BU, EŞQDİR
Dedilər
bu, bahardır -
köksü çiçək-çiçək...
Dağlara günmü düşdü,
qarlarmı əridi,
qımıldandı yer,
isindi
ağacların damarı,
birdən-birə
canlandı qaranquşlar...
Dedilər
bu, güldür,
gül - iylədim,
dedilər
bu, pətəkdir,
pətək,
doldum, üsküklərinə bal kimi...
Dedilər
bu, dənizdir
-
önümdə
boy atdı
qovaq-qovaq dalğalar,
ard-arda,
çiynimə
qondu qağayılar,
dəstə-dəstə...
Yaş qumsalda anladım
dağ yeli başqaymış,
dəniz küləyi
başqa...
Çox oxunmuş
türkülər
kimiyəm,
yorğun-arğın,
gəlməyin üstümə...
Dedilər
bu, tonqaldır,
çoban tonqalı,
ulduzlarla
bir yanar
axşamüstləri,
sözləşiblər sanki,
dedilər
bu, eşqdir,
eşq -
baxdım,
gördüm gözlərindi,
yanır alov-alov,
dedilər,
qorxma,
gir içinə,
çıxsın
canındakı soyuq,
qızın bir az,
girdim,
yandım,
kül oldum,
kül oldum -
bir azını
dağ yeli sovurdu,
bir azını
dəniz küləyi...
Kərim
Aydın ƏRDƏM
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.17.