DE, GÜLÜM

 

De, gülüm, de -

      gözəl bir gündə gələcəyəm,

Saçlarım darmadağın olacaq,

hər şey darmadağın olacaq...

Üzülmə, gülüm, üzülmə

                 özümüzə gələcəyik,

ayağa qalxacağıq,

həm

       dəmir üzünü

                dələ-dələ həyatın!

Duyacaqsan, gülüm, duyacaqsan,

Sevgi bitməmişdir,

inam bitməmişdir,

güvən bitməmişdir,

sənə bitməmişliyi

                     anladacaq

həsrətdən

         ədalətdən

cildini dəyişən üzüm!

Görəcəksən, gülüm, görəcəksən,

acılarımız arxada qalacaq,

sevincdən,

          sevincdən ağlayacaqsan,

bax,

  o vaxt

        mənə şair olmaq,

                   səni sevmək

                       daha çox yaraşacaq!

İnan mənə, gülüm, inan,

hələ

   yazmadığımız

          məktublar var,

                    bir-birindən gözəl,

hələ

  oxşamadığımız

                çocuqlar var,

                     bir-birindən gözəl,

hələ

   gəzmədiyimiz

                 yerlər var,

                     bir-birindən gözəl,

hələ

    tumarlamadığımız

                 pişiklər var,

                     bir-birindən gözəl...

İnan mənə, gülüm, inan,

qara üzlüklü kitabın

           bütün səhifələrindən

çıxartdım həsrəti,

çıxartdım tənhalığı,

çıxartdım ölümü...

 

NECƏ İSTƏMİŞDİNSƏ...

 

Necə istəmişdinsə,

                 elə oldu-

                     artıq qəlbim yox...

Səni düşünürəm -

                      amma qəlbsiz,

səndən ötrü ağlayıram -

                        amma qəlbsiz,

döyünmür qəlbim

səni gördüyüm zaman

                         röyalarımda,

döyünmür qəlbim

      səndən söz açanda

                          bir adama,

necə istəmişdinsə,

                 elə oldu-

                        artıq qəlbim yox,

mən onu

     bir uşağa verdim,

          oyuncaq kimi oynatsın deyə,

mən onu

       bir küçə itinə verdim,

                  qarnını doyursun deyə,

mən onu

      bir kirəmit parçası kimi

                suyun üzündə səkdirdim

  yanan gəmi kimi

                  batmasını gözlədim...

Necə istəmişdinsə,

                    elə oldu -

                        artıq qəlbim yox...

Döyünmür

         köksümdə heç -

həsrətini çəkəndə,

        köhnə rəsmlərinə baxanda

Necə istəmişdinsə,

             elə oldu -

                    artıq qəlbim yox...

 

ASAN DEYİL, ƏLBƏTTƏ

 

Asan deyil, əlbəttə,

asan deyil, qarşı çıxmaq,

     üzün köhnələrkən aynalarda.

                                

Asan deyil,

asan deyil, əlbəttə,

bir ovucu

   güclə dolduran ürəyinlə

                     həyata qarşı çıxmaq.

Asan deyil, əlbəttə, asan deyil,

                           işığı qaranlığın

                              ağzından almaq,

acı da çəkəcəksən,

 

qorxu da duyacaqsan,

nitqinbatacaq...

Amma

     hər şeyə

              köks gərib,

insanları sevməyi

       öyrənəcəksən, bir dənəm...

 

Kiçik İSGƏNDƏR

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.17.