlarda

  ac timsahları dalaşdırardım

və birdən

     bir sahil kəndinin

        qırmızı kirəmitləri

                         görünərdi...

Sonra

    bahar buludlarının

                arasından sıyrılıb

bir gölün

        kənarına qonardı quşlar,

zaman

    qayıdacaqlarından

                bəhs etməyimi

                    heç istəməzdin,

heç istəməzdin getsinlər,

qalsınlar deyərdin,

qalsınlar deyərdin

       çatal budaqlarda

           qurduqları yuvada -

balalasınlar,

           şərqi söyləsinlər...

Niyə gəlmişdilər,

                niyə getdilər?..

Quş deyib durma,

              bir dənəm,

bilmək olmaz qəlblərindəkini -

bəlkə niyyətləri

            bizə bu səssizliyi

                gətirmək imiş elə?

 

C.ÇAPAN

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.17.